BİR ŞÜBHƏYƏ CAVAB

:

 Zuxruf surəsinin 33 – cü ayəsində Allah Təala zahiri zinətləri, maddi sərvət və məqamları kiçik sayaraq belə buyurur: Əgər insanların hamısının bir ümmət olmaları (hamısının kafir olması) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.

Bu ayədən göründüyü kimi əgər insanlar zinətlərə aldanıb kafir olmasaydı Allah dünya bər-bəzəyini ancaq kafirlərə verərdi və möminlərə belə şeyi rəva bilməzdi. Deməli Allahın dərgahında ən dəyərsiz şey dünya bər-bəzəyidir.

Burada belə bir şübhə yaranır ki, əgər doğurdan da dünya bər-bəzəyi və zinəti Allah dərgahında dəyərsiz və kiçikdirsə onda nə üçün Allah başqa ayələrdə belə buyurur:

Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə bəzək və zinətlərinizi götürün, yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir. De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür, Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik (Əraf surəsi 31-32-ci ayələr).

Burada olan şübhə və sual budur ki, necə olur Allah Təala bir ayədə zinəti kiçik sayaraq onu kafirlərə layiq bilir, digər ayədə isə onu möminlər üçün yaratdığını buyurur? Zahirdə baxanda bu ayələr bir-birinə ziddiyət təşkil edir və bir-birilə uzlaşmır. 

Cavab olaraq bildiririk ki, burada diqqət olunası incə nöqtə vardır, oda bundan ibarətdir ki, birinci bəhs olunan ayədə məqsəd yalançı və aldadıdıcı hədəfləri sındırmaq, insanların şəxsiyyətinin miqyasını sərvət və zinətlə ölçməməkdir. Bu ayədə maddi imkanların pis bir şey olmasını çatdırmır sadəcə insanın dəyərini daha ucaldır ki, insan məxsusən möminin dəyəri belə şeylərlə deyil əksinə onun şəxsiyyəti Allaha bağlı olması və imanı ilə ölçülür. İkinci qeyd etdiyim ayədə Allah bildirmək istəyir ki, bu zinət əşyaları sadəcə bir alətdir zinət alətidir, nəinki insanın son və ali hədəfi. Bəli əziz oxucular dünya həyatı oyun oyuncaqdan başqa bir şey deyildir. Odur ki, bu dünyada olan oyunlarla elə oynayaq ki, uduzmayaq. Allah bizi dini və həyatı düzgün anlayıb ona əməl edən bəndələrindən qərar versin.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!