HƏZRƏT NUH(ə)UN ƏHVALATI - I

:

Dağ və təpələrlə yuxarı qalxdıqca, onların zirvə və hündürlüklərində dəniz sədəflərinə rast gəlirik. Bilirik ki, qədim zamanlarda bu yerlər su ilə örtülmüşdür.

Adi insan və alpinistlər yerin müxtəlif bölgələrində dağların başında və həmçinin İran, İraq, Hindistan, Misir, Şam, Çin və Amerika kimi ölkələrdə sədəf müşahidə edirlər.
Alimlər Ararat dağlarında tarixi İsa Məsihin (ə) miladından 2500 il öncəyə qayıdan taxtalar müşahidə ediblər. Onların bəzisinin rəyinə əsasən, bu taxtalar həzrət Nuh un (ə) düzəltdiyi nicat gəmisinə aiddir.
1951-ci ildə axtarış qrupu Qaf dağında, üzərinə qədim yazılar həkk olunmuş bir taxta parçasına rast gəldilər. Bir il uzanan araşdırmalardan sonra bu elmi heyət çox maraqlı bir nəticə göstərdi: Həmin kiçik taxta parçası Nuh peyğəmbərin gəmisinin qalıqlarından idi. İndi isə, görək gəminin macərası, Nuhun (ə) və tufanın sərgüzəşti necə olmuşdur.
İnsanlar bir millət halında və çox sadə yaşayırdılar. Əkinçilik edir, heyvan ovlayırdılar. Günlər və illər keçirdi. Güclülər öz qüdrətlərindən istifadə edərək, zəif qardaşlarına hakimlik edirdilər. Zəif şəxslər isə güclülərdən qorxur, onların qarşısında təslim olub, alçaq və rəzil həyata və onlara əsir olmağa razı olmuşdular.
Nuh (ə) peyğəmbərin dövründə bütpərəstlik, fəsad və çirkin işlər geniş yayılmışdı. Sadə camaat və sadəlövh insanlar güclülərdən qorxurdular. Güclü və dövlətlilər isə bütlərə sitayiş edirdilər.
O zaman – təxminən 4000 il bundan əvvəl Nuh (ə) İraq torpaqlarında yaşayırdı. Nuh (ə) öz qəbiləsini fəsad və azğınlıqda görürdü. Güclülər zəiflərin haqqını tapdayır, sərvətlilər yoxsulları zülm altında saxlayır və onları gecə-gündüz işləməyə məcbur edirdilər. Kasıb və yoxsul şəxsin işləməyə taqəti olmayanda, yaxud özü və ailəsi üçün azad işləmək fikrinə düşəndə onu döyüb, işgəncə verirdilər. Onları təslim olmağa, əmrləri sözsüz yerinə yetirməyə və xar olmuş bir əsir kimi onların qulluğunda dayanmağa məcbur edirdilər.
İnsanlar yeganə Allaha ibadət etməyi unudub, daşdan yonduqları bütlərə pərəstiş edirdilər. Onlar inanırdılar ki, bu bütlər onların ruzilərini yetirir, yağış yağdırır, onları ildırımın ziyanlarından qoruyur, xeyir və bərəkət bağışlayır və pislikləri onlardan uzaqlaşdırır. Onlar bütləri öz əlləri ilə düzəldib, Fərat çayının sahillərində yerləşdirmişdilər və onların qarşısında təzim edərək, ibadətlə məşğul olurdular.
Camaatın daş bütlərə səcdə etməsi Nuhu (ə) incidirdi. O əzab çəkirdi. Çünki camaat eyib və nöqsansız Allaha səcdə etməyib Vudd, Süva, Yəğus, Yəuq və Nəsrə səcdə edirdilər. Nuh (ə) üzünü göyə tutaraq Allahdan istəyirdi ki, onun qəbiləsini cəhalət və nadanlıq zülmətindən azad etsin. Rəbbimiz Nuhu (ə) peyğəmbərliyə seçib, onu insanlara təqdim etdi. Yeganə Allaha ibadət yolunu öyrətmək üçün onu insanların içinə göndərdi.

ALLAHIN BİRLİYİNƏ DƏVƏT
Bir gün insanlar Nuhun (ə) uca səslə belə dediyini gördülər: 
-Ey camaat! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Allah-taala yaradan və sizə ruzi verəndir. Allahdan bağışlanmaq istəyin. O sizi bağışlayar. Mehriban Allah sizə yağış göndərən, ili xeyir və bərəkətli edən, torpağı yaşıllaşdıran Allahdır. Sizə oğul və qız əta edən Odur. Elə isə siz niyə yeganə Allahın ibadətindən üz çevirib, daşlara pərəstiş edirsiniz?
Geniş səmaya və onun ulduzlarına, günəşə və aya baxın. Görün insanlar necə yaşayırlar və nəsillər bir-birinin ardınca dünyadan köçürlər. Heç ağılla uyğundurmu ki, bir söz danışa bilməyən daşlar – adlarını Vudd, Süva, Yəğus, Yəuq və Nəsr qoyduğunuz o daşlar sizə ruzi yetirsin, sizə övlad əta etsin, sizin üçün yağış göndərsin, sizi ildırımlardan, sel və tufanlardan qorusun? Niyə Allaha hörmət qoymursunuz?
Camaat Nuhun (ə) sözlərinə təəccüb etdilər. Bu dülgər hansı cürətlə onların tanrılarına, Vudd, Süva, Yəğus, Yəuq və Nəsrə təhqiramiz sözlər deyir.
Güclülər ona kin bəslədilər. Onlar o həzrətin sözlərini, onun dəvətlərini xoşlamırdılar. O, camaatı qardaşlığa və bərabərliyə çağırırdı. İnsanların azad yaşamasını, sərvətli və güclülərin kasıb və zəiflərə hakim olmamasını istəyirdi. Ona görə də, onunla mübarizəyə başladılar. Onu dəli adlandırıb dedilər:
-O kasıb dülgərdən başqa bir şey deyildir. Əgər Allahın elçisi olsaydı, yerin bütün xəzinələri onun ixtiyarında olardı. Niyə Allah bizim üçün bir mələk göndərmir? Niyə özümüz kimi bir insanı göndərir? Nuh (ə) bizim hamımızdan əskikdir. Bizim malımız, övladımız və qüdrətimiz ondan çoxdur.
Sadəlövh insanlar güclü və qüdrətli insanlardan qorxurdular. Güman edirdilər ki, haqq onlarladır və tanrılar da onların tərəfindədirlər. Elə bilirdilər ki, bu qüdrət və hakimiyyəti onlara həmin tanrılar vermişlər.
Ona görə də, Nuh (ə) və onun dəvətindən üz çevirdilər. Onlar Nuhun (ə) sözlərini eşitməsinlər deyə, barmaqları ilə qulaqlarını tuturdular. Güman edirdilər ki, əgər Nuhun (ə) sözünə qulaq assalar, tanrıları onlara qəzəblənər, güclülər və hakimlər onlardan intiqam alarlar. Öz-özlərinə deyirdilər:
-Bir yazıq dülgər Nuhun bizə nə xeyri olacaqdır?
Nuha (ə) iman gətirib, onun sözlərinə inananların sayı isə çox az idi. Yoxsul kişi və qadınların bəzisi Nuhun (ə) evinə gəlib, onun söz və nəsihətlərini dinləyirdilər. Qəlbləri yeganə Allaha imanla dolurdu.
Onlar çox kasıb və zülm altda inləyən insanlar idilər. Onlar öz vəhşi və zalım ərbablarından intiqam almağa qorxurdular. Buna görə də, Nuh (ə) daim öz qövmünü yeganə Allaha ibadət etməyə və bütpərəstlikdən çəkinməyə dəvət edirdi. Gecə və gündüz, gizli və aşkar onları Allaha tərəf çağırırdı. Lakin çox az insanlardan başqa heç kəs Nuha (ə) iman gətirmədi. Çox az və onlar da zülm altında inləyən yoxsul şəxslər idilər.
Nuh (ə) onlara görə narahat idi. O istəyirdi ki, qəbiləsi hidayət olunsun, rahat yaşasın; onların güclüləri zəiflərə zülm etməsinlər. O, onların gözəl həyata qədəm qoymalarını istəyirdi: kiçiklər böyüklərə hörmət etsin, böyüklər kiçiklərlə mehriban olsunr və insanlar bir-birlərinə zülm etməsinlər.
Bütpərəstlər onun dəvətini rədd edərək tövhid və təkallahlığı qəbul etmədilər və Nuhu (ə) dülgər və yoxsul kişi adı ilə məsxərə etdilər. Nuhun (ə) qövmündəki mülkədarlarının mal, övlad və qüdrətləri çox olduğundan özlərini Nuhdan (ə) üstün bilirdilər.
Bir gün kafirlər Nuhun (ə) yanına gələrək ona dedilər: 
-Necə bizim sənə iman gətirməyimizi istəyirsən? Halbuki bu səviyyəsiz yoxsullardan başqa, heç kəs sənə itaət etmir. 
Həmçinin ona dedilər: 
-Əgər onları öz yanından qovsan iman gətirib, sənin yolunla gedərik. 
Nuh (ə) buyurdu:
-Necə onları öz yanımdan qovum? Necə möminləri öz yanımdan uzaqlaşdırım? Allah belə bir işi sevməz və bu isə bəyənilməz bir işdir. 
Nuh (ə) onlara dedi: 
-Hansı əsasla onları alçaq, səviyyəsiz və nökər adlandırırsınız. Onlar bizim qardaşlarımızdırlar. İnsanlar bir-birləri ilə qardaşdırlar. 
Bütpərəstlər Nuha (ə) dedilər:
-Sən yalançısan, biz sənə iman gətirmərik. Əgər sən Allahın göndərdiyi olsaydın, bizdən çox sərvətə malik olardın və yerin xəzinələri sənin ixtiyarında olardı.
Ona dedilər:
-Allahın səndən başqa bir adamı yox idi ki, bizim üstümüzə göndərsin? Sən yoxsul və kasıbsan.
Nuh (ə) buyurdu: 
-Ey qəbilə! Allahın risalətini yalan adlandırmayın. Allah sizə bəla göndərər. 
Qəbiləsi Nuha (ə) dedilər: 
-Sən bizimlə çox inadkarlıq edirsən. Əgər doğru deyirsənsə, bizə bəla göndər. Biz sənin hədələrindən qorxmuruq. Çünki sən yalançı bir insansan.
Nuh (ə) öz qövmünü tövhid və təkallahçılığa dəvət etməkdə davam edirdi.
Yüz illər keçdi. Camaat dünyadan gedir, yeni uşaqlar doğulub böyüyürdülər. Nuh (ə) onları da yeganə Allaha ibadət etməyə çağırırdı. Lakin uşaqlar da cavanlıq yaşına çatdıqda küfr edib, bütlərə səcdə edir və Allahın ibadətindən çəkinirdilər.
Heç bilirsinizmi ki, Nuhun (ə) təbliği neçə il davam etdi? O həzrətin təbliği 950 il çəkdi. Nuh (ə) qocalmış və yaşlaşmışdı, lakin qüdrətli idi. Kafirlərdən zərrə qədər də qorxmurdu. Dəfələrlə onu ölənə qədər döymüşdülər. Bir neçə dəfə onu öldürmək planı hazırlamışdılar. Hətta həyat yoldaşı da kafirlərlə əlbir idi. O, Nuhun (ə) yanına get-gəl edən möminlər haqqında kafirlərə xəbər verirdi. Nuh (ə) nə qədər öz qövmünü dəvət edib, nəsihət versə də, heç bir faydası olmurdu.
Onlar Nuhu (ə) məsxərə edib, ələ salırdılar. Nuh (ə) öz qövmünü sevdiyindən, onların hidayət olmasını istəyirdi. Ona görə də, onlar üçün ağlayırdı. Onların acınacaqlı və pis taleyinə acıyırdı. Çünki onlar tezliklə kafir olduqları halda öləcəkdilər.
Bir gün Nuh (ə) öz evində idi. Qoca bir kişi öz əsasının köməyi ilə onun yanına gəldi. Öz kiçik nəvəsini də gətirmişdi. Qoca kişi nəvəsinə dedi:
-Oğlum! Gördüyün bu qoca kişi dəlidir. Böyüyüb, cavanlıq yaşına çatanda ehtiyatlı ol ki, səni aldatmasın və səni Vudd, Süva, Yəğus, Yəuq və Nəsr bütlərinin pərəstişindən çəkindirməsin.
Uşaq babasının əsasını götürüb, Nuha (ə) tərəf irəlilədi və əsanı onun başına vurdu. Nuh (ə) ağrı hiss etdi, amma həmişəki kimi səbir edib dözdü. O, bir gün onların qəflətdən oyanacaqlarına, həyatın, insanların, ağacların və çayların yaradanı və hər şeyin xaliqi – yeganə Allaha iman gətirəcəklərinə ümid bəsləyirdi.
Nuh (ə) belə yaşayırdı. Hətta həyat yoldaşı onun ziddinə çıxıb, kafirlərlə əlbir olmuşdu. Bir oğlundan başqa bütün övladları ona iman gətirmişdilər. Həmin oğlu da zahirdə özünü imanlı göstərir, həqiqətdə isə bütpərəst və imansız idi.

NİFRİN
Vəhy mələyi enib, Nuha (ə) dedi:
-Nə qədər dəvət etsən də onların heç biri sənə iman gətirməyəcəklər. Özünü onlardan ötrü əzab-əziyyətə salma. Çünki onlar nifrin olunmuş insanlardır.
Bu zaman Nuh (ə) əllərini göyə qaldırıb, Allahdan istədi ki, yeri kafirlərin çirkinliklərindən paklasın:
-İlahi! Kafirlərin heç birini yer üzündə saxlama! Əgər onları saxlasan, bəndələrini yolundan azdıracaqlar. Onlardan kafir və günahkar nəsildən başqa bir şey törəməyəcəkdir.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə

Ardı var ...

 

 İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!