İMAM HƏSƏN (ə) VƏ İMAM HÜSEYN (ə) MÜSƏLMANLARIN SEVDİYİ ŞƏXSİYYƏT

:

Müsəlmanlar tərəfindən xüsusi məhəbbət və ehtirama malik bir şəxsiyyət
İmam Hüseyn (ə) ailə nəcabəti, əzəmətli ruhu və Allah Rəsulu (ə) tərəfindən sevilməsi səbəbi ilə bütün təbəqədən olan müsəlmanlar tərəfindən xüsusi məhəbbət və ehtirama malik idi. Misal üçün:

1. Bir gün möhtərəm səhabələrdən sayılan İbn Abbas İmam Həsən (ə) və İmam Hüseynin (ə) miniyinin yüyənindən tutmuş halda onlarla birgə addımlayırdı. Bir nəfər etiraz məqsədilə ona dedi: “Sənin yaşın bu iki gəncdən çox olduğuna baxmayaraq, onların miniyinin yüyənindən tutursan?”1
İbn Abbas cavabında dedi:
إِنَّ هذَيْنِ إِبْنا رَسُولِ اللهِ،أَوَ لَيْسَ مِنْ سَعادَتِي أَنْ آخُذَ بِرِكابَيْهِما
“Bu iki nəfər Allah Rəsulunun (s) övladıdır və bu iş mənim üçün fəxr və səadətdir.”2
2. İkinci macəra Əbu Hüreyrədəndir: Bir gün o, yorğunluqdan yolun kənarında oturmuş İmam Hüseyni (ə) görür və yaxına gələrək, paltarının ətəyi ilə Həzrətin mübarək ayaqlarındakı toz-torpağı təmizləyir.
İmam (ə) ondan “Nə üçün belə edirsən?” deyə soruşduqda, belə cavab verir:
دَعْنِي! فَوَاللهِ لَوْ يَعْلَمُ النَّاسُ مِنْكَ ما أَعْلَمُ لَحَمَلُوكَ عَلى رِقابِهِمْ
–Mənimlə işiniz olmasın! Allaha and olsun! Əgər sizin əzəmət və məqamınız barədə mənim bildiklərimi camaat bilsəydi, sizi öz çiynində gəzdirərdi!3
3. Camaat İmam Həsən (ə) və İmam Hüseynin (ə) həccə piyada getdiklərini gördüyü zaman, ehtiram əlaməti olaraq öz miniklərindən düşüb piyada getməyə başladılar. Nəhayət, İmam Həsən (ə) və İmam Hüseyn (ə) – müsəlmanlar zəhmətə düşməsin və öz atlarına minsinlər deyə – öz yollarını onlardan ayırdılar.4
Onlar Allah evinin təvafı üçün getdikləri zaman, camaatın o iki müqəddəs şəxsi ziyarət və təbərrük etməsi nəticəsində mübarək bədənləri şiddətli təzyiqlərə məruz qalırdı.5

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu – Rizvan.net İslam Maarifi Jurnalı


1 İbn Abbas hicrətdən üç il əvvəl dünaya gəlmişdi ("Usdul-ğabə", c. 3, səh. 193) İmam Hüseyn (ə) isə hicrətin üçüncü və ya dördüncü ilində doğulmuşdu.
2 "Muxtəsəru tarixi Dəməşq", c. 7, səh. 128.
3 "Muxtəsəru tarixi Dəməşq", c. 7, səh. 128.
4 "Biharul-ənvar", c. 43, səh. 276.
5 "Bidayətu vən-nihayə", c. 8, səh. 38.

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə), İMAM HÜSEYN (ə), DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!