HƏZRƏT ƏLİ(ə)NİN QIZI ÜMMÜ GÜLSÜM

:

KƏRBƏLA QADINLARININ MÜQAVİMƏTİNƏ QISA BİR BAXIŞ SİLSİLƏSİNDƏN
Zeynəbin (ə) bacısı Ümmü Gülsüm də yaranmış fürsətlərdən müxtəlif sahələrdə zalımlara qarşı istifadə etmiş və atası İmam Əlinin (ə), anası Fatimeyi-Zəhranın (s) bir nümunəsi (oxşarı) idi.

Ümmü Gülsüm Zeynəb-Kübradan (ə) sonra – hicrətin 6-cı, ya 7-ci ilində – Mədinə şəhərində dünyaya gəldi. Evlənmək yaşına çatanda, əmisi oğlu Ovn ibn Cəfər Təyyarla ailə qurdu. Ümmü Gülsümə Zeynəbi-Suğra da deyirlər. O, bütün hadisələrdə, mehriban anası Zəhra (ə), əziz atası İmam Əli (ə) şəhid olanda hazır idi və Kərbəla hərəkatında da fəal iştirak etdi. Onun xüsusiyyətlərindən biri də bu idi ki, hər münasib fürsətdə yazdığı şerlərlə yezidiləri məhkum və ifşa edirdi. O, bacısı Zeynəblə (ə) çiyin-çiyinə öz İmamını (ə) qoruyur, döyüşçülərə kömək edirdi. Eyni zamanda şəhidlərin uşaqlarına himayədarlıq edir və onların hədəflərini öz əsrinin insanlarına çatdırırdı. Kufədə cəllad İbn Ziyadın hökumət iqamətgahında xütbə oxudu, onu və Yezidin adamlarını, Kufə camaatını məhkum etdi və axırda buyurdu: “Yəqin bilin ki, Allah hizbi (dəstəsi) qalibdir və şeytan hizbi həlakətdə və ziyanda olacaq.”
Qətiyyətlə İbn Ziyada buyurdu: “Peyğəmbər (s) Hüseyni (ə) görəndə gözünə işıq gələrdi, sənin gözün isə ancaq Hüseynin (ə) qətli ilə işıqlanıbdır. Peyğəmbər (s) imam Hüseyni (ə) iyləyərdi, öpərdi və öz çiynində otuzdurardı, sən isə onu öldürdün. Çox çətin ilahi əzaba hazırlaş.”
Kufədəki bir mənzərədə, camaat Kərbəla əsirlərinə ürək yandırıb, çörək və xurma gətirib verəndə, Ümmü Gülsüm onlara qarşı çox bərk coşdu, xurma ilə çörəyi onların qabağına atdı və buyurdu: “Sədəqə bizə haramdır.”
Beləliklə, bu cür ucuz və yersiz hörməti Əhli-beytdən (ə) uzaqlaşdırdı və kufəliləri bu işdən şiddətlə çəkindirdi.
Bir gün Ümmü Gülsüm gördü ki, İbn Ziyadın tanınmış cəlladlarından biri, yəni Şimr öz qüdrətilə fəxr edir. Onun üstünə fəryad çəkərək buyurdu: “Vay olsun sənə! Ey Allahın lənətlədiyi! Etdiyin bu zülmlərə görə fəxr edirsən? Bilirsənmi nə etmisən? Sən elə bir kəsi öldürmüsən ki, Cəbrail (ə) onun beşiyini yırğalayar, atası şirkin, küfrün qatili və qənimi idi. Onun cəddi və ata-anası kimi cədd və ata-ana harada görmüsən?”
Xuli düşmən cərgəsində olsa da, Ümmü Gülsümün göstərdiyi şücaətin təsiri altına tez düşdü və dedi: “Sən şücaətli bir atanın övladısan və heç vaxt şücaətini itirməyəcəksən.”
Ümmü Gülsüm Şamda da öz vəzifəsini yaxşıca yerinə yetirdi. Yezidin məclisində şamlı bir kişi ikinci dəfə Yeziddən Əhli-beytin (ə) qızlarından birini ona kəniz kimi bağışlamasını istəyəndə Ümmü Gülsüm qəzəbləndi və ona dedi: “Ey şəxsiyyətsiz kişi! Allah dilini kəssin, gözünü kor etsin, əlini qurutsun və səni odda yandırsın. Peyğəmbər (s) övladlarından haramzadələrə xidmətçi olmaz.”
Hələ Ümmü Gülsüm sözünü qurtarmamış duası qəbul olundu. Bu zaman o dedi: “Allaha şükür olsun ki, axirətdən qabaq sənə dünyada əzab verdi.”
Ümmü Gülsüm hər fürsətdə dəyərli sözləri ilə Kərbəla əhvalatını danışır və Hicaz camaatını hakim rejimə qarşı qaldırırdı. O, (bəzi rəvayətlərə əsasən,) 61-ci hicri ilində Cəmadiüs-sani ayının axırlarında dünya ilə vidalaşdı. Onun nurlu məzarı Mədinə şəhərindədir. (“Rəyahinuş-şəriət”, 3-cü cild, səh. 246 və 256; “Məqtəlul-Hüseyn (ə)”, Muqərrəm, səh. 392; “Ricaleyi-Mamaqani”, səh. 73)
Kərbəla macərasında imam Hüseynin (ə) qızları həzrət Səkinə və Fatimə (ə), həyat yoldaşı Rübab, həzrət Müslimin həyat yoldaşı və qızı və bu kimi digər qadınlar da səbir və müqavimət göstərməklə İmam Hüseynin (ə) əzəmətli inqilabında iştirak etdilər. Bu böyük hərəkatda İmam Hüseynin (ə) və dostlarının həyat yoldaşlarını, qızlarını və uşaqlarını özləri ilə aparması sual doğurur. Qədim zamanlardan bəri soruşulan bu sualın cavabı belədir:
O Həzrətin (ə) inqilabı rejim əleyhinə olan dünyəvi bir hərəkat idi. Onun səmərə verməsi, digər qiyam edənlərə nümunə olması, onun hədəfini və hərəkatını yaymaq, rəhbəri himayə etmələri üçün hamının fəaliyyət göstərməsi lazım idi.

Kitabın adı: İslamda qəhrəman qadınlar
Mütərcimlər: V. Hüseynzadə və A. Eyvəzov

 

Tags: İMAM ƏLİ (ə), İMAM HÜSEYN (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!