ZAHİRDƏN BATİNƏ, BATİNİN ZÜHURU

:

     Şeyx Abbas Qummi "Məfatihul-cinan" kitabında məbəs günü əməllərindən biri kimi İmam Sadiqə (ə) istinadən, Əmirəl-möminin Əlinin (ə) ziyarətini qeyd edir. Bu əməl, Peyğəmbərin (s) mövludu günü də sifariş edilmişdir. Bu əməllə tanış olduqda, ən əvvəl belə bir sual yaranır ki, bu iki məsələnin bir-biri ilə nə əlaqəsi vardır? Məbəs gününü qənimət bilib, həm də oxuculara bayram təbriki olsun deyə bu haqda bir neçə məsələni qeyd etməyi lazım bildim.

 1. Şübhəsiz, hər bir zahirin batini, formanın məzmunu və üst qatın alt qatı vardır. Dilçilərə əyandır ki, linqvistikada nitq hissələri və onların dəyişməsini öyrənən elmə morfologiya deyilir. Hər bir nitq hissəsi zahirindən müəyyən etimoloji mənşəyə dayanır, həmçinin semantikada sözlər, yaxud simvollar, onların təyin olunmuş mənaları ilə əlaqənir. Bu o deməkdir ki, hər bir formanın maddəsi və hər bir quruluşun məzmunu vardır. Bu münasibət, təbiətdə iradəli və iradəsiz yaranmışlarda da mövcuddur. Qısası hər bir şeydə zahir və batin, maddə və forma tənzimi inkar edilməzdir. Dini təlimlər leksikonunda hamıya bəlli olan “nəbi” və “vəli” terminləri də haqqında danışdığımız dualizmin bariz nümunəsidir. Nəbi  yaradıcıdan xəbəri insanlara gətirən, vəli isə bu xəbərin mahiyyətini, həqiqətini və nəbidən sonra alt qatını insanlara aşılayandır. Deməli, nəbi və vəli zahir və batini simvolizə edir və belə olan halda bunlara sahib olan şəxslər də biri digərinin zahiri və batinindən ibarət olan şəxslər də biri digərinin zahiri və batinindən ibarət sayılır. Məşhur “Mübahilə” hadisəsi tarixdə hamıya bəlli hadisələrdən biridir, hansı ki, Quran bu hadisəyə Ali-İmranın 61-ci ayəsində işarə edərək müəyyən şəxsə, Əmirəl-möminin Əliyə (ə) “ənfusəna” deməklə onu peyğəmbərin nəfsi, həqiqəti və batini göstərir. Bu həqiqəti, Maidənin 67 və 3-cü ayələrinin məzmununa görə də anlamaq olar. Məlum surənin 67-ci ayəsində Allah-taala, Peyğəmbərindən (s) müəyyən məsələni açıqlamaqla risalətinin tamamlanmasını tələb edir və bu elandan sonra həmən surənin 3-cü ayəsində kafirlərin bu dindən məyus olmalarını vurğulayır. Bu onu göstərir ki, vilayət və bu məqamın sahibi olan Əli (ə) Peyğəmbərin (s) canı və batinidir. Belə olan halda Peyğəmbərin (s) mövludu və besəti zamanı zahir batinin vəhdəti səbəbindən Əmirəl-möminin Əlinin (ə) ziyarətinin oxunması həqiqətin nümayişidir.

2. İdeya və fikir təməlləri şəxsilikdən və şəxsin fərdi çərçivəsindən tərəqqi edib qloballaşır və ümumiləşirsə məktəbə çevrilir. Buna görə səmavi dinlər, xüsusilə İslam dini İslam məktəbi kimi qəbullanmaqdadır. Yaradıcılıq-təlimləndirmə və daşıyıcılıq-istiqamətləndirmə məktəbin iki əsas tərkib hissəsidir. Buna görə məktəbin banisi fiziki durumuna görə müəyyən və bəlli zamandan sonra təlimlərini verib ayrılma məcburiyətindədir, lakin bu təlimlərin illuziya və sofistikadan kənar bəşəriyyətə çatdıran şəxsə ehtiyacı var. Əbu Nəsr əl-Fərabi “Əl-millə” traktatında məktəbin birinci rəisinin hər hansı səbəbdən olmadığı təqdirdə, onun mislinin onu əvəz etməsini zəruri hesab edir.
 Fərabiyə görə bu ona görədir ki, birinci rəisin vəzifəsi təlimləndirmək və bu təlimlərin kəmiyyət və keyfiyyətcə doğru və düzgün olaraq insanların canına hopması üçün hər bir cəhətdən özü mislində prosesi apara biləcək birinə ehtiyacı var. (Kitabul-millə, Əbu Nəsr Mühəmməd əl-Fərabi, Möhsin Mehdi, 7 və 8-ci bəndlər)
3. Allah-taala, Peyğəmbərini (s) hikməti təlim etmək üçün göndərdi. Hikmət, ağlın zahirdən batinə, üzdən dərinliklərə və görünən tərəfi ayaq üstə saxlaya bilən mahiyyətə deyilir. Buna şahid Quranın “onlara hikməti öyrədir” məzmunlu ayələri (Bəqərə\129, Ali-İmran\164, Cümə\2) və həmçinin “ mən hikmətin şəhəri və Əli onun qapısıdır” hədisidir. Allah-taala, hikmət şəhərini məbəslə qurdu, lakin şəhərə daxil olmaq üçün qapını göstərmək işin əsas tərəfi və təlimin ayrılmaz hissəsidir. Buna görə hikmət şəhərinə daxil olanlar labüddür ki, qapısını tanıyıb və oradan daxil olsunlar. Peyğəmbərin (s) mövlud günü münasibətilə sifariş olunan həzrət Əlinin (ə) ziyarətində belə oxuyuruq: “Salam olsun sənə ey hikmətin mədəni və haqqı batildən ayıran” Ziyarətin başqa yerində deyilir: “Salam olsun sənə ey Allahın Peyğəmbəri ilə sirri bölüşən kəs.”

NƏTİCƏ ALMALI LAZIM OLAN MƏSƏLƏLƏR

1. Məbəs günü oxunması təkid olunan həzrət Əlinin (ə) ziyarətində qeyd edilən həqiqətlər,  Vəlinin Nəbiyə batin olma səbəbinə işıq salır. Ziyarətin bəzi sətirlərində deyilir:
“Sənsən İslamda əvvəl, imanda müxlis, yəqində kamil, Allahdan qorxan, səhabələr arasında məşəqqətli, Peyğəmbəri qoruyan, xislətdə fəzilətli, keçmişi parlaq, mərtəbəsi ali, məqamı şərif, peyğəmbərin sevimlisi, süstlüklərdə müqavim və dayanaqlı, Peyğəmbərə həmdəm."
2. Hər bir məsələ ancaq zahirindən ibarət deyil. Zahir, məzmunu və mənası ilə vəhdət təşkil edir. Birini digərindən ayırmaq maddiçilik və materializmin əsas təməlidir. Hər bir prosesin, fikrin, ideyanın və məktəbin başlanması və təlim proseduru zahirdən batinə, həyatda uğurla qalması və davamlı olması batindən zahirə olmalıdır. Təlim-tərbiyə psixologiyası öyrənmə peosesi görülənlər və eşidilənlərdən başlayır, qeyri-maddi həqiqətlərə hazırlıqlar yaradır. Bu o deməkdir ki, zahir-batin dualizmini nəzərdə almaq uğurlu təlim-tərbiyənin əsas şərtidir. Nəticədə zahirdən batinə getmək nə qədər şərtdirsə, batinin də zühuru bir o qədər zəruridir. Peyğəmbərin (s) mövlud günü oxunması sifariş olunan həzrət Əlinin (ə) ziyrətində belə deyilir:
“Salam olsun sənə xilaskarlıq gəmisi. Hansı ki, onunla nicat və onsuz həlakətdir.” 

Müəllif: Dr.Vaqif Quliyev
Hazırladı: Rəsul Mahmudzadə


Tags: ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!