İMAM RIZA(ə)nın KƏRAMƏTLƏRİ

:

İmam Rizanın (ə) fəziləti və kəramətləri bu dar çərçivəyə sığmayacaq dərəcədə çoxdur. Lakin biz imkan dairəsində o cənabın fəzilət və kəramətlərinin bəzilərini burada qeyd edirik.

Həzrət İmam Kazim (ə) buyurmuşdur: "Atam mənə buyurdu: Sənin nəslində Ali-Məhəmmədin alimi olacaq, o Əmirəl-mömininlə (ə) eyni ada sahib olacaq. Kaş ki, mən onu görəydim!"
Məmun davamlı şəkildə elmi məclislər təşkil edirdi. Müxtəlif dinlərin nümayəndələrini həmin məclislərə dəvət edərək onlardan İmamla mübahisə etməyi xahiş edirdi və İmam (ə) bu mübahisələrin hamısından qalib çıxırdı.
1. Məhəmməd ibn Davud deyir: "Mən və qardaşım İmam Rizanın (ə) yanında idik. Bu vaxt bir nəfər gəlib İmam Cəfər Sadiqin (ə) oğlu Məhəmmədin ölüm xəbərini gətirdi. Biz İmamla (ə) birlikdə Məhəmmədə baş çəkməyə getdik. Gördük ki, onun çənəsini də bağlayıblar və övladları ağlaşır. İmam onun yanında əyləşdi, sonra onun çöhrəsinə baxıb təbəssüm elədi. Məclisdəkilər İmamın (ə) bu gülüşündən incidilər və hətta bəziləri dedilər ki, İmam öz əmisinin ölümündən sevindiyi üçün tənəli şəkildə gülür. Sonra İmam (ə) namaz üçün məscidə gedərkən biz deyilənləri o Həzrətə çatdırdıq. İmam buyurdu: "Mənim gülüşüm təəccübdən doğurdu. Çünki gördüm İmam Cəfər Sadiqin (ə) oğlu İshaq (Məhəmmədin qardaşı) qardaşı üçün bərk ağlayır, halbuki o, Məhəmməddən tez öləcək və Məhəmməd onun üçün ağlayacaq! Çox keçmədi ki, Məhəmməd sağalıb yataqdan qalxdı və İshaq isə bir müddətdən sonra dünyasını dəyişdi."
2. Rəyyan ibn Səlt deyir: "İraqa getmək istəyirdim. İmam Rizanın (ə) hüzuruna getdim. Məqsədim həm onunla xudafizləşmək, həm də ölərkən kəfənimə qoymaq üçün İmamın (ə) paltarlarından birini mənə vermək üçün xahiş etmək idi. Eyni zamanda qızlarıma üzük almaq istəyirdim. Amma xudafizləşərkən o cənabdan ayrılmaq məni elə kədərləndirdi ki, istədiklərim yadımdan çıxdı. Mənzildən çıxarkən Həzrət məni səsləyib buyurdu: "Qızlarına üzük almaq üçün bir neçə dirhəm verməyimi istəmirsənmi? Öləndə kəfənlə birlikdə bükülmək üçün paltarlarımdan birini istəmirsənmi?" Dedim: "Doğrudur. Lakin sizdən ayrılmağın qüssəsi istədiklərimi mənə unutdurdu."
Həzrət səccadənin altından bir az pul çıxarıb bir köynəklə birlikdə mənə verdi..."
3. İmam Rizanın (ə) vəliəhdliyi zamanı bir müddət yağış yağmadı və xalqa qıtlıq üz verdi. Məmun İmamdan (ə) xahiş etdi ki, yağışın yağması üçün namaz qılıb dua etsin. İmam (ə) buyurdu: "Dünən gecə Allahın Rəsulunu (s) və Əmirəl-möminini (ə) yuxuda gördüm. Peyğəmbər (s) buyurdu: Həftənin ilk günü səhraya get və Allahdan yağış istə, çünki mən də birinci gün belə edəcəyəm." Birinci gün İmam (ə) yağış istəmək üçün səhraya getdi və yaxşı da yağdı.
Lakin bəzi bədxahlar İmamı (ə) Məmunun yanında pis etmək üçün Məmunun qulağını belə sözlərlə doldurmağa başladılar ki, o, cadugər və sehrbazdır, öz cadusuyla yağış yağdırdı və xalq arasında çoxlu şan-şöhrət qazandı. Belə getsə o, xilafəti sənin və Abbasi sülaləsinin əlindən alacaq. Məmun dedi: "Biz vəliəhdliyi ona verməklə onu dəyərsiz edib dünyapərəst kimi tanıtmaq istədik... İndi öz səhvimizi anladıq. Bundan sonra ona qarşı güzəşt yoxdur..."

Kitabın adı: Ziyarətnamələr, müqəddəs ziyarətgahlar

Mənbə: Sadeqin.com

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!