ÖZÜNÜ MƏLƏYƏ OXŞADANLARIN BAYRAMI
İnsanı rahatlıq dalınca çəkən nəfsin vay günləri oldu Ramazan. Bir saat qidasız dayana bilməyənlər sübh azanına qalmış nəfs közünü şeytanın gözündə söndürdülər.
Bir ömür Allahdan uzaq gəzənlər bu ayda özünə hakim oldu, səma əmrini yerinə yetirdi. Ayda ərşin köməyinə bax!11 ay nəfsin cilovunu çəkib-buraxanlar düz bir ay onu şahə qaldırdılar. Həm şirin, həm də acı olur Ramazanın sonu. Şeytan üzərində qələbəni qeyd etmək çox şirindir.
Amma nəfsin qəfəsdən buraxılması barədə düşündükdə qorxmaya bilmirsən. Bir ay dizin sinəsində qalmış biri ayağa qalxır! Qalxır, nə qalxır! Qalxır ki, bir ayda qazandığını bir anda əlindən alsın. Qalxır ki, dizini sinənə qoyub, beyət istəsin.
Ramazanı başa vurub özünü boş buraxmayın. Oğru cibində bir şey olanı güdür. Könlün Ramazan qazancı ilə dolu. Yol verməyin o lənətə gəlmişə! Gəlib ki, aparsın! Gəlib ki, öz gününə salsın səni. Ramazanın səhəri üçün sənə tor qurub. Gözünə, dilinə, qulağına, əl-ayağına, könlünə naməhrəm gətirib.
Pürrəngi çay, yanında da xurma! Bir ay bu ruhiyyədə qaldın. Süfrən haram görmədi. Məbada, Ramazan keçdi deyib, ruhiyyəni dəyişəsən. Axı əcəl saatını nə mən bilirəm, nə də sən. Qapıda səs var... Yoxsa aparmağa gəlib? Kim bilir ki! Qoy gəlsin. Süfrədəki çayı, xurmanı görüb salam verəsidi.
FİTR BAYRAMI
Orucluq bayramı Fitr bayramıdır, bütün oructutanların bayramıdır. Şəvval ayının 1-də bayram edilir. Bayram günü həddi-büluğa çatmış hər bir imkanlı müsəlman özü üçün və himayəsində olan hər bir şəxs üçün təqribən 3 kq buğda qiyməti həcmində fitrə zəkatı verməlidir. Fitr bayramı - Ramazan ayının başa çatması münasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna "əl-Fitr" və ya "Siyam" bayramı da deyirlər. "Siyam" ərəbcə oruc tutmaq sözündəndir. Fitr bayramı orucluq qurtaran günü, təzə Ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi ərəfəsindən, yəni Şəvval ayının daxil olması ilə başlayır. Bu zaman oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, "oruc-namazın qəbul olunsun!" – deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır.
Yeməkdən sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiymətilə 3 kq buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə üzvləri bir-birinə ötürürlər. Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın.