RUZİ VƏ TƏQDİR - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN 
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Ruzi iki qisimdir: birini sən axtarırsan, biri isə səni axtarır və sən onun ardınca getməsən, o sənin ardınca gələsidir. Bil ki, oğlum, dövran dəyişməkdədir. Məzəmməti ağır, xalq yanında üzrü az adamlardan olma. Ehtiyaclı olanda təvazö, varlı olanda sərtlik necə də pisdir.”

Vəsiyyətnamənin bu hissəsində Əmirəlmöminin Əli (ə) imam Həsənə (ə) buyurur: “Ruzi iki qisimdir: birini sən axtarırsan, o biri isə səni axtarır və sən onun ardınca getməsən, o sənin ardınca gələsidir.”
Tövsiyənin bu hissəsində Qurani-Kərimdə və Əhli-beyt (ə) rəvayətlərində dəfələrlə xatırladılmış etiqadi mövzulara toxunulur. Başqa sözlə, bu hissə həmin etiqadi bəhsin əməli nəticələrindəndir. Buyurulur ki, Allah-taala bəndələrinin hər biri üçün ruzi müəyyənləşdirmişdir. Beləcə, əvvəlcə həmin etiqadi məsələnin müxtəsər şərhini verir, sonra isə onun əməli məqamlarını araşdırırıq.

İLAHİ QƏZAVÜ-QƏDƏR
Dinimizin qəti bildirişlərindən biri Allah-taalanın hər bir mövcud üçün ruzi müəyyənləşdirməsidir: “Yer üzərində elə bir canlı yoxdur ki, Allah-taala onun ruzisini verməmiş olsun.”
Əslində bu etiqadi nöqtə ilahi hikmətin birbaşa əsərlərindəndir. Allahın hikməti tələb edir ki, xəlq olunmuş mövcudun həyat şəraiti təmin olunsun. Əgər Allah-taala hansısa bir möcudu yaradıb, onun həyat şəraitini təmin etməsəydi, həmin mövcudun yaradılması yersiz olardı. Bu isə ilahi hikmətlə, tədbirlə uyuşmur. İlahi hikmətə əsasən, yaradılmış mövcudun ehtiyacları da təmin olunmalıdır. Allah-taala ən xəlvət guşələrdə xəlq etdiyi mövcudların da həyat şəraitini təmin etmişdir. Eləcə də, yer üzünün ən ucqar nöqtələrində yaşayan insanların həmin əraziyə uyğun bitki örtüyü, heyvanları, yeraltı və yerüstü sərvətləri mövcuddur. Əgər soyuq şimalda da insanlar yaşayırsa, demək, onların da həyat şəraiti təmin olunmuşdur. Xəlq olunmuş hər bir canlının həyat şəraiti əvvəlcədən nəzərdə tutulur. Bu məsələyə etiqad ilahi hikmətə etiqadın şərtidir.
Allah-taala istər insan, istər heyvan, bütün mövcudların ruzisini müəyyənləşdirmişdir. Allah-taala yer üzünü elə xəlq etmişdir ki, müxtəlif canlılar həyatını davam etdirə bilsin. Hər bir yaranmış üçün xüsusi ruzi, xüsusi həyat şəraiti yaradılmışdır. Bütün bunlar ilahi hikmətin tələbləridir. Yəni hər bir canlının özünəməxsus ruzisi mövcuddur. Sual oluna bilər ki, əgər Allah-taala hamının ruzisini müəyyənləşdirmişdirsə, ruzi üçün çalışmaq nəyə lazımdır? Müəyyənləşmiş ruzidən ötrü çalışmaq nə üçündür? Əsas sual isə budur ki, Allahın qəzavü-qədəri insanın ixtiyarı ilə zidd deyilmi?
Ümumi şəkildə belə cavab vermək olar ki, insanın ixtiyarı da ilahi təqdir vasitələrindəndir. Allah-taala belə müəyyənləşdirmişdir ki, hər kəs xüsusi bir yolla çalışaraq müəyyən edilmiş ruzini əldə etsin. Əcəl çatana qədər müəyyən olmuş ruzi sahibinə çatasıdır. Demək, ilahi təqdir nəinki insanın çalışması ilə zidd deyil, hətta bu müqəddərat onun təlaşı ilə gerçəkləşir. Əslində təqdir odur ki, məhz müəyyən bir yolla ruzi əldə edilsin. Deyilənlər bütün hallara tətbiq ediləsi ümumi bir cavabdır.
Allah-taalanın qəzavü-qədərinin digər bir nümunəsi bizim əməllərimizdir. Əgər bir şəxs avtomobil qəzasına düşüb, bədən üzvünü itirirsə, həlak olursa, deyə bilərikmi ki, bu qəzavü-qədərdir və həmin şəxs müqəssir deyil? Bəli, belə bir sonluq əvvəlcədən müəyyən olunmuşdur. Amma o sizin vasitənizlə həyata keçir. İnsan, məsələn, yol qaydalarını pozaraq, belə bir hadisəyə düçar olur. Bu hadisə hökmən kiminsə ehtiyatsızlığı üzündən baş verir. Demək, bu hadisədə həm qəzavü-qədər var, həm də sizin ixtiyarınız. İnsanın ixtiyarı ilə qəzavü-qədər arasında ziddiyyət yoxdur. İnsanların seçimi və təlaşı qəzavü-qədərin tərkib hissəsidir. Beləcə, ruzi də müəyyən olunmuşdur və rəvayətlər bu məsələni israr edir.
Müqəddəratlardan biri də əcəl, həyatın sona çatmasıdır. Hər bir insan üçün müəyyən müddət dünya həyatı nəzərdə tutulmuşdur. Müqəddəratlardan biri də səhhət və xəstəlikdir. Rəvayətlərdə bu mövzuda da geniş şəkildə danışılmışdır. Nümunə olaraq, həzrət İbrahimin (ə) Nəmruda cavabını xatırlayaq. Nəmrud soruşur ki, sənin Allahın kimdir? Həzrət İbrahim (ə) cavabında buyurur:
“Məni yedirən də, içirən də Odur; xəstələndiyim zaman mənə yalnız O şəfa verir; məni öldürəcək və sonra dirildəcək də odur!” (“Şuəra” surəsi, ayə: 79-81)
Bəli, həyat da, ölüm də, xəstəlik də, şəfa da, ruzi də Onun əlindədir. Bu məsələlər rəvayətlərdə geniş şəkildə qeyd olunmuşdur. Amma diqqətli olmalıyıq ki, bu müqəddəratların sadalanması insanın azad olmamasının göstəricisi deyil. Mövzuya giriş üçün deyilənlər kafidir. Əvvəldə qeyd olunmuş məsələləri dərindən öyrənmək üçün uyğun mövzuda ədəbiyyatlara, Quranın təfsirinə müraciət edə bilərsiniz. Qəzavü-qədər məsələsinin incəlikləri bir çox ədəbiyyatlarda geniş şəkildə izah olunmuşdur.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: HƏDİS, NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!