QURANİ-KƏRİMDƏ KÜFR, ŞİRK, NİFAQ VƏ İMAN (1)

:

Sual: Qurani-Kərimin müxtəlif ayələrində bəyan olunan küfr, şirk, nifaq və imanda məqsəd nədir? Hansı amillər onların yaranmasına səbəb olur? Əgər özümüzü tanımaq istəsək, bu amilləri necə təyin edə bilərik? Mən şirk və ikiüzlülüyün bəzi əlamətləri ilə tanışam və bu əlamətlər məndə də mövcuddur. Buna görə çox narahatam. Onları aradan qaldırmaq üçün mənə yol göstərin!

QURANDA İNSANLARIN QRUPLARA BÖLÜNMƏSİ
Qurani-Kərimin ayələrinə diqqət yetirməklə, insanları ilahi dinə münasibətdə üç qrupa bölmək olar:
1. Bəziləri dini həm batində, həm də zahirdə qəbul edirlər. Onlar möminlər və təqvalılardır. Baxmayaraq ki, bəzən çarəsizlikdən təqiyyə edərək batini imanını gizlədir, onu aşkarlamaq üçün heç bir zəminə tapa bilmir və ya batini imanına zidd olaraq kafir olduğunu elan edirlər.1
2. Bəziləri dini həm batində, həm də zahirdə inkar edirlər. Onlar kafirlərdir.
3. Bəziləri yalnız batində kafir olub zahirdə özlərini imanlı göstərirlər.
Bu qrup insanlar ya zahirdə və batində dini qəbul edərək mömin olur, ya batində və zahirdə onu qəbul etməyərək kafir olur, ya da onu batində inkar, zahirdə qəbul edərək münafiq olur. Üçüncü qrupun əksini də (təqiyyəni) fərz etmək olar; insan zahirdə dini inkar etsə də, onu batində qəbul edir. Bu qrup da möminlər sırasındadır.2
Biz burada Quran ayələrində bəyan olunan bu üç qrup haqda qısa məlumat verməklə kafirlərin, münafiqlərin və möminlərin əqidələrini açıqlamağa çalışacağıq:

1. QURANDA KÜFR
Quran baxımından kafirlərin küfrü və Allahı inkar etməsinin əsas səbəbi ya psixoloji çatışmazlıq, ya da nadanlıqdır.
İmam Baqirdən (ə) belə bir hədis nəql olunur: “İnkara səbəb olan hər şey küfrdür.”3 Quran ayələri də bunu təsdiq edir: “Kafirlərin yəqini yoxdur!”4, “Onlar əql, sübut və məntiqə tabe olmurlar!”.5 Bir sıra ayələrdə kafirlərin “nadanlığı”6, bəzi ayələrdə isə “şəkkə düçar olmaları”7 küfrlərinin əsas səbəbi kimi qeyd olunur. Bəzi ayələrdə də kafirlər “zənn və gümana” tabe olan qruplardan hesab olunmasına baxmayaraq8, onların Allahı inkar etməsində “təkəbbür” və “qürurlu” olmaları ən əsas psixoloji səbəb kimi açıqlanır.9
Quran baxımından kafirlər dəlil və məntiqə tabe olmamaqla yanaşı, öz müddəalarının isbatı üçün dəlil də göstərmirlər.10
Qeyd etmək lazımdır ki, Qurani-Kərimdə “küfr” sözü “fisq” (günah) mənasında da işlədilir.11 Belə ki, bəzən əməl məqamında da “inkar” küfr adlanır.12 Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quran baxımından kafirlərin Allahı inkar etməsinin əsas amili onların məadı inkar etməsidir. Bu da nübuvvəti, vəhyi və dini inkar etməklə nəticələnir.13 Quran ayələrinə əsasən, küfr həm güclənən, həm də zəifləyən sifətlərdəndir. Onun hər bir mərtəbəsi xüsusi təsirə malikdir.14
İmam Sadiq (ə) Quran baxımından küfrün beş qisimdən ibarət olduğunu bildirmişdir:
1. Allahın “rübubiyyət”ini inkar etmək: İmam Sadiqin (ə) buyruğuna əsasən, Allahı, Cənnəti və Cəhənnəmi qəbul etməyən bu qrup insan gümana tabedir. Allah-Taala onları qorxutmağı faydasız hesab edir.15
2. Həqiqəti bilə-bilə inkar etmək: Bu cür küfrün mənası insanın haqqı tanıdığı halda, onu inkar etməsidir. Aşağıdakı ayələrdə bu mənada olan küfrə işarə edilir:
{وَجَحَدُوا بِهَا وَاسْتَیقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا...}
“Qəlbləri (möcüzələrimizin) həqiqiliyinə yəqin etdikləri halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.”16
{وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ یسْتَفْتِحُونَ عَلَى الَّذِینَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِینَ}
“Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün (Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allahın lənəti kafirlərə olsun!”17
3. İlahi nemətləri inkar etmək:
{...فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَذَا مِنْ فَضْلِ رَبِّی لِیبْلُوَنِی أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَنْ شَكَرَ فَإِنَّمَا یشْكُرُ لِنَفْسِهِ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّی غَنِی كَرِیمٌ}
“(Süleyman) Taxtın onun yanında hazır olduğunu gördükdə dedi: “Bu, Rəbbimin lütf və mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görsün Onun nemətinə şükür edəcəyəm, yoxsa, nankor olacağam! Kim şükür etsə, yalnız öz xeyrinə şükür edər, kim nankor olsa, həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil və kərəm sahibidir!”18
4. Allahın əmrlərini tərk etmək:
{وَإِذْ أَخَذْنَا مِیثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِیارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ * ثُمَّ أَنْتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِیقًا مِنْكُمْ مِنْ دِیارِهِمْ تَظَاهَرُونَ عَلَیهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ یأْتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَیكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ...}
“Xatırlayın ki, yenə bir zaman sizinlə “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayan!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz. (Ey yəhudilər!) Siz elə insanlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib onları öz yurdlarından çıxarırsınız. Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki, onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə inanıb digər qismini inkar edirsinizmi?”19 Onların küfr və inkarının səbəbi Allah-Taalanın əmrlərini tərk etmələri idi.
5. Üz çevirmək:
{...كَفَرْنَا بِكُمْ وَبَدَا بَینَنَا وَبَینَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا...}
“Biz sizi inkar edirik (sizdən üz çeviririk). Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda həmişəlik ədavət və nifrət olacaq.”20
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Quranda “küfr” bir mənada işlənməmişdir. Bu mövzuda əlavə məlumat vermək məqsədilə aşağadakı incəlikləri qeyd etməyi lazım bilirik:
1. Qurani-Kərimdə kafirlərin doğru yola yönəlməmələri ilə bağlı “xətəmə”21 (möhür vurmuşdur), “təbəə”22 (möhür vurmuşdur), “sərəfə”23 (döndərmişdir), “ğulfun”24 (örtülü və pərdəlidir), “ranə”25 (qələbə çalmışdır), “əqfalun” (kilidlər vurulmuşdur),26 “nuqəllibu”27 (tərsinə çevirərik), “qəsavət”28 və “mərəz” (xəstəlik)29 kimi ifadələr işlənmişdir.
2. Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quranda qeyd olunan “əlləzinə kəfəru” (kafir olanlar) ifadəsində məqsəd İslamın ilk çağlarında yaşayan Qüreyş kafirlərinin böyükləri ola bilər. Çünki bəzi hallarda – kafirləri qorxutmağın faydasız olması ilə əlaqədar söhbətdə, doğru yoldan üz döndərmək bütün kafirlərə aid edilərsə, onda hidayət qapısı qeyri-müsəlmanların üzünə bağlanar. Bu isə Qurani-Kərimin nazilolma hikməti və ayələrin zahiri ilə uyğun gəlmir.30
3. Quran baxımından, kafirlər fitrət sərmayəsini məhv edərək iman adlı müvəffəqiyyətə nail ola bilmədilər.31
4. Kafirlər “mürəkkəb (qatı) nadanlığa” düçar olduqları halda, özlərini haqq bilirdilər. Lakin Qurani-Kərim onların xəta bataqlığında qərq olduqlarını açıqlayır.32 Onların işi susuz adamın səhrada, sakit və aydın havada uzaqdan su kimi gördüyü ilğıma bənzəyir.33
5. Məsum rəhbərlərdən nəql olunmuş rəvayətlərdə “qəflət”, “şəkk” və “günah” küfrün əsaslarından sayılır.34 Həmçinin buna da işarə olunur ki, kafirlər nadan ikən sükut edib düşünsəydilər, inkar etməz və doğru yoldan azmazdılar.35
Nəticə: Quranda küfr ifadəsi müxtəlif mənalarda işlənmişdir. Onun bir mənası Allahı və dini məsələləri inkar etməkdir. Bu inkarın əsas səbəbi həm mərifətin olmaması (cahillik, şəkk və güman), həm də psixoloji çatışmazlıqdır (təkəbbür və qürur).

 2. QURANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)
İmam Sadiq (ə) buyurmuşdur: “Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”36
Ümumiyyətlə, Quran baxımından şirki iki hissəyə bölmək olar: Etiqadda və əxlaqda şirk. İncəliklərə vardıqda isə əxlaqi şirkin də etiqadi şirkdə nəticələndiyini görəcəyik. Bununla əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələr aydınlaşır:
1. Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir.37
2. Allahı başqa bir varlığa bənzətmək nadanlıqdan qaynaqlanır; çünki Allaha şərik qoşub, Onu başqa varlığa bənzətmək elm və əqidəyə qarşıdır.38 Bu səbəbdən də, Quran bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır.39
3. Şirkdə elmə yol yoxdur. Yəni “şirk” məlum ola bilməz, çünki zatən “yoxluq”dur (mövcud deyildir). Zatən “yox” olan hər hansı bir şeyə elmi aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan şeylərə isbatı qeyri-mümkündür. “Loğman” surəsinin 15-ci ayəsində buyurulur:
{وَإِنْ جَاهَدَاكَ عَلَى أَنْ تُشْرِكَ بِی مَا لَیسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا...}
“Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə!”40
4. Quranın bəzi ayələrində “şəkk” Allaha şərik qoşmaq amillərindən göstərilir.41
5. Bir sıra ayələrdə müşriklərin “mürəkkəb və qatı nadanlıq” içində olduğu da açıqlanır; yəni nadan olduqları halda, həqiqəti dərk etdiklərini güman edirlər.42
6. Bəzi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:
a) Allaha münasibətdə (Onun bənzəri və tayı-bərabəri olub-olmamasında) nadanlıq;
b) İnsanın öz məqamı (bütün məxluqlardan üstünlüyü) barəsində nadanlığı;
v) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması ilə bağlı nadanlıq.43
7. Qurani-Kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:
a) Xaliqin məxluqdan uzaq düşməsi təsəvvürü; müxtəlif ayələrdə bu müddəa rədd edilir.44
b) Kainatın idarəsinin kiçik məbudlara tapşırılması; bunun da puç və batil olması ilə əlaqədar bir neçə ayə vardır.45
8. Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər.46
9. Quran nöqteyi-nəzərindən, Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki bununla ən mühüm haqq-ədalət (tövhiddə ədalət) aradan qalxır.
10. Bəzi ayələrdə müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilir.
11. Müşriklərin Allaha şərik qoşmasında tanıma zəifliyi ilə bağlı amillərdən əlavə, psixoloji amillərin də rolu var. Həsəd,47 günah,48 eləcə də, Allah, peyğəmbər və dinlə düşmənçilik49... buna misal ola bilər.
12. Quran ayələrinə əsasən, “tövhid” budaq və yarpaqları əxlaq və ibadətdən ibarət olan pak ağac, “şirk” isə kökü cəhənnəmdə, budaq və yarpaqları odlu günah olan çirkin bir ağaca bənzəyir. “Şirk” adlı bu ağac cəhənnəmdə yetişərək baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Buna görə də belə deyirlər: Günah edənin tövhid və Allahın birliyinə xalis inamının olması qeyri-mümkün olduğu kimi, Allaha itaət edənin müşrik olması da mümkün deyildir.” Rəvayətlərdə buyurulur: “Mömin (heç vaxt) zina və oğurluq etməz.”50
13. Quran baxımından şirkin xarici nümunələri Allahı unutmağa və namazın tərkinə zəmin yaradır.[51] Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır.52
14. Bir nöqteyi-nəzərdən Quran ayələrində şirk iki növdür: 1. İtaətdə şirk; 2. İbadətdə şirk. “İbadətdə Allaha şərik qoşmaq” – insanın Ondan başqasına ibadət etməsi, “itaətdə Allaha şərik qoşmaq” – insanın Allahdan başqasına (məsələn, şeytana) itaəti və onun əmrlərini icra etməsidir. “Yusif” surəsinin “Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!”53 – ayəsində itaətdəki şirk nəzərdə tutulur, yəni bəzi müsəlmanlar Allaha Ona qoşduqları şəriklərlə (bütlər və şeytanlar) yanaşı ibadət edirlər.54

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü

İkinci hisəni buradan oxu


1. “Nəhl” surəsi, ayə 106; “Ğafir” surəsi, ayə 28.
2. “Təsnim”, 2-ci cild, səh. 249-250.
3. “Mizanul-hikmət”, 8-ci cild, səh. 399, hədis: 17391.
4. “Tur” surəsi, ayə 36.
5. “Əl-mizan”, 15-ci cild, səh. 222.
6. “Tövbə” surəsi, ayə 97; “Əraf” surəsi, ayə 138; “İnşiqaq” surəsi, ayə 23.
7. “İbrahim” surəsi, ayə 10.
8. “Bəqərə” surəsi, ayə 78.
9. “Əraf” surəsi, ayə 77; “Əl-mizan”, 17-ci cild, səh. 402.
10. “Muminun” surəsi, ayə 117.
11. “Ali-İmran” surəsi, ayə 97; “Əl-mizan”, 2-ci cild, səh. 202.
12. “Nəhl” surəsi, ayə 13; “Əl-mizan”, 12-ci cild, səh. 315-316.
13. “Əl-mizan”, 15-ci cild, səh. 187.
14. “Nisa” surəsi, ayə 138; “Maidə” surəsi, ayə 64 və 68; “Təsnim”, 2-ci cild, səh.222.
15. “Bəqərə” surəsi, ayə 78.
16. “Nəml” surəsi, ayə 14.
17. “Bəqərə”, surəsi, ayə 89.
18. “Nəml” surəsi, ayə 40; eləcə də bax: “İbrahim” surəsi, ayə 7; “Bəqərə” surəsi, ayə 152.
19. “Bəqərə” surəsi, ayə 84-85.
20. “Mümtəhinə” surəsi, ayə 4; bax: “İbrahim” surəsi, ayə 22; “Ənkəbut” surəsi, ayə 25.
21. “Bəqərə” surəsi, ayə 7.
22. “Nəhl” surəsi, ayə 108.
23. “Tövbə” surəsi, ayə 127.
24. “Bəqərə” surəsi, ayə 88.
25. “Mütəffifin” surəsi, ayə 14.
26. “Mühəmməd” surəsi, ayə 24.
27. “Ənam” surəsi, ayə 110.
28. “Bəqərə” surəsi, ayə 74.
29. “Bəqərə” surəsi, ayə 10.
30. “Əl-mizan”, 1-ci cild, səh.52.
31. “Ənam” surəsi, ayə 12.
32. “Bəqərə” surəsi, ayə 81.
33. “Nur” surəsi, ayə 39.
34. “Mizanul-hikmət”, 8-ci cild, səh.400, hədis: 17399-17400 və səh. 404.
35. Yenə orada, 2-ci cild, səh. 153, hədis: 2813-2814.
36. Yenə orada, 8-ci cild, səh. 399, hədis: 17394.
37. “Bəqərə” surəsi, ayə 170.
38. “Bəqərə” surəsi, ayə 22.
39. “Rum” surəsi, 30-32-ci; “Yusif” surəsi, 39-40-cı; “Bəqərə” surəsi, 113 və 118-ci ayələr.
40. Bax: “Təfsiri mövzuiyi Quran”, Cavad Amuli, 4-cü cild, səh.138-139.
41. “Nəml” surəsi, ayə 66; “Hud” surəsi, ayə 62 və 110.
42. “Yasin” surəsi, ayə 6, 9 və 10; “Rum” surəsi, ayə 59.
43. “Peyami-Quran”, Ayətullah əl-üzma Məkarim Şirazi, 1-ci cild, səh.76-78.
44. “Qaf” surəsi, ayə 16; “Zümər” surəsi, ayə 36; “Ğafir” surəsi, ayə 60; “Ali-İmran” surəsi, ayə 29.
45. “Əraf” surəsi, ayə 54; “Yunis” surəsi, ayə 31-32.
46. “Muminun” surəsi, ayə 117.
47. “Nisa” surəsi, ayə 54.
48. “Ali-İmran” surəsi, ayə 112.
49. “Müddəssir” surəsi, ayə 11 və 25.
50. “Biharul-ənvar”, 66-cı cild, səh. 63, hədis: 7-8 və səh.67, hədis: 17; “Kafi”, 2-ci cild, səh. 32, hədis: 1; bax: “Təfsiri mövzuiyi Quran”, 7-ci cild, səh. 384.
51. “Maidə” surəsi, ayə 91.
52. “Bəqərə” surəsi, ayə 113.
53. “Yusif” surəsi, ayə 106.
54. “Əl-mizan”, 11-ci cild, səh. 280.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!