FATİMƏ FATİMƏDİR! (1)

:

XANIM ZƏHRA(əs)NIN TӘVӘLLÜDÜ
Bir gün Peyğəmbər (s) Xədicəyə belə buyurdu: «İndi Cəbaril mənə muştuluq verdi ki, pak bir qız uşağımız olacaqdır. Bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək».

Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Həzrət Fatimə (s) Quran və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi.
Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: ”Nəyə görə Fatiməni bu qədər çox istəyirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?”
Peyğəmbər (s) cavabında buyurdu: «Ey Ayişə! Әgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən».
Peyğəmbərimiz həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir parəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət etmiş olur, hər kəs onu sevindirsə, məni sevindirmiş olur».
Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığın və sevincinlə isə sevinir».
Peyğəmbərlə (s) Fatimə arasında olan məhəbbət birtərəfli deyildi. Həzrət Zəhra (s) da atasını çox sevirdi. Buna görə də anası Xədicə vəfat edəndən sonra Həzrət Fatimə altı yaşında olmasına baxmayaraq, atasına kömək edir, evdəki bütün ehtiyacları təmin edərək onun rahat olmasına cəhd göstərirdi. Atası peyğəmbərlik kimi ağır bir vəzifəni öhdəsinə alaraq cəbhələrdə bütpərəstlik və cəhalətlə döyüşdüyü üçün öz vətənində qərib və qohumlarının arasında tək qalmışdı. Fatimə (s) məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən azsaylı insanlardan idi.
Buna görə də atası onun haqqında belə buyurmuşdu: «Atası Fatiməyə fəda olsun»! Fatimə atasına bir ana kimi qayğı göstərirdiyi üçün Rəsulullah (s) ona «atasının anası» ləqəbini vermişdi.

HӘZRӘT FATİMӘ(əs)NIN İZDİVACI
Fatimənin artıq izdivac vaxtı çatmışdı. Onun həyat yoldaşı insanlıq dəyərlərində və kamalda Fatimə ilə bərabər, ona tay olmalı idi. Fatiməyə bir çox Məkkə əyan və əşraflarından elçilər gəlirdi. Onların arasında Ömər, Әbu Bəkr də var idi.
Peyğəmbər (s) qızına elçi gələnlərə belə cavab verərdi: «Bu barədə vəhy gözləyirəm». Nəhayət vəhy gəldi və həzrət Fatimənin həyat yoldaşı bəlli oldu.
«Ey Peyğəmbər, nuru nurla — Fatiməni Әli ilə evləndir»!
Əli (ə) Fatimə ilə evləmək istəyini Rəsulullaha bildirəndə, o, Әlinin istəyini qəbul edib qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu: «Sən də Әlini yaxşı tanıyırsan, o xalqın arasında mənə ən yaxın olanı, İslama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Әlini seçib. Sənin bu haqda fikrin nədir?»
Fatimə susdu. Peyğəmbər onun sükutundan bu məsələyə razı olmasını başa düşüb çox sevindi.

TOY MӘRASİMİ
Peyğəmbərin (s) göstərişi ilə sadə məclis təşkil olundu. Bəni-Haşim qəbiləsi və səhabələr dəvət olundu. Peyğəmbər (s) xütbə oxuyub Әli ilə Fatiməni kəbinlərini kəsdi. “Mehriyyə”ni (başlıq pulunu) dörd yüz misqal gümüş təyin etdi.
Zəhranın kəbininin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. Peyğəmbər (s) Fatimənin əlini Әlinin (ə) əlinin üstünə qoyub buyurdu: «Ey Әli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.» Sonra isə Fatiməyə buyurdu: «Ey Fatimə! Әli də sənin üçün seçilən ən xeyirli ərdir». Sonra «artıq öz evinizə gedə bilərsiniz» – deyərək onları evlərinə yola saldı. Bəni-Haşim, mühacir və ənsar  qadınları, dostlar və səhabələr şam yeməyindən sonra həzrət Fatiməni Peyğəmbərin dəvəsinə mindirib sevinc və şadlıqla həzrət Әlinin evinə apardılar.

BӘRӘKTLİ AILӘ
Fatimə (s) Әli (ə) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və daima atasının yanında, qulluğunda olan bir insan kimi tanıyırdı. Bu iki insanın qəlbi xüsusi şəkildə bir-birinə qovuşmuşdu. Çünki heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk anlarından risalət dənizi ətrafında və vəhy nurunun kölgəsində böyümüşdü. İkisi də “Şebi-Әbi Talib”də müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər. Xanım Zəhra özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Rüqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və nemət içində yaşayırdılar. Fatimə (s) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın mənbəyidir. Fatimə (s) vəhy nuru ilə böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Quranın buyurduğu kimi «şəcəreyi-təyyibə» (pak nəslin) başlanğıcı olmalı idi. Әli əleyhissalam ilə Fatimənin həyatı bütün nəsillər üçün laiyqli bir örnəkdi. Əli (ə) çöl işlərindən əlavə, ev işlərində də Fatiməyə kömək edərdi. Fatimə həmişə Әlinin razılığını cəlb etməyə, eləcə də onun narahatlıq və yorğunluğunu azaltmağa çalışardı.
Әli (ə) xanımını çağıranda «ya bintə rəsulillah» (ey Peyğəmbərin qızı) – deyə onun səsləyər, Fatimə (s) isə onu «ya Әmirəl-möminin» – deyə çağırardı. Hicrətin 3-cü ilində Fatimənin ilk uşağı dünyaya gəldi və adını Həsən qoydular. Peyğəmbər (s) sevinc və şadlıq içində Fatimənin evinə gəlib uşağı qucağına alaraq qulağına azan oxudu və onun saçının ağırlığı qədər Mədinənin yoxsullarına gümüş payladı. Bir il sonra isə ikinci övladları Hüseyn (ə) dünyaya gəldi. Allah, Peyğəmbərin nəslinin təkcə Fatimənin uşaqları ilə davam etməsini istəmişdi. Bu ulduzların dünyaya gəlməsi ilə yeni bir üfüq yarandı. Peyğəmbər (s) Həsən ilə Hüseyni iki uşağının əvəzində bağışladığı üçün öz Allahına şükr edirdi. O həzrətin, Həsən və Hüseynə olan dərin məhəbbəti hamını heyrətdə qoymuşdu.

FATİMӘ (S) HACӘRDӘN ÜSTÜNDÜR
İslam dinində ölünü (meyidi) məsciddə basdırmaq qəti qadağandır. Әn üstün və dəyərli məkan Məscidul-həramdır. Kəbə Allahın hərəmi və qiblə olmasına baxmayaraq, həzrət İbrahimin (ə) xanımı Hacər Kəbənin yanında torpağa tapşırılıb. Allah-taala müsəlmanlara əmr edib ki, Hacərin qəbrinin ətrafında dolanaraq başına fırlansınlar. Fatimənin məqam və dərəcəsi Hacərdən belə üstündür. O, dörd behişt qadınlarından biridir: Məryəm, Asiyə, Xədicə və Fatimə.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: HƏZRƏT ZƏHRA (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!