HƏZRƏT İMAM HÜSEYNİN (ə) ŞƏXSİYYƏTİNƏ QISA BİR BAXIŞ

:

  Bir çox tarixçinin qeydlərinə əsasən, İmam Hüseyn (ə) 3-cü hicri-qəməri ilinin Şaban ayının 3-də dünyaya göz açmışdır. («İqbal», Seyid ibn Tavus, c.3, səh.303; «Kafi», Kuleyni, c.1, səh.201.)

Əllamə Məclisi (r) Həzrətin (ə) təvəllüd tarixi haqqında olan fikir ayrılıqlarını qeyd etdikdən sonra yazır: “Ən məşhur nəzər o Həzrətin (ə) Şaban ayının 3-də dünyaya gəlməsidir.” («Biharul-ənvar», c.44, səh.201.)

Allah Rəsulunun (s) göstərişi ilə, o Həzrətin adını Hüseyn qoydular.
Bəzi tarixçilər belə yazır: “Peyğəmbərin (s) yaşadığı mühitin camaatı bundan öncə Həsən və Hüseyn adları ilə tanış olmadıqları üçün, övladlarına bu adları qoymurdular. Bu iki ad Allah tərəfindən Peyğəmbərə (s) vəhy olunmuşdu ki, Əli (ə) və Fatimənin (s.ə) övladlarına qoysun. («Usdul-ğabə», c.2, səh.9.)
Onuncu əsrin və əhli-sünnənin tanınmış alimlərindən olan Cəlaləddin Süyuti belə nəql edir: “Həsən və Hüseyn adı Cənnət əhlinin adlarındandır və ərəb xalqı bundan öncə həmin adları öz övladlarına qoymurdular. («Tarixul-xuləfa», səh.209.)
İmam Hüseyn (ə) İslam cəmiyyəti və həmin zamandakı müsəlmanlar arasında spesifik şəxsiyyətə malik idi, çünki o, xanım Fatimeyi-Zəhranın (s.ə) övladı idi və elə həmin səbəbdən, Allah Rəsulunun (s) övladı da adlanırdı.
Allah Rəsulunun (s) göstərdiyi xüsusi məhəbbət və onlar barəsində söylədiyi dəyərli sözlərə görə, bu iki şəxsiyyət (İmam Həsən (ə) və İmam Hüseyn (ə)) bütün müsəlmanların diqqət mərkəzində idi.
Burada Allah Rəsulunun (s) Həzrət Hüseyn (ə) barədə buyurduğu kəlamların və məhəbbət dolu rəftarlarının bir sıra nümunələrinə diqqət yetirək:
Əziz İslam Peyğəmbəri (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində bu məşhur cümləni buyurmuşdur:
الحسن و الحسين سَيِّدا شَبَابِ اَهْلِ الْجَنَّةِ
«Həsən və Hüseyn Cənnət gənclərinin ağasıdır.»
(Bu hədis müxtəlif ibarələrlə şiə və əhli-sünnə qaynaqlarında nəql edilmişdir. O cümlədən, «Müsnədi-Əhməd», c.3, səh.3, 62, 64 və 82; «Sünəni-Tirmizi», c.5, səh.321; «Mustədrək», Hakim Neyşapuri, c.3, səh.167; «Biharul-ənvar», c.43, səh.21, 25, 124, 191-192.)

Həmçinin digər bir hədisdə belə qeyd edilir: Bir qrup müsəlman Allahın Rəsulu (s) ilə qonaqlığa gedirdi. Həzrət (s) də onların önündə hərəkət edirdi. Yol əsnasında İmam Hüseyni (ə) gördü.
Allahın Rəsulu (s) onu qucağına almaq istədikdə, İmam Hüseyn (ə) o tərəf-bu tərəfə qaçmağa başladı. Peyğəmbər (s) təbəssümlə bu vəziyyəti müşahidə edirdi və nəhayət, onu qucağına aldı.
Sonra bir əli ilə onun başının arxasından, digər əli ilə də çənəsindən tutaraq mübarək dodaqlarını İmam Hüseynin (ə) dodaqlarına yapışdırdı, onu öpdü və buyurdu:
حُسَيْنٌ مِنِّي وَ اَنَا مِنْ حُسَيْنٍ، اَحَبَّ اللهَ مَنْ اَحَبّ حُسَيْنًا
«Hüseyn məndən, mən də Hüseyndənəm! Kim Hüseyni sevərsə, Allah da onu sevər.» («Müsnədi-Əhməd», c.4, səh.172; «Sünəni-İbn Macə», c.1, səh.51.)
Allahın Rəsulu (s) Həsən və Hüseyni (ə) öz çiyninə mindirər, şeirlər oxuyaraq onları əzizləyərdi. («Kənzul-ummal», c.13, səh.664, 666-667.)
Allahın Rəsulu (s) minbərdə xütbə oxuduğu zaman, bəzən Həsən (ə) və Hüseyni (ə) gördükdə, minbərdən enər və hamının gözü qarşısında onları bağrına basardı, onların yüksək məqamını hamıya tanıtdırsın deyə, onlara sevgi və məhəbbət göstərərdi. («Biharul-ənvar», c.43, səh.284.)
Müasir dövrümüzün böyük alimlərindən olan Ayətullah Məkarim Şirazi (h) öz kitabında yazır:
سئل رسول الله (ص) أي أهل بيتك أحب إليك؟ قال: الحَسَن والحُسَيْن و كان يشمهما ويضمهما إليه
“Peyğəmbərdən (s) “Ailə üzvlərinizdən hansı biri sizin üçün daha sevimlidir?” – deyə soruşulduqda, cavabında buyurardı: “Həsən və Hüseyn!” O Həzrət daima onları öpər və onları öz sinəsinə sıxardı.” (Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, səh.30-33".)
Şəhidlər sərvəri və cənnət cavanlarının ağası İmam Hüseynin (ə) mövlud günü münasibətiylə başda sahibimiz İmam Zaman (əc) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik.

Mətni səsləndirdi: ELÇİN SƏFAQULİYEV
You must have the Adobe Flash Player installed to view this player.

Müəllif: İlahiyyatçı Elçin Səfaquliyev
Hazırladı: Rəsul Mahmudzadə

Tags: İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!