UZUN-UZADI ARZULAR - 2

:

ARZULARIN GÜCƏ UYĞUNLUĞU
Bəyan edilməsi zəruri olan digər bir məsələ insanların səy və qüvvəcə fərqlənməsidir. İnsanlar “hikmət” (çalışqanlıq) baxımından, hətta belə bir xüsusiyyətin olub-olmaması cəhətdən fərqləndikləri üçün öz arzularını çalışqanlıqları ilə uyğunlaşdırmalıdırlar.

Çünki böyük arzular və bu arzuların arxasınca getmək üçün böyük himmət lazımdır. Adi bir şəxs millət vəkili olmaq arzusundadırsa, ciddi şəkildə çalışmalı, bu yolda addım atmalıdır ki, bir gün həmin məqama çatsın. Əlbəttə, adi bir insanın belə ideal arzuya malik olması onun yüksək himmət sahibi olduğunu göstərir.
İnsanların uca və ya alçaq himmət sahibi olmasının göstəricilərindən biri onların arzularının dünya və ya axirətə aid olmasıdır. Bəziləri o qədər alçaq himmətlidirlər ki, daim hazır dayanıb, gördükləri işin nəticəsini dərhal əldə etmək istəyirlər. Onlar uzun vaxt, böyük güc, dəqiq plan, çox zəhmət tələb edən arzuların ardınca getmirlər. Digər bir qrup isə xeyli xəyalpərəst və macəraçı olub, gerçəkləşmə ehtimalı cüzi olan arzuların arxasınca qaçırlar. Bu iki növ rəftar və əməl islami məsələlər nəzərə alınmadan, əxlaqi cəhətdən xoşagəlməz sayılır.
Qeyd etməliyik ki, bütün məsələlərdə, eləcə də bu məsələdə orta hədd (etidal) gözlənilməlidir. Başqa sözlə, orta hədd əməllərin dəyərinin ölçü meyarıdır və bu məsələdə də nəzərə alınmalıdır. İnsan daim onun-bunun ardınca gəzməməli, himmətsizlik, süstlük, tənbəllik, səhlənkarlıq göstərməməlidir. İnsan nə asan və dərhal əldə olunan, nə də xəyali və əlçatmaz arzular arxasına düşməlidir. Himmətsiz insan həyatda əhəmiyyətli bir şey əldə edə bilmədiyi kimi, xəyalpərəst insan da heç vaxt tərəqqi və inkişafa nail ola bilmir. Çünki belə bir fərd istər dünya hədəfləri yolunda çalışsın, istər axirət yolunda addım atsın, onun hərəkəti həqiqətdən uzaq arzulardan istiqamət alır. Bu şəxs qeyd etdiyimiz hesabatları aparmadığından, adətən, öz məqsədinə çata bilmir. Çox olsun ki, qəlbində yeni bir həvəs oyanan kimi götür-qoy etmədən bütün işlərini yarımçıq qoyur. Hansı ki, öz arzusuna qovuşmaq yolunu bilmir və boş yerə tər axıdır.
Ona görə də, insan orta mövqedə–mötədil olmalıdır. Nə o qədər süst, tənbəl, rahatlıqsevər olcun ki, həmişə hazır süfrə və ağzına tikə qoyulmasını gözləsin, nə də macəraçılıq ruhunda olsun ki, dəyərsiz şeylərdən ötrü boş yerə əziyyət çəksin, cahilanə və səmərəsiz xülyalar ardınca qaçsın. Mötədil olub, hesabla ağıllı yol seçmək və lazım olan qüvvəni və imkanı sərf etmək lazımdır. Yüksək himmətə, çalışqanlığa malik olan, amma məqsədə aparan yolu tanımayanlar az deyil. Bəziləri isə yolu tanıdıqları halda, lazımınca zəhmət çəkə bilmir və ya hədəfə çatmaq üçün zəruri proqramsız hərəkət edirlər. Belələri həyatda, adətən, müvəffəq olmurlar. Çünki kiçik arzuları özlərinə yaraşdırmayıb onlara arxa çevirir, digər bir tərəfdən, düzgün meyar və proqrama malik olmadıqlarından xəyallarından xoşhallanır, yalnız öz arzularına ümid edirlər.

XƏYAL BAZARININ RÖVNƏQİ
Deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, yüksək məqsəd və bu məqsədə doğru hərəkət yuxarıda qeyd olunan şərtlərə riayət olunduğu halda yaxşıdır. Bu şərtlərə əməl etmədən kiçicik bir arzu arxasınca da getmiş olsaq, Əmirəlmöminin Əlinin (ə) uzun-uzadı arzulardan çəkindirən buyruğu bizə aid olacaq. Amma bir şəxsin böyük arzusu olsa, bu arzunun yolunu tanısa, düzgün dəyərləndirmə aparsa, Allah-taalaya təvəkkül etdikdən sonra öz təlaşı hesabına həmin arzunun arxasınca getsə, bu növ arzular heç vaxt məzəmmət olunmamışdır. Bu arzular insanı yaşadan arzulardır. Ümidsizlikdən əl çəkib, Allah-taalaya etimaddan sonra əvvəlcə öz hədəfimizi, ağıllı, ölçü-biçim, dəyərli arzumuzu seçməli, sonra yetərli və mütənasib təlaşla onun həyata keçməsinə çalışmalıyıq. Çünki bu dünya bir səbəb, vasitədir. “İnsana yalnız öz əməli və zəhməti qalar.” (“Nəcm” surəsi, ayə: 39)
Əslində çox uca və həqiqətdən uzaq arzulu adamlar bu arzulara çatmaq üçün yetərincə çalışmayanlar, düzgün məlumatı olmayanlar və üstünlükləri gözləməyənlərdir. Belələri, şübhəsiz ki, xəyal alış-verişi ilə ticarətə qoşulanlar kimidirlər. Onlar düşüncə həvənsində xam xəyalları döyəcləyirlər ki, səmərə versin!
Olsun ki, Sədinin öz xəyalları ilə bazarda qızğın alver edən tacir haqqındakı hekayəsini eşitmisiniz. Bu tacir xəyalında alış-veriş edərək deyirdi: “Bu maldan filan qədər, o maldan filan qədər qazanc götürərəm, sonra bir neçə qul alaram. Onlardan biri yolunu azsa, bu çubuqla başına o qədər vuraram ki, səsi batar.” Bu vaxt yağ kuzəsinin sınma səsini eşidib, anlayır ki, bütün alış-verişi xəyal olub. Yeganə həqiqət isə yağ kuzəsinin sınmasıdır.
Qəlblərində böyük arzular bəsləyənlər, amma bu arzuların gerçəkləşmə yolunu bilməyənlər və ya lazımınca çalışmayanlar, düzgün proqramı olmayanlar xəyal sərmayəsi ilə ticarət edən tacirə bənzəyirlər.
Əmirəlmöminin Əli (ə) belə insanları necə də gözəl təsvir edir. Həzrət (ə) buyurur: “(Arzular) həqiqətən, axmaqların sərmayəsidir.”
Belələri xəyal və arzu sərmayəsi ilə ticarət etmək istəyən axmaqlardır. Arzu və xəyal axmaqların sərmayəsi, alver malıdır. Həzrət Əlinin (ə) bu kəlamının ünvanı uzun-uzadı, ölçüsüz, ağılsız arzularına ümid edən şəxsdir. Burada söhbət bütün arzulardan getmir. Arzunu böyük təhlükə kimi tanıtdıran rəvayətdə uzun-uzadı, həqiqətdən uzaq dünyəvi arzular nəzərdə tutulur. Rəvayətin məqsədi budur ki, insan öz dünyası üçün həddən ziyadə həvəslərə yol verməməli, bütün gücünü bu həvəslərə sərf etməməlidir. Belə uzun-uzadı arzular axirətin unudulmasına səbəb olan təhlükələrdir. Yalnız dünyaya aid uzun-uzadı arzular mütləq şəkildə məzəmmət olunur. Əmirəlmöminin Əli (ə) belə arzuları ən böyük təhlükələrdən sayır.
Bu ilahi vəsiyyətdə Həzrət (ə) düzgün dəyərləndirmə, dəqiq proqram, yetərli çalışmalardan uzaq ağılsız arzuları nəzərdə tutur. Həzrət (ə) buyurur: “Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, axmaqların sərmayəsidir.”
Yuxarıda qeyd olunmuş şərtləri nəzər almayan arzulara ümid bağlayan kəs dünya və axirətdə geri qalar. Bu kəlam yaşayış qaydasıdır və faydası təkcə axirətə aid deyil. Ona görə də, yalnız fərdi arzuları ilə yaşayıb, məqsədə çatmaq üçün yetərincə qüvvə sərf etməyən kəs öz dünyasını viran qoyur. Öz hədəfini düzgün dəyərləndirmədiyindən, yolu tanımadığından, həm də çalışmadığından məqsədinə çatmır. Dünyasına çatmırsa, təbii ki, axirətini də itirir. Əgər bu arzudan ötrü çalışıb ona çatsa, axirətini də təmin edə bilər. Amma əgər çalışmayıb, yalnız arzularla yaşasa, həm dünyasını, həm də axirətini əldən verər. Axirət məlumatları və məqsədlərinə münasibətdə də belə bir hal mövcuddur. Axirət məqamına, övliya dərəcəsinə çatmaq istəyən kəs zəhmət çəkməyib, sırf “inşallah” deməklə istəyinə nail olmaq istəyirsə, boş xülyalara uymuşdur.
Qurani-Kərim bu sayaq arzu və xəyalpərəstliyə bariz nümunə olaraq, kitab əhli adından nəql edir: “Cəhənnəm odu yalnız bir neçə gün bizi incidər.” (“Bəqərə” surəsi, ayə: 80)
Allah-taala Bəni-İsrail qövmünə firavan nemət əta etdi və onlara xeyli lütf göstərdi. Quranda da bir neçə yerdə Allahın onlara verdiyi maddi və mənəvi nemətlər bəyan olunmuşdur. Allahın sonsuz nemət və lütfü səbəbindən onlar qürrələnmiş, güman etmişdilər ki, Allah yanında çox əzizdirlər. Onlar xüsusi qeyd edərdilər: “Biz Allahın övladları və dostlarıyıq.” (“Maidə” surəsi, ayə: 18) “Allah övladlarını və dostlarını cəhənnəmə aparmaz, Bəni-İsraildən kimsə böyük günaha yol versə də, bir neçə gün əzaba düçar edilə bilər və nəhayət qurtular!” – deyirdilər. Quran bu sözlərə münasibətdə buyurur: “Bu onların arzularıdır.” (“Bəqərə” surəsi, ayə: 111) Onlar bu sözləri hansı dəlilə əsasən dilə gətirir, əmin olurdular ki, həqiqətən də səadətə çatacaqlar, əzabdan qurtulacaqlar? Hansı əsasla danışır və belə bir əqidəni izhar edirdilər? “Dediklərinizə dəliliniz varsa, dəlilinizi gətirin.” (“Bəqərə” surəsi, ayə: 111)
Bu iddialar bir arzudur. Özü də əsassız, özülsüz bir arzu. Nə üçün ümid edirlər ki, hökmən cəhənnəmə yox, behiştə gedəcəklər? İnsan öz arzusunu tanımalı, bilməlidir ki, belə bir şey əldə etmək mümkündürmü? Arzunun gerçəkləşmə üsulu müəyyən olmalıdır. Behişitin mövcudluğu və müyəssərliyi düzgün və aşkardır. Amma hansı yolla ona çatmaq olar? Bəni-İsraildən olmaq kifayət edirmi? Behiştə qovuşmaq üçün şiə olmaq kifayətdirmi? Bəli, şəfaət həqiqətdir. Amma onun şərtləri var və bu şərtlər ödənməlidir. Allahın bir şəxslə dostluğu, qohumluğu yoxdur. Allaha itaət edən şəxs Onun dostu, günah edənlər isə Onun düşmənidir. İtaət əhli olan Allah dostları bəzən büdrəyir, günaha batırlar. Amma xüsusi bir şəraitdə müxtəlif yollarla ilahi əzabdan qurtula bilərlər. Şəfaət budur ki, əvvəla, insan Allah-taalanın və Əhli-beytin (ə) dostu olsun. İkincisi, itaət-ibadət əhli olsun. Üçüncüsü, insan təsadüfən günaha batsın və əsas məqsədi ilahi hökmlərə itaət olsun. Amma Əhli-beytlə (ə) sırf dostluq iddiasına əsasən behiştə daxil olmaq olmaz. Bu yalnız xam xəyaldır.
Hər halda, istər dünya, istər axirət işlərində əsassız arzulara ümid bağlamaq olmaz və bu münasibət ağıla müvafiq deyil. Əksinə əsassız arzulara ümid axmaqlıqdır və bu ümid insanı dünya və axirət məqsədlərinə çatmağa qoymur.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!