NƏHC-ül-BƏLAĞƏ - 148-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Bəsrə əhli (Təlhə və Zübeyrin məzəmməti) barədə kəlamlarındandır.

Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər.1 (Buna görə də bu döyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar.2 Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır.3 Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətə çatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnə və qarışıqlıq üçün) qiyam etmişdir (biz də müdafiə olunmağa və qarşılarını almağa hazırıq). Haradadır (pis işlərdən çəkindirərək Allahdan) əcr və savab istəyənlər (ki, bizə kömək və yardım etsinlər?) Həqiqətən də sünnələr (hidayət və qurtuluş yolları) onlara aydındır (hamı bilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuşdur.4 (Buna görə də Osmanın qətlini əhd-peymanlarını pozmaq üçün bəhanəyə çevirən bu insanların sözlərinə qulaq asmaq lazım deyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var.5 (Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncaya qədər inanmayandan) deyiləm.6

ومن خطبة له عليه السلام 

في ذکر أهل البصرة 

کُلُّ وَاحِد مِنْهُمَا يَرْجُو الْأَمْرَ لَهُ، وَيَعْطِفُهُ عَلَيْهِ دُونَ صَاحِبِهِ، لاَ يَمُتَّانِ إِلَي اللهِ بِحَبْلٍ، وَلاَ يَمُدَّانِ إِلَيْهِ بَسَبَبٍ. کُلُّ واحِد مِنْهُمَا حَامِلُ ضَبٍّ لِصَاحِبِهِ، وَعَمَّا قَلِيل يُکْشَفُ قِنَاعُهُ بِهِ! وَاللهِ لَئِنْ أَصَابُوا الَّذِي يُرِيدُونَ لَيَنْتَزِعَنَّ هذَا نَفْسَ هذَا، وَلَيَأْتِيَنَّ هذَا عَلَي هذَا، قَدْ قَامَتِ الْفِئَةُ الْبَاغِيَةُ، فَأَيْنَ الْمُحْتَسِبُونَ ؟! قَدْ سُنَّتْ لَهُمُ السُّنَنُ، وَقُدِّمَ لَهُمُ الْخَبَرُ. وَلِکُلِّ ضَلَّةٍ عِلَّةٌ، وَلِکُلِّ نَاکِثٍ شُبْهِةٌ. وَاللهِ لاَ أَکُونُ کَمُسْتَمِعِ اللَّدْمِ، يَسْمَعُ النَّاعِيَ، وَيَحْضُرُ الْبَاکِيَ، ثُمَّ لاَ يَعْتَبِرُ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

149-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki hər biri özünün xəlifə olması üçün çalışır. Deməli, əhd-peymanlarını pozmaları və mənə düşmən kəsilmələri özlərinin dedikləri kimi din və imanı müdafiə etdiklərinə görə deyil, dünya sevgisinə və vəzifə şəhvətinə görədir.
2. Nahaq qanları tökdüklərinə görə Allah yanında dəlil, sübut gətirməyə bəhanələri, üzrləri yoxdur.
3. Bəsrəyə daxil olduqda Osman ibn Hunəyfi məkrlə həbs edib beytülmalın qoruyucularından və qoşundan çoxunu öldürdükləri kimi. Pişnamazlıq üstündə ixtilafları düşdü və düşmənçilikləri üzə çıxdı. Nəhayət, bir gün Məhəmməd ibn Təlhənin, növbəti gün isə Abdullah ibn Zübeyrin pişnamaz olması şərti ilə Aişə onları barışdırdı. Onlardan hər biri Aişədən xahiş etdilər ki, camaat onu salamlasın və onu əmir kimi tanısınlar. Sonra Aişə əmr etdi ki, camaat onların hər ikisini salamlasın və onları birlikdə əmir kimi qəbul etsinlər. Qısası, onların arasında belə ixtilaflar çox olurdu. Buna görə də İmam əleyhis-salam (sözlərinə davam verərək) bunları buyurmuşdur.
4. Həzrət peyğəmbərin barələrində xəbər verdiyi əhd-peymanlarını pozan «nakisin» – yəni, Cəməl səhabələri, Təlhə, Zübeyr və ardıcılları, zülm və sitəm törədən «qasitin» – yəni, Müaviyə və Şam qoşunu və dindən çıxan «mariqin» – yəni, Nəhrəvan xəvarici mənimlə döyüşüb azğınlıq yoluna düşəcəklər.
5. Batili və səhvi iddia edən hər kimsə ona görə camaatı şübhəyə salmağa və batili haqq şəklinə salaraq bəhanəyə çevirməyə məcburdur.
6. Mən elələrindən deyiləm ki, fitnənin, qarışıqlığın baş verəcəyini bilim, izlərini müşahidə edim və onu aşkar görənə qədər qarşısını almağa çalışmayım. Əksinə, fitnə-fəsadın əlamətlərini görən kimi özümü onun qarşısını almağa hazırlayıram. Qısası, Təlhə, Zübeyr və ardıcıllarının bu nadürüst sözlərdən məqsədi fitnə və qarışıqlıq salmaqdır və mən onları məqsədlərinə çatmağa qoymayacağam.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!