QURAN və TİBB - 11

:

CİNSİ SAĞLAMLIQ
MENSTRUASİYA HALINDA CİNSİ ƏLAQƏNİN YASAQ OLUNMASI
Menstruasiya (heyz, aybaşı) qadınlarda hər 21-30 gündən bir uşaqlıqdan qan gəlməsi ilə müşayiət edilən mürəkkəb fizioloji prosesdir. İslama görə qadınlar aybaşı adətləri keçirdikləri zaman onlarla intim münasibət yasaqdır.


Quranda bu haqda oxuyuruq: Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" (“Bəqərə” surəsi, ayə: 222)
Bugünkü yəhudilik və xristianlıqda bu növ qadınlarla intim münasibət qurulması haqqında ziddiyyətli hökmlər mövcuddur. Bir çox yəhudilərə görə bu cür qadınlarla hər hansı bir ünsiyyət haramdır. Bu fikirdə olanlara cavab olaraq bəzi xristianlar qeyd edirlər ki, qadının aybaşı adətində olub-olmaması arasında heç bir fərq yoxdur. Onlarla istənilən növ ünsiyyət, hətta cinsi əlaqə belə maneəsizdir. Ərəb müşrikləri, xüsusilə Mədinədə yaşayanlar yəhudilərdən təsirlənərək heyz halında olan qadınlarla onlar kimi davranırdılar. Bəzi müsəlmanlar Peyğəmbərdən (s) bu haqda soruşdular. Onlara cavab olaraq sözügedən ayə nazil oldu. (“Təfsiri-nümunə”, c. 2, səh. 91-92)
Qadınlar heyz halında olduqları zaman cinsi əlaqəyə qarşı ikrah hissi duyduqlarından Quran kişilərə müraciət edir. Onlarla öz istəklərini qadınlara təhmil etməmələrini və bu vəziyyətdə qadınlardan uzaq olmağı tapşırır.

QISA TARİX
Heyz halında qadınlardan uzaq durmaq bəşər həyatında qədim tarixi keçmişə malikdir. Qədim iranlılar aybaşı adəti zamanı qadınla cinsi əlaqəni yasaq edirdilər. (“Hicab məsələsi”, Şəhid Mütəhhəri, səh. 35) Bugünkü Tövratda həmin məsələ daha ifrat şəkildə qoyulmuşdur.
Bu gün heyz halında olan qadınlarla cinsi əlaqənin gigiyenik zərərləri bəlli olduğu bir halda bu hökmə riayət olunmur. Hətta xristianların bunu icazəli hesab etdikləri söylənilir.

HÖKMLƏR
İslam dinində heyz halında olan qadınlar haqqında bir neçə fiqhi hökm mövcuddur.
1. Cinsi əlaqə haramdır (hər iki tərəf üçün).
2. Dəstəmaz, qüsl və təyəmmümlə həyata keçirilən ibadətlər heyz halında olan qadına haramdır. 
3. Cənabətli fərdə haram olan bütün şeylər heyz halında olan qadına da haramdır.
4. Qadını heyz halında ikən boşamaq (talaq vermək) talaqı batil edir.
5. Heyz halında olan qadınla intim münasibət quran şəxsə kəffarə (günaha qarşılıq nağd ödənc) vacib olur.
6. Heyz dövrü bitdikdən sonra namaz və s. ibadətlər üçün qüsl verilməlidir.
Qeyd: Bu hökmlərin bəzisi Quran ayəsindən, bəzisi isə Əhli-beytdən (ə) gələn rəvayətlərdən çıxarılmışdır.

ELMİ SİRLƏR
Heyz halında olan qadınlarla cinsi əlaqədə olmaq haqqında rəvayətlərdə bir çox məqamlara toxunulmuş və bu bəzi xəstəliklərin törədicisi kimi göstərilmişdir. Bir çox həkim və mütəxəssislər də bu haqda söhbət açmışlar. Onların fikirləri ilə tanış olaq.
1. Bu hökm bir tərəfdən kişilərlə bağlıdır, yəni onları səbrə, cinsi münasibətdə israfdan çəkinməyə dəvət edir. Digər tərəfdən isə qadınlarla bağlıdır, yəni aybaşı adəti zamanı qadınlar gərgin anlar keçirirlər. Cinsi əlaqə isə onların bu gərginliyini, narahatlığını daha da şiddətləndirir.
2. Qadınlarla bağlı mötədil mövqe.
Bəzi təfsirçilər məlum ayəni izah edərkən yazırlar:
“İslam hər yerdə mötədil mövqedən çıxış edir. Burada da həmin prinsipə sadiq qalaraq bu halda qadınlarla cinsi əlaqə xaricində istənilən növ ünsiyyəti icazəli hesab edir (Bu yəhudilərin ifrat, xristianların isə çox mülayim mövqeyinin yanlışlığını aşkara çıxarır). Beləcə qadına qarşı bu və ya digər hörmətsizliyə, təhqirə yol vermədən onun sağlamlığını da təmin etmiş olur. (“Təfsiri-nümunə”, c. 2, səh. 93-94)
3. Bu hökmün hikmətlərindən biri qadın və kişinin xəstəliklərdən amanda qalmasıdır. Həkimlərdən biri bu haqda yazır:
“Adi halda qadının uşaqlıq yolu ifrazat vasitəsilə yumşalır və qorunur. Süd turşusu xasiyyətli bu ifrazat uşaqlıq yolunu mikroblardan qoruyur. Uşaqlıq yolunda qan olduqda isə vəziyyət dəyişir. Aybaşı adəti zamanı cinsi əlaqəyə girmək çirklənməni çoxaldır, qadın və kişinin sağlamlığını şübhə altına salır. Cinsi əlaqə zamanı iltihablaşmış uşaqlıq yolunda sıyrıntı əmələ gəlir (səth təbəqəsi - funksional qat - qopmuş) uşaqlığın selikli qişası mikrobların təsiri altına düşür. Nəticədə uşaqlıqda şiddətli ağrılar baş verir. Qadında yorğunluq, süstlük, qızdırma müşahidə olunur. İltihab ağır olduqda digər hissələrə də keçib, qadında sonsuzluq yaradır. Bu halda cinsi əlaqədə olmaq qan axmanı çoxaldır. Kişinin də xəstəliyə yoluxma ehtimalı çoxalır. Sidik kanalında iltihab yaradır. Bəzən bu iltihab digər hissələrə, xüsusilə xayalara da keçir.” (“Quranda təbabət”, səh. 50-51)
Bəzi təfsirçilər “Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır” ayəsini qeyd edərək yazırlar: 
“Əslində bu cümlə sonrakı cümlənin - heyz halında olan qadınlarla cinsi əlaqənin yasaq olunmasının – səbəbini açıqlayır. Çünki bu vəziyyətdə qadınlarla yaxınlıq etmək ikrah hissi oyatmaqla yanaşı çoxlu ziyanlar da törədir. Bu gün artıq onun ziyanları sübuta yetirilmişdir. Buna misal olaraq, kişi və qadının sonsuzluq (nəsil vermə qabiliyyətinin itirilməsi), sifilis, süzənək və s. zöhrəvi xəstəliklərin törəməsi orqanizmin mikrob yığnağı olan heyz qanının kişi cinsiyyət orqanına daxil olması və s. göstərmək olar. Buna görə də həkimlər heyz halında cinsi əlaqəyə icazə vermirlər.” (“Təfsiri-nümunə”, c.2, səh. 92-93)

Alimlərdən biri yazır: “Heyz və eləcə də doğum qanında orqanizmdə olan digər qanlarda olmayan mikroblar da mövcuddur. Prinsipcə kişi nütfəsi (yaxud nütfə tərkibindəki spermatozoidlər) və ya qadının yumurtalığı çox təmiz və mikrobsuz olur. Orada yeni bir varlıq formalaşacağı üçün Allah oranı təmiz yaratmışdır. Əgər təsadüfən yumurtalığa bir mikrob düşərsə spermatozoid özü onu məhv edərək sıradan çıxarır. Lakin heyz zamanı qan vasitəsi ilə çoxlu sayda mikrob yumurtalığa keçir ki, onları sıradan çıxarmaq spermatozoidlərin qüdrəti xaricindədir. Beləcə mikroblar böyük qalibiyyət qazanır və nəticədə döl nöqsanlı olur.” (“Hökmlərin fəlsəfəsi”, səh. 258, 280) 
4. Qadınların heyzdən sonra qüsl vermələrinin hikməti.
Bəzi elm adamları bu haqda yazırlar:
a) Qadın aybaşı adətləri zamanı həyat yoldaşı (və digər ünsiyyətdə olduğu insanlarda) ikrah hissi doğurur (iyrənc vəziyyət alır). Buna görə də heyz dövrü bitdikdən, qan kəsildikdən sonra qüsl - bədəni tam yumaq ona vacib olur ki, yaranmış ikrah hissi aradan getsin və qadın tam ürəyəyatan vəziyyətə düşsün.
b) Nisbətən uzun çəkən heyz dövründə dəri məsamələrinin üzərini tərdən yaranan çöküntülər tutur. Qüsl zahiri təmizliklə yanaşı məsamələrin üstünü açır və parazitlərin yuva salmasını əngəlləyir.
c) Heyz dövründə qanda mövcud olan mikrobların bədənin digər hissələrinə də sirayət etməsi ehtimalı böyükdür. Buna görə də qüsl verərək tam təmizlənmək zəruridir. (“Hökmlərin fəlsəfəsi”, səh. 257-258)

TƏDQİQ
1. Heyz halında qadınlarla yaxınlıq etməyin yasaq, eləcə də heyz dövrü bitdikdən sonra qüsl etməyin vacib edilməsi ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir.
2. Öncə də qeyd olunduğu kimi bu göstəriş İslamdan qabaq da mövcud olmuşdur. Elə buna görə də Quranın elmi möcüzəsi hesab oluna bilməz.
3. Qeyd olunan hikmətlər spesifik səbəblərdir. Bunları tam səbəb kimi qiymətləndirmək doğru deyil.
4. Səbir və cinsi əlaqələrdə israfa yol verilməməsinin bu hökmün səbəbi kimi göstərilməsi düzgün deyil. Çünki İslam heyz dövründəki boşluğu doldurmaq üçün digər yollar təklif etmişdir. Misal üçün, bir kişinin bir neçə qadınla daimi ailə qurması və s.


ZİNANIN YASAQ OLUNMASI
Zina kişi və qadının qeyri-qanuni əlaqəsidir. Bu növ əlaqə Quranda "فاحشة" [fahişə] (çirkin əməl) kimi yad edilmiş və qarşısını almaq üçün ailə qurmaq, qadınların hicaba riayət etməsi və s. yollar göstərilmişdir. Zina Quranda bir neçə mərhələdə məzəmmət olunaraq (pislənərək) qadağan olunmuşdur.

Birinci mərhələ: 
“Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!.” (“İsra” surəsi, ayə: 32) 
Bu ayədə zina “çirkin əməl” və bəyənilməz yol kimi göstərilərək məzəmmət olunmuşdur.
Bəzi təfsirçilərə görə bu ayədə üç məqama toxunulmuşdur:
a) Ayədəki yasaq “zina etmək” deyil, zinaya yaxın düşmək şəklində verilmişdir. Bu səbəbsiz deyil. Çünki zina bir çox hallarda nikahdan yayınmaq, naməhrəmə baxmaq və s. müqəddimələrdən doğur. Ayə çox incə şəkildə bunlara da toxunmuşdur.
b) “انه کان فاحشة” ibarəsi üç təkidlə müşayiət olunur. “إن” [innə] təkid ədatı “کان” [kanə] keçmiş zaman köməkçi feli və “فاحشة” [fahişə] ifadəsi.
c) “ساء سبیلا” ibarəsi zinanın cəmiyyətdə digər pozğunluqalara da yol açdığını göstərir. (“Təfsiri-nümunə”, c. 12, səh. 102) 
İkinci mərhələ: Quran Allah bəndələrinin özəlliklərini açıqlayarkən buyurur: 
“Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər.” (“Furqan” surəsi, ayə: 68) 
Burada namusluluq Allahın xüsusi bəndələrinin səciyyəvi xüsusiyyətlərindən biri kimi göstərilmiş və bu çirkin əmələ qurşananları ilahi əzab gözlədiyini bildirmişdir.
Üçüncü mərhələ: Məkkənin fəthindən sonra qadınlar Peyğəmbərə (s) beyət etdikdə sazişdə göstərilən bəndlərdən biri zina ilə bağlı idi. Quran bu haqda buyurur: 
“Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (“Mumtəhinə” surəsi, ayə: 12) 
Dördüncü mərhələ: Allah-taala Nur surəsində buyurur: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir). Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir.” (“Nur” surəsi, ayə: 2-3)
Bu, zinakarlara qarşı tutulan son mövqedir. Çünki Quran öncəki ayələrdə müsəlmanları son mərhələdə göstəriləcək ağır hökmü eşitmək üçün hazırladı. Bu Ayə Mədinədə, İslam dövləti yarandıqdan sonra nazil olmuşdur.
Qeyd: Quranın bu mərhələli mövqeyi tərbiyəvi baxımdan çox maraqlıdır və ictimai məsələlərlə qarşılaşdıqda bu metoddan istifadə etmək məqsədəuyğundur.

QISA TARİX
Qadınlarla qeyri-qanuni əlaqə bəşər tarixində və öncəki ilahi dinlərdə də mənfi hal kimi qiymətləndirilmişdir. Yəhudilikdə də bu əməl yasaq edilmişdir. Bugünkü Tövratda da öz əksini tapmış “on göstəriş”dən biri zina etməklə bağlıdır.
İncildə də zina çirkin əməl kimi qiymətləndirilmişdir. Hansı ki, İncildə talaqın qadağan olmasına baxmayaraq, zina səbəbi ilə talaq verməyə icazə verilmir.

HÖKMLƏR
İslamda zina ilə bağlı çox ağır hökmlər var.
1. Zina etmək böyük günahlardandır. 
2. Zinakar üçün müəyyən cəza tədbirləri təyin edilmişdir. Misal üçün, məhrəmləri ilə zina edənin cəzası qətldir. Ailəli zinakarın cəzası daşqalaqdır. Subay zinakarın cəzası yüz qamçı zərbəsidir və s. Bu haqda ətraflı məlumat geniş izahlı fiqh kitablarında verilmişdir.

ELMİ SİRLƏR
Hər bir insanın qarşı cinslə qeyri-qanuni cinsi əlaqəsi, mənəvi, ictimai və gigiyenik fəsadlarla nəticələnir. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, təbabətlə bağlı elmi əsərlərdə bu məsələlərə toxunulmuşdur. Aşağıda bunlardan bir neçəsinə nəzər salaq.
1. Rəvayətlər.
Rəvayətlərdə zinakarın imanın hüdudlarından kənara çıxdığı bildirilir. Nümunə üçün aşağıdakı hədisə nəzər salaq.
“Zinakar şəxs bu çirkin əmələ qurşandığı zaman mömin deyil. Oğurluq edən də eyni katiqoriyaya aiddir. Çünki o, bu əməli həyata keçirdiyi zaman köynək əynindən çıxan kimi iman da ondan xaric olur (imanını itirir). 
2. Mənəvi fəsadları.
İnsan öz həyat fəaliyyətini ağıl, düşüncə və din çərçivəsində proqramlaşdıran varlıqdır. Zina isə iki insanın qeyri-qanuni cinsi münasibətidir, hansı ki, bir çox hallarda kobud cinsi təcavüzlə müşayiət olunur. Fərd zina edərkən insanlıq hüdudlarını aşaraq heyvan şəklini alır. Buna görə də zina insanlığa sığmayan əməldir. Ehtimal ki, Quranın bu əməli “ساء سبیلا” və “فاحشة” adlandırmasına səbəb də budur.
3. Zinanın ictimai fəsadları.
Bəzi təfsirçilər zinanın yasaq olunmasının fəlsəfəsi haqqında yazırlar:
1. Ailə qurluşunda hərc-mərclik yaranması, ata və övladlar arasında soyuq münasibət yaranması.
2. Bu rüsvayçı əməl fərdi və ictimai zəmində dava-dalaşa, düşmənçiliyə yol açır.
3. Təcrübə göstərir ki, bu əməl müxtəlif xəstəliklər törədir (elm də sübut etmişdir).
4. Bu əməl adətən uşağın abort olunmasına və s. bais olur.
5. Ailə qurmaqda məqsəd yalnız cinsi tələbatın ödənilməsi deyil. Burada müştərək yaşam, ruhi təskinlik, övlad yetişdirmək və s. amillər də mövcuddur. Bütün bunlar yalnız sağlam, möhkəm ailə mühitində gerçəkləşir. (“Təfsiri-nümunə”, c.12, səh.102) 
4. Zöhrəvi xəstəliklərin yayılması.
Zöhrəvi xəstəliklər hansılardır?
Zöhrəvi xəstəliklər ən mühüm veneroloji xəstəliklər sayılan olduqca təhlükəli və yolxucu xəstəliklərdir.
Zöhrəvi xəstəliklər dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Sifilis (Syphilis)
2. Süzənək (Gonorrhea)
3. Yumşaq şankr (Chancroid)
4. Qasıq limfoqranulmatozu (Donovania granulomatis)
Bəzi həkimlər zöhrəvi xəstəliklərin yayılması haqqında yazırlar:
“Zöhrəvi xəstəliklərin yayılmasının başlıca səbəbi təsadüfi yaxınlıqlardır”.

John Bisston bu haqda yazır:
“Araşdırmalar göstərir ki, əksər zöhrəvi xəstəliklər qanuni nikah xaricində baş verən cinsi yaxınlıqlar vasitəsi ilə yoluxur.”
5. QİÇS xəstəliyinin yayılması.
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) əsasən cinsi əlaqə yolu ilə yayılan xəstəliklərdəndir. Bu xəstəlik son on ildə dünyada xüsusilə, Amerika və Avropada ciddi şəkildə yayılmışdır. Müsəlman ölkələrində isə çox yayılmamışdır. Ehtimal ki, bu müsəlman ölkələrində təsadüfi cinsi əlaqələrin nisbi azlığının nəticəsidir. (QİÇS (QİÇS, (ing: Acquid Immune Deficiency Syndrom) İİV (İnsanda İmmun çatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahür formaları özlərini çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.)

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!