NURLARIN QOVUŞMASI - III hissə

:

MÖVLA ƏLININ (Ə) EVININ ƏŞYALARI
Peyğəmbərin (s) qızı Fatimənin (əs) sadə cehiz əşyaları ilə tanışlıqdan sonra şiələrin birinci imamı Həzrət Əlinin (ə) də evinə baş çəkmək və o həzrətin evində hansı əşyaların olduğunu bilmək yerinə düşər.

Həmin müqəddəs evlə tanışlıq birincisi, şiələrin birinci imamının necə bir sadə evdə yaşadığını göstərir. İkincisi isə, Peyğəmbərin (s) qızının bir gəlin kimi necə bir evə qədəm qoyduğunu bizə məlum edir. Bundan əlavə, Peyğəmbərin (s) kürəkəninin maddi vəziyyəti ilə tanış olmaq imkanını da bizə verir.

İslam tarixçiləri yazırlar ki, Əli (ə) toy günü üçün, hörmətli həyat yoldaşının rifahı üçün yalnız aşağıdakı sadə ev əşyalarını tədarük etmiş və satın almışdı:

1. Paltar və su tuluğu asmaq üçün bir taxta asılqan;
2. Bir ədəd qoyun dərisi;
3. Bir ədəd mütəkkə (yastıq);
4. Bir ədəd su tuluğu;
5. Bir ədəd un ələyi.

Bəli, Əlinin (ə) ailəsi üçün yaşayış vasitələri kimi satın aldığı əşyaların hamısı bunlar idi. Əli (ə) onları cəmi bir neçə dirhəmə satın almışdı.

KIRAYƏ MƏNZIL
Peyğəmbərlik və imamlıq ailəsinin o ən böyük, ən ali bəylə gəlini – Əli (ə) və Fatimə (əs) evləndikləri ilk gündən başlayaraq kirayə götürdükləri kiçik mənzildə yaşayırdılar. Mədinə şəhərinin alaqapısının yaxınlığında Quba adlanan məhəllədəki bu mənzil məscidin kənarında idi. Onun sahibi Loğmanın övladlarından olan Harisə idi. Bu iki böyük şəxs həmin kiçik evdə yoxsulluq və kasıblıq içində yaşasa da, onların heç bir şikayət və gileyləri yox idi. Ona görə ki, onlar üçün həyatda mühüm və vacib olan şey yalnız və yalnız saflıq və mənəvi təmizlik idi. Həmin keyfiyyətlər isə bu iki gəncdə kifayət qədər var idi.
Bəzi tarix kitablarında yazıldığına görə həmin ev İslam peyğəmbərinin (s) mənzilindən uzaqda yerləşirdi və qızı Zəhra (əs) ilə kürəkənini tez-tez görməyə böyük həvəsi olan kəramətli Rəsul (s) üçün bu uzaq məsafəyə gedib-gəlmək çətinlik törədirdi. Buna görə də Peyğəmbər (s) bir gün yenə də adəti üzrə Fatimənin (əs) mənzilinə təşrif gətirərkən buyurdu: “Qızım, istəyirəm, sizi öz mənzilimizin yanında olan bir evə köçürəm ki, səni tez-tez və asanlıqla görə biləm.”
Hz. Fatimə (əs) möhtərəm atasına dedi: “Harisənin daha bir neçə evi var. Onunla söhbət edin, bəlkə bizim üçün ayrı bir ev ayırdı.”
İslam peyğəmbəri (s) buyurdu: “Harisə indiyədək bizim üçün çox mənzil boşaldıb və özü gedib uzaqda yaşayıbdır. Buna görə də bu barədə onunla bir daha danışmağa üzüm gəlmir.”1
Bu xəbər Harisəyə çatcaq özünü Rəsulun (s) xidmətinə yetirib dedi: “Ey Allahın Rəsulu (s), mən bütün malımla bərabər Sizin ixtiyarınızdayam. İndi isə çox istəyirəm ki, mənə minnət qoyub Fatimeyi-Zəhranı (əs) mənim öz mənzilimə köçürülməsinə icazə verəsiniz.”
Beləliklə, Allahın Rəsulu (s) Fatiməni Harisənin daha yaxında yerləşən başqa bir evinə köçürtdü.2
Bu xəbər başqa rəvayətlərlə də təsdiq olunur. Bir çox hədis kitablarında və tarixi mənbələrdə göstərildiyi kimi, İslamın ulu Peyğəmbəri (s) toy günü Fatiməni (əs), üstündə bir qətifə olan öz dəvəsinə mindirdi və Salmana buyurdu ki, gəlinin dəvəsinin cilovunu tutub aparsın.
Bu hədis göstərir ki, Peyğəmbərin (s) evi ilə kürəkəninin evi (indi İslam dünyasının gəlininin yola düşdüyü ev) arasında kifayət qədər fasilə var idi. Belə olmasaydı, hörmətli gəlinin bu qədər yolu dəvə üstündə getməsinə heç bir ehtiyac olmazdı.3 Düzdür, gəlinin dəvə üstündə aparılmasını o dövrün adəti kimi də qəbul etmək olar. Lakin qeyd etmək lazımdır ki, İslamın ulu Peyğəmbəri (s) – bir çox zərərli adətlərə son qoyan o böyük şəxsiyyət belə məsələlərə fikir verməzdi. Bu cür əhəmiyyətsiz adətlər onun üçün ümumiyyətlə mövcud deyildi.

AILƏNIN RAHATLIĞI ÜÇÜN EVDƏ ÇALIŞMA
Fatimeyi-Zəhra (əs) bir ev qadınının, canıyanan və işgüzar bir ev xanımının, zəhmətkeş və yorulmaq bilməyən bir həyat yoldaşının ən parlaq nümunəsi idi. O həzrət ailəsinin rahatlığı üçün hər cür çətin və ağır işlərə dözürdü. O böyük xanım şəxsən öz mənzilində öz əlilə əl dəyirmanında çəkdiyi undan qabarlı əllərilə xəmir yoğurur, təndiri özü qalayır, suyu özü quyudan çəkir və özü çörək yapırdı. Bir sözlə, o zaman rahatlıq vasitələrinin yoxluğu üzündən həddindən artıq ağır olan, bir nəfərin öhdəsindən gəlməsi mümkün olmayan bütün ev işlərini təklikdə görür və əsla giley-güzar etmirdi.
Xanım Fatimənin (əs) bütün bu ağır işləri təklikdə görməsindən xəbəri olan Hz. Əli (ə) bir gün onu yorğun halda görüb mehribanlıqla dedi:
“Ay Zəhra, elə çətin işləri görürsən ki, mənim qəlbimi incidir. Allah müsəlmanlar üçün xidmətçilər və çoxlu qüvvələr nəsib etmişdir. Əgər istəyirsənsə, Allahın Rəsulunun (s) yanına gedib onlardan birini istə. Qoy yanında qalıb sənə xidmət etsin, köməkçin olsun ki, bu qədər yorulmayasan.”
Xanım Fatimə (əs) həmin gün atasının görüşünə getdi. Salam verib bir qıraqda sakitcə oturduqdan sonra Peyğəmbər (s) onun ürəyində nə isə bir narahatlıq olduğunu duyub soruşdu: “Əziz qızım, nə olub, nə işin var?”
Xanım Fatimə (əs) nə qədər çalışsa da, nə üçün gəldiyini deyə bilmədi. Odur ki, atasının cavabında dedi: “Sənə salam verməyə gəlmişəm.”
Bu sözləri deyib atasının evindən çıxdı. Xanım Fatimənin (əs) ağır ev işlərinə görə bərk yorulmasından ürəyi sıxılan Hz. Əli (ə) bir gün həyat yoldaşı ilə birgə Peyğəmbərin (s) yanına gedib onun əvəzindən həmin məsələni açıb dedi. Peyğəmbər (s) bu sözü eşidən kimi dərhal qəti şəkildə buyurdu:
“Allaha and olsun ki, yox. Əsla bacarmaram, döyüşdə əsir alınmış birisini sizə bağışlaya bilmərəm. Müsəlmanları ac qoya bilmərəm. Heç onlar üçün yeməyə bir şey tapa bilmirəm. Həmin əsirləri satıb pulu ilə yalnız Səffənin aclarını doyururam.”
Beləliklə, Mövla Əli (ə) ilə Xanım Fatimə (əs) tam razı halda əliboş qayıtdılar.

EVIN-OCAĞIN IDARƏSI
Ev-ocaq hər bir cəmiyyətin varlıq mərkəzi və onun fəal təşkiledici qüvvəsidir. Buna görə də bütün bəşər cəmiyyətlərinin inkişaf və tərəqqisində evin, ocağın mühüm yaradıcı rolu var. Bu bir inkaredilməz həqiqətdir ki, cəmiyyət evdən və ailədən qidalanır, onunla böyüyür. Buna görə də evi bir insan tərbiyə edən instituta, onun məzunlarını isə cəmiyyətin böyük idarəedici qüvvələrinə bənzətmək olar.
Onu da nəzərə almaq lazımdır ki, hər bir evdə qadının rolu olduqca həssas və həlledicidir. Bu ocağı idarə etməyin müxtəlif məsələləri qadının öhdəsinə düşür. Birgə ailə həyatına qədəm qoyan hər bir xanımın ən mühüm vəzifəsi mənzili qaydaya salmaq, nizamlamaq və cəmiyyətin bünövrəsi sayılan evi idarə etməkdir. Aydındır ki, bu vəzifələrin yerinə yetirilməsində yol verilən kiçicik bir zəiflik və süstlük cəmiyyətin dayaqlarını sarsıtmış olar.
Fatimeyi-Zəhra (əs) bu mühüm məsələyə xüsusi diqqət yetirir və öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsində olduqca böyük səy göstərir, yorulmaq bilmədən çalışırdı. Hörmətli həyat yoldaşı Mövla Əli (ə) onun bu dərəcədə fədakarlıqla çalışmasını heyrətlə izləyir, ona yüksək qiymət verirdi. O həzrət bir dəfə Səd qəbiləsindən olan bir dostuna öz həyat yoldaşının çalışqanlığı barədə belə danışmışdı:
“İstəyirsənmi, sənə Fatimədən danışım? O, İslam peyğəmbərinin (s) qızı, özü də ən istəkli qızı olmasına baxmayaraq, mənim mənzilimdə çiynində kuzə o qədər su daşıdı ki, sinəsinə ziyan oldu. Əl dəyirmanında o qədər buğda üyütdü ki, əlləri qabardı. Evin, həyətin təmizliyi, paklığı üçün mənzilə o qədər süpürgə çəkdi ki, paltarlarının rəngi soldu. Ocaqdakı qazanların altında o qədər odun yandırdı ki, paltarları his-tüstü rəngində oldu...” 4
Bu hədis Hz. Fatimənin (əs) ev işlərinə olan canıyananlığını göstərir. O həzrətin evində qulluqçu tutmağa imkanı var idi, özünə bu qədər zəhmət verməyə bilərdi. Lakin evə, ocağa olan eşqi, məhəbbəti naminə, həyat yoldaşının, övladlarının rahatlığı xatirinə bütün işlərə özü əl qatır və onları yerinə yetirməkdən zövq alırdı. Bəli, o evi həyatın özəyi, bünövrəsi hesab edir və bu yolda canla-başla çalışırdı. Bu səy və təlaş İslam cəmiyyətinin bütün qadınları üçün ən ali nümunə ola bilər və olmalıdır.

Mənbə: Siddiqeyi-Tahirə
Tərcümə edən: Möhsün Nağısoylu


1     Biharul-ənvar, 42-ci cild, s. 114
2     İbn Səd, Təbəqat, 8-ci cild, s. 14
3     Hilyətul-əbrar, 1cild, s. 108
4  İmam Musa Sədrin dilindən söylənmiş bu sözlər Süleyman Kəttaninin kitabından götürülmüşdür. Eyni məzmunlu hədisə rast gəlməsək də, başqa hədislərdə ona oxşar fikirlər var.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!