İMAM HÜSEYN(ə)İN HƏYATI - 3

:

AŞURA HANSI GÜNDÜR?
Aşura ərəblərin cahiliyyət dövründəki rəsmi bayram günlərindən biri idi. Həmin gündə xalq oruc tutub şənlik keçirərdi.

İranda Novruzun bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura günü tarixi bayram günü sayılırdı, ərəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu. Həmin gündə camaat təzə paltar geyinib şəhəri bəzəyirdi. Hələ də “Yezidin tayfası” adlı bir ərəb tayfası hər il həmin günü qeyd etməkdədir.
Kərbəla hadisəsinin baş verdiyi hicri 61-ci ildə ərəblərin və müsəlmanların ənənəsi dəyişdi. Haram aylardan sayılan, müharibə və öldürməyin qadağan olduğu Aşura günü həzrət Adəmin (ə) ən yaxşı övladlarından biri həzrət Hüseynin (ə) şəhadət gününə, şiələrin qəm, matəm və şəhidlərin xatirəsinin qeyd olunduğu qəmli bir günə çevrildi.
Həzrət Hüseyn (ə) və əshabının şəhid olmasının birinci il dönümündə minlərlə insan qəbrin ətrafında yığışıb matəm mərasimi keçirtdi.
Bəni-Üməyyə və Yezidin hakimiyyət dövründən bu günə qədər, Əhli-beyt dostlarından yüz minlərlə insan matəm və xatirə mərasimləri təşkil edir və karvanlar, dəstələr Kərbəlaya gəlir.
Kərbəladan uzaqda yaşayanlar isə öz şəhərlərini Kərbəlaya çevirib əza məclisləri qurur.
Misirdə Fatimilər Aşura günü matəm günü elan etdi. Camaat Ümmü Gülsümün qəbri ətrafında yığışıb əzadarlıq edir, növhələr oxuyurdu. Fatimilərin dövründə Misirdə Aşura günü rəsmi matəm günü olaraq qalırdı.
İranda Muizüd-dövlə Deyləmi Aşura gününü rəsmi tətil günü elan edib bütün dövlət qulluqçularına və xalqa əmr etdi ki, işlərini buraxıb yas tutsunlar.
İran, Azərbaycan, Misir, Hindistan və sairə ölkələrdə əzadarlıq mərasimləri keçirildiyi üçün, müsəlman xalq arasında mənəvi hərəkat və fikri dirçəliş əmələ gəldi. Müsəlmanların bugünkü hərəkatı onun təsirlərinin nəticəsidir. Bu mərasimlərin ildən-ilə daha da zənginləşərək geniş şəkildə qeyd edilməsi xalqın doğru yola gəlib səhvlərini düzəltmələrinə səbəb olacaq və onların qüdrətini çoxaldacaqdır. İnşallah!
Alimlərdən biri bu barədə belə deyir:
“Məscid Peyğəmbərin (s) əsəri olduğu kimi əzadarlıq mərasimləri və “hüseyniyyələr” də Əhli-beytin əsəridir. Şiələr məscidlərdə Allaha ibadət və dua edir, “hüseyniyyələr”də isə Allah aşiqlərinin və Onun yolunun qurbanlarının xatirəsini əziz tutur və qeyd edir.“ Tarix boyu heç bir qüvvə Hüseyn (ə) yolu ilə gedənləin qarşısını ala bilməmişdir, sübut etmişdir ki, üzərindən 13 əsr ötməsinə baxmayaraq hələ də bu coşqun hərəkat davam edir və yaşayır.
Hüseyn (ə) və əshabı belə bir gündə şəhid olduğu üçün, artıq Aşura günündə şənlik keçirtmək, şəhəri bəzəmək və oruc tutmaq haram oldu.“
İbn Kəsir yazır: “Hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu və xalq Hüseynin susuzluğu səbəbilə küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə, Peyğəmbərin vəfatının il dönümündə olduğu kimi, əzadar idi.“

KƏRBƏLA QİYAMINDA KİM QƏLƏBƏ ÇALDI?
Bir sıra sadəlövh adamlar Aşura günündə Yezidin qələbə çalıb, imam Hüseynin (ə) məğlub olduğunu düşünür. Lakin, tarixi diqqətlə araşdırdıqda məlum olur ki, macəra bunun əksinədir. Çünki qələbə insanın diri qalıb, düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və ideyaları əbədi olaraq yaşasın. Məğlubiyyət isə müharibə meydanında həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır.
Aşura qiyamında Hüseyn (ə) və silahdaşları şəhid oldu, uşaqları əsir düşdü, var-dövlətləri qarət oldu, lakin Hüseynin hədəfi, amalı diri qalaraq yaşadı. Çünki onun hədəfi İslamı yaymaq və zülmün qarşısını almaq idi. Şübhəsiz Hüseyn (ə) öz hədəfinə çatdı. Tarix boyu milyonlarla insan bu məqsəd və hədəfin bayraqdarına çevrilmişdir. Yezidin hədəfi isə məhv oldu. Çünki onun hədəfi yalnız imam Hüseyn (ə) və əshabını öldürməkdən ibarət deyildi, o, İslamı və Rəsuli-əkrəmin (s) təlimlərini aradan aparmaq istəyirdi. O elə güman edirdi ki, imam Hüseyni (ə) öldürməklə, uşaqlarını əsir etməklə öz hədəfini təmin edə bilər. Lakin bilmirdi ki, Allah-taala İslam, Quran və Peyğəmbərin təlimlərinin qoruyucusudur. Peyğəmbərlərə qarşı çıxan, onlarla müharibə aparan zülmkarlar tarix boyu peyğəmbərləri öldürüb, yaxud sürgün etmiş və həmişə eyni murdar hədəfi güdmüşlər. Lakin onların heç biri öz işində müvəffəqiyyət əldə edə bilməmişdir, nə Nəmrud müvəffəq oldu, nə Firon, nə də başqaları.
Bundan daha aydın qələbə vardırmı ki, əsrlər keçdikdən sonra o zülmkarlardan heç bir iz qalmasın, lakin ilahi peyğəmbərlər və dini rəhbərlər həmişə ayıq və insanpərvər adamların qəlbində yaşasınlar. Xalq onların xatirəsini həmişə əziz tutub yad edir. Bu gün gördük ki, dini rəhbərlərin və əsl mübarizlərin məzarının çoxlu çətinliklərə dözərək uzaq yollardan gələn ziyarətçiləri vardır ki, oraya gələrək hörmətlə diz çöküb dua edir.
Lakin zülmkarların qəbrinin heç bir ziyarətçisi yoxdur, çünki başqasına verəsi bir şeyləri yoxdur.
Kərbəla faciəsindən sonra Hüseynin qələbə çalması və Yezidin məğlubiyyətə uğramasının nişanələri aşkar oldu. Çünki xalq Hüseynin varislərini getdikləri hər yerdə sevgi ilə qarşılayır, onların düşmənlərinə lənət göndərirlər.
Hətta öz ailəsi arasında kimsə Yezidə hörmət bəsləmirdi, bəzi yaxın adamları belə ona etiraz edib, gördüyü pis əməlinə görə onu qınayırdı.

İMAM HÜSEYNDƏN (Ə) QISA KƏLAMLAR
1. İmam Hüseyn (ə) Aşura günündə buyurdu: “İnsanlar dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanır. İmtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalır.“
2. O həzrət (ə) oğlu Zeynəlabidinə belə buyurmuşdu: “Allahdan başqa heç yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin!“
3. Aşura günündə vidalaşdığı zaman uşaqlarına belə buyurdu: “Ağlamayın, gözyaşı tökməyin, mənim getməyimlə sizin dərd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-qüssınizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın!”
4. Ən pis adam axirətini dünyasına satan şəxsdir.
5. Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma!
6. Allaha qul olanlar, başqasına qul olmaz.
7. Qardaşım imam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi mənim də gördüyüm işlər Allahın əmri ilədir.
8. Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin!

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!