HƏZRƏT MƏSUMƏ(əs)NİN HƏYATI

:

201-ci hicri-qəməri ilində yəni imam Rzanın (ə) Mərvə sürgün edildiyindən bir il sonra Həzrət Fatimeyi-Məsumə (ə) öz qardaşları ilə birlikdə imamı və qardaşı imam Rzanı (ə) görmək və beyətini təzələmək üçün yola düşdü.

Savə şəhərinə çatanda bir dəstə Əhli-beyt düşməni və Abbasi hökumətinin məmurları xanımın tərəfdarlarına hücum etdilər. O Həzrətin karvanından 23 nəfər şəhid oldu. Tədqiqatçı alim Cəfər Mürtəza Amilinin nəzərinə əsasən həzrət Məsumə (ə) da bir Əhli-beyt  düşməninin əli ilə zəhərləndi. Ətrafdakıların şəhadəti, xanımın özünün zəhərlənməsi Quma dönməsinə səbəb oldu (ümumiyyətlə Abbasi hakimiyyəti imamı görməyə gedən bütün karvanları təzyiqə məruz qoyurdu. Əvvəldə qeyd etdiyimiz kimi Qum Əhli-beyt tərəfdarlarının pənahgahı idi və xanım da oraya getməyi məsləhət gördü). Xanım buyurdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir." Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri xanımın Quma gəlməsini eşitdikdə şad oldular və o Həzrətin görüşünə çıxdılar. Əşəri sülaləsinin böyüyü Musa ibn əl-Xəzrəc o alicənab qadının dəvəsinin yüyənindən tutub aparmağa başladı. Xanım camaatın gurultulu və şad səs-küyü ilə şəhərə daxil oldu və Musa ibn əl-Xəzrəcin evində onun üçün ayrılmış mənzilə yerləşdi. Xanım on yeddi gün vilayət və imamət şəhəri olan Qumda ibadətə və itaətə, Allah-taala ilə minacata məşğul oldu. O Həzrət bərəkətli ömrünün son günlərini də böyük Yaradanın hüzurunda ibadətlə keçirtdi. Lakin Fatimə (ə) nəslindən olan belə fəzilətli bir xanımın şəhərə gəlməsindən sevinən ürəklər tezliklə qəm-qüssəyə qərq oldu və müqəddəs xanımın vəfatı Əhli-beyt  aşiqlərini hüznə, əzaya və matəmə qərq etdi. Xanımın belə tez və qəfil ölümü əvvəlcə qeyd etdiyimiz kimi Savə şəhərində bir düşmən qadının vasitəsi ilə zəhərlənməsi və təzyiqdən yaranmış narahatlıq nəticəsində idi və bu qəbul edilə biləcək səbəbdir. O həzrət bir baxışdan həzrət Zeynəbə (ə) bənzəyirdi. Çünki Yezid imam Hüseyni (ə) mənfi çöhrə kimi tanıtmaq istədikdə həzrət Zeynəb (ə) öz əsirliyi, nitqi və Yezidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı. Həzrət Məsumə də (ə) ona bənzər bir iş gördü. Çünki Məmun imam Rzanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə imama çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.
Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun imamı zorla apardığını ifşa etdi. Xanım vəfat etdi. Ona qüsl verib, kəfənə bürüdülər, lakin dəfn etmək istədikdə gördülər ki, xanımı dəfn etmək üçün ona məhrəm olan kimsə yoxdur. Çox götür-qoydan sonra Qadir adlı təqvalı və pak bir qocanı bu iş üçün məsləhət gördülər. Lakin nə Qadir, nə də başqa mömin və saleh müsəlmanlar bu əzəmətli xanımı dəfn etməyə layiq deyildilər. Çünki Əhli-beytin (ə) Məsuməsini  məsum imam dəfn etməli idi. Camaat həmin saleh qocanın gəlməsini gözləyirdi ki, birdən qumsallıqdan iki süvarinin onlara tərəf gəldiyini gördülər. Cənazəyə çatanda atdan düşüb, cənazəyə namaz qıldılar və Rəsulullahın (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər. Sonra isə heç kimlə bir kəlmə də kəsmədən atlarına minib getdilər və onları heç kəs tanımadı.
Ayətullah Fazil Lənkəraninin fikrincə o iki nəfərin məsum imam olmaları heç də zəif fikrə oxşamır.
Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində kərpicdən bir türbə düzəldənə qədər dururdu. Beləliklə də, o böyük İslam banisinin pak türbəsi Əhli-beyt  aşiqlərinin qəlbinin qibləsinə çevrildi və vilayət vurğunlarının şəfa evinə döndü.
(Əlbəttə o xanımın Quma gəlməsini bir az fərqli şəkildə də nəql etmişlər. Belə ki, Qum böyükləri xanımın Xorasana yola düşdüyünü eşidib Savəyə getdilər ki, xanımı Quma dəvət etsinlər. Hadisənin sonrası eynidir.)


HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Mübarək adı:             Fatimə
Ləqəbləri:                 Məsumə, Əhli-beyt kəriməsi, Sitti.
Atası:                       Yeddinci imam, Musa ibn Cəfər (ə)
Anası:                      Nəcmə xatun (imam Rzanın (ə) anası)
Doğulduğu il:            173-cü hicri-qəməri ili
Doğulduğu ay:          Zilqədə ayının biri
Doğulduğu yer:         Mədinə şəhəri
Vəfat etdiyi il:           201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında.
Vəfat etdiyi ay:         Rəbiüs-sani ayının 10-u və ya 12-si.
Vəfat etdiyi yer:        Qum şəhəri.


Kitab: Ziyarətnamələr və müqəddəs ziyarətgahlar

Mətni səsləndirdi: MƏMMƏDLİ TURAN
You must have the Adobe Flash Player installed to view this player.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!