İMAM HÜSEYNİN (ə) SEÇİLMİŞ ÜSTÜN XÜSUSİYYƏTİ

:

İmam Hüseyn (ə) İslam cəmiyyəti və həmin zamandakı müsəlmanlar arasında spesifik şəxsiyyətə malik idi, çünki o, xanım Fatimeyi-Zəhranın (s.ə) övladı idi və elə həmin səbəbdən, Allah Rəsulunun (ə) övladı da adlanırdı. Allah Rəsulunun (s) göstərdiyi xüsusi məhəbbət və onlar barəsində söylədiyi dəyərli sözlərə görə, bu iki şəxsiyyət (İmam Həsən (ə) və İmam Hüseyn (ə)) bütün müsəlmanların diqqət mərkəzində idi.

Burada Allah Rəsulunun (s) həzrət Hüseyn (ə) barədə buyurduğu sözlərin və məhəbbət dolu rəftarlarının bir sıra nümunələrinə diqqət yetiririk:
a) İslam peyğəmbəri (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində bu məşhur cümləni buyurmuşdur:

اَلْحَسَنُ وَ الْحُسَيْنُ سَيِّدا شَبابِ أَهْلِ الْجَنَّةِ

"Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır".1
b) Bir hədisdə belə qeyd edilir: Bir qrup müsəlman Allahın Rəsulu (s) ilə qonaqlığa gedirdi, Həzrət (s) də onların önündə hərəkət edirdi. Yol əsnasında İmam Hüseyni (ə) gördü. Allahın Rəsulu (s) onu qucağına almaq istədi, lakin İmam Hüseyn (ə) o tərəf-bu tərəfə qaçmağa başladı. Peyğəmbər (s) təbəssümlə bu vəziyyəti müşahidə edirdi və nəhayət, onu qucağına aldı. Sonra bir əli ilə onun başının arxasından, digər əli ilə də çənəsindən tutaraq mübarək dodaqlarını İmam Hüseynin (ə) dodaqlarına yapışdırdı, onu öpdü və buyurdu:

حُسَينٌ مِنّي وَ أَنَا مِنْ حُسَين أَحَبَّ اللهُ مَنْ أَحَبَّ حُسَيناً

"Hüseyn məndən, mən də Hüseyndənəm! Kim Hüseyni sevərsə, Allah da onu sevər".2
c) Allahın Rəsulu (s) Həsən və Hüseyni (ə) öz çiyninə mindirər, şeirlər oxuyaraq onları əzizləyərdi.3
d) Allahın Rəsulu (s) minbərdə xütbə oxuduğu zaman, bəzən Həsən (ə) və Hüseyni (ə) gördükdə, minbərdən enər və hamının gözü qarşısında onları bağrına basardı, o ikisinin dərəcə və məqamını hamıya tanıtdırsın deyə, onlara sevgi və məhəbbət göstərərdi.4
f) Bəzən də, Həzrətdən (s) “Ailə üzvlərinizdən hansı biri sizin üçün daha sevimlidir?” – deyə soruşulduqda, cavabında buyurardı: “Həsən və Hüseyn!”.
Daima onları öpər və onları öz sinəsinə sıxardı.

5سُئِلَ رَسُولُ اللهِ أَىُّ أَهْلِ بَيْتِكَ أَحَبُّ إِلَيْكَ؟ قالَ: اَلْحَسَنُ وَ الْحُسَيْنُ. وَ كانَ يَشُمُّهُما وَ يَضُمُّهُما إِلَيْهِ

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu – Rizvan.az İslam Maarifi Jurnalı üçün


1. Bu hədis müxtəlif ibarələrlə şiə və əhli-sünnə qaynaqlarında nəql edilmişdir. O cümlədən, "Müsnədi Əhməd", c. 3, səh. 3, 62, 64, 82; "Sünəni Tirmizi", c. 5, səh. 321; Hakim Neyşaburi, "Mustədrək", c. 3, səh. 167; "Biharul-ənvar", c. 43, səh. 21, 25, 124, 191-192.
2 "Müsnədi Əhməd", c. 4, səh. 172; "Sünəni İbn Macə", c. 1, səh. 51 və İbn Şəhr Aşub, "Mənaqib", c. 3, səh. 226.
3 "Kənzul-ummal", c. 13, səh. 664, 666-667; "Biharul-ənvar", c. 43, səh. 285-286.
4 "Biharul-ənvar", c. 43, səh. 284.
5 “Siyəru əlamin-nubəla”, c. 4, səh. 382.

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!