FƏLSƏFİ BAXIMDAN ALLAHIN VARLIĞININ SÜBUTU (1) - İkinci hissə

:

Bu ifratçı nəzəriyyələr tədricən və bir neçə cəhətdən paradoksla qarşılaşdı:

1. FƏLSƏFİ CƏHƏTDƏN

Bu nəzəriyyə mövcud reallığı inkar etmək məcburiyyətində qaldı, yəni real olaraq yaşadığımız həyatı həm ümumi, həm də konkret şəkildə inkar etdi. Çünki bu nəzəriyyəyə əsasən, biz hər hansı bir şeyi dərk etmək üçün hissiyyatımızdan başqa heç nəyə malik deyilik və hissiyyatımız da şeyləri bizə real həqiqətdə olduğu kimi deyil, yalnız zahirdə gördüyümüz kimi tanıtdırır.

Buna əsasən, biz hər hansı bir şeyi hiss etdiyimiz zaman yalnız bunu deyə bilərik ki, həmin şey bizim hiss və duyğu aləmimizdədir, onun vücudu isə bizim hissiyyatdan kənardadır, dərrakəmizdən xaricdə real və müstəqil şəkildə vardır və təsəvvürümüzdən öncə mövcuddur. Deməli, onun isbat olunması üçün heç bir yol yoxdur.

Məsələn, insan ayı səmada gördüyü zaman yalnız buna inana bilər ki, onu həmin anda müşahidə və hiss edir. Amma belə bir sual qarşıya çıxır ki, görəsən, doğrudanmı ay səmada mövcuddur? Və ya insan gözünü açıb baxmamışdan əvvəl də mövcud idimi? Həmin nəzəriyyənin tərəfdarları, qarşıya çıxan bu suallara cavab verməkdə aciz qalmışlar. Bu, eynilə çəpgöz adamın məsəlinə oxşayır: O, elə əşyaları görüb dərk edir ki, onların real vücudları yoxdur. Həmin şəxs o əşyaların varlığını isbat edə bilərmi?

Bununla da, hiss və təcrübəyə təmayül nəzəriyyəsi axırda özünü hissiyyat dairəsində məhdudlaşdırdı, onu idrak və mərifət üçün bir vasitə götürmək əvəzinə, hissi ən son hədd və mərtəbə kimi qəbul etdi. Nəticədə əşyaların varlığı, bizim idrak və anlayışımızdan xaricdə müstəqil şəkildə varlığı qəbul olunmadan, hisslə idrak olunmaqla şərtləndirildi.

2. MƏNTİQİ CƏHƏTDƏN

Məntiqi baxımdan isə hissi və eksperimental nəzəriyyə tam yeni bir cərəyan yaratdı. Bu nəzəriyyənin əsas şüarı budur:

Məfhumu təcrübə və eksperiment yolu ilə isbat olunmayan cümlə mənasız kəlamdır. Bu cümlənin rolu, pərakəndə vəziyyətdə heç bir hədəf və məqsəd olmadan bir-birinin yanına düzülən hərflərin rolu kimidir. Amma məzmunun doğru və ya yalan olmasının isbat edilməsi mümkün olan cümlənin mənası vardır. Əgər insan belə cümlənin məzmununu reallıqla uyğun olmasını təsdiq etsə, deməli, düzgün bir cümlədir, əks-halda isə yalan cümlə sayılır.

Məsələn, qışda yağış yağır cümləsi həm məna, həm də məzmun baxımından doğru cümlədir. Lakin yayda yağış yağır cümləsi mənalı olmasına baxmayaraq, məzmununa görə yalan cümlə sayılır. Amma əgər qədr gecəsində asimandan hiss olunmayan, gözlə görünməyən bir şey nazil olur deyilsə, doğru və ya yalan olmasını nəzərə almasaq da belə, mənasız bir cümlədir. Çünki eksperiment və hiss vasitəsi ilə onun məzmununun isbat olunması, doğru və ya yalan olmasını bəyan etmək qeyri-mümkündür. Deyz[1] qədr gecəsində nazil olmuşdur, cümləsi mənasız olduğu kimi, bundan əvvəlki cümlənin də mənası yoxdur. Eləcə də, deyz vardır cümləsinin mənası olmadığı üçün, Allah vardır cümləsi də mənasız sayılır, çünki Allahın varlığı hiss və eksperiment yolu ilə dərk olunmur.

Bu kimi məntiq də, onda olan ümumilik səbəbi ilə paradoksla qarşılaşdı. Çünki bu qaydanın özünü də birbaşa hiss yolu ilə isbat etmək olmur və bəyan etdiyi məfhumun hökmünə görə mənası olmayan bir sözdür. Çünki bu məntiqin bəyan etdiyi hər cümlənin məfhumu hiss və təcrübə yolu ilə sübuta yetməzsə, o, mənasızdır kəlamı ümumi bir qanunu bəyan edir. Digər tərəfdən, hiss özü də cüzi və məhdud bir çərçivədə olan vəziyyət və halətlərə şamil olduğundan, heç bir külli və ümumi hökm hiss çərçivəsində həsr olunmamalıdır.

Beləliklə, bu məntiqi hərəkat da axırda öz-özlüyündə paradoksal nəticə ilə qarşılaşır (və öz mahiyyətini itirmiş sayılır). Bu həm də, alimlərin varlıqları izah etmək istədikləri bütün ümumi qanunlarla da ziddiyyət təşkil edir. Çünki hansı növdən olmasından asılı olmayaraq, ümumilik məsələsi birbaşa hiss olunmur, yalnız məhdud və müəyyən varlıqların əlamət və əsərlərindən ümumi bir nəticə kimi alınır.[2]

Xoşbəxtlikdən, elm özünün kəsilməz təkamülü yolunda bu qəbildən olan fikir cərəyanlarından və təmayüllərdən təsirlənməmiş və kainatın sirlərini kəşf etməkdə özünün həmişəki metodunu davam etdirmişdir. Elm öz işini həmişə eksperimental təcrübədən başlayır, lakin özünü məntiqi və fəlsəfi cərəyanların yaratdığı bu məhdud və şərti keçidlərdə saxlamır. O, təbii hadisələri izah etməkdə əqlin fəaliyyətindən bəhrələnir, onları ümumi bir qanun çərçivəsində qərar verərək, varlıqların arasında olan qarşılıqlı asılılıq və əlaqələri kəşf edir.

Ardı var ...
ARDINI BURADAN OXUYUN

[1]Adi danışıqlarda bir söz gətirəndə onun yanında mənasız olan başqa bir söz də işlədilir: məsələn, şey-mey, kitab-mitab; mey. ərəb dilində isə buna misal gətiriləndə, Zeyd kəlməsinin tərsi olan deyz kəlməsi deyilir.

[2]“Üsəsül-məntiqiyyə”, səh.489.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!