İMAM MƏHDİNİN (ƏC) TOVQİATI HAQQINDA ÜMUMİ MƏLUMAT

:

İMAM MƏHDİNİN (əc) TOVQİATI

QISA MƏLUMAT

Ərəbcə - توقيعات الإمام المهدي (ع) - kimi yazılan "İmam Məhdinin (əc) Tovqiat"ı, o həzrətin (əc) “kiçik qeybət” dövründə şiələrin on ikinci imamı tərəfindən yəni həzrət İmam Məhdi (əc) tərəfindən, imza və möhürlə şiələrin suallarının cavabında göndərilən məktub və yazılı namələrə deyilirdi (və ya o məktublar vasitəsilə birbaşa imam tərəfindən cəmiyyətdəki mühüm məsələlərə münasibət bildirilirdi).

Hədis qaynaqlarında İmam Məhdidən (əc) fiqh, etiqad və digər mövzularda 100-ə yaxın “tovqi” (imzalı və möhürlü məktubu) nəql edilib.

Bu “tovqi”lər İmam Məhdi Sahibəz-Zamanın (əc) mübarək xətti və ya xüsusi naiblərə imlası ilə yazılırdı. Şiə fəqihləri bir sıra məsələlərdə şəri hökmləri əldə etmək üçün bu bu “tovqi”lərə istinad ediblər. Həzrət İmam Məhdinin (əc) “tovqi”lərini Şeyx Tusi “əl-Ğeybə” və Şeyx Səduq “Kəmaluddin və təmamun-nemət” kitablarında ayrıca fəsldə bir yerə toplayaraq nəql ediblər. Həmçinin İmam Zamanın (əc) “tovqiat”ı (məktublar – “tovqi”nin cəm forması) barədə bir neçə müstəqil kitab da yazılmışdır.

ƏTRAFLI MƏLUMAT

TOVQİAT NƏDİR?

“Tovqiat” məktublar deməkdir və “tovqi” (məktub) sözünün cəmidir. Şiələr məsum imamlar (ə) tərəfindən yazılan məktublara “tovqi” deyirlər.1 Bu məktublar ya birbaşa İmamların (ə) mübarək dəsti-xətti ilə yazılıb, ya da İmamların (ə) imlası ilə yəni yaxın səhabələrə deyilməsi ilə yazılıb.2

“Kiçik Qeybət” dövründə şiələrin məktubları, İmam Məhdiyə (əc) xüsusi naiblərin vasitəsi ilə çatdırılır və İmam (əc) da onların vasitəsi ilə cavab göndərirdi. İmam Məhdinin (əc) “tovqi”ləri gah öz xətti ilə yazılırdı, gah da o həzrətin (əc) vasitəsi ilə imla edilir və xüsusi naiblər vasitəsi ilə yazılırdı. Tarixi qaynaqlarda İmam Məhdinin (əc) “tovqi”lərində möhür və imza olması barədə də məlumatlar yer alıb.3 Bəzi məktubların sonunda isə İmam Zamanın (əc) öz xətti ilə yazıldığı bildirib.4

Hicri-Qəməri tarixi ilə 3-4-cü əsrlərdə yaşamış böyük şiə mühəddisi (hədis ravisi, hədis alimi), İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) səhabəsi olmuş, Qurbul-İsnad kitabının müəllifi Abdullah ibn Cəfər əl-Himyəridən belə nəql edilir:
“İmam Mehdinin (əc) birinci naibi Əbu Əmr (Osman bin Səid Əmri) vəfat etdikdən sonra, ikinci naib Əbu Cəfərin (Məhəmməd ibn Osmanın) naibliyində bizə çatan məktubların həmin dəsti-xətt ilə idi ki, biz daha öncə onunla məktublaşmışdıq.”5

Bundan əlavə hədis qaynaqlarında Əhməd ibn İbrahim Novbəxtinin xətti və Hüseyn ibn Ruh Novbəxtinin imlası ilə İmam Zaman (əc) tərəfindən göndərilən “tovqi” mövcuddur.6
Touqi sözünün istifadə olunduğu yerlər

“Tovqi” ifadəsi İmam Məhdinin (əc) şifahi məktub, hədis, sifariş və tövsiyələri barədə də istifadə edilib.7 Necə ki, Şeyx Səduq məşhur “Kəmaluddin və təmamun-nemət” əsərində Həzrət İmam Məhdinin (əc) bəzi kəlamlarını, yəni O həzrətdən (əc) şifahi nəql olunan hədislərini, “tovqiat” fəslində qeyd etmişdir.8 Bundan əlavə “Nüvvabi-Ərbəə”nin (kiçik qeybət dövründə dörd xüsusi naibin) bəzi sözləri, o cümlədən onların qeybi-xəbərləri və dinlə bağlı ictimai məsələlərdə rəyləri “tovqiat” fəslində yer almışdır.9 Bunun da səbəbi isə çox ehtimal ki, üçüncü xüsusi naib Hüseyn ibn Ruh Novbəxtinin özü barədə dediyi10 bu kəlamdır ki, “dini məsələlərdə özümdən söz demirəm, danışdıqlarımın hamısını İmam Məhdidən (əc) eşitmişəm”.11

TOVQİATIN SAYI

Hədis qaynaqlarında İmam Məhdidən (əc) nəql edilən yüzə yaxın “tovqi” mövcuddur.12 Onların çoxu “kiçik qeybət” dövrünə aiddir ki, Şeyx Səduqun “Kəmaluddin” və Şeyx Tusinin “əl-Ğeybə” əsərlərində nəql ediliblər. Şeyx Səduqun “Kəmaluddin və təmamun-nemət” kitabında “tovqi”lər fəslində 49 məktub və bir dua nəql olunub. Şeyx Tusinin “əl-Ğeybə” əsərində isə 43 tovqi və hədis nəql edilmişdir ki, bunların da on ikisi Şeyx Səduqun kitabından götürülmüşdür.13

Həmçinin hicri-qəməri tarixi ilə 6-cı əsrin böyük şiə alimlərindən olan Əbu Mənsur Təbərsinin (Tibrisi, Təfrişi) məşhur “əl-İhticac əla əhlil-lucac” kitabında “böyük qeybət” dövründə İmam Zamanın (əc) Şeyx Müfidə (vəfatı, 413 h.q) xitab olaraq yazdığı iki tovqi nəql edilib.14 Görkəmli şiə müctəhidi və böyük rical alimi Həzrət Ayətullah Üzma Seyid Əbul-Qasim əl-Xoi bu tovqilərə tərdid ilə yanaşıb və onların doğruluğunda şübhə edib. O, şübhəsini belə əsaslandırır ki, bu tovqini Şeyx Müfidə kimin çatdırdığı və həmçinin “əl-İhticac” kitabının müəllifi Təbərsinin məktubu Şeyx Müfiddən kimin vasitəsi ilə nəql etdiyi məlum deyil.15

Bundan əlavə Şeyx Müfidin kitablarında və həmçinin onun şagirdi Şeyx Tusinin “əl-Ğeybə” əsərində bu məktub barədə heç bir məlumat yoxdur. Həmçinin “əl-İhticac” kitabı Şeyx Müfidin vəfatından yüz ildən çox bir vaxt keçdikdən sonra yazılmasına rəğmən bu məktubların sənədinə işarə edilməyib.16

Əlbəttə sözü gedən tovqinin son cümləsinə - (“onu hamıdan gizli saxla”)17 – ehtimal veriblər ki, Şeyx Müfid məktubu gizli saxlayıb, buna görə də məktub Şeyx Tusinin əlinə çatmayıb.18

TOVQİLƏRİN MÖVZUSU

Həzrət İmam Mehdi Sahib-Zaman (əc) tərəfindən göndərilmiş tovqilər müxtəlif mövzuları, o cümlədən fiqh, əqidə, hədis, dini vergilərin (xüms və zəkat) toplanılması, bölgələrdəki vəkillərin işə alınması və işdən azad edilməsi, yalançı naiblərin təkzib edilməsi və şiələrin xüsusi istək və suallarının cavablarını ehtiva edirdi.19 İmam Məhdi (əc) barədə yazılmış ensiklopediyada tovqilər dörd əsas kateqoriyada təsnif edilmişdir: Əqidə məsələləri, fiqhi hökmlər, kəramətlər, dualar və pərakəndə mövzular.20

ƏQİDƏ VƏ KƏLAM MÖVZULARI

İmam Məhdi (əc) tərəfindən göndərilmiş bir sıra tovqilərin mövzusu müsəlmanların əqidəvi suallarının cavabıdır. Bu tovqilərdə tövhid, İlahi sifətlər, peyğəmbərlik (nubuvvət) və imamət kimi əqidə məsələlərində olan suallar cavablandırılıb. Məsələn, O həzrət (əc) tovqilərin birində "imamət" və “vilayət” məsələsi ilə bağlı sualın cavabında bildirir ki, yer üzü heç vaxt İlahi höccətsiz qalmayıb və qala bilməz, bu İlahi qayda Qiyamətədək belə davam edəcək. Hər məsum imamın vəzifəsidir ki, özündən sonrakı məsum imamın kim olacağını elan etsin və Həzrət İmam Həsən Əskəri (ə) Onu (əc) imam elan edib. Daha sonra imamət məsələsini və öz imamətini Cəfər Kəzzabın iddiası qarşısında müdafiə edir. Həmçinin şiələri zühur vaxtını təyin etməkdən, imamın kimliyini və yerini tanıtdırmaqdan və imamın yerini axtarmaqdan nəhy edir.21

YALANÇI İDDİAÇILARIN TƏKZİBİ VƏ LƏNƏTLƏNMƏSİ

Həzrət İmam Məhdi (əc) tərəfindən göndərilən məktub və tovqilərin bir qismi də yalançı naiblik iddiasında olanları təkzib edir və lənətləyir. Bu məktub və tovqilərin birində həzrət İmam Məhdi (əc) hələ kiçik-qeybət dövründə ikən ilk dəfə yalandan naiblik iddiası edən Əbu Məhəmməd Həsən Şəriini yalançı adlandırıb və lənətləyib.22

FİQHİ MÖVZULARDA TOVQİLƏR

Tovqilərin bir hissəsinin ehtiva etdiyi mövzu müxtəlif fiqhi məsələlər və müsəlmanların fiqhi suallarına həzrət İmam Məhdi (əc) tərəfindən verilən cavablardır. Bu tovqilərdə həzrət İmam Məhdi (əc) şiələrin təharət (bədənin və geyimin murdar və nəcisdən paklığı, qüsl, dəstəmaz, geyimlərin yuyulması və təmizliyi hökmləri), namaz, oruc, həcc, şahidlik, məhkəmə, vəqf, ticarət, xüms, zəkat, sədəqə, nikah (izdivac), məstedicilər (muskirat), İmamların (ə) qəbirlərinin ziyarəti və sair şəri məsələlər barədə suallarını cavablandırıb.23

TOVQİLƏRDƏ DUA VƏ KƏRAMƏTLƏR

Tovqilərin bir hissəsi həzrət İmam Məhdi (əc) tərəfindən göstərilən kəramətlər və xariquladə işlər və O həzrətin (əc) baş verən gizli və məxfi hadisələr, dini vergilər barədə edilən məxfikarlıqlar, gizlədilmiş sədəqə, zəkat və xümslər barədə qeybi xəbərlər verməsi və həmçinin bəzi şiələrin problemlərinin imamın (əc) duası ilə həll olması məsələsi önə çəkilib.24 Bu növ tovqilərdən həzrət İmam Məhdinin (əc) imamət və vilayət məsələsinin isbatı, onun haqq olması və mövcud olması kimi əqidə məsələlərində dəlil və sübut kimi istifadə olunur.25

TOVQİLƏRİN MÖTƏBƏR OLMASI

Şiə fəqihləri və müctəhidləri qədim zamanlardan bir sıra fiqhi və şəri məsələlərin əldə edilməsi üçün müxtəlif yerlərdə bu tovqilərə istinad ediblər.26 Nümunə olaraq, məsələn, şiə fəqihləri Məhəmməd ibn Abdullah Himyərinin məsum İmamların (ə) qəbirlərinin kənarında namaz qılmağın hökmü barədə sualına Həzrət İmam Məhdinin (əc) tovqisinə istinadən fətva veriblər ki, qəbirdən öndə durub namaz qılmaq, yəni arxası qəbrə dayanmaq, - (elə məsafədə dayanmaq ki, həmin məsafədə arxası qəbirə dayanmaq ürfdə hörmətsizlik sayılsın), haramdır. Bəzi fəqihlər isə bunun məkruh olduğunu deyiblər.27

Həmçinin həzrət İmam Məhdi (ə.f) tərəfindən göndərilən tovqilərdən birində deyilir ki, qeyb dövründə qarşınıza çıxan hadisələrdə bizim hədislərimizin ravilərinə (fəqihlərə) müraciət edin.28 Bu touqiyə “vilayəti fəqih - fəqihin vilayəti nəzəriyyəsi”nin isbatı üçün istinad edilir. İran İslam İnqilabının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Ruhullah Musəvi Xomeyni (r.ə) bu tovqiyə istinadən deyir ki, (qeyb dövründə) cəmiyyətin bütün işlərinin idarəsi fəqihlərin öhdəsində olmalıdır.29

TOVQİLƏRİN MƏNBƏLƏRİ

Həzrət İmam Məhdinin (əc) adına yazılmış ensiklopediyada Həzrət Sahib-Zaman (ə.f) tərəfindən göndərilən tovqilərin əsas qaynaqları kimi Şeyx Səduqun “Kəmaluddin və təmamun-nemət” və Şeyx Tusinin “əl-Ğeybə” kitabları göstərilmişdir.30 Bu kitabların hər birində tovqilər üçün ayrıca fəsl ayrılmışdır.31 Bundan əlavə “əl-Kafi”, “əl-İhticac”, “Məadinul-Hikmət”, “Biharul-Ənvar” və “Məkatibul-Əimmə” kitabları kimi hədis əsasında yazılmış dini ədəbiyyatlarda tovqilər müxtəlif fəsil və bölmələrdə pərakəndə şəkildə nəql edilmişdir.32 Həmçinin məsum imamların vəkilləri və naibləri barədə yazılmış kitablarda, o cümlədən Əhməd ibn Məhəmməd Əyyaşın (vəfatı, 401 h.q) “Əxbaru Vukəlail-Ərbəə” kitabında tovqilər barədə bəzi məlumatlar yer almışdır.33 Həzrət İmam Məhdi (əc) tərəfindən göndərilən tovqilər barədə müstəqil əsərlər də yazılıb ki, bu əsərlərdə tovqilərin çoxu bir yerə toplanmışdır. Bu əsərlərdən bəziləri aşağıdakılardır:

    Qurbul-İsnad ila Sahibil-Əmr (əc), Abdullah ibn Cəfər Himyəri (hicri-qəməti tarixi ilə III əsrin ikinci yarısında Qum şəhərinin böyüklərindən olub).

    Tovqiate muqəddəsə, Cəfər Vicdani.

    Həzrət Bəqiyyətullahın (əc) sözləri, duaları və tovqiləri toplusu, Xadimi Şirazi.34

    Mousuətu Tovqiatil-İmamil-Məhdi (əc), Məhəmmədtəqi Əkbərnejad (Qum, Cəmkəran məscidi, 1427 h.q).

    Tovqiati Nahiyeyi Muqəddəsə, Əllamə Məclisi.

Məqalənin hazırlanmasında wikishia.net saytından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə


 

1. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.115
2. Tusi, Əl-Ğeybə, h.q 1411, s.356
3. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.163
4. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.513-551
5. Tusi, Əl-Ğeybə, h.q 1411, s.362
6. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.508-509
7. Şübeyri, "Tovqi", s.577
8. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.505
9. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.504-502; Tusi, Əl-Ğeybə, h.q 1411, s.294, 298, 321, 308, 307
10. Şübeyri, "Tovqi", s.577
11. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.508-509
12. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.117
13. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.117
14. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.497-500
15. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1372, c.18, s.220
16. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.445
17. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.499
18. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.445
19. Şübeyri, "Touqi", s.582
20. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.117-120
21. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.130-165
22. Tusi, Əl-Ğeybə, h.q 1411, c.1, s.397
23. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.180-239
24. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.322-425
25. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.119
26. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.255-320
27. Amili, Məfatihul-kəramə, h.q 1419, c.6, s.212-214
28. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.484
29. İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.635; İmam Xomeyni, Vilayət-Fəqih, h.ş 1374, s.78-82
30. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.124
31. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.482-532; Tusi, Əl-Ğeybə, h.q 1411, s.281...
32. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.124
33. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.123
34. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Məhdi (əc), h.ş 1393, c.4, s.122-124

Tags: İMAM ZAMAN (ə), HƏDİS, DUA, MƏQALƏLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!