DÜNYANIN MAHİYYƏTİ - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Oğulm, mən səni dünya və onun halından, onun dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən xəbərdar etdim. Sənə axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər verdim.

İbrət götürməyin, onları öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar çəkdim. Dünyanı sınağa çəkib tanıyanların əhvalatı susuz, qeyri-abad yerdə mənzil salıb, bol nemətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar, öz asayiş yerlərində rahatlansınlar. Bu yolda qazandıqları əziyyəti əzab saymamalı, ödədikləri səfər xərcini zərər bilməməlidirlər. Onlar üçün ən sevimli şey onları (əbədi) evlərinə yaxınlaşdıran şeydir. Dünyada aldananların əhvalatı isə nemət dolu mənzildə yaşayıb, oradan susuz, ələfsiz mənzilə köçənlərin əhvalatı kimidir. Onlar üçün ən xoşagəlməz və qorxulu şey bu abad mənzili tərk edib, həmin qeyri-abad mənzilə köçməkdir.” (Nəhcül-bəlağə)
Həzrətin (ə) vəsiyyətnaməsinin bu hissəsində insanın dünya həyatındakı mövqeyi və onun axirət dünyası ilə əlaqəsindən danışılır.

XALQ DÜŞÜNCƏSİNDƏ DÜNYANIN YERİ
Düzgün qərar qəbul etmək, doğru yol seçmək istəyən insan bəzi məsələlərdən yetərincə xəbərdar olmalıdır. Bundan əlavə, müəyyən şərtlərə də əməl olunmalıdır. İlk əvvəl insan öz mövqeyini müəyyənləşdirməlidir. Haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini bilməyən, qarşısındakı çətinliklərdən xəbərsiz olan insan ciddi və düzgün qərar qəbul etməkdə acizdir. Yəni zəruri məsələlərdən tam agahlıq olmadıqda, çıxarılan qərar kor-koranə olur və insanı məqsəddən uzaqlaşdırır. İnsanın öz mövqeyini müəyyənləşdirməsi, dünyanın mahiyyətini dərk etməsi onun həyatında təyinedici amillərdəndir. İnsanın dünyaya baxışı, həyatda öz yerini müəyyənləşdirməsi olduqca zəruridir. Ona görə də, dünyaya müxtəlif baxışlar və bu baxışların insana təsiri haqqında danışacağıq:

1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)
Şübhəsiz ki, dünyaya gələn və onda yaşayan insanların dünyaya baxışları fərqlidir. Bəziləri dünyaya diqqətlə, bəsirət gözü ilə baxmadıqlarından onların baxışları bir növ yuxuludur. Onlar haradan gəldikləri, haraya gedəcəkləri barədə düşünmürlər. Belələri aclıq hiss edəndə yemək axtarır, susadıqda su gəzir, bir ömür vəzifə və məqama çatmağa çalışır, bir sözlə, yalnız dünya nemətləri haqqında düşünürlər. Onların həyat tərzi digər canlıların həyat tərzindən fərqlənmir. Qurani-Kərimdə buyurulur: “Kafirlər isə səfa sürər, heyvan kimi yeyib-içərlər.” (Mühəmməd surəsi, ayə: 12) Həyatın mənasını dərk etməyən, ağıllı qərar çıxarmaqda aciz olan bu qisim insanlar, qoy, qarınlarını doldurmaqla məşğul olsunlar. Onların yemək və yatmaqdan, heyvani istəkləri təmin etməkdən savay işləri yoxdur. Hər gün eyni fikirlə yatır və eyni fikirlə yuxudan oyanırlar. Onlar üçün həyat məqsədi adlı bir məsələ yoxdur.

2. DÜNYA KEÇİD YERİDİR
Digər bir qrup insanlar özləri və ətrafları haqqında düşünürlər. Onlar anlayırlar ki, dünya həyatı ötəridir. Bu qrup insanlar təyyarədə yuxudan oyanıb, ətrafdakıların yeyib-içməkdə olduğunu, təyyarənin isə fəzada hərəkət etdiyini müşahidə edən sərnişinə oxşayırlar. Təyyarəni bir başqa şəxs idarə etdiyindən kimsə bu hərəkətin qarşısını ala bilməz. Qəfil oyanıb harada olduğunu dərk etməyən insan heç vəchlə bu hərəkətə təsir göstərə bilmir. Təyyarənin hərəkəti onun sərnişinlərinin iradəsindən asılı deyil. Sərnişinlər anlayırlar ki, acizdirlər. Onları yalnız harada olduqları, hansı istiqamətdə hərəkət etdikləri, nə vaxt mənzil başına çatacaqları maraqlandırır.
Bəli, bir qrup insanlar anlayırlar ki, “zaman” təyyarəsinin sərnişinləridirlər və bu təyyarənin sürəti onlardan asılı deyil. Onlar dərk etmişlər ki, insan zamanın gedişi qarşısında acizdir. Zaman bir an belə dayanmadan irəli şütüyür. İnsan onu yubatmaq iqtidarında deyil. Əslində bu hərəkəti hiss etmək çətin deyil və bütün insanlar dünyanın və insan ömrünün ötəriliyini dərk edə bilərlər.
Növbəti sual yaranır: Varlıq aləmi haradan haraya hərəkət edir? Ömür təyyarəsi bizi bu sürətlə haradan hara aparır? İnsanın aqibəti nədir? “Haradan gəldiyini, hara gedəcəyini bilən insana Allahın mərhəməti olsun” – buyurulmuşdur. Amma bu sualın cavabında baxışlar daha çox haçalanır. Müəyyən baxışları nəzərdən keçirək:

A) ABAD DÜNYADAN VİRAN DÜNYAYA KEÇİD
Dünyanın ötəriliyinə münasibətdə xalqın əqidəsini aydınlaşdırmaq üçün əvvəlki misalı xatırlasaq yaxşı olar. Diqqət etsək, görərik ki, təyyarə sərnişinləri iki növ olur. Onlardan bir qismi bu səfərin yoxluqla nəticələnəcəyini düşünərək səfər boyu yeyib-içməklə, daha çox ləzzət almağa çalışırlar. Dünya sakinlərinin də bir hissəsi belədir. Onlar dünyanın ötəriliyini və hər şeyin puçluqla sona çatacağını fikirləşərək dünya nemətləri ardınca qaçır, ömrü fürsət bilərək daha çox ləzzət almaq istəyirlər. Onlar hərislik göstərir, dünya işlərində hamını ötüb-keçməyə çalışırlar. Şübhəsiz ki, bu sayaq düşüncə tərzinin sonu fənadır. Çünki bu qrupdan olan insan dünyanın sonunu yoxluq kimi qəbul edir. Guya, dünya üç-beş gündən ibarətdir və onu qənimət bilərək xoş güzəran keçirmək lazımdır. Aqibətini yoxluq zənn edən insan tez-gec həmin nöqtəyə çatasıdır.

B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD
Bir qrup sərnişinlər isə öz səfərlərinin uğurla başa çatacağını və son nöqtə olmayacağına inanırlar. Dünya sakinlərinin də bir hissəsi dünyanın sonunu yoxluq yox, əbədi bir həyata keçid kimi qəbul edirlər. Onlar dünya həyatını təsadüfi yox, məqsədli bildikləri üçün bütün işlərini həmin məqsədə çatmaq istiqamətində nizamlayırlar. Onlar səbir və dözümlə proqramlı həyat yaşayır, dünya nemətlərinə münasibətdə hərislik göstərmirlər. Onlar üçün ən mühümü doğru həyat yolunu seçməkdir. Dünya həyatın son olmadığına inananlar daim öz vəzifələri haqqında düşünür, hətta birinci qrupdan olanları yanlış düşüncə tərzinə görə məzəmmət edirlər. Onlar “dünya beş günlükdür, fürsəti qənimət bilmək lazımdır” cavabını alırlar. Əlbəttə ki, belə bir cavab onları qane etmir, daim öz yaranış məqsədləri haqqında düşünür, həmin məqsədə doğru hərəkət edirlər. Onlar saatları, dəqiqələri sayaraq, məqsədə çatacaqları, dostlara qovuşacaqları anı gözləyirlər. Ali bir məqsəd, ali bir görüş haqqında düşünən sərnişin, sözsüz ki, acgözlüklə yeyib-içməyə girişmir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!