DUA - ALLAH QARŞISINDA BƏNDƏLİYİN TƏZAHÜRÜ

:

Duanın  əhəmiyyəti.
Əgər kimsə dua etməyə müvəffəq olsa, diqqətlə və ürəkdən dua etsə, bilsin ki, Rəbbin lütfü ona şamil olmuşdur. Sonrakı mərhələdə duanın qəbul olunması gələcək.
İnsanın Allah-Taala ilə ünsiyyət qurması, Allah-Taala ilə danışması ilahi lütfdür, Allahın insana verdiyi bir uğurdur. Bu “ya Allah!” deməyin özündə Rəbbin qəbul etməsi vardır.

Dua maddi gözəlliklər qarşısında insanı sığortalayan amil kimi
Əgər düşmən qarşısında möhkəm olmaq istəyirsinizsə, dua qapısını üzünüzə açın. Əgər heç kimdən və heç kəsdən qorxmamaq istəyirsinizsə, Allahla rabitənizi gücləndirin. Əgər maddi gözəlliklər qarşısında möhkəm olmağınızı və sürüşməməyinizi istəyirsinizsə, özünüzü dua və minacatla sığortalayın.
Dua barəsində bizim sözümüzün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, peyğəmbərlərin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.
Dua – ilahi bilgilərlə dolu olan ən yaxşı məzmunlar
Dua Allahı çağırmaqdır. Bu hər dildə, öz dilinizdə də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun... Əlbəttə, imamlardan nəql olunmuş dualar ilahi bilgilərlə dolu olan ən yaxşı məzmunları ehtiva edən ən gözəl sözlərdir. Onların qədrini bilmək, onlardan istifadə etmək lazımdır.
Dua - insan qəlbində möcüzəvi təsirlərin amili
Allah-Taala ilə bu ünsiyyətin, Onun zikrinin, bağışlanmaq istəməyin və dua etməyin insan qəlbində çoxlu möcüzəvi təsirləri var, ölü qəlbləri dirildir.
Dua - insan həyatını mənalandıran amil
Deyir ki, gərək Allah evinin qapısına gedəsiniz: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”1 Gərək dua edəsiniz: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”2 Dua etməlisiniz ki, Allahdan cavab eşidəsiniz. Allahla rabitə olmadan insanın həyatı mənasızdır.
Dua xilaskar bir silah kimi
Dua insana qüdrət verir, onu hadisələr qarşısında möhkəmləndirir. Buna görə hədisdə dua üçün silah təbiri işlənmişdir. Əziz Peyğəmbərimizdən (s) nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.3 Hadisələrlə qarşılaşdıqda Allah-Taalaya diqqət yetirmək mömin insanın əlində kəsərli bir silahdır. Buna görə, İslamın əziz Peyğəmbəri (s) döyüşdə bütün lazımi işləri görürdü, qoşunu düzürdü, əsgərləri sıralayırdı, onlara lazımi imkanları yaradırdı, lazımi tövsiyələri verirdi, öz komandanlığını icra edirdi. Lakin eyni zamanda meydanın ortasında diz çöküb, dua üçün əlini qaldırır, minacat edir və Allah-Taala ilə danışıb ondan istəyirdi. Allahla bu rabitə insanın qəlbini möhkəmlədir.
Dua bütün ilahi xəzinələrin açarı kimi
Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: "Allah-Taala sənə Ondan istəmək icazəsi verməklə bütün xəzinələrinin açarını sənə tapşırmışdır". Deməli, Allah-Taalanın hər bir şeyi ondan istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyacaq: “İstədiyin zaman dua vasitəsilə Allah xəzinələrinin qapılarını açarsan”4 Bu, çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!
Bunlardan əlavə, dua, dinləyici və müraciət olunan tərəf üçün dua edənin zehninin məzmununu aşkarlayır. Siz Allahla danışan bir şəxsin duasını eşitsəniz, onun duasından, onun istəyindən bu insanın necə insan olduğunu - kiçik ya böyük olduğunu, sadəlöhv, yaxud uzaqgörən və böyük məqsədli olduğunu, mömin, yaxud tərəddüdlü olduğunu bilərsiniz. Dua qəribə bir şeydir.
Duanın quruculuqda təsirli rola malik olması
Kimsə düşünməsin ki, quruculuq halında olan bir xalqın yaşayışında duanın və minacatın çox rolu yoxdur. Əksinə, qarşısında çətin yolu olan və böyük işlər görmək istəyən bir xalq işin, fəaliyyətin və çalışmağın kənarında Allaha dua etmək, diqqət göstərmək və Allahdan yardım diləmək üçün açıq bir qapı qoymalıdır. Siz İslam tarixində müşahidə edirsiniz ki, məsumlar, o cümlədən əziz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) özü döyüş meydanlarında, təhlükəli səhnələrdə, böyük işlər zamanı təvəssül və dua edirlər. Heç kəs deyə bilməz ki, Peyğəmbər (s) və erkən İslam çağının müsəlmanları çalışıb işləmirdilər. Onların işlərindən böyük iş ola bilməz. Peyğəmbərin (s), o zamankı İslam cəmiyyətinin hakimi olduğu onillik müddət bütünlüklə iş və fəaliyyətlə keçmişdir. Lakin eyni zamanda, həmin iş və fəaliyyətin yanında dua, yalvarış, tövbə, bağışlanmaq istəyi və Allahdan diləmək də öz yerində olmuşdur.

Kitabın adı: Dua (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1. Furqan, 77
2. Qafir, 60
3. Əl-Kafi, c. 2, səh. 468
4. "Bihar əl-ənvar", c. 74, səh. 205

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!