QURAN və TİBB - 12

:

İSLAMIN ZÖHRƏVİ XƏSTƏLİKLƏRİN QARŞISININ ALINMASINDA GÖSTƏRDİYİ DAHİYANƏ METOD 
Nə üçün müsəlman ölkələrində (gigiyenik tədbirlərin nisbətən zəif olmasına baxmayaraq) zöhrəvi xəstəliklərə yoluxma halları az inkişaf etmiş ölkələrdə isə daha çoxdur?
Bu sualın cavabını İslamın bu məsələyə münasibətində axtarmaq lazımdır.


Quran zinanın müqəddimələrindən başlayaraq onları yasaq etmişdir. Sonra zinanı mərhələli şəkildə (4 mərhələdə) qadağan etmişdir.
Bəzi həkimlər bu haqda yazırlar:
“Bu təhlükəli xəstəliklərin kontrol olunmasına səbəb olan metod hansıdır? Axı bütün yollar təcrübədən keçirilmişdir. Onlar Penisillin preparatını sınaqdan keçirdilər; lakin uğursuzluqla qarşılaşdılar. Əxlaqsızlıq yuvalarını nəzarət altına aldılar; lakin bunun da faydası olmadı. Düzgün cinsi əlaqə mədəniyyətini təbliğ etdilər; lakin bu da yaralarını sağaltmadı. Bütün bu metodlar təcrübə olundu; lakin heç bir nəticə vermədi. İslamın göstərdiyi mübarizə üsulu isə sınaqdan uğurla keçməsinə baxmayaraq, unuduldu.” (“Quranda təbabət”, səh.188-190)

YEKUN
1. Təsadüfi, qeyri-qanuni cinsi əlaqənin yasaq olunması ilahi dinlərin bəşərə xidmətlərindən biridir. Bu hökmün elmi sirləri qədim dövrlərdə insanlara məlum olmadığı üçün onu ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar.
2. Zina yəhudilikdə də qadağan olunduğu üçün bunu Qurana məxsus elmi möcüzə hesab etmək olmaz.
3. Zinanın gigiyenik və ictimai fəsadları onun yasaq olunmasına spesifik səbəb ola bilər. Çünki hələ bu hökmün bütün sirləri açılmamışdır.
4. Zöhrəvi xəstəliklərin yayılmasının müxtəlif səbəbləri var. Onlardan yalnız biri təsadüfi cinsi əlaqədir. Hər zinada xəstəlik axtarmaq doğru deyil. Bir çox hallarda gigiyenik tədbirlər nəticəsində təsadüfi cinsi əlaqə zamanı belə xəstəliklərin qarşısı alınır.
Deməli, zinanın yasaq olunmasının tam səbəbini göstərmək olmaz. Bu yalnız gigiyenik səbəblərlə izah edilməməlidir.


LİVATIN YASAQ OLUNMASI – (İslama görə bütövlükdə homoseksualizm və eləcə də cinsiyyət pozğunluğunun digər növləri (sadizm, mazohizm, pedofiliya və s.) qəti şəkildə yasaqdır.)
Livat cinsi təmin olunmanın qeyri-adi üsulla yerinə yetirilməsidir. Bu, insan təbiətinə, instinktiv meylinə ziddir. Ilahi peyğəmbərlər (ə) bu çirkin adətə qarşı mübarizə aparmışlar. Quran bir neçə ayədə Lut peyğəmbərin (ə) qövmü haqqında söhbət açır və bu qeyri-adi cinsi təmin olunmanı pisləyərək qadağan edir.
Birinci
“Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!" (“Şüəra” surəsi, ayə: 165-166) 
İkinci
Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" (“Əraf” surəsi, ayə: 80-81) 
Birinci ayədə bu əməlin rüsvayçı, çirkin əməl olmasını qeyd etməklə yanaşı, buna öncəki ümmətlərdə təsadüf edilmədiyini vurğulayır. Bu məlum əməlin çirkinliyini daha da artırır. Çünki bu gün əsası qoyulan pis adət sabah gələcək nəsillərə örnək olacaq. (“Təfsiri-nümunə”, c. 6, səh. 242) 
Üçüncü
Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? (“Ənkəbut” surəsi, ayə: 28) 
Dördüncü
“Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!) Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!" (Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu.” (“Nəml” surəsi, ayə: 54-56)
 “فاحشة” [fahişə] qəbahətli olduğu aydın olan işlərə deyilir. Burada məqsəd livatdır.
Beşinci
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir gündür!" - dedi. (Qonaq gəldiyini bilən) tayfası tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!" (“Hud” surəsi, ayə: 77-79) 
Hədislərdə bu hadisə belə anılır. Həzrət Lut (ə) tarlada işlədiyi zaman yaraşıqlı gənclərin ona doğru gəldiklərini, qonağı olmaq istədiklərini gördü. O, bir tərəfdən qonaqpərvərlik hislərinin çağırışına səs vermək istəyir, digər tərəfdən də yaraşıqlı gənclərin cinsi pozğunluğa aludə olan şəhərə girməsinin hansı rüsvayçılıqlara səbəb ola biləcəyini düşünürdü.
Altıncı: “Qəmər” (34) və “Zariyat” (32-37) surələrində də Lutun (ə) qövmünün məruz qalacağı əzabdan söhbət açılır.

QISA TARİX
Qurana görə bu çirkin əməl ilk olaraq həzrət Lutun (ə) qövmü tərəfindən həyata keçirilmişdir. İslam bu cinsi pozğunluğa qarşı çıxmış və ona qurşananlara edam cəzası kəsmişdir.
İslamdan öncə Tövratda da Lutun (ə) qövmü haqqında ətraflı məlumat verilir.
O zamandan uzun əsrlər keçməsinə baxmayaraq, dünyanın bir çox ölkələrində cinsi pozğunluğun bu növü hələ də müşahidə olunmaqdadır. Bir çox Avropa ölkələrində isə seksual azlıqlar rəsmi fəaliyyət göstərirlər. Statistik məlumatlara görə təkcə İngiltərədə 40 min uşaq bu yolla pul qazanır. (“Quranda təbabət”, səh.191-192)

HÖKMLƏR
İslamda bu çirkin əməllə bağlı bir neçə hökm mövcuddur.
1. لواط haram və böyük günahdır.
2 Bu əməli həyata keçirən hər iki tərəf müəyyən şəraitdə edam olunmalıdır.
3. Fərd cinsi əlaqədə olduğu partnyorunun ana, nənə, bacı, qız və oğul nəvəsi ilə ailə qura bilməz.

ELMİ SİRLƏR
1. Bu çirkin əməl insanın instinktiv meyllərinə ziddir. Onun mənəvi düşgünlüyünə, insanlıq hüdudlarından kənarlaşmasına yol açır. Quranda da bu məsələyə toxunulmuşdur.
2. Livatın gigiyenik zərərləri. 
Anal yaxınlıq, tərəf müqabilinin kişi və ya qadın olmasından asılı olmayaraq davamlı olduqda xroniki hal alır. Bundan doğan fəsadlara aşağıdakıları misal göstərmək olar:
1. Bütün zöhrəvi xəstəliklər bu yolla yayılır (sifilis, süzənək, yumşaq şankr və s.). 
2. Anus dəliyinin əzələlərinin funksiyası pozulur və ifrazat (ekskpement) kontroldan çıxır.
3. Cinsi əlaqəyə məruz qalmış kişi psixi sarsıntı keçirir və kişi olmadığını təsəvvür edir. Bu, özünü onun davranışında göstərir və onda sadizm, mazohizm və s. psixi xəstəliklər yaradır.
4. Kişinin öz həyat yoldaşına meyl göstərməməsi nəticəsində nikah pozulması ilə müşayiət olunur.
5. Qadın və kişi arasında psixi gərginliklər yaranır.
6. QİÇS xəstəliyinin yaranması və inkişafına yol açır.

YEKUN
Burada bir neçə məqama nəzər salmaq zəruridir.
1. Livatın psixi və gigiyenik fəsadlarına nəzərən yasaq olunması ilahi dinlərin bəşəriyyətə xidmətlərindən biridir.
2. Bu Quranın elmi möcüzəsi sayıla bilməz. Çünki Qurandan öncə Tövratda da bu məsələyə toxunulmuşdur.
3. Livatın gigiyenik fəsadları onun yasaq edilməsinin spesifik səbəbidir.


ONANİZMİN YASAQ OLUNMASI
Onanizm (kəfləmə) orqazm yaratmaq məqsədi ilə erogen nahiyələrin (çox vaxt cinsi orqanların) süni qıcıqlandırılması prosesinə deyilir. Bu əməl İslamda haram və yasaq olunmuşdur. Quranda bu haqda oxuyuruq: 
“O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)” (“Muminun” surəsi, ayə: 5-7; “Məaric” surəsi, ayə: 29-31) 
Bu ayələr Quranda iki dəfə təkrar olunmuşdur. Nəql olunduğuna görə İmam Sadiqdən (ə) bu əməl haqqında soruşulduqda həzrət (ə) buyurdu:
“Çox böyük günahdır. Bu işi görən özü ilə izdivac etmişə bənzəyir. Kimsənin bu işi gördüyünü bilsəm onunla bir süfrə arxasında əyləşmərəm”. Rəvayətçi soruşdu: Quranda bu haqda ayə varmı? Həzrət bu ayələri oxudu: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”.
Qeyd: Sözügedən ayə ümumi bir hökm açıqlayır. Yəni cinsi tələbatını qeyri-adi üsulla təmin edənləri təcavüzkar adlandırır. Diqqətinizə çatdırılan rəvayətdə isə İmam (ə) bu təcavüzkarlığın nümunələrindən biri haqda söhbət açmışdır. Başqa sözlə desək, ayədə konkret onanizm deyə qeyd vurulmamışdır.

HÖKMLƏR
1. Onanizm haram olmaqla yanaşı böyük günahlardandır.
2. Oruc olduğu halda süni qıcıqlanma yolu ilə orqazm yaranarsa oruc batil olar.
3. Onanizmlə məşğul olduğu isbat olunan fərd hakim tərəfindən cəzalandırıla bilər.

ELMİ SİRLƏR
Tibb elmləri üzrə mütəxəssis alimlər Onanizmin böyük fəsadlar törətdiyini bildirmişlər ki, aşağıda diqqətinizə çatdırırıq.
1. Psixi və etik fəsadları.
Bəzi yazıçılar onanizmin törətdiyi zərərlər haqqında yazırlar:
“İnsanın əxlaqı təsəvvür olunmaz dərəcədə mənfiyə doğru dəyişir. Paxıllıq (dargözlük), qəm-qüssə, malxülya (səbəbsiz ruh düşkünlüyü) və guşənişinlik cinsi pozğunluğun bu növünə qurşanmağın acı nəticəsidir.” (“İslam, dərmansız həkim”, səh. 63-64)
2. İctimai fəsadları.
Bəzi alimlər “Cinsi zəiflik” kitabından sitat gətirərək yazırlar:
“Onanizm cinsi aktın qeyri-normal keçməsinə - cinsi zəifliyə (impontesiyaya) səbəb olur. Fərdi qorxaq, süst edir, cəsarətini əlindən alır. Bəzən cinsi yetginlik dövründə davamlı Onanizmlə məşğul olmaq fərdi narkotik maddələrin belə bacarmadığı şəkildə zəiflədir.” (“Böyük günahlar”, c. 2, səh.312-313) 
3. Fiziki (cismani) ziyanları.
Doktor Hobin-in müşahidələri sübuta yetirmişdir ki, cinsiyyət orqanı ilə bağlı bütün xəstəliklər masturbasiya nəticəsində meydana gəlir. Bundan başqa gözün tor qişasında, eləcə də xovlu qişasında xəstəlik törədir. Bu iyrənc əməl davamlı olduqda üz öz rəngini itirir və solğun görünür. Çöhrədə tutqun hal yaranır. Göz yaşıl halqa ilə əhatə olunur. Bundan sonra müxtəlif üzvlərdə süstlük, əzginlik müşahidə olunur. Hafizə zəifləyir, iştah azalır, həzm çətinləşir, nəfəs təngiyir.
Cinsi pozğunluğun məlum növünün digər əlamətləri isə qan azlığı, baş gicəllənmə, arıqlama süstləşmə və s.-dır.” (“İslam dərmansız həkim”, səh. 63-64) 
Alimlərdən biri yazır:
“Onanizm gənclik təravətini, yaraşığı azaldır. Davamlı olduqda isə impatensiya ilə nəticələnir. Saçlara dən salır, vaxtsız qocalığa yol açır. Orqazmın tezləşməsi onanizmin acı nəticələrindəndir. (“İslam mədəniyyəti”, səh.288)

YEKUN
Bir neçə məqama aydınlıq gətirək.
1. Onanizmin yasaq olunması dinin bəşəriyyətə, xüsusilə gənclərə xidmətlərindəndir. Bəşər hələ onanizmin ziyanları haqqında hər hansı bir məlumata malik olmadığı bir dönəmdə İslam bu iyrənc əməli haram etdiyini elan etmişdir. Bu, həm də İslam hökmlərinin müasir elmi nailiyyətlərlə üst-üstə düşdüyünün göstəricisidir.
2. Quranda açıqca onanizmdən söhbət açılmamışdır. Öncə də qeyd etdiyimiz kimi, ayədə ümumi bir hökm (cinsi təlabatın qeyri-adi üsulla təmin olunmasının yasaq olunması) verilmişdir. Onanizm isə bu ümumi hökmün nümunələrindən biridir. Elə buna görə də Quranın elmi möcüzəsi hesab oluna bilməz.
3 Onanizmin törətdiyi ziyanlar məlum yasaq hökmünün tam səbəbi deyil. Ehtimal ki, İslama görə bu yasaqın arxasında digər sirlər də mövcuddur.
4. Qeyd olunan xəstəliklərin səbəblərindən yalnız biri onanizmdir. Çünki sözügedən xəstəliklərin (qan çatışmazlığı və s.) digər törədici səbəbləri də var.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!