NURLARIN QOVUŞMASI - II hissə

:

SADƏ VƏ KIÇIK CEHIZ
İnsan yaranışının ilkin mərhələsindən başlayaraq onun ən zəruri və təbii ehtiyaclarından biri ailə qurmaq və evlənmək olmuşdur. Bəşərin davamı, nəsillərin artması sözsüz ki, bu məsələ ilə sıx bağlıdır.

Buna görə də evlənmə məsələsi bəşər cəmiyyətində ibtidai insan dövründən tutmuş onun ən inkişaf etmiş zamanına kimi diqqət mərkəzində olmuşdur. Bütün din və məzhəblərdə də evlənmə üçün xüsusi qanun-qaydalar nəzərdə tutulmuşdur. Bu qanun-qaydalar olmadan nəinki ailələrin əsası və cəmiyyətlərin bünövrəsi dağılır, eyni zamanda insan nəslinin həlatı da heyvanlara məxsus bir hal alır, yəni insanlıq mənəviyyatı və dəyəri məhv olur, bəşər şəxsiyyəti, bəşər siması tamamilə pozulur.
Buna görə də, İslamın İlahi ayini bu mühüm və həyati məsələ üçün də elə müqəddəs qanun-qaydalar qoymuşdur ki, onlar həm bəşərin davamı üçün zəmindir, həm də hər bir fərdin, ailə və cəmiyyətin mənəviyyatının, bəşəri dəyərlərinin qorunması üçün vacib şərtlərdir. Burada bir mühüm cəhəti xüsusi qeyd etmək lazımdır: İslam bu zəruri və təbii məsələyə ən təbii və sadə şəkildə yanaşmış və onun hər cür dəbdəbədən kənar, ağır və əl-ayağı bağlayan şərtlərdən uzaq bir şəkildə həllini nəzərdə tutmuşdur. İslamda evlənmənin əsas şərtlərinə, o cümlədən evlənmə yolundakı maneələrə, qadağanlara ötəri bir nəzər də kifayətdir ki, bu müqəddəs, İlahi ayinin evlənmə və ailə qurmaq məsələsində də insanın öz təbii ehtiyaclarını əsas götürdüyünü təsdiqləyək. İslam bu məsələdə qadın və kişinin sadə və təbii bir şəkildə bir-birinə qovuşmasını, evlənməsini əsas götürmüş və qadınla kişinin qanuni və təbii şəkildə evlənməsi yolundakı bütün əngəlləri, o cümlədən cahiliyyə dövründə və ya başqa din və cəmiyyətlərdə mövcud olan maneələri aradan qaldırmışdır. Elə buna görə də İslamda qadınla kişinin ən sadə və dəbdəbəsiz bir şəkildə evlənməsinə üstünlük verildiyinin şahidi oluruq. İslam evlənmə məsələsindəki ağır öhdəlikləri, müxtəlif çətin şərtləri ailə qurma yolunda maneə hesab edərək bunun son nəticədə bəşər cəmiyyətində fitnə-fəsada, pozğunluğa bais olacağını, qeyri-qanuni əməllərə gətirib çıxaracağını göstərmişdir. İslamda evlənmənin sadəliyi və dəbdəbədən uzaq olması hər şeydən əvvəl bu baxımdan diqqəti cəlb edir ki, ümumiyyətlə, İslamda həyati məsələlərin bünövrəsi maddi əsaslar üzərində qurulmadığı kimi, ayrı-ayrı şəxslərin nüfuz və hörmətindən, ad-sanı və nəslinin əsl-köklü olmasından da asılı deyil. Əksinə, həmin bünövrə yalnız və yalnız mənəviyyat və dindarlıq, iman və paklıq, nəciblik və bəşəri kamillik üzərindədir. Müsəlman qadın və kişilərin birgə həyatının əsasını, bütövlükdə İslam cəmiyyətinin bünövrəsini bu keyfiyyətlər təşkil edir. Buna görə də evlənmə məsələsində dəbdəbə və ağır öhdəliklər nəinki İslamda nəzərdə tutulan sadə və təbii evlənmə mərasiminə aiddir, həm də bir çox ailə-məişət pozğunluqlarının, fitnə-fəsadın mənbəyi, köküdür. Çünki ağır evlənmə şərtləri, dəbdəbəli evlənmə xərci təbii ki, hamı üçün yerinə yetiriləsi deyil. Ona görə də belə şəxslər qanuni evlənmə şərtlərini yerinə yetirməyə, müqəddəs ailə həyatını qurmağa qadir olmadıqlarını bilərək məyus olur, ruhdan düşürlər və bu mübarək, hörmətə layiq işdən boyun qaçırırlar. Bu isə son nəticədə həm onların pozğunluğa yuvarlanmasına gətirib çıxarır, həm də cəmiyyətdə fitnə-fəsadın yayılmasına səbəb olur.
İlkin İslam cəmiyyətlərində müsəlmanların evlənmə məsələsinə qısa bir baxış göstərir ki, ailə qurmaq bu cəmiyyətlərdə nə dərəcədə müqəddəs və pak bir əməl sayılmış və necə bir sadəlik və təbiiliklə icra olunmuşdur. Xüsusilə də, İslam peyğəmbərinin (s) alicənab qızının necə və nə tərzdə ərə getməsinə, Əli (ə) ilə necə müqəddəs ailə qurmasına diqqət yetirdikdə bu həqiqət açıq-aşkar üzə çıxır. Həmin evlənmə bu pak və təmiz, namuslu və fəzilətli ailənin ardıcılları olmaq istəyənlər üçün ən ali və ən gözəl nümunədir.
İslam tarixçilərinin hamısı qeyd edir ki, Peyğəmbərin (s) gözünün işığı Fatimeyi-Zəhranın (əs) İslamın şahsuvarı Həzrət Əli (ə) ilə mübarək evlənmə mərasimi olduqca sadə və təbii bir şəkildə oldu. Düzdür, o vaxtlar evlənmə mərasimləri ümumiyyətlə sadə və təbii olurdu, lakin o müqəddəs vücudun evlənmə mərasimi həddindən artıq sadəliyi və bər-bəzəkdən uzaqlığı ilə seçilirdi. Bu nümunəvi evlənmə o dərəcədə sadə və təmtəraqdan uzaq idi ki, Hz. Fatimənin (əs) kəbin haqqı və nigahla evlənmə xərcinin hamısı cəmi dörd yüz səksən dirhəmə başa gəldi. Həmin məbləği də alicənab kürəkən öz zirehini satmaq yolu ilə əldə etmişdi.
Bəli, elçilik mərasimi qurtardıqdan sonra toy mərasiminin xərcindən söhbət düşdükdə məlum oldu ki, Əlinin (ə) nə nağd pulu var, nə dar gün üçün saxladığı əmanəti, nə də satlıq bir ev əşyası. O həzrət axırda öz döyüş zirehini satmağa məcbur oldu (onsuz da o qoçaq və qəhrəman cəngavərin – düşmənin canına od salan  şücaətli döyüşçünün döyüş zirehinə ehtiyacı yox idi). Mərhəmətli Peyğəmbər (s) də həmin zirehin puluna Zəhranın (əs) ehtiyacı üçün ən zəruri olan ev əşyalarını aldı. İndi “cehiz” adlanan həmin əşyalara ən azı birgə həyata təzə qədəm qoyan hər bir cavan ər-arvadın ehtiyacı var. Beləliklə, Allahın Rəsulunun (s) qızının cehizi aşağıdakı geyim və ev əşyalarından ibarət idi:

1. Qiyməti 7 min dirhəm olan bir dəst qadın köynəyi;
2. Qiyməti 4 min dirhəm olan bir böyük baş yaylığı;
3. Qara Xeybər qətifəsi (hamam dəsmalı);
4. Xurma lifindən düzəlmiş bir taxt;
5 Üzü Misirdə toxunmuş qaba kətan parçadan olan iki dəst yorğan-döşək: birinin içi xurma lifindən, o birinin içi qoyun yunundan idi;
6. Taifin gön dərisindən hazırlanmış dörd ədəd mütəkkə (yastıq);
7. Nazik yun parça;
8. Otağa döşəmək üçün bir ədəd həsir;
9. Bir əldəyirmanı. Fatimeyi-Zəhra (əs) ev üçün lazım olan unu mübarək əli ilə həmin əldəyirmanında çəkirdi;
10. Bir mis teşt;
11. Bir kiçik su tuluğu;
12. Bir taxta kasa;
13. Bir aftafa;
14. Bir yaşıl bardaq;
15. Bir neçə saxsı kuzə;
16. Dəridən düzəldilmiş bir süfrə;
17. Pambıqdan toxunmuş bir əba.

Tarix kitablarında yazıldığı kimi, kəramət sahibi Peyğəmbər (s) öz mübarək alilə bu cehizləri qızına bağışladı və öz mübarək kəlamı ilə ona xeyir-dua verdi. Buna görə də həmin sadə və kiçik cehizi bütün dünyanın ən qiymətli və misli-bərabəri olmayan bir cehizi hesab etmək lazımdır. Bəli, bu kiçik ev əşyaları gəlinin cehizi kimi hazır olanda onları Peyğəmbərin (s) hüzuruna gətirdilər. Kəramətli Peyğəmbər (s) o əşyaları mübarək əli ilə o tərəf bu tərəfə çevirib hamısına baxdıqdan sonra əzəmətli və müqəddəs səsi ilə buyurdu: “İlahi, ev əşyalarının çoxu gil və saxsı qablardan olan bu ailəni xoşbəxt et...”1

Beləliklə, dünyanın ən böyük və ən müqəddəs şəxsiyyətinin – paklarının pakı olan Xanım Fatimənin (əs) cehizi təfərrüatı ilə yuxarıdakı əşyalardır. Bu cehiz tarixi baxımdan əvəzsiz və bənzərsiz olmaqla bərabər, müqəddəs bir ailə qurmağın yaddaşlardan silinməyən, parlaq dərslərini bizə öyrədir. Pakların pakı Zəhranın (əs) cehizinə diqqət yetirdikdə onda minlərcə elə gizli mətləblər, rəmzi dərslər aşkar etmək olar ki, onlar bütövlükdə cehizin çoxluğunun, cehizə göz dikməyin, gündən-günə onun sayını və qiymətini artırmağın, bir sözlə, əslində evlənmə mərasiminin dəbdəbəli və təntənəli olması xatirinə onu bir növ “yarışa” çevirməyin yeni ailə quran cavanların xoşbəxtliyi çün heç bir zəmanət vermədiyini sübut edir. Belə bir “yarış” nəticəsində cavanların çoxu evlənə bilmir, bu isə öz-özlüyündə ruhi və əsəbi xəstəliklərin yaranmasına, fitnə-fəsadın, pozğunluğun, əxlaqsızlığın yayılmasına, müxtəlif xəstəliklərin artmasına, bir sözlə sağlam İslam cəmiyyətinin süqutuna gətirib çıxarır. Peyğəmbərin (s) qızı və şiələrin birinci imamının evlənmə qaydası, ailə qurma tərzi həqiqətən böyük bir elmi dərsdir, keçmişin və bugünün zərərli adət-ənənələri ilə barışmaz bir mübarizədir. Elə bir adət-ənənə ilə mübarizədir ki, əxlaq və mənəviyyata, fəzilət və daxili gözəlliyə, daxili dəyərlərə deyil, mal və sərvətə, gözqamaşdıran dəbdəbə və təntənəyə fikir verir. Belə bir adət-ənənənin daşıyıcıları bilmirlər ki, mənəviyyat, gözəl əxlaq olmadan heç bir sərvət, hətta bir günlük, bir anlıq xoşbəxtliyi belə təmin edə bilməz.

Ardı var...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

Mənbə: Siddiqeyi-Tahirə
Tərcümə edən: Möhsün Nağısoylu


1     Ustad Tofiq Əbu Ələm. Fatimeyi-Zəhra, s. 155

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!