DİNƏ MEYLİN SƏBƏBLƏRİ - 1

:

1. İnsan dinə, məzhəbə və Allaha etiqad bəsləməyə necə meyl göstərmişdir?
2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi təsir göstərmişdir?

Dini anlayışlar və bu barədə aparılan araşdırmalar baxımından hər bir din tədqiqatçısı və sosioloqun qarşılaşdığı ilk sual bundan ibarətdir: Tarix boyu hansı amillər insanların dini düşüncələrə yönəlməsinə səbəb olmuşdur? Görəsən insanı dinə, mənəviyyata, təbiətin fövqündə olan həqiqətlərin axtarışına vadar edən səbəblər daxili bir amil və ehtiyac hissindən doğmuşdurmu? Və yaxud o, digər amillərin, ümumiyyətlə onun ixtiyarında olmayan səbəblərin təsiri ilə bu kimi inancları qəbul etmək məcburiyyətində qalmışdır? Bundan əlavə, din elə ilk dövrlərdən insanla birlikdə yaranmışdır, yoxsa onu insanlar yaratmışdır? Qısa şəkildə desək, “din necə formalaşmışdır?” sualı din sahəsində çalışan hər bir tədqiqatçı alimin və sosioloqun rastlaşdığı ilk sualdır.
Tarixçilər və din tədqiqatçıları tərəfindən bu kimi suallara cavab verilərkən insanın dinə və dini meylliliyə yönəldən səbəblər barədə bir-birindən fərqli nəzəriyyələr irəli sürülmüşdür. Biz burada məhz həmin mövqeləri araşdırıb, mühüm nəzəriyyələri tənqid və təhlil edəcəyik.

1. CƏHALƏT NƏZƏRİYYƏSİ:
Bu fikri irəli sürənlər sübut etmək istəyirlər ki, daim arayıb-axtaran insan ruhu hadisələrin səbəbini axtarıb - həmən hadisənin səbəbini tapmaqda aciz qaldıqda, onlar üçün qeyri-adi səbəblər təsəvvür etməyə başlamışdır. Misal üçün, ildırımın nə olduğunu bilmədiyi üçün onu allahların qəzəbi kimi başa düşmüşdür, yaxud ağcaqanad vasitəsi ilə yayılan malariya xəstəliyinin səbəbindən xəbərsiz olduğu üçün, belə bir etiqada malik idi ki, hər kim gölməçənin yanında yatsa - orada yaşayan cinlər onun başına yığışaraq xəstəliyə duçar edəcək. Məşhur tarixçi Vil Dorant bu barədə deyir: “Təsadüfən yaranan, yaxud insanın, səbəblərini aşkar edə bilmədiyi hadisələrdən doğan təəccüb hissi dini etiqadların meydana gəlməsinə səbəb olan amillərdəndir.”
Samuel Kinq isə deyir: “Elmi inkişaflar sayəsində təbii sirlərin bir çoxunun aydınlaşmasına baxmayaraq, bu amillərdən bəziləri elmi izahlar çərçivəsindən xaricdə qalmışdır; bu amillərin dərk olunma və onlarla uyğunlaşmaq zərurəti dinin yaranmasına səbəb olmuşdur.”
Bu nəzəriyyənin cavabında qeyd etmək lazımdır ki, Devid Hiyum, Aqost Kent və Eynşteyn kimi qərb alimləri tərəfindən irəli sürülən bu fərziyyənin bir neçə əsaslı iradı vardır:
1. Bu nəzəriyyə, səbəbləri məlum olmayan qeyri-təbii və təsadüfi hadisələr əsasındadır. Halbuki qədim zamanlardan indiyə qədər ilahiyyatçı filosofların əsaslanaraq istinad etdikləri sübutların ən mühümü “nəzm bürhanıdır”. Din alimləri həmişə insanları kainatda mövcud olan nəzm və harmoniya dəlili, eləcə də varlıq aləminə hakim kəsilən dəqiq və heyrətamiz səbəb-nəticə qanunu əsasında təbiətin fövqündə dayanan həqiqətlərə və Allaha doğru hidayət etmişlər.
Bu nəzəriyyənin başqa bir nöqsanı budur ki, burada maddi səbəblərlə Allah arasında bir növ qarşıdurma irəli sürülmüşdür; bu fikrə əsasən hər bir varlığın maddi və vahid bir səbəbi vardır ki, kəşf edildikdə və ya məlum olduqda, artıq o hadisə Allaha aid edilməyəcəkdir. Guya insan, yalnız hər hansı bir şeyin maddi səbəbini tapa bilməsə, onu Allaha və təbiətin fövqündə dayanan metafizik səbəblərə aid edir. Halbuki məsələ belə deyildir; dindar bir insan heç vaxt maddi işlərin axarında olan təbii qanunauyğunluqları və hadisələrin yaranma səbəbini inkar etməmişdir. Dini nöqteyi-nəzərdən Allah-Təala varlıq aləmində olan bütün səbəblərin əsl səbəbkarıdır. (Məsələn, dində deyilmir ki, Allah-taala göydən su tökür və nəticədə yağış yağır; qeyd olunur ki, günəşin hərarəti və istiliyi nəticəsində dənizlərin və okeanların suyu buxarlanır, səmada bulud şəklinə düşür, küləklər buludları müxtəlif istiqamətlərə aparır və nəhayət bütün proseslər başa çatdıqdan sonra yağış yağır. Amma bütün bu ünsürlərə və mərhələlərə təsir qüvvəsi Allahdandır. (Tərcüməçi)) Deməli, varlıqların və hadisələrin maddi səbəbləri ilə, onların yaradılışının əsil səbəbi - yəni Allah - arasında heç bir qarşıdurma mövcud deyildir.
3. Bu nəzəriyyədə bir sıra xurafatçı və əsassız etiqadlara istinad olunmuşdur ki, adətən savadsız insanlar onlara etiqad bəsləyirlər; ilahi dinlərin baniləri və alimlər arasında dini inancların yaranması barədə qeyd olunan həmin etiqadlara rast gəlmək olmaz.
4. Dini əqidələrin yaranmasını bəşəriyyətin cəhalət və məlumatsızlığı ilə əlaqələndirən alimlərin müqabilində alimlərin böyük bir dəstəsinin əqidəsi belədir ki, onların elmi tədqiqatları  artdıqca, varlıq aləmində son dərəcə ali bir səbəbin varlığına qarşı olan iman və etiqadı da artmışdır. Misal üçün, Funtetel, Burlishaman, Montnel, Herşel, Ədvinfəst, Kepler, Çestrreks, Buhler, Vinçester və s. alimlər bu qəbildəndir. Məşhur bioloq Vinçester bu barədə deyir: “Elm insanın bəsirətini və dünyagörüşünü artırır, şəxs öz Allahını daha yaxşı tanıyır, Onun əzəmət və qüdrətini daha yaxşı dərk edir. Elm aləmində baş verən hər bir yeni kəşf imanın dərəcəsini yüz dəfələrlə artırır; bizim inanclarımızın batinində yerləşən son vəsvəsələrin və şirkin səbəblərini aradan qaldırır, onun yerini yüksək ilahiyyat və tovhid  fikirləri əvəz edir.”

2. QORXU NƏZƏRİYYƏSİ:
İnsanlar ilk dövrlərdən başlayaraq, həmişə həyatlarını təhdid edən, qorxu və iztirab yaradan bir çox amillərlə qarşılaşmışlar. Sel, zəlzələ, tufan, vulkan, ildırım, şimşək və bu kimi digər təhlükələr daimi olaraq insana qorxu və nigarançılıq gətirmişdir. Buna görə də o, özünə bu kimi təhlükə və bəlalardan nicat verə biləcək bir sığınacaq axtarmışdır. Alimlərdən bir qrupu bu fərziyyəyə əsaslanaraq belə təsəvvür etmişlər ki, ibtidai insanlar yırtıcı heyvanların təhlükəsindən qorunmaq üçün mağaralara sığındıqları kimi zəlzələ, sel və bu kimi digər təbii fəlakətlərdən xilas olmaq üçün də təbiətin fövqündə dayanan yenilməz və qüdrətli bir qüvvə axtarmağa başlamışlar. Dinə inanan şəxslərin etiqadına görə təbiətin fövqündə olan bir qüvvəyə malik Allah, yaxud sair məbudlar insanların məhz kömək və sığınacaq məqsədilə üz tutaraq sitayiş etdikləri inanc mənbələridir; məlum olur ki, din və Allaha etiqad insanın bir çox təbii hadisələr qarşısındakı acizliyi və dəhşətli hadisələrdən yaranan qorxusunun nəticəsidir.
Vil Dorant bu barədə deyir: “Romalı filosof Lukeryetus demişdir: “Bizim ilk qorxumuz allahlardandır; qorxunun növləri arasında ölümdən yaranan qorxu daha çox təsirə malikdir. İbtidai insanların həyatı hər addımda təhlükə ilə qarşılaşırdı və çox az hallarda bir şəxs təbii ölümlə dünyadan köçürdü... Məhz buna görə də ibtidai insanlar ölümün bir təbii hadisə olmasına inana bilmir, həmişə onun üçün qeyri-adi səbəblər təsəvvür edirdilər.”
Bertrand Rassel də bu barədə deyir: “Zənnimcə dinlərin mənşəyi hər şeydən əvvəl qorxu və vəhşət hissidir. İnsan özünü son dərəcə gücsüz hesab edir. Onun qorxusunun əsas səbəbi üç amildən ibarətdir:
1. Təbii fəlakətlər; Məsələn, insan ildırım vasitəsilə öləcəyindən, yaxud zəlzələ nəticəsində yerin altına batacağından qorxur.
2. İnsanlar arasında baş verən hadisələr; müharibədə öldürülmək, yaralanıb əlil olmaq və bu kimi digər səbəblər.
3. İnsanda olan güclü şəhvət hissi; Düzdür bu hiss insana zərər yetirir, amma ola bilsin ki, insan həyatının hansısa bir anında itirdikləri üçün peşiman olsun. Din onun bu qorxu və şəhvət hissini azaldır və bir növ müvazinət və mötədillik yaradır.”
Eynşteyn bu barədə deyir: “İbtidai insanlar ölümün, aclığın, vəhşi heyvanların, qocalığın qorxusu dinin meydana gəlməsinə zəmin yaratmışdır.”
Bu nəzəriyyəni araşdırıb təhlil edərkən bir neçə məsələni qeyd etməliyik:
1. Bu nəzəriyyədə dinə və xüsusi ilə də Allaha olan etiqad qorxu və vəhşət hissindən doğan bir nəticə kimi qeyd olunmuşdur. Deməli, hər yerdə qorxu olarsa, Allaha etiqad da olmalı və qorxu olmayan hallarda bu əqidələr mövcud olmamalıdır. Başqa sözlə desək heç bir şeydən qorxmayan şücaətli insanlar arasında Allaha inanan insan tapmaq olmaz. Halbuki heç də belə deyildir. Bu nəzəriyyəyə görə, insanın elm və məlumatı nə qədər çoxalsa və insanın təbii hadisələrin səbəbi haqqında məlumatsızlığı nə qədər az olsa - Allaha olan etiqad və dini meylliliyi də bir o qədər az olmalıdır. Çünki, həmin fərziyyəyə əsasən, təbii hadisələrdən yaranan qorxu hissi onların səbəbini bilməməkdən irəli gəlir. Misal üçün, insan hər hansı bir xəstəlikdən qorxa bilər, lakin onu doğuran səbəbləri və müalicə yolunu tapa bilsə, qorxusu aradan gedər. Yaxud, təbii hadisələrə qalib gəlsə, artıq bu barədə təhlükə hiss etməz. Deməli, yuxarıdakı nəzəriyyəyə əsasən, insanın qorxu yaradan amillər barədə məlumatı nə qədər artsa, imanı da bir o qədər azalmalıdır. Halbuki bu mətləb real gerçəkliyin əksinədir.
2. Başqa əsaslı bir irad budur ki, bu nəzəriyyəni irəli sürənlər öz tədqiqatlarının bünövrəsini ibtidai dinlər üzərində qurmuşlar. Xatırladırıq ki, əvvəla bu dinlər barəsində tam aydın bir təsəvvür və dəqiq məlumat mövcud deyildir; bu barədə söylənilənlərin əksəriyyəti sırf fərziyyə və güman əsasındadır. İkincisi, bu kimi dinlər əsas etibarilə mütərəqqi və yetkin dinlərdən hesab olunmurlar; cəhalət, mövhumat və xurafatla qarışmış inanclar silsiləsindədir. Bu sahədə tədqiqat aparan alimlər öz elmi araşdırmalarını İslam dini kimi ağıl və məntiq əsasında olan kamil bir din üzərində qursalar, alınan nəticələr tamamilə fərqli olacaqdır.
3. İkinci bənddə qeyd olunanlara diqqət yetirsək məlum olar ki, qorxu nəzəriyyəsini irəli sürən sosioloqlar, tarixçilər və din tədqiqatçıları onu yalnız bir nəzəriyyə olaraq qəbul etmişlər. Buna görə də hansısa bir müddəanın isbatında ondan elmi bir mətləb kimi istifadə etmək olmaz.
Samuel Kinq bu barədə deyir: “Dinlərin mənbə və mənşəyi müəmmalarla örtülmüşdür. Bu barədə alimlər saysız-hesabsız nəzəriyyələr irəli sürmüşlər ki, onlardan yalnız bəziləri ağıl və məntiqlə uyğundur; hətta ən yaxşı nəzəriyyələr belə, elmi cəhətdən isbat olunmamışdır; fərziyyə olaraq söylənən bu fikirlər məntiqi təsəvvür dairəsindən bir addım belə önə keçə bilməmişdir. Buna görə də sosioloqlar arasında dinlərin mənbəyi ilə əlaqədar kəskin fikir ayrılığı mövcuddur.”

3. ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ:
Bu nəzəriyyənin tərəfdarları inanırlar ki, insanın bir sıra əxlaqi, ruhi və ictimai ehtiyacları vardır; bu ehtiyaclar böyük, qüdrətli, əbədi bir varlığa etiqad bəslənilmədən təmin olunmur. Bu daxili tələbat insanların qüvvət və qüdrət sahibı olan Allaha etiqad bəsləməsinin əsasını təşkil edir. Eynşteyn bu barədə deyir: “Hər kəs ideoloji hərəkətlərin nəticəsini görmək istəyirsə, yadda saxlamalıdır ki, insan övladının bütün təfəkkür və səyləri həyatda qarşılaşdığı ehtiyacları ödəmək və problemlərini həll etmək üçün olmuşdur. İki heyrətamiz qüvvə olan eşq və arzu bəşəriyyətin hərəkətverici qüvvəsi, mübarizə və ixtiraların əsas mühərriki olmuşdur. Bundan da önə keçib bəşər həyatı üçün müxtəlif məqsədlər qeyd etmək mümkündür, lakin onlar bu iki haldan kənar olmayacaqdır...” O sonra əlavə edərək deyir: “ - İnsanın ictimai xüsusiyyəti də dinlərin yaranma səbəblərindən biridir. Hər bir şəxs öz ata-anasının, qohum-əqrəbasının, rəhbərinin və böyük şəxsiyyətlərinin ölümünü görür; buna görə də hidayət olunmaq arzusu, sevmək, sevilmək, bir şəxsə arxalanıb ümid bəsləmək onda Allaha əqidə bəsləməyə şərait yaradır. Düşünür ki, həmin Allah bağışlayan və mehribandır, insanı və sair varlıqları qoruyur, kainatı nəzm və harmoniya əsasında idarə edir, məxluqata mükafat və cəza verir. O elə bir Allahdır ki, onları sevir, həyatı, qəbiləni və irqləri qoruyub saxlayır; onlara nail olmadıqları arzularda, qane olmadıqları istəklərdə təsəlli verir; elə bir Allahdır ki, ölülərin ruhlarını məhv olmaqdan saxlayır. Bütün bunlar, ictimai, yaxud əxlaqi sahədə Allaha əqidənin yaranmasına şərait yaradır.”

Bu nəzəriyyəni araşdırarkən iki məsələyə diqqət yetirmək lazımdır:
1. Burada din haqqında söylənən bütün faydalı təsirlər qəbul olunur. Şübhə yoxdur ki, dini etiqadlar insanın psixoloji və ictimai əzab-əziyyətlərinin azaldılmasında özünəməxsus rol ifa edir. Allaha etiqadlı olan bir kimsə təklikdən əzab çəkib ruhi narahatlıq keçirmir, iman və etiqadı sayəsində əmin-amanlıq, rahatlıq hiss edir. Amma təsirlə məqsədi bir-birinə qarışdırmaq olmaz. İnsan həmişə müəyyən bir işi xüsusi bir məqsədlə yerinə yetirə bilər, amma o işin digər bir müsbət və mənfi təsiri də ola bilər və bu, ilkin məqsədə diqqət yetirmədən yaranar. Din haqda qəbul etdiyimiz təsirlər Allahı tanıma və ona etiqaddan sonra hasil olur. Amma Allaha etiqad bəsləməkdə məqsəd tamamilə başqa bir şeydir.
2. Eynşteyn eşq və arzunu insanın bütün həyati fəaliyyətlərinin yeganə hərəkətverici amili hesab edir və bu iki amildən kənarda olan digər məqsədləri qəbul etmir. Məlum məsələdir ki, o öz müddəasına dəlil gətirməmişdir. Deməli, onun sadəcə fərziyyə və iddia olaraq söylədiyi məsələdən yaranan nəticəni qəbul etmək olmaz.

İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?
Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı?
Dinə yönəlmənin əsas amilləri hansılardır?

Kitabın adı: Dinlərlə tanışlıq
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!