MƏLƏKLƏRƏ OXŞAYAQ

:

Ramazan” sözünün kökü “Rəməzə” kəlməsindən götürülmüşdür. Ərəb dilində olan bu sözün mənası tüstüsüz və külü olmadan yandırmaq mənasındadır. Bu mübarək aya Ramazan adının verilməsinin səbəbi də, məhz insanların bu ayda günahlarının yanıb aradan getməsinə görədir.

Ramazan ayının üstün xususiyyətlərini sadalamaqla qurtarmaz amma bu ayı digər aylardan fərqləndirən ən üstün cəhətlərindən biri də budur ki, bu ay adı Qurani-Kərimdə çəkilən yeganə aydır və bu ayda Quran nazil olub. Bu ay Allahın ən gözəl ayı olması ilə yanaşı digər müqəddəs kitabların da, bu ayda nazil olmasını əziz Peyğəmbərimiz (s) buyurub (Möhsün Qiraəti, Rəmazan ba Quran, səh 7). Həmçinin Səhifəye-Səccadiyyə kitabında İmam Zeynulabidin (ə) Ramazan ayını qarşılaması və vidası haqqında ürək dağlayan münacatı vardır. Əslində bu məqaləmin qayəsi Ramazan ayında möminlərə verilən dəyərlərdən söz açmaqdır. Necə ki, Allah “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı” buyuraraq möminləri Öz qonaqlığına və ziyafətinə dəvət edir. Bu ziyafətin isə özünəməxsus xüsusiyyətləri vardır ki, nəzərinizə çatdırırıq:

1. Ev sahibi bu ayda qonaqları Öz ziyafətinə şəxsən dəvət edir 

2. Dəvət süfrəsində Qədr gecəsi, Quranın nazil olması, mələklərin yerə enməsi, duaların qəbulu, ruhun lətafəti və cəhənnəmdən uzaq olmaq kimi nemətlər düzülüb. 

3. Dəvətin vaxtı Ramazan ayıdır ki, hədisə əsasən bu ayın əvvəli rəhmət, ortası bağışlanma, sonu isə mükafatdır.

4. Süfrədə olan nemətlərin keyfiyyətinə söz ola bilməz. Məsələn bu süfrənin nemətlərindən biri olan Qədr gecəsinin keyfiyyəti haqda bunu demək kifayət edir ki, bu nemət yer əhlinin bir illik ehtiyaclarını təmin edir və bu gecədə mələklər yer üzünə enməklə onu zinətləndirir.

5. Bu ayın qıdası ruha məxsusdur, bu ayda insan cismini ac saxlamaqla ruhunun mənəvi yüksəlişinə imza atmış olur. 

6. Bu ziyafətdə ruha verilən qida Quran ayələridir ki, bu ayda tilavət edilən ayənin savabı dgər aylarda oxunan bir Quranın savabı qədərdir.

Bu sadaladıqlarımız xüsusiyyətlər bu gözəl ziyafətin bir qismi idi. Əgər hər hansı bir mömin bu nemətlərdən düzgün istifadə etsə dünyəvi ziyafətlərdə olguğunan da artıq bu ziyafətdə şad və xürrəm olacaq. Maraqlı elə burasıdır ki, dünyəvi ziyafətlərdə yeyib içmək bol-bol süfrələrdə olduğu halda bu ziyafətdə yeyib-içmək qadağandır. Halbuki Allah Təala bu qadağa ilə yanaşı bu aya ziyafət deyə buyurur. Bəli elə bu ziyafətin gözəlliyi və özəlliyi də, elə burasıdır. Axı bu ay insanın ruhuna aiddir ki, ruh da digər məxluqlar kimi yeyib içmək kimi maddi nemətlərə ehtiyacı yoxdur. Çünki bu ayda mömin vaxtını yeyib-içməkdən daha önəmli şeylərə sərf edir. Yalan, qeybət, ata ananın narazılığı, töhmət və s. kimi çirkinlikdən uzaq olmaqla başını qatmalıdır. Odur ki, bir növ demək olar ki, bu ayda vaxt qalmır gündüzlər yeyib içməyə vaxt ayırsın. Bu sözdən başqa aylarda bu əxlaqi alçaqlıqlardan istifadə etməyin halal olmasını demək istəmirəm və bundan sui istifadə olunmamalıdır sadəcə bu ayda bir ay mömin öz üzərində işləyir ki, növbəti aylarda bu enerjidən istifadə edərək özünü gələn Ramazan ayına qədər qorusun. Bunu da, qeyd etmək istəyirəm ki, 11 ayda bizə icazə verilir yeyib içməyə və bundan kifayət qədər istifadə edirik, elə bilməyək sübh azanından şam azanına qədər ac-susuz qalmaqla Allah bəndəsinə zülm edir elə təkcə düşünək ki, axı mələklər də yeyib içməkdən azaddır. Nə yaxşı olardı ki, özümüzü bir ay da olsa mələklər kimi aparaq, hal buki onlar bizdən nəyisə öyrənməlidir. Sonda belə bir cümlə ilə sözümü tamamlayıram: ey iman gətirənlər gəllin bir ay da olsa mələklərə oxşayaq.

Sizinyol saytından

 

Tags: QURAN, FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!