ƏZADARLIĞIN FƏLSƏFİ TƏHLİLİ - 4

:

İmamın (ə) zəhmətlərini qiymətləndirmək və ilahi nişanələrə hörmət
Əsas etibarı ilə şəxslərin ölümündə matəm saxlamaq onlara bir növ ehtiram, mövqe və şəxsiyyətlərinə dəyər vermək sayılır. Allahın elçisi həzrət Məhəmməd (s) buyurur:

“Ağlayanı olmayan ölünün hörməti yoxdur”.
Xüsusi olaraq, Allah dostlarının ölümündə əza saxlamaq, ilahi nişanələrə hörmətin bariz nümunələrindən olub və onların əqidə, üslub, zəhmət və cəhdlərini qiymətləndirmə sayılır. Bu səbəbdən Allahın elçisi (s) Ühüd döyüşündən qayıdan zaman Bəni-Əşhəl və Bəni-Zəfər qəbiləsindən olan şəhid ailələrin öz şəhidlərinə ağladıqlarını, lakin əziz əmisi həzrət Həmzəyə ağlayanın olmadığını müşahidə etdikdə buyurdu:
“Ancaq bugün Həmzənın bir ağlayanı yoxdur!” .
Mədinə qadınları bu sözü eşidən kimi həzrət Həmzənin evinə toplaşıb ona yas tutdular. Beləcə, həzrət Həmzənin böyük şəxsiyyətinin hörməti qorundu.
Mutə döyüşündə iştirak edən Cəfər Təyyarın şəhadət xəbəri Mədinəyə çatan zaman da Allahın elçisi (s) başsağlığı vermək üçün birinci Cəfərin evinə getdi, sonra xanım Fatimə Zəhranın (s) evinə gəldi. O ali məqamlı xanımı matəmdə və ağlar halda görüb dedi:
“Doğrusu, ağlayanlar Cəfər kimi şəxsiyyətə ağlamalıdır” .
Qurani-Kərim həzrət Musa (ə) qövmündən bir dəstəni – hansı ki, fəsad və mənəviyyatsızlıq yolunu tutmuşdular və nəticədə o həzrətin nifrininin təsirindən məhv oldular – hörmət və göz yaşına layiq bilməyərək buyurur:
“Nə göy (sakinləri) onlara ağladı, nə də yer (sakinləri) və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.” .
Bu ifadədən gözəl şəkildə istifadə olunur ki, başqalarının göz yaşına layiq olmamaq bir növ cılızlıq və dəyərsizlikdir.
Bu baxımdan, məsum imamların (ə) tövsiyələrində belə buyurduqlarına şahid oluruq: İnsanlar arasında xeyir və bərəkət mənbəyi olun ki, öldüyünüz zaman sizə ehtiram göstərsinlər!
Əmirəl-möminin imam Əli (ə) buyurur:
“Camaat arasında elə yaşayın ki, əgər ölsəniz, sizə ağlasınlar, yox, əgər sağ qalsanız, sizi sevsinlər” .
Deməli, o müstəsna və misilsiz şəxsiyyət, ismət və təharət ailəsindən, Allah dostlarından və məsum imamlardan olan İmam Hüseyn (ə) üçün əzadarlıq təşkil etmək, o ülvi məqamlı imamı böyük saymaqdan əlavə, ilahi nişanələrə göstərilən hörmətin bariz nümunələrindəndir:
“Hər kim Allahın nişanələrinə hörmət etsə, bu, qəlblərin təqvasındandır” .
Niyə də belə olmasın, halbuki, Səfa və Mərvə məkandan başqa bir şey deyil və orada yalnız Allahın adı zikir olunduğu və anıldığı üçün ilahi nişanələrdən sayılmışdır!
“Səfa və Mərvə Allahın ayin (və nişanələrindəndir)” .
Şübhəsiz, bütün varlığı ilə birdəfəlik Allahla müamilə edən, bütün əhli-beyti və övladları ilə birgə eşq qurbangahına qədəm qoyan, xalisliklə Allah yolunda hər şeyindən keçən İmam Hüseyn (ə), ən böyük ilahi nişanələrdəndir və o həzrətin əza məclisini bərpa etmək, Allahın böyük nişanələrindən birinə hörmət sayılır.

 

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu-Rizvan.net saytı

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!