RUZİ VƏ TƏQDİR - 4

:

İNSAN HƏYATINDA SINAĞIN ZƏRURİLİYİ 
İnsan ruzi ardınca getməlidir. Bu dünyada insanın öz ruzisini çalışaraq əldə etməsi Allahın qərar verdiyi bir qanundur. Allah-taala istəməmişdir ki, insan oturub, ruzisinin göydən düşməsini gözləsin.

Əlbəttə, belə hallar da olur ki, kimin üçünsə qeybdən ilahi bir süfrə nazil olur. Amma bu istisna hal Allah-taalanın məsləhəti və hikməti əsasında gerçəkləşir.
Amma maraqlıdır ki, nə üçün Allah-taala bu dünyada insanın çalışıb tər tökərək ruzi qazanmasını istəmişdir? Şübhəsiz ki, bu əməlin də hikmətləri mövcuddur. Bu məsələnin qanun şəkli olmasında bir çox səbəblər vardır. İnsan o zaman imtahana çəkilmiş olur ki, hansısa bir işdə çalışmalı olsun. Yəni insan çalışmaqla imtahan olunur. İki yolayrıcında durmuş şəxs doğru yolu yanlış yoldan, düzgün işi səhv işdən və savabı günahdan fərqləndirməlidir. Bu seçimdə meyar Allahın razılığıdır və Allahın razılığı olmayan bir işdən çəkinmək lazımdır. Həyatın zəhmətlərinə qatlaşmayan insan taleyinə yazılmış hadisələrlə rastlaşmır. İnsan öz inkişafını səy və təlaşda axtarmalıdır. Başqa sözlə, dünya bütün bu çətinliklərlə ona görə qol-boyun yaranmışdır ki, insan iki yolayrıcında düşünərək seçim etsin və öz kamalına üz tutsun. Qurani-Kərimdə oxuyuruq: “Hansınızın daha gözəl əməl sahibi olacağını bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.” (“Hud” surəsi, ayə: 6)
Həyat burulğanlarına atılmayan insan üçün imtahan şəraiti yaranmır. İmtahan olunmayan insanın təkamülü mümkünsüzdür. Cəmiyyətdən uzaqlaşan, problemlərdən qaçan insan əslində həyat hadisələrinin misilsiz bəhrələrindən məhrum olur.
İnsan öz ruzisini əldə etmək üçün çalışdığı vaxt yaxşını pisdən, gözəli çirkindən seçməli olur, bu yolla xoşbəxtliyini və bədbəxtliyini tanıya bilir. Əlbəttə ki, ruzi dedikdə, təkcə çörək və su nəzərdə tutulmamalıdır. İnsanın bu dünyada könlündən keçən hər şey–elm, bilik, məqam, övlad, ailə, ev-eşik hər biri Allahın ruzilərindəndir. Bütün bunlara çatmaq üçün isə çalışmaq lazımdır. Allah-taala hansısa hikmət səbəbindən kimlərəsə xüsusi bir yolla elm əta etsə də, Onun qanunu budur ki, insan bütün nemətləri, o cümlədən, elm və biliyi, vəzifə və var-dövləti, könlündən keçən digər şeyləri zəhmət yolu ilə əldə etsin.

TƏLAŞ VƏ TƏVƏKKÜL ORTA YOL, “ETİDAL” YOLUDUR
Unutmamalıyıq ki, insanlar bəzən həyat yolunda ifrat və təfritə düçar olurlar. Bəziləri elə çalışırlar ki, sanki Allahın bu işlərdə heç bir rolu yoxdur. Onlar bütün güclərini bir tikə çörək qazanmaq üçün sərf edirlər. Elə ki, o bir tikəni qazandılar, nəfsləri bir az da itiləşir və daha böyük qazanclar dalınca qaçırlar. Əksinə elələri də vardır ki, tənbəllik və süstlük ucbatından yerlərində oturub, göydən ruzi düşməsini gözləyirlər. Hətta bəhanə gətirərək deyirlər ki, qismətimiz nədirsə, onu da alacağıq. Şübhəsiz ki, hər iki baxış yanlışdır. İnsan ruzisinin Allah tərəfindən verildiyinə inanmalı, Ondan ruzi istəməli, bununla yanaşı çalışmalı, öz vəzifəsini yerinə yetirməlidir.
Əlbəttə ki, insanın nə qədər çalışmalı olduğunu və Allaha hansı həddə bel bağlamasının zəruriliyini təyin etmək çətindir. Amma ifrat və təfrit arasındakı orta (“etidal”) hədd ideal hesab olunur. İnsan nə ifrata varıb hərislik göstərməli, nə tənbəllik edərək yerində oturub qalmalıdır.
Bu misilsiz kəlamda təqvalılar imamı Əli (ə) buyurur: “Ruzi üçün çalış, həqiqətən, təyin olunmuş ruzi sənə çatasıdır.”
Əksər insanlar var-dövlət əldə etmək üçün həddən ziyadə çalışırlar. Amma bu çalışanlar arasında təsadüf insanlar istəyinə nail olur. Bir çoxları bu yolda hətta əlindəki sərmayəni də itirir, bəziləri isə olduqca az qazanc əldə edirlər. Elələri də var ki, dünya malının ardınca qaça-qaça nəhayətdə acından ölürlər. Qızılını balta kəsməyən elə varlılar da var ki, xəstəlik və ya digər bir səbəbdən qazancının bir tikəsini də rahat yeyə bilmir. Belə təsadüflər də olur ki, yaranmış şərait kimlərəsə böyük var-dövlət verir. Bütün bunlar sübut edir ki, əslində dünya nemətlərinin qədəri bizim çox çalışmağımızdan asılı deyil.
Demək, orta bir yol tutulmalıdır. İnsan nə öz zəhmətinə güvənməli, nə də tənbəllik göstərib oturmalıdır. Ən əsası, insan öz vəzifəsinə əməl etməlidir. Nəticə isə Allahdan asılıdır. Allah nə istəyirsə, o da olasıdır. Bu qayda bütün ruzilərə şamildir. İstər yemək və geyim, istərsə də elm və bilik nemətləri yalnız və yalnız Allahın əlindədir. İnsan çalışıb zəhmət çəkməli, vəzifəsini icra etməlidir. Ruzini verən isə Allah-taaladır. Bəziləri heç bir zəhmət çəkmədən var-dövlət qazanır, elə bir məqama çatırlar ki, ağıllarına belə gəlməzdi. Allahın Rəsulu (s) buyurur: “Bəzən Allah-taala sizin üçün əlverişli fürsətlər yaradır.” (“Biharül-ənvar” 71-ci cild, səh. 321) Yəni elə fürsətlər yarana bilər ki, insan ağlına gəlməyən nemətlər əldə edər. Belə də olur ki, bəziləri zəhmət çəkmədən çox üstün bir ruhi hal tapırlar. Amma elələri də var ki, gecə ibadətini yerinə yetirmək üçün çalışmalarına baxmayaraq, bu işdə müvəffəq ola bilmirlər.
Əlbəttə ki, istənilən nəticənin əldə olunmaması o demək deyil ki, biz vəzifəmizdən əl çəkməliyik. Məsələn, bir şəxs desə ki, mən ibadətdə hal tapa bilmədiyim üçün ibadət etmirəm, onun bu mövqeyi heç vəchlə qəbul oluna bilməz. Çalışıb müəyyən işləri görmək insanın vəzifəsidir və bu vəzifələr icra olunmalıdır. Nəticənin əldə edilməsi isə bir o qədər də mühüm deyil. Əsas məsələ Allahın razılığını qazanmaqdır. Öz qəlb istəyinin əksinə gedərək ibadət edən insan Allahın razılığını öz nəfsinin razılığından üstün tutur. Bu isə olduqca böyük müvəffəqiyyətdir.

TƏHLÜKƏNİN AĞILA UYĞUN QƏBULU
Əmirəlmöminin Əlinin (ə) vəsiyyətinin sonrakı hissəsində iki gözəl təbir bəyan olunmuşdur. Bu təbirlər zahirən bir-birinə uyğun deyil. Həzrət (ə) buyurur: “Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma.”
Digər bir tərəfdən isə qeyd olunur ki, tacir özünü təhlükəyə atmışdır. Bəli, bəzən ticarət zamanı sərmayə də əldən çıxa bilər. Daha çox qazanmaq istəyən adam əlindəki mayanı da itirər.
Mümkün şübhələri aradan qaldırmaq üçün, təfsirçilərin bildirdiyi kimi, hər iki kəlamı ayrı-ayrı vəziyyətlər üçün nəzərdə tutmalıyıq. Yəni birinci buyruq bir şəraitə, ikinci buyruq isə başqa bir şəraitə aiddir. Birinci buyruqdan belə bir nəticə alınır ki, düzgün hesabat aparmamış, xam xəyallara qapılaraq, əldəki işi buraxıb, daha böyük qazanc ardınca qaçmamalıyıq. Həzrət (ə) diqqətimizə çatdırır ki, məbada, tamahkarlıq ucbatından hesab-kitabsız xülyalara qapılaq. Bu halda insan əlində olan sərmayədən də məhrum olur. “Tacir özünü təhlükəyə atmışdır!” – buyruğunda isə qəflət ucbatından nəzərdən qaçırılmış təhlükələrdən söhbət gedir. İstənilən bir məqsədə doğru hərəkət edən yolçu üçün təhlükələr mövcuddur. Sadəcə, bu təhlükələr iki qrupa bölünür. Hesab-kitablı tacir gözəl anlayır ki, onun işində müəyyən itkilər ola bilər. Amma bu itkilər onu yolundan döndərmir. Çünki bütün işlərdə müvəffəqiyyətsizlik mümkündür.
İkinci mərhələdə bəyan olunur ki, bütün dünya işlərinin, eləcə də ticarətin təbii itkiləri mövcuddur. Məsələn, əkinçi torbasındakı buğda dənəsini torpağa səpməsə, məhsul götürə bilərmi?! Sözsüz ki, yox! Bu dənələrin göyərməyəcəyi ehtimal olunsa da, iş dayandırılmamalıdır. Əgər toxumun göyərməyəcəyi ehtimalını nəzərə alaraq bütün əkinçilər işlərini dayandırsalar çoxsaylı problemlərlə üzləşərik. Belə vəziyyət ticarətdə də mövcuddur. Ticarətə başlayan şəxs ehtimal verir ki, sərmayəsi əlindən çıxa bilər. Bununla belə, işə başlayır. “Ticarətdə zərər ola bilər” deyə, kimsə ticarətlə məşğul olmasa, cəmiyyətin bir sıra ehtiyacları təmin olunmamış qalar. Əgər ticarət, alış-veriş olmasa, insanlar bu işdəki faydalardan məhrum qalarlar. Bu işdəki zərər ağıla uyğundur. Çünki bu zərər işin təbiətindədir və dəqiq hesabatlara əsasən qəbul olunur. Amma heç bir dəqiq hesabat aparmadan yalnız xam xəyallar əsasında hərisliklə təhlükələrə qucaq açmaq qəbul edilmir və məzəmmət olunur. Çünki belə hallarda nəinki qazanc olmur, hətta bəzən sərmayə də əldən çıxır. Beləcə, ağıla əsaslanaraq təhlükələri qəbul etmək yaxşı, xam xəyallar əsasında təhlükələrə qucaq açmaq isə pisdir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: HƏDİS, NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!