QURANİ-KƏRİMDƏ KÜFR, ŞİRK, NİFAQ VƏ İMAN (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

ŞİRKİN DƏRƏCƏLƏRİ

Allaha şərik qoşmağın müxtəlif dərəcələri var. Çoxallahlılıq nəzəriyyəsi zahiri şirkin nümunəsidir. Ondan aşağı (gizli) şirk Qurana və xüsusi nübuvvətə iman gətirməyən kitab əhlinin şirki, ondan da aşağı Allaha, Onun vasitə və səbəblərinə iman gətirənlərin müstəqil baxışlarıdır. Bu qəbil şəxslər Allahdan başqalarına qeyri-müstəqil şəkildə diqqət yetirmək əvəzinə, onlara müstəqil şəkildə etiqad bəsləyib, işlərində onlara istinad edirlər.1 Diqqət yetirmək lazımdır ki, gizli şəkildə Allaha şərik qoşmaq imanla uzlaşa bilər.2

3. QURANDA NİFAQ VƏ İKİÜZLÜLÜK
Qurani-Kərimdə bu məsələ ilə bağlı bir çox incə mətləblər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd edirik:
1. Quranda “ikiüzlülük” küfrü gizlədib imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər (ikiüzlülər) zahirdə (Allaha, peyğəmbərlərə) şəhadət versələr də, batində (onları) inkar edirlər.3
2. Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.4
3. Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkkə düşmələrinə işarə edilir.5
4. İkiüzlülük sifətini yaradan amillərindən biri də şəkdir.6
5. Quran nöqteyi-nəzərindən, münafiqlərin Allah və Peyğəmbəri (s) inkar etmələrinin səbəbi odur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeybə və hiss olunmayanlara (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.7 Münafiqlər materialist dünyagörüşlərinə və hissiyyata əsaslandıqlarından, tövhidi, məadı və Peyğəmbərin (s) risalətini qəbul edən mühacir və ənsarlıları axmaq hesab edir, onların əməllərini puç bilir, özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.8
6. Münafiqlərin şəkk və tərəddüdü qəlblərindəki mərəz və xəstəliklərlə əlaqələndirilir.9
7. Bəzi təfsirçilərin nəzərincə, ikiüzlülük şirkin xarici nümunəsidir; insanın daxilində şirkdən əsər-əlamət görünməsə, bu xislət ondan əsla baş verməz. Necə ki, ikiüzlülüklə yanaşı əməl (riya) Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Bu səbəbdən də, belə deyilir: “İkiüzlülükdən qaynaqlanan riya Allaha şərik qoşmaqdan başqa, meyvəsi olmayan ağacdır.”10
8. Qurani-Kərimdə kafirlərin azğınlıq və çirkin əməllərə qurşandıqları bəyan olunduğu kimi11, münafiqlərin də günah və tüğyan bataqlığında qərq olmaları nəticəsində qəlblərinin kor olmasından söz açılır.12 Əgər əql ilə gümanın mübarizəsində əql gümana məğlub olarsa, güman nəfsin idrak səhnəsinə daxil olub düzgün dərketmə yollarını bağlayar. Belə insan heç vaxt düzgün fikirləşə bilməz, nəfsi puç düşüncələrlə dolar və nəticədə, qəlb həqiqəti danar və puç düşüncələrlə onu azğınlığa sürükləyər.13
9. Quranın bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir.14
10. Ayələrdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərikliyinə işarə edilir. Buna onların Allahın rəhmətindən məhrum olması və bağışlanmadığını misal göstərmək olar. Şirk haqda buyurulur:
{إِنَّ اللَّهَ لَا یغْفِرُ أَنْ یشْرَكَ بِهِ وَیغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ یشَاءُ وَمَنْ یشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِیدًا}
“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa, digər günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhsiz ki, (haqq yoldan) çox azmışdır.”15
Allahın rəhmətindən məhrum olmaq münafiqlərə də aiddir. Belə ki, buyurulur:
{سَوَاءٌ عَلَیهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ یغْفِرَ اللَّهُ لَهُمْ...}
“Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.”16
Bəzi ayələrdə münafiqlərin, hətta kafirlərdən pis olduğu vurğulanır.[17] Ayətullah Cavad Amuli bu barədə yazır: “Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi, dini inkar etməklə yanaşı, həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Kafirlər isə belə nəfsi çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə belə çirkinliklərlə doludur.”18

4. QURANDA İMAN
Qurani-Kərimdə qeyd olunan imanın yönləri haqda çox danışmaq olar. Lakin biz bu bəhsin incə nöqtələrinə işarə etməklə kifayətlənirik:
1. Quranın nəzərində iman insanın ixtiyari işlərindən biridir. Məlum olduğu üzrə, Allah tərəfindən hansısa bir əmrin yerinə yetirilməsi tələbi insanın qüdrətinə, nəticədə onun ixtiyar sahibi olmasına bağlıdır. Əgər iman gətirmək insanın ixtiyar dairəsindən xaric olsaydı, onun tələb olunması Allahın hikmətinə zidd olardı.19
2. İman “Allaha baş əymək” və “təslim olmaq”la yanaşı, yəqinlə birgə “elm” və “mərifət” deməkdir.20
3. Əməl imanın hissəsi deyil,21 lakin onu zəruri edən bir şeydir, yəni əməl imanın zati xüsusiyyətlərindən (cins, fəsl) deyil. Amma həmişə həqiqi imanla yanaşıdır. Belə ki, əməlin olmaması imanın təsirli və ixlaslı olmadığını göstərir.22
4. “Allah-Taala”,23 “qeyb”,24 “məad”,25 “risalət”,26 “peyğəmbərlər”,27 “səmavi kitablar”,28 “imamət”29 və “mələklər”30 imanın predmeti sayılır.
5. Düz danışmaq,31 əxlaqi səciyyələr32], ruhi aramlıq33, maddi nemətlər34 və saleh əməllər imanın faydalarındandır.35
6. İman artıb-azalmaq qabiliyyətinə malikdir. İnsanın mərifəti azdan başlayıb tədricən çoxaldığı kimi, onun dini prinsiplər barədə düşüncəsi də artır. Onlara (dini prinsiplərə) qəlbən təslim olmaq da dəyişilmək qabiliyyətinə malikdir. Deməli, insanın imanı həm çoxala, həm də azala bilər.36

MÖMİNLƏRİN MƏQAMLARI
Qurani-Kərimdə müxtəlif məqamlara işarə olunur. Möminlər bu məqamlara malik olmaqda azaddır. Bu məqamların geniş izahı və onlara malik olmaq yolları barəsində söhbət bizim bu kitabın həcminə uyğun gəlmədiyindən bəzi məqamlara qısa şəkildə işarə etməklə kifayətlənirik:
1. “Təslim” məqamı: Yəni insan bütün vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır.37 Allaha təslimçilik və Ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində də aşkar olunmalıdır.38
2. “Əbrar” məqamı:39 Əllamə Təbatəbainin nəzərincə, bu imanın ən yüksək məqamıdır.[40] Quran baxımından insan ona nail olmaq üçün ehtiyac duyduğu və sevdiyi şeyləri haqq yolunda xərc etməli, başqalarına bağışlamalıdır.41 Bu məqam, yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur.42
3. “Təqva” məqamı: Allah-Taala Qurani-Kərimdə onun xüsusi məqam olmasını müxtəlif ifadələrlə vurğulayaraq təqvalıları Öz dostu kimi tanıtdırır.43 Bəzi təfsirçilərin nəzərincə, təqvanın müxtəlif dərəcələri olsa da, insanın təqvada üç şərtə riayəti daha çox əhəmiyyət kəsb edir:
a) Allahdan qorxmalı və qorxduğu üçün də günahdan çəkinməlidir;
b) İnsan günahdan uzaqlaşmalı, ona əsla yol verməməlidir;
c) Hər halda, insan – istər qorxudan, istərsə də günahdan çəkinməklə – Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir.44
4. “İxlas” məqamı: Şeyx Tusinin ifadəsi ilə desək, ixlas bir işi yalnız Allaha görə yerinə yetirməkdir. Yəni insan qəlbini haqqa yönəltməli, qəlbində Allahdan başqasına yer olmamalıdır. Qurani-Kərim baxımından ixlas insanın əsl mahiyyətidir və çox vaxt nəfsani istəklər pərdəsi altında gizli qalır.45 Ayələrdə göstərildiyi kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə məqama nail olsa, istədiyini əldə edər.46 Haqq-taalanın görüşünü, “cəlal” və “camal” sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli, əqidə və əməlində Allaha şərik qoşmamalıdır.47

 Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. Yenə orada, 2-ci cild, səh. 202 və 4-cü cild, səh. 371.
2. Yenə orada, 11-ci cild, səh. 276.
3. “Münafiqun” surəsi, ayə 1-3; “Ali-İmran” surəsi, ayə 167; “Əl-mizan”, 9-cu cild, səh. 325 və 19-cu cild, səh. 278.
4. “Tövbə” surəsi, ayə 97.
5. “Nisa” surəsi, ayə 143; “Əl-mizan”, 5-ci cild, səh. 116-117.
6. “Sad” surəsi, ayə 8; “İbrahim” surəsi, ayə 9.
7. “Nəhl” surəsi, ayə 22.
8. “Təfsiri-təsnim”, 2-ci cild, səh. 278.
9. “Tövbə” surəsi, ayə 45; “Təfsiri-təsnim”, 2-ci cild, səh. 137; “Əl-mizan”, 5-ci cild, səh.118.
10. “Təfsiri-təsnim”, 2-ci cild, səh. 262.
11. “Bəqərə” surəsi, ayə 81.
12. “Bəqərə” surəsi, ayə 15.
13. Bax: “Təfsiri-təsnim”, 2-ci cild, səh. 291.
14. “Nisa” surəsi, ayə 140.
15. “Nisa” surəsi, ayə 116.
16. “Münafiqun” surəsi, ayə 6.
17. “Nisa” surəsi, ayə 145.
18. “Təfsiri-təsnim”, 2-ci cild, səh. 226-250.
19. Bax: “Bəqərə” surəsi, ayə 41, 91 və 186; “Nisa” surəsi, ayə 136; “Ali-İmran” surəsi, ayə 179 və s. (Bu məsələ ilə əlaqədar Möhsin Cavadnin “İman nəzəriyyəsi” adlı kitabının 185-192-ci səhifələrinə müraciət edə bilərsiniz).
20. “Hücurat” surəsi, ayə 15; “Duxan” surəsi, ayə 8-9; “Nəml” surəsi, ayə 3; “Loqman” surəsi, ayə 4; “Səbə” surəsi, ayə 6; “Həcc“ surəsi, ayə 54; “Rum” surəsi, ayə 56.
21. “Əsr” surəsi, ayə 3; “Həcc“ surəsi, ayə 54; “Rum” surəsi, ayə 56.
22. “Ənfal” surəsi, ayə 3-4; “Bəqərə” surəsi, ayə 177; “Əl-mizan”, 18-ci cild, səh.158.
23. “Nisa” surəsi, ayə 162; “Əraf” surəsi, ayə 158; “Mücadilə” surəsi, ayə 22.
24. “Bəqərə” surəsi, ayə 2-3.
25. “Mücadilə” surəsi, ayə 22; “Nisa” surəsi, ayə 162.
26. “Əraf” surəsi, ayə 158; “Hücurat” surəsi, ayə 15.
27. “Nisa” surəsi, ayə 171; “Ali-İmran” surəsi, ayə 179.
28. “Bəqərə” surəsi, ayə 4, 121 və 136; “Ali-İmran” surəsi, ayə 119.
29. “Maidə” surəsi, ayə 3, 55 və 67.
30. “Bəqərə” surəsi, ayə 117. Əlavə məlumat əldə etmək üçün bax: “İman nəzəriyyəsi”, səh. 201-246.
31. “Səff” surəsi, ayə 10-11.
32. “Tövbə” surəsi, ayə 109; “Ənkəbut” surəsi, ayə 41. Bax: “Bist qoftar” Şəhid Mürtəza Mütəhhəri, səh. 151-155.
33. “Maidə” surəsi, ayə 69; “Fəth” surəsi, ayə 4; “Yunis” surəsi, ayə 62-63.
34. “Əraf” surəsi, ayə 96.
35. “Bəqərə” surəsi, ayə 277; “Maidə” surəsi, ayə 9. Bax: “Fərazhayi əz İslam”, Əllamə Təbatəbayi, səh. 238.
36. “Ali-İmran” surəsi, ayə 173; “Ənfal” surəsi, ayə 2; “Nisa” surəsi, ayə 136; “Tövbə” surəsi, ayə 124; eləcə də bax: “Əl-mizan”, 18-ci cild, səh. 259-262.
37. “Bəqərə” surəsi, ayə 128.
38. “Təfsiri mövzuiyi Qurani-Kərim”, 1-ci cild, səh. 383-384.
39. “Mutəffifin” surəsi, ayə 18-22.
40. “Əl-mizan”, 1-ci cild, səh. 430.
41. “Ali-İmran” surəsi, ayə 92.
42. “Dəhr” surəsi, ayə 5-6.
43. “Casiyə” surəsi, ayə 19; “Ənfal” surəsi, ayə 34; “Bəqərə” surəsi, ayə 21; “Həcc“ surəsi, ayə 37 və s.
44. Bax: “Təfsiri mövzuiyi Quran”, 11-ci cild, səh. 205-219.
45. “Loğman” surəsi, ayə 32.
46. “Bəyyinə” surəsi, ayə 7-8.
47. “Kəhf” surəsi, ayə 110. “İxlas” bəhsi ilə əlaqədar bax: “Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh. 253-258.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!