İMAM HÜSEYN(ə)İN HƏYATI - 2

:

İMAM HÜSEYNİN (Ə) HƏDƏFİ 
İmam Hüseyn (ə) bu qiyamdan məqsədini belə bəyan etmişdir: “Yezidin hökumətini rüsvay etmək, “yaxşılığa əmr edib pislikdən çəkindirmək ”üsulunu bərpa etmək və zülmə qarşı durmaq!” Bu öhdəlik, Allahın ona verdiyi bir vəzifə idi.

Babası Peyğəmbər (s) və atası Əli (ə) də dəfələrlə övladlarının şəhid olacağını bəyan etmişdilər.
İmam Hüseynin özü də, imamlıq elminə əsasən, bilirdi ki, bu hicrətin sonu şəhid olmaqdır. Lakin imam Hüseyn (ə) ölüm və şəhadətdən qorxan və Allahın əmrinə etinasız qalan bir adam deyildi. O, bəlanı kəramət, şəhadəti isə səadət sayan bir imam idi. Nəhayət Kərbəlaya tərəf hərəkət edərək öz əshabı ilə birlikdə şəhid oldu, ailə üzvləri əsir düşdü və əsirlik paltarında Kərbəla şəhidlərinin missiyasını şəhərlərin küçə-bazarında xalqa çatdırıb, Bəni-Üməyyənin törətdiyi cinayətləri aşkar edib onların əlaltılarını rüsvay etdilər.

İMAM HÜSEYN (Ə) VƏ ƏSHABI AŞURA GÜNÜNDƏ
Hüseyn (ə) Aşura günündə bir nur kimi parlayaraq öz əshabına qüvvət və ümid verirdi. Həmin İmam ki, babası onun haqqında belə buyurmuşdur: “Hüseyn hidayət çırağı və ümmətin qurtuluş gəmisidir.“
Hüseyn (ə) fəryad edirdi: “Ey dünya əhli! Bilin ki, müharibəni mən başlamadım və qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi: “Ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillət və alçaqlığa boyun əyməliydim. Amma bilirsiniz ki, zillət və təslim olmaq bizdən çox-çox uzaqdır. Mən zalımlara qarşı döyüşmək məcburiyyətindəyəm.“ Daha sonra həzrət Hüseyn (ə)Yezidin əsgərlərinin qarşısına çıxıb onlara xitab edərək belə buyurdu: “Mənimlə döyüşüb məni öldürməyiniz din və dünyanızın xeyrinə deyildir. Əgər müharibə etmək istəyirsinizsə, yaxşı olardı ki, bir şura təşkil edib orada iştirak edənlərdən soruşasınız ki, kim “Peyğəmbərin övladı ilə döyüşün” – deyir və hansı azğın, bədbəxt məni öldürməkdə sizinlə əməkdaşlıq etməyə hazırdır. İraqın valisi Mərcanənin oğlu (İbn Ziyad) murdar və iqtidar dalınca olan bir kişidir. O, sizi bədbəxt etmək istəyir. Mən bilirəm ki, mənim şəhadətimdən sonra peşman olub bir-birinizi qınayacaqsınız. Elə buna görə də müharibəyə başlamazdan əvvəl görmək istədiyiniz işin haqqında düşünün. Bilin ki, mənim arxamda Allah durub və mən heç nədən qorxmuram. Mən babamdan belə buyurduğunu eşitmişəm: “Dünya kafirlərə cənnət, möminlərə isə zindandır.” Ölüm bizim üçün səadət başlanğıcı, sizin üçün isə bədbəxtliyin əvvəlidir. Bu dünya ilə o biri dünyanın arasında bir körpü vardır ki, o da ölümdür.
Əgər siz müharibə etsəniz, biz də öz əshab və övladlarımızla özümüzü müdafiə etməyə başlayacağıq. Əgər qələbə çalsaq, bizim üçün təzə bir şey deyildir; əgər öldürülsək, dünya bilir ki, biz məğlub olmamışıq
Ay yazıqlar! Ağıllı insanlar çalışır ki, yolu azmamaq üçün özlərinə bir çıraq tapsın. Mən bu ümmətin çırağıyam. Siz isə öz çırağınızı söndürmək istəyirsiniz.
Kiminlə döyüşdüyünüzü bilirsinizmi? Siz mənimlə yox, Allah və Peyğəmbəri (s) ilə döyüşürsünüz!“
Həzrət Hüseynin sözlərindən sonra düşmən qoşununda qarmaqarışıqlıq yarandı. Müharibə istəyənlər gördü ki, əgər müharibəyə başlamasalar , Hüseyn (ə) öz sözləri ilə onların ordusunu hərəkətə gətirib bütün planlarını puça çıxardacaqdır. Elə buna görə də müharibəni başlamaq əmrini verdilər.
Hüseyn (ə) isə belə fəryad etdi: “Ey mənim böyük və dəyərli əshabım! Qalxın döyüş vaxtıdır!” Züheyr və Həbib kimi əshabı İmamın (ə) müharibə əmrini verdiyinə görə sevindilər. Onlardan hər biri birinci olaraq İmamın ona müharibə meydanına getmək icazəsi istəyirdi. Qəməri Bəni-Haşim – Abbas, Əli Əkbər, Qasim və başqaları da döyüş üçün hazırlaşdı. Onlar şir kimi düşmən hissələrinə hücum edib qarşılarına çıxanları həlak edirdi. Hüseynin (ə) özü elə şücaət və igidliklə döyüşürdü ki, – İbn Şəhr Aşubun yazdığına görə, təkcə o həzrətin özü təxminən iki min düşmən əsgərini öldürmüşdü.
Hüseyn (ə) əshabından və yaxınlarından birisi gözlərinin qabağında şəhid olanda, daha qüvvətli, güclü və qərarlı addımlarla irəliləyirdi. Düşmən əsgərlərindən biri Aşura gününün heyrətləndirici hadisələri haqqında belə deyir: “Aşura günündə Hüseyn (ə) bir şəhid verəndən sonra ruhdan düşmək əvəzinə, onun sifətinin daha açıq, daha parlaq olduğunu və daha da qüvvətlə döyüşdüyünü görürdük. “
Fədakar döyüşçülər, ac-susuz olmalarına baxmayaraq, elə qəhramanlıq göstərdilər ki, düşmən əsgərlərinin sərkərdəsi İbn Səd belə bağırmaq məcburiyyətində qaldı: “Əgər belə döyüşmək istəyirsinizsə, hamınız Hüseyn və əshabının qılıncı ilə öldürülərsiniz.“ Buna görə də təxminən dörd min nəfər oxatanlara birdən ox atmalarını, qılıncla döyüşənlərə isə birdən yürüş etmələrini əmr etdi. Müharibə qızışdı. Hüseynin əshabından hər biri atdan yıxılıb şəhid olanda belə deyirdi:
“İlahi! Bu fədakarlığı bizdən qəbul elə!”
Allahın salamı pak ruhunuza olsun ey Allahın və Hüseynin yolu ilə gedənlər, ey Quran yolunun döyüşçüləri! Hüseyn (ə) da, bədənindən qan axmasına baxmayaraq, əllərini göyə qaldırıb buyurdu: “Ey mənim ümid və arzularımın qaynağı olan Allah! Sənə arxalanıb, Sənə ümid bəsləyirəm. Pərvərdigara! Bu qurbanları bizdən qəbul elə! “
Nəhayət, Şeyx Müfidin yazdığına görə, Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin məhərrəm ayının onu şənbə günündə şəhadət şərbətini içib, gələcək nəsillərə şərəf və igidlik dərsi verdi.

İMAM HÜSEYN (Ə) NİYƏ UNUDULMUR?
Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan bir şəxs, heç vaxt unudulmaz. Əksinə, zaman geçdikcə xalqın Hüseynə (ə) olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o “sadiq inqilabçı”-ya olan eşqi daha da artır.
Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi.
O, Allaha yalvarmağı, namazı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından biri Hüseynin ibadətləri və onun “Ərəfə” duası barəsində belə deyir: “Zilhəcsə ayının 10-cu günü Hüseyn (ə) Ərəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu:
–Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıb, həmişə də qoruyucum olmusan. Mənə müxtəlif nemətlərdən ruzi verimisən. İradəsini heç bir şey dəyişə bilməyən və bağışlamasına heç kəs mane ola bilməyən Allaha həmd olsun!
Ey Allah! Eytiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, nuru gözümdə və bəsirəti isə dinimdə qərar ver!

İMAM HÜSEYN (Ə) DOSTLARININ XATİRƏSİNDƏ
Xalqın imam Hüseynə (ə) bəslədiyi hörmət, o həzrətin (ə)xalqla birgə yaşayıb, özünü onlardan ayrı salmadığına görədir. Necə ki, bir gün yoxsul adamların yanından keçirdi, onların süfrələrini açıb bir az quru çörəyi yeməklə məşğul olduqlarını gördükdə onların dəvətini qəbul etdi. Süfrələrində əyləşərək kasıblarla birgə duz çörək kəsməyə başladı və onların xörəyindən yeyə-yeyə belə buyurdu: “Allah xudbin adamları sevmir.” Bu və bunun kimi yüzlərlə əxlaqi misallar səbəb oldu ki, onun xatirəsi və şəhadəti xalqın yaddaşında əbədi qalsın. Hər il xalqın Hüseynə (ə) olan bağlılığı, sevgisi daha da möhkəmlənir.
İmam Hüseynin (ə) nə sarayı, nə əsgərləri, nə də qulluqçuları var idi. Heç vaxt evinin qapısını, zalım və ləyaqətsiz adamlar kimi, xalqın üzünə bağlamazdı və heç vaxt Peyğəmbərin hərəmini onun üçün boşaltmazdılar.
Əshabından olan bir nəfər onun haqqında belə deyir: “İmam Hüseynin kürəyi qabarlı idi. Bunun səbəbini oğlu imam Zeynül-abidindən (ə) soruşduqda o həzrət belə buyurdu: ”Atam gecələr dul arvadların, yetim uşaqların və yoxsul ailələrin evlərinə kisə içərisində çörək aparardı. Bu qabalar da dalına çatdığı həmin kisələrin izidir.“
Alimlərdən biri Hüseyn (ə) haqqında belə deyir: “Biz tarixdə yalnız bir insanlıq sifətinə görə səciyyələnən insanlarla qarşılaşırıq; bəzisi şücaət, bəzisi zöhd, bəzisi isə səxavətinə görə. Lakin imam Hüseyn (ə) bir, yaxud bir neçə sifətə görə səciyyəvi şəxsiyyət deyildi. O, bütün üstün sifətlərə malik idi və bütün insani dəyərləri özündə cəmləşdirmişdi.“
Bəli, belədir Mühəmməd nübüvvətinin varisi;
Əlinin ədalət və igidliyinin varisi;
Fatimənin nəciblik və paklığının varisi;
O, bütün fəzilətlərin, fədakarlıqların simvolu, Allaha sitayiş və ülvi bir şəkildə Onu arzulamağın örnəyidir.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!