RUZİ VƏ TƏQDİR - 3

:

MÜQƏDDƏRAT VƏ ŞƏRİ VƏZİFƏLƏR
Bilməliyik ki, ilahi müqəddəratla yanaşı olan dini vəzifələr özü də bir mövzudur. Məsələn, əgər qonşunuza bir müsibət üz verərsə, öz dini vəzifənizə əsasən, onun köməyinə tələsməlisiniz.

“Allah belə istəyib” deyə, başqalarının müsibətinə rahatca tamaşa etmək mövhumatçılıqdır. Ətrafdakı problemlərin həlli ilahi müqəddəratdan fərqli bir məsələdir. Əgər bir məntəqədə zəlzələ baş verirsə, minlərlə insan çətinliyə düçar olursa, onlara yardım əli uzatmaq bizim dini və insani vəzifəmizdir. Zəlzələnin baş verməsinin hikməti isə tamamilə ayrıca bir sualdır.
İnsanın öz başına gələn hadisələrdə də çıxış yolu eynidir. Bəziləri çətinliyə düşən kimi şikayətlənməyə başlayır və “Allah bu bəlanı bizim başımıza nə üçün gətirdi” deyə, gileylənirlər. Amma insan əmin olsa ki, ətrafda baş verən bütün hadisələr Allahın hikmətinə əsaslanır, heç vaxt şikayətlənməz. Allah üçün hadisələrin müəyyənləşdirilməsi onları öncə görməkdən daha asandır. Düşünməyin ki, bizim üçün çətin olan işlər Allah üçün də çətindir. Allah-taala üçün heç bir iş çətin deyil: “Bir şeyi istədiyi zaman Allahın buyruğu yalnız “ol” deməkdir; o da dərhal olar.” (“Yasin” surəsi, ayə: 82)
Bütün hallarda alim və qadir Allahın hikmət və tədbirlərinə diqqət problemlərə münasibətdə insanı dözümlü edir və onun nigarançılığını aradan qaldırır. Eləcə də, əlinizə bir nemət gəldikdə qürrələnməyin. Çünki dünyanın həm xeyirləri, həm də zərərləri bir imtahandır. “Biz sizi xeyir və şərlə sınağa çəkərik.” (“Ənbiya” surəsi, ayə: 35)
Əgər həm çətinliklər, həm də rahatlıqlar insanın sınaq vasitəsidirsə, demək, əlimizə nemət gəldikdə qürrələnib, Allahı unutmamalıyıq. Çətinliklə üzləşdikdə isə təəssüf etməməliyik. Allahın sizə verdiyi nemətləri özünüz üçün sərvət hesab edib, şadlanmağa tələsməyin. Onların olub-olmaması əslində fərq etməməlidir. Elə bir mənəvi məqama çatmalısınız ki, dünya nemətləri sizin halınızı dəyişməsin. Bütün nemətlərə və zərərlərə imtahan vasitəsi kimi baxın. Bütün nemətlərin Allah tərəfindən verildiyinə inanan insan heç vaxt özünü itirib, qürrələnmir. Eləcə də müxtəlif bəlalar onun imanını sındırıb, küfrə sövq etmir. Unutmamalıyıq ki, çətinliklər də sınaq vasitəsidir.
Belə düşüncə tərzinin faydalarından biri budur ki, insan dünya malı ardınca qaçmır. Belə bir etiqadın əxlaqi bəhrəsi isə budur ki, insan ruzi qazanarkən ölçü-biçili hərəkət edir, hər qapını döymür, hər kəsə ağız açmır, bu işdə həd gözləyir. Bu düşüncənin digər bir bəhrəsi odur ki, insan əxlaqi fəzilətlərdən və dini vəzifəsindən uzaq düşmür. Bu cür düşünən insan bütün güc və ağlını var-dövlət qazanmaq üçün sərf etmir. İnsan inananda ki, ruzi yalnız çalışmaqla əldə olunmur və bəzən özü insanı tapır, artıq bu yolda özünü həlak etmir. Belə bir baxış insanın hərisliyinin qarşısını alır, onu orta yolla getməyə sövq edir.

KEŞMƏKEŞLƏRDƏ RUHİ TARAZLIQ
İnsanın ruhu da onun cismi kimi eyni halda qalmayıb, təbəddülatlar keçirir. İstər ruhdakı, istər cismdəki dəyişikliklər qəbul olunmuş bir gerçəklikdir. Məzəmmət olunan isə kiçik bəhanələr səbəbi ilə ruhun sarsılmasıdır. Əgər bu dəyişikliyə ciddi səbəb varsa, o məzəmmət olunmur. Amma heç bir ciddi səbəb olmadan ruhun böhran keçirməsi bəyənilməmiş bir haldır. Bəzilərinin əhvalı körpə uşaqlarda olduğu kimi bir anda dəyişir. Onlar ciddi dəlil olmadan şadlanır və ciddi dəlil olmadan qəmlənirlər. Əhəmiyyətsiz bir hadisə onları sevindirir və xırda bir problem qanlarını qaraldır. Başqalarının kiçik bir köməyinə görə qula çevrilir və bu köməkdən imtina edildikdə onunla düşmənçiliyə başlayırlar. Belə insanlar həyatda heç vaxt ruhi tarazlıq əldə edə bilmirlər. Hansı ki, mömin şəxs aram olmalıdır.
Əlbəttə ki, insan eyni bir ruhiyyədə ola bilməz. Amma bu da düzgün deyil ki, ruh daim haldan-hala düşsün. Bəziləri kimdəsə kiçik bir yaxşı iş gördükdə onu mələk hesab edir və az sonra həmin şəxs bir qüsura yol verdikdə, onu şeytan sayırlar. Belə bir mühakimə forması möminə yaraşmır.
İnsan öz ruhunu tarazlıq vəziyyətində saxlamaq üçün bir sıra biliklərə yiyələnməlidir. Əvvəla, həqiqətlər yaxşı dərk olunmalıdır və insan bilməlidir ki, vücudun müxtəlif halları təbii bir prosesdir. Məsələn, bəzən insanda ibadət əhvalı güclənir, bəzən isə bu əhval zəifləyir. O, bəzən ünsiyyətə meyl göstərir, bəzən isə ünsiyyətdən qaçır. Ümumiyyətlə, müxtəlif şəraitlərdə insanın maraqları dəyişir. Gəncliyin öz əhvalı, qocalığın öz ruhiyyəsi, orta yaşın öz durumu olur. Belə bir hal dəyişkənliyi hamının qarşısına çıxır. İnsan gah sağlamdır, gah da xəstə, gah varlıdır, gah da yoxsul.
Ünsiyyətdə olduğumuz insanların da halı dəyişkəndir. Onlar da bir gün şad, o biri gün qəmgindirlər. Bu ruhiyyə onların rəftarlarına da təsir göstərir. Həzrət (ə) buyurur: “Bil ki, oğlum dövran dəyişməkdədir.” Dövran hamı üçün dəyişməkdədir və insan öz mühakiməsini bu dəyişkənliklərlə çiyin-çiyinə əvəz etməməlidir. İnsan nisbi də olsa, sabit rəftara malik olmalıdır.
Dövran dəyişdikcə insan öz ətrafındakıları tanımaq üçün müxtəlif üsullardan istifadə etməli, insanların keçmişini araşdırmalıdır. Əgər bir şəxslə uzun müddət dostluq etmişsinizsə, bu dostluq yolunu nəzərdən keçirməlisiniz. Yalnız bir istəyinizə əməl etməyib deyə, onun haqqında nahaq mühakimə yürütməyin. Olsun ki, onun bu dəfə sizə kömək etmək imkanı olmayıb. Bizim mühakimələrimiz səthi və şəraitin təsiri altında olmamalıdır. Əksinə rəftarlarımız nisbi sakitlik halına malik olmalıdır. Əgər bir şəxsdən mənfi əməl müşahidə etmişiksə, dərhal mühakimə yürütməməliyik. Bir qədər səbir edib, düşünmək lazımdır. Həzrət (ə) buyurur: “Məzəmməti ağır, xalq yanında üzrü az olanlardan olma.”
Əgər bir şəxsin gördüyü iş bizə pis görünürsə, bu heç də o demək deyil ki, həmin iş həqiqətən də pisdir. Hətta bu iş pis iş olmuş olsa da, bu bir işə görə həmin şəxsin üzərindən qara xətt çəkməməliyik. Səbir etməli, araşdırma aparmalı və olsun ki, onun bu işinə göz yummalıyıq. Məbada, bir əmələ görə qarşı tərəfə münasibətimizi dəyişmiş olaq. Müxtəlif halları nəzərinizdə canlandırın və əsəbi halda heç bir iş görməyin. Ən əsası isə budur ki, bizim ruhi vəziyyətimiz maddi dəyişikliklərdən asılı olmamalıdır.
Demək, dövranın dəyişikliyinə baxmayaraq, insan nisbi ruhi tarazlıq halına malik olmalıdır. Mömin şəxs aram ruhi vəziyyət əldə etmək üçün səy göstərməlidir. Əgər şərait dəyişdikcə insanın rəftarı dəyişsə, insanın iman məqamı tənəzzülə uğrayar. İnsanın həyatında eniş-yoxuşlar çox olur. Bəzən insan yoxsulluğa düşür, hətta zəruri ehtiyaclarını da təmin edə bilmir. Belə bir məqamda qəfildə ələ sərvət gələrsə, insan qürrələnib, öz keçmiş dostlarını unutmamalıdır. Həyatın gözəlliyi ondadır ki, insan sərvətli olduğu halda təvazökarlıq göstərsin. Amma yoxsul halda ikən təvazö nəinki yaxşı deyil, hətta çox pisdir. Həzrət (ə) buyurur: “Ehtiyaclı olanda təvazö, varlı olanda sərtlik necə də pisdir.”

TAMAHKARLIQ DÜŞÜNCƏSİZ ƏMƏLDİR
Həzrət Əli (ə) imam Həsənə vəsiyyətinin başqa bir hissəsində buyurur:
“Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma! Ruzi üçün çalış, həqiqətən, təyin olunmuş ruzi sənə çatasıdır. (Qazanc ardınca qaçan) tacir özünü təhlükəyə atmışdır.” (“Nəhcül-bəlağə”)
İstər möminlərə, istərsə də qeyri-möminlərə ünvanlanmış digər bir əxlaqi göstəriş tamahkarlıqdan çəkinməkdir. Bir çox hallarda insan daha böyük faydalara çatmaq üçün əlindəki xeyir işi boşlayır. Hansı ki, bu iş ağıla müvafiq deyil. Hər birimiz ətrafda uyğun halları müşahidə etməklə yanaşı, bəzən özümüz də belə bir səhvə yol veririk. Bir də görürsən şəhərdə hay düşür ki, filan mal bahalaşacaq. Əksəriyyət əlində olan malı satıb, həmin maldan alıb yığmaq, sonra satıb varlanmaq fikrinə düşür. Heç şübhəsiz, belə bir əməl xoşagəlməzdir.
Əslində belə bir münasibət Allaha etimadsızlığın nümunəsidir. Bu hərəkətə tamahkarlıqdan başqa nə ad vermək olar?! Bu əməl əxlaqi və dini cəhətdən bəyənilməməklə yanaşı, əqli cəhətdən də qəbuledilməzdir. Bəzən insan ağlını işə salıb, yaxşı götür-qoy etdikdən sonra alış-veriş edib, mənfəət götürür. Belə bir işin heç bir eybi yoxdur, çünki bütün insanlar öz maddi ehtiyaclarını təmin etmək üçün çalışırlar. Məsələn, əkinçi əkdiyi hər toxumdan qat-qat artıq sayda toxum əldə etməklə öz ehtiyaclarını təmin edir. Yəni əlində olanı torpaqda yatırdır ki, bir müddət sonra məhsul götürsün. Sözsüz ki, belə bir iş ağıla müvafiqdir. İnsan faydalanmaq ümidi ilə zəhmət çəkir. O bir müddət sonra qazanc əldə etmək üçün əlində olanı bir növ dövriyəyə buraxır. Bəzən isə tamah insana elə güc gəlir ki, o əlində olan sərmayəni düşüncəsiz bir məqsədlə əlindən çıxarır və ümid edir ki, on il sonra çox böyük qazanc götürəcək. Bu həm ağıl, həm də din nöqteyi-nəzərdən məqbul deyil və məzəmmət olunur. Həzrət Əli (ə) vəsiyyətinin bu yerində buyurur: “Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma!” Belə bir iş görən insan əlindəki nağd sərmayədən də məhrum qala bilər. Belə vəziyyətlərdə əldə olan sərmayəni qorumaq, onu qənimət bilmək daha ağlabatandır. Belə bir işi yalnız iki şərt daxilində görmək olar: 1. bu arzunu ağılın mühakiməsi təsdiq etsin, yəni görüləcək işin mənfəətinə şübhə qalmasın; 2. bu faydaya çatmaq yolu düzgün olmalıdır.
Həzrət Əlinin (ə) bu öyüdləri insanı hərislik və tamahkarlıqdan çəkindirir. Belə ki, insan bəzən tamahkarlıq ucbatından əlində olan sərmayəni ağılsız bir iş yolunda əldən çıxarır. Belə bir iş əqli baxımdan düzgün deyil və İslam baxımından da məzəmmət olunmuşdur. Çünki Allaha ümidvar olan, etimad göstərən insan heç vaxt belə hərəkət etmir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: HƏDİS, NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!