HƏZRƏT İMAM SƏCCADIN (ə) TƏRBİYƏ OCAĞI

:

KİMSƏSİZLƏRƏ YARDIM
İnsanlara xidmət göstərmək, ehtiyaclılara və kimsəsizlərə əl tutmaq İmam Səccadın (ə) da həyatında mühüm yer tutmuşdur. İmam Səccad (ə) hər zaman-istər Hirra faciəsi zamanı Mədinənin böhranlı günlərində, istərsə də, kimsəsizlərin və miskinlərin yardıma, nəvazişə ehtiyac duyduqları dinc günlərdə-öz xidmətini, köməkliyini camaatdan əsirgəməmişdir. Onun xeyriyyə işlərindən bəzi nümunələrə nəzər salaq:

İmam Səccad (ə) Mədinənin yüz yoxsul ailəsini dolandırırdı.1 Mədinənin bəzi ailələri gecə vaxtı onlara naməlum bir şəxs tərəfindən gətirilan yeməklə dolanırdılar. İmam Səccad (ə) vəfat etdikdən sonra onlar başa düşdülər ki, gecə vaxtı onlara yemək-içmək daşıyan şəxs İmam Səccad (ə) olmuşdur.2 O Həzrət gecələr tanınmaz qiyafədə çörək və yemək dolu kisəni çiyninə atır, yoxsulların qapısına aparıb buyurardı: "Gizli verilən sədəqə, Allahın qəzəb odunu söndürür."3
Mədinə camaatı deyirdi: "Əli ibn Hüseyn (ə) vəfat etdikdən sonra gizli verilən sadağadan məhrum olduq."4
Ömrü boyu un və yeməklə dolu kisələri şəxsən yoxsullara daşıyan İmam Səccadın (ə) çiyni, kürəyi əzilmiş və qabar bağlamışdı. İmamın (ə) cənazasına qüsl verərkən bu qabarlar oradakıların da diqqətini çəkmişdi.5
TƏRBİYƏ OCAĞI
İslam dininin zühur etdiyi dövrdə dünyanın hər bir tərəfində, hətta o dövrün mədəniyyət beşiyi sayılan Yunanıstan va Romada da quldarlıq hökm sürürdü. Bu quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini müxtəlif yollarla onu tədrici olaraq aradan qaldərmağa çalışırdı. O cümlədən, bir tərəfdən qula sahib olmağın yollarını məhdudlaşdırdı, digər tərəfdən də qul azad etməyi bir çox günahların kəffarəsi (cəzası) qərar verərək onların azad edilməsini təmin etdi. Həzrət Peyğəmbər (s) müsəlmanlara tövsiyə edirdi ki, qullarla (bir aila üzvü kimi) insani rəftar etsinlər, onlara özlərinin yediyi yeməkdən yedizdirib, özlərinin geyindiyi libasdan geyindirsinlər.
Həmçinin, Həzrət Peyğəmbər (s) qul azad etməyim çox savablı və dəyərli bir iş olduğunu dəfələrlə vurğulamış, hətta bəzi saleh əməllərin savabını qul azad etməyin savabına bərabər tutmuşdur. Həzrət peyğəmbərin (s) bu barədəki tövsiyələri müsəlmanları qul azad etməyə sövq etdirmişdir. Bu deyilənlər İslam dininin quldarlığa baxışıni aydinlaşdırır.
Tarixdə İmam Səccadın (ə) çoxlu qul azad etdiyi qeyd olunur. Amma İmam Səccadın (ə) bu qədər qulu alıb, sonra onlari azad etməkdə başqa bir məqsədi də var imiş. Tarixi mənbələrdə qeyd olunur ki, o Həzrət qullari alıb bir müddət onlara dinin qayda-qanunlarını təlim edir, onlarin mənəviyyatını zənginləşdirir və sonra onları azad edirmiş. Bu azad insanlar isə cəmiyyətin nümunəvi üzvü olurdu. Onlar azad edildikdən sonra da İmamla (ə) ünsiyyətdə olur, həmçinin, öyrəndikləri dini maarifin təbliği ilə məşğul olurdular.
Əli ibn Tavus ramazan ayının əməllərini bəyan edərkən yazır "Əli ibn Hüseyn (ə) (İmam Səccad) ramazan ayının son gecəsi iyirmi qulu (bəzən bundan çox, bəzən isə az) azad edib buyurardı: "Allah-Təala ramazan ayının hər gecəsi iftar zamanı Cəhənnəm əhlindən yetmiş min nəfəri cəhənnəm əzabından azad edir, ramazan ayınin son gecəsi isə ay boyu azad etdikləri qədər insanı cəhənnəm əzabından azad edir. Mən də istəyirəm ki, Allah mənim bu dünyada öz qullarımı azad etdiyimi görsün, bəlkə buna görə O, Qiyamət günü məni Cəhənnəm odundan azad edər." İmam Səccad (ə) heç bir qulu bir ildən artıq saxlamazdı. İlin əvvəlində və ya ortasında evə gətirdiyi qulu Fitr bayramı gecəsi azad edər, sonra onun yerinə bir başqasın götürüb onu da növbəti ramazan ayında azad edərdi. İmam Səccad ömrünün axırınadək bu ənənəni qoruyub saxlamışdır. Deyilənlərə görə, Mədinə şəhərində o Həzrətin azad etdiyi çoxlu qul və kənizlərə rast gəlmək olardı.6
İmam Səccad (ə) qaradərili qulları - onlara heç bir ehtiyacı olmadığı halda-alib həcc mərasimində Ərafata gətirər, Məşərə tərəf hərəkət etdiyi zaman onları azad edər və hətta onlara pul-mal bağşlayardı.7
Qeyd etdiyimiz kimi, İmam Səccad (ə) bu ənənə ilə əslində, bir tərbiyə ocağı yaratmışdı. Qulları alıb bir müddət onlara İslam maarifini və əxlaqını öyrədir,sonra azad edirdi. Onlar azad olunduqdan sonra da İmamla (ə) əlaqə saxlayır,öz növbələrində öyrəndikləri dini maarifi təblig edirdilər. Nəzərə alsaq ki, həmin dövrdə cəmiyyəti maarifləndirmək xüsusunda İmam Səccada (ə) məhdudiyyətlər qoyulmuşdu, o Həzrətin bu üsulla öz ali məqsədlərinə xidməti çox düşünülmüş bir addımdır.

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif: Mehdi Pişvayi
Hazırladı: Rəsul Mahmudzadə


1.Hilyətul-övliya, c.3, s.136.
2.Kəşful-ğumma, c.2, s.289; Nurul-Əbsar, s.140
3.Kəşful-ğumma, c.2, s.289; Təzkirətul-xəvas, s.327
4.Hilyətul-övliya, c.3, s.136.
5.Hilyətul-övliya, c.2, s.136.
6.İmam Səccad (ə) həyatı, s.55.
7.İqbalul-əmal, s.261

Tags: İMAM SƏCCAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!