HƏZRƏT NUH(ə)UN ƏHVALATI - II

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

NİCAT GƏMİSİ

Allah-təala Nuha (ə) bir gəmi düzəltməsini əmr etdi. Nuh (ə) öz qövmünə etdiyi də`vəti dayandırdı. Öncə kafirlər təəccüb etdilər: «Görəsən niyə Nuh (ə) doqquz yüz əlli ildən sonra sükut etdi? Niyə onları Allahı tanımağa də`vət etmir və daha heç kimin gözünə görünmür?»

Nuh (ə) böyük bir gəmi düzəltmək üçün şəhərdən bayırda bir yer seçdi. Nuh (ə) mahir dülgər idi. O, bu iş üçün çoxlu böyük taxtalar toplamalı idi.
Mö`minlər bu işində Nuh peyğəmbərə (ə) kömək etdilər. Müxtəlif həcmlərdə taxtalar düzəltmək üçün xurma və digər ağacların gövdələrini topladılar. Gəmini düzəltmək asan iş deyildi. Çünki, o gəmi olduqca böyük olmalı idi.
Nuhun (ə) düzəltmək istədiyi gəmi üç mərtəbədən təşkil olunmuşdu. Onun uzunluğu 200, eni 70, hündürlüyü isə 25 metr idi. Bütpərəstlər burada da Nuhu (ə) rahat buraxmadılar. Onun işlədiyi yerə gəlib, peyğəmbəri və onun yoldaşlarını məsxərə edirdilər. Nuh (ə) gəmini düzəldirdi. Ona iman gətirən şəxslər taxtalar gətirir, onların bə`zisi taxtaları mıxlayır və bə`zisi qırlayırdılar. Bütpərəstlər isə onları ələ salıb, deyirdilər:
-Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər.
Onlardan biri dedi:
-Nuh (ə) qocaldıqdan sonra ağlını itirmişdir.
Başqa birisi dilləndi:
-O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, dəlidir.
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.
Bütpərəst bir kişi qışqırdı:
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bə`ziləri qışqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu:
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.
Gəmidə işləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi. Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və davamlı işə dözmək lazım idi.
Gəminin işi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı olaraq 80 ilə qədər çalışdılar. Gəmi böyük, vəzifə və tapşırıqları olduqca əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin işini tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.
Bütpərəstlər Allahın peyğəmbərini və onun mö`min dostlarını məsxərə edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək qərarına gəlmişdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer olduqca təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaşayacaqdılar.
Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin əzab və əzyytlərinə və işin ağırlığına dözürdülər.

İNTİZAR

80 il davamlı sə`ylərdən sonra Nuh (ə) və imanlı şəxslər gəmini düzəldərək qurtardılar. Gəmi tamamilə hazır oldu və qırlandı. Onun yelkənləri quruldu. Mö`minlər onun yanına gəlib, tamaşa edirdilər. Bu gəmi onların yaxşı yaşamaqları üçün ümid və arzuya çevrilmişdi; zülm və haqsızlıqlardan qurtuluş arzusu.
Gəmi üç mərtəbədən təşkil olunmuşdu: Aşağı mərtəbə, orta mərtəbə və yuxarı mərtəbə. Bütün mərtəbələr kiçik pəncərələrlə təchiz olunmuşdu. Gəminin önündə və orta təbəqədə gəmini idarə etmək üçün otaq düzəldilmişdi.
Hər şey hazır idi. Nuh (ə) və mö`minlər Allah-təalanın əmrini gözləyirdilər. Bütpərəstlərin əzab və əziyyətləri, onların məsxərələri, mö`minlərə etdikləri işgəncə və əzabları artırdı.
Qoca bir qarı öz kiçik qızı ilə Nuhun (ə) yanına gəldi. Nicat və xilas günü barəsində o həzrətə sual verdi. Ona dedi:
-Allah nə zaman bizi bu kafirlərin şərindən qurtaracaqdır?
Nuh (ə) o hadisənin nə vaxt baş verəcəyini bilmirdi. Ona görə də üzünü göyə tutdu. Yalnız Allah bilirdi. O anda vəhy mələyi endi və Nuha (ə) xəbər gətirdi. Mələk Nuha (ə) dedi:
- Tufan, bu qoca qarının təndirindən su çıxan zaman baş verəcəkdir.
Nuh (ə) o qarıya buyurdu:
-Allah o gün üçün əlamət və nişanə qoymuşdur. Mələk vəhy etdi ki, tezliklə sənin evinin təndirindən su çıxacaqdır. Bu, nicat və xilas gününün nişanəsidir.
Qarı Allahın bu lütfünə sevindi. Bu ümid və arzuya görə kiçik qızın dodaqlarında təbəssüm göründü.
Mö`minlər hər gün o qarının evinə gedir və təndirə baxırdılar. Amma, bir xəbər yox idi. Nuh (ə) da ona baxırdı amma hələ ondan su çıxmırdı.

TƏNDİRDƏN SU ÇIXDI

Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır, Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır, camaatı öldürür, oğurluq edir, pis və çirkin işlər görürdülər. Fəsad günbəgün artırdı.
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:
-təndirdən su çıxır
Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru və`dəsinə əməl etmiş və təndir bir fəvvarəyə çevrilmişdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət içində qalmışdı və nə edəcəyini bilmirdi. Mö`minlər gəlib, Allah-təalanın nişanəsinə baxdılar. Onların bə`zisi qorxu və ümidlə təndirə, bə`zisi isə göyə baxır və şövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla. Aydın gündüz qaranlıq gecəyə çevrilmişdi. Nuh (ə) uca səslə öz ardıcıllarına buyurdu:
-Gəmiyə doğru tələsin!
Hamı şəhərdən çıxaraq hərəkətə başladı. Gəmi öz yerində idi. Elə bil, mö`minləri gözləyirdi. Nuh (ə) mö`minlərin gəmiyə minmələrinə nəzarət edirdi.
Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox güclü yağış yağmağa başladı. Mö`min kişi və qadınlar bir-birinin ardınca gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. Nuhun (ə) həyat yoldaşı da yox idi. O, bütpərəst idi və həyat yoldaşının peyğəmbərliyinə iman gətirməmişdi.
Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki, gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quşlar üçün ayrılsın.

TUFAN

Bütün yer üzündə bulaqlar qaynadı. Çöl və dağlıqlarda yağışların yağıntısı gücləndi. Möhkəm küləklər əsirdi. İldırımlar səmada parlayırdılar. Buludların gurultu səsləri hər yeri bürümüşdü. Yer fəvvarə kimi fantan vuran bulaqlara bənzəyirdi. Göydən yağış sel kimi axırdı. Bütün heyvan və quşlar gəmiyə mindilər. Mö`minlər orta mərtəbədə durub, pəncərələrdən qəribə və dəhşətli tufana tamaşa edirdilər. Dağların başından sular axırdı. Çöl və səhralar su gölməçələrinə çevrilmişdi.
Yağış çox qəribə bir güclə yağırdı və möhkəm küləklər əsirdi. Bütpərəstlər şəhərdən qaçdılar. Onlar dağlara tərəf çəkildilər və hələ də Nuhun (ə) sözlərinə inanmırdılar.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə
Ardı var ...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN


Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!