UZUN-UZADI ARZULAR - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN 
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, (arzular) axmaqların sərmayəsidir və axirət-dünya xeyrinə mane olar.” (“Nəhcül-bəlağə”)

Qeyd olunduğu kimi, mövla Əmirəlmömininin (ə) öz övladı imam Həsən Müctəbaya (ə) vəsiyyətnaməsinin bu hissəsi izah və təfsirsiz bəyan olunmuş qısa kəlam və ümumi nəsihətlərdən ibarətdir. Həzrət (ə) buyurur: “Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, axmaqların sərmayəsidir.” Məbada, arzulara etimad göstərəsiniz, arzular axmaqların, düşüncəsizlərin ticarət malıdır.
Kəlamın ərəbcə mətnindəki “nuka” “nuk” (”axmaq”) sözünün cəmi formasıdır. Araşdırmalıyıq ki, Həzrət (ə) bu bəyanı ilə nə demək istəmişdir? Bu kəlamın sözləri mənaca xeyli oxşar olsa da, onların işlənmə yeri fərqlidir. Ona görə də, bəziləri uyğun kəlamın təfsirində və mənasının dərkində səhvə yol verirlər.
Ümumi şəkildə, bəzən ayə və rəvayətlərdəki ümumi və mütləq sözlərdən yanlış nəticələr çıxarılır. Çünki qeydlər dərin, gizli, xüsusiləşdirmələr ayrıca şəkildə bəyan olunmuşdur. Ona görə də, bu nöqtələri nəzərə almayanlar yanlış mülahizələr yürüdürlər. Bu cəhətdən də ayə və rəvayətləri düzgün anlamaq üçün Quranla, hədislərlə, islami maarif mənbələri ilə ünsiyyət zəruridir. Əgər bütün bu ayə və rəvayətlər nurdursa, insan bu nurdan faydalanmalıdır. Amma unutmamalıyıq ki, bəzi ayə və rəvayətlərin dəqiq mənasını anlamaq üçün təcrübə və dərin diqqətə ehtiyac var. Haqqında danışdığımız kəlam da həmin qəbildəndir. Biz özümüz də bəzən mənaca yaxın sözlərdən istifadə edirik. Amma onların işlənmə yerinə diqqət yetirmir, olsun ki, onların təyinatında səhvə yol veririk. “Ümid” və “rəca” da həmin sözlər sırasındadır. Bəzən “ümid”, bəzən “arzu” mənasında işlədilən “umniyyə”, “təmənna”, “arzu” və “əmələ” sözləri də belədir. Ona görə də, bir buyruğun təfsiri üçün sözlərin məna həddini, işlənmə yerini, xüsusiləşdirmə və qeydləri nəzərə almaq lazımdır.
Həzrət (s) bu vəsiyyətdə bizi uzun-uzadı arzulardan çəkindirir. Bu ifadələrin oxşarı çoxsaylı rəvayətlərdə nəql olunmuşdur. Məslən, Həzrət Əli (ə) “Nəhcül-bəlağədə” buyurur: “Mən sizdən ötrü iki şeydən daha çox qorxuram: biri nəfs istəklərinə itaət, digəri uzun-uzadı arzular.” (“Nəhcül-bəlağə”, xütbə: 28) Yəni Həzrət Əli (ə) iki təhlükəni xalq üçün hər şeydən daha çox qorxulu bildirir: biri qəlb istəkləri, nəfsin tələbləri ardınca getmək, digəri uzun-uzadı arzular etmək. Demək, uzun arzu sadəcə təhlükə yox, hədələyici və ciddi bir xətərdir. Belə ki, Həzrət (ə) onu “təhlükələrin ən təhlükəlisi” adlandırır və bu işdə öz narahatçılığını bəyan edir. Ona görə də, öz övladına tapşırır: “Arzulara ümid bağlamaqdan çəkin...”
Bizi uzun-uzadı arzulardan çəkinməyə çağıran uyğun tövsiyələri nəzərə alsaq, arzu və ümidə rəğbətləndirən psixoloqların əsas mövzusu olan bu məsələni necə izah etmək olar? Psixoloqlar ciddi israr və təkidlə bizi ümidvarlığa, böyük arzulara, uca məqsədlərə doğru səsləyir və bunu ideal həyatın, psixoloji sağlamlığın nişanəsi sayırlar. Bəs, Həzrətin (ə) uyğun sifarişi psixologiyanın qeyd olunan göstərişləri ilə necə uyğun gələ bilər?
İmamlardan (ə) nəql olunmuş bəzi rəvayətlər də ilk baxışdan Həzrətin (ə) buyruğuna zidd görünür. Çünki bəzi rəvayətlər bizi ümidvar olmağa çağırır, ümidsizliyi məzəmmət edir. Hansı ki, uyğun rəvayətdə arzulardan həzər qılınır. İndi araşdırmaq lazımdır ki, görən, doğrudanmı, uzunmüddətli arzular nöqsan, xoşagəlməz əməldir? Məsələn, əgər bir şəxs gələcək 30 il üçün proqram hazırlayıb, nəzərdə tutduğu məqsədlərə çatmaq üçün çalışırsa, yersiz iş görüb, xam arzular ardıncamı gedir? Uzun-uzadı arzuların məzəmmət olunmasının sirri nədədir? Əgər Həzrət (ə) bizə uzun-uzadı arzulara ümid bağlamağı qadağan edirsə, onun məqsədi nədir?
Bu mövzunu tam aydınlaşdırmaq üçün bir neçə məsələyə diqqət yetirməliyik:
Əvvəlcə bilməliyik ki, arzu dedikdə, insanın hələ ki çatmadığı bir istəyə malik olması başa düşülməlidir. Yəni insan gələcəkdə gerçəkləşəsi bir şey istəyir. Arzu elə bir bəyənilmiş şeydir ki, hələ əldə olunmayıb və asanlıqla əldə olunası deyil. Əksinə onu əldə etmək üçün zəhmət çəkmək, hazırlıq görmək, plan cızmaq lazımdır. Olsun ki, ona çatmaq üçün uzun illər çalışmaq lazım gəlsin. Arzunun məfhumu budur. Bəs, onun ləvazimatları nədir, yəni insan nələri arzu edə bilər? İstər dünya, istərsə də axirətlə bağlı müxtəlif əşyalar və işlər insanın arzusu ola bilər. Yalnız ləzzət almaq üçün istənilən dünyəvi şeydən tutmuş sırf axirət nemətlərinədək arzu oluna bilər. Əgər arzu dünyaya, dünyəvi nemətlərin əldə olunmasına, maddi nemətlərdən bəhrələnməyə aiddirsə, iki halda ola bilər: insan bəzən haram şeylər arzulayır; məsələn, şərən ona caiz olmayan var-dövlət, məqama çatmaq istəyir; məsələn, haram mal əldə etmək arzulayır. Bu sayaq arzuların pisliyi tam aydındır və açıqlamaya ehtiyac yoxdur. Arzunun ikinci halı odur ki, şəri cəhətdən eyib olmayan bir şey istənilsin. Məslən, insan halal və şəri yolla geniş ev, son model avtomobil, böyük sərvət, gözəl bağ, əzəmətli saray əldə etməyi arzulayır. Aydındır ki, belə istəklər haram deyil. Amma mühakimə ölçüsü bu arzular yolunda hansı həddə qüvvə, zəhmət, təlaş, fərdi və ictimai fəaliyyət sərf olunmasıdır. Şübhəsiz, insanın bütün düşüncə və təlaşını özünə çəkən, sırf dünya ləzzəti üçün olan belə yüksək maddi arzular İslam əxlaqı nəzərincə nəinki bəyənilmir, hətta məzəmmət olunur. Belə uzun-uzadı dünyəvi arzular ardınca gedənlər istər-istəməz islami vəzifələrində, əxlaqi kamillik təhsilində geri qalırlar. Çünki həmin arzulara çatmaq üçün illər uzunu əziyyət çəkilməlidir. Heç bir sərmayəsi olmadığı halda, böyük var-dövlət sahibi olmaq istəyən sadə fəhləni gözləriniz önünə gətirin. Bu şəxs boş əllə, əxlaqi və şəri hökümlərə əməl etməklə yanaşı uyğun hədəfə çatmaq üçün gün uzunu çalışmalı, yuxusuna haram qatmalı, rahatlığını bu arzuya qurban verməlidir ki, tədricən müvəffəq olsun.
Şübhəsiz ki, bu halda elm, təqva, ibadət, cəmiyyətə xidmət, imkansızlara kömək üçün artıq güc və vaxt qalası deyil. Belə bir arzu dalınca düşmək insanı özü hiss etməsə də, praktik olaraq bir çox vacib vəzifələrdən ayırır. Bu səbəbdən də, belə boğazdanyuxarı arzular məzəmmət olunur. Amma həmin var-dövlət və vəzifə axirət hədəfləri üçün, məsələn, xalqa xidmət, cəmiyyətin islahı, prezidentlik və baş nazirlik məqamlarından İslamın təbliği üçün istənilsə, bu yolda güc sərf etməyə dəyər. Başqa sözlə, məqsəd nə qədər dəyərli, niyyət dünyapərəstlikdən nə qədər uzaq olarsa, bu yolda çalışmağın dəyəri var. Vəzifəni icra etməkdən ötrü yüksək məqama çatmaq arzusu nəinki eyibsizdir, hətta çox tərifəlayiq və bəyənilmişdir.
Amma diqqətli olmaq lazımdır ki, axirət yolunda dünya diləməyin bir neçə şərti var: birinci şərt odur ki, həmin arzunun gerçəkləşməsi imkanı araşdırılsın. İnsan müəyyənləşdirməlidir ki, çatmaq istədiyi arzu mövcud şəraitdə, mövcud imkanlarla gerçəkləşə bilərmi? Uyğun arzuya çatmaq ehtimalı hansı həddədir? Bu ehtimal çox güclü olmalıdır. Demək, əvvəlcə bu arzuya çatmaq ehtimalı müəyyənləşdirilməlidir. İkinci şərt odur ki, bu arzunun dəyəri qiymətləndirilsin. Yəni bu arzuya və hədəfə çatılarsa, ondan axirət, İslam və cəmiyyətin xeyrinə nə dərəcədə istifadə etmək mümkün olacaq? Əvvəlcə, bu iki suala cavab tapılmalı, uyğun arzuya çatma ehtimalı ilə, ondan istifadə ehtimalı müqayisə edilməlidir. Bu müqayisənin nəticəsi müsbət olduqda, uyğun hədəfə doğru hərəkət etmək olar. Bir arzunun düşüncəsiz sayılıb, məzəmmət olunmaması üçün həm müvəffəq olma, həm də istifadə ehtimalı yuxarı həddə olmalıdır. Əgər on ildən sonra bir arzuya çatılacağına şübhə yoxdursa da, ondan istifadə ehtimalı bir faizdirsə, belə bir arzunu boşlamaq lazımdır. Bəzən isə çatma ehtimalı zəif, istifadə ehtimalı isə güclü olur. Yəni arzuya çatmaq ehtimalı çox zəifdir, amma arzu gerçəkləşəcəyi təqdirdə böyük faydalar gözlənilir. Bu halda da ömrü, var-dövləti uyğun arzu yolunda sərf etməyə dəyməz. Yalnız iki şərtə müvafiq olan arzuların arxasınca düşməyə dəyər. Amma həm gerçəkləşmə, həm də istifadə ehtimalları zəifdirsə, insan öz varlığını bu yolda sərf etməməlidir. Arzunun dəyərli olması dedikdə, ondan ilahi və pak hədəflər yolunda istifadənin mümkünlüyü nəzərdə tutulur. Məsələn, öz axirətimiz üçün bu arzudan istifadə edə bilək.
Unudulmamalıdır ki, bir işə başlamaq üçün təkcə gerçəkləşmə və istifadə ehtimallarının dəyərləndirilməsi kifayət deyil. Bəzi digər hesabatlar da aparılmalıdır. Asan başa gələn işlərin dəyəri araşdırılmalıdır. Bu araşdırma vasitəsi ilə mümkün işlər və arzular arasından daha dəyərlilərini seçə bilərik. Yüksək dəyərə malik olan başqa işlər də mövcud ola bilər. Ona görə də, müqayisə aparıb müəyyənləşdirməliyik ki, seçilmiş arzu, yoxsa digər arzular daha dəyərlidir?
Demək, üç növ hesabat aparılmalıdır: birinci, bu arzunun gerçəkləşmə ehtimalı, yəni bu arzuya çatma ehtimalı hansı həddədir? İkinci, bu arzunun dəyərinin təxmini; yəni bu arzu gerçəkləşərsə, onun axirətimiz üçün, Allahın xilqəti üçün nə kimi faydaları olacaq? Üçüncü, cəmiyyətə xidmət, axirət mükafatına çatmaq üçün faydalı olan digər arzuların araşdırılması; yəni araşdırmalıyıq ki, nəzərdə tutduğumuz arzudan da dəyərlisi var, yoxsa yox? Əgər öz arzumuzdan daha dəyərli bir arzu tapmasaq, öz arzumuz yerində qalır və həmin istiqamətdə hərəkət etməli oluruq. Əgər gerçəkləşmə ehtimalı güclüdürsə, istifadə ehtimalı böyükdürsə və ondan üstün bir arzu tapılmırsa, hökmən həmin arzunun ardınca getməliyik. Belə bir arzu qətiyyən pis deyil. Məsələn, bir şəxs arzu etmiş olsa ki, Allaha, xalqa, dinə xidmət üçün yararlı olan dünyəvi bir şey əldə etsin, bu arzunun heç bir eybi yoxdur. Əksinə bu arzu layiqdir və tərif də olunmuşdur. Amma arzunun gerçəkləşmə ehtimalı zəif olsa, istifadəsi bir o qədər xeyirli olmasa, belə bir arzu yolunda çalışmaq xəyalpərəstlikdən başqa bir şey deyil və heyf bu yolda xərclənən ömrə!
Deyilənləri praktiki bir məsələyə tətbiq edərək, belə bir gerçəkliyi təsəvvürə gətirmək olar ki, adətən, 100 milyon əhalisi olan bir ölkədə müəyyən bir qrup prezident olmağı arzulayır. Məsələn, 10 milyon nəfərdə belə bir arzu var. Təbii ki, bu arzuya çatma ehtimalı on milyonda birdir və bu ehtimal çox zəifdir. Amma ehtimal zəif olsa da, istifadə ehtimalı çox güclüdür. Yəni prezident olan şəxs İslam və müsəlmanlara xidmət üçün dəyərli məqam əldə edir və xidmət üçün çox geniş bir imkan yaranır. İndi növbə araşdırmalı olduğumuz üçüncü şərtə çatır. Aydınlaşdırılmalıdır ki, bundan da dəyərli bir şey var, yoxsa yox? Gerçəkləşmə və istifadə ehtimalı baxımından daha dəyərli, ən azı bərabər dəyərli ikinci şey olmamalıdır.
Nəticə bu oldu ki, arzu edən və bu arzu ardınca gedən insan əvvəlcə arzu etdiyi şeyin təkcə dünyaya, yoxsa axirətə də faydalı olduğunu müəyyənləşdirməlidir. Əgər bu arzu sırf dünyəvidirsə, ilahi və islami cəhətdən, bu arzuya çatmaq üçün qüvvə sərf etməyə, uzun-uzadı əziyyətlərə dözməyə dəyərmi? Sırf dünyəvi arzu ardınca getmək düşüncəsizlikdir. Amma mənəvi dəyəri varsa, bu arzunun yaxşılığını, ardınca gedilməsinin zəruriliyini təyin etmək üçün həmin üç hesabat yerinə yetirilməlidir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!