ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİN BATİLLİYİ

:

Sual: Mən Allahın varlığına şübhə etmirəm, lakin sizdən Onun yeganəliyini isbat etməyi xahiş edirəm.

ALLAHIN YEGANƏLİYİNİN İSBATI
Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə qanununa əsasən, hər bir məxluq (nəticə) varlığını xaliqdən, yəni onu yaradan səbəbdən alır. Əgər onların şərtlərə və istedadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəbi fərz etsək, onların hər bir nəticəsi öz səbəbindən asılı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz və sonunda onların nəticələri arasında əlaqə və bağlılıq yaranmaz.
2. Varlıq aləminə vahid nizam hakim kəsilmişdir. Onda uyğun və uyğunsuz fenomenlərin bir-birlərilə əlaqələri var. Uyğun fenomenlər arasındakı əlaqələr müxtəlif səbəb-nəticə qanununun təsirindədir. Bu qanunlar dəyişikliklərə səbəb olur və onları heç bir şəkildə inkar etmək olmaz. Lakin keçmiş, indiki və gələcək fenomenlər arasındakı əlaqələr belədir: Keçmiş fenomenlər indiki fenomenlərin vücuda gəlməsinə zəmin yaradır. İndiki fenomenlər də öz növbəsində, gələcək fenomenlərin yaranmasına zəmin hazırlayır. Əgər səbəb-nəticə əlaqələri dünya fenomenlərinin arasından götürülsə, dünyadan əsər-əlamət qalmaz və digər bir fenomen də vücuda gəlməz. Necə ki, insanın hava, su, işıq və qida məhsulları ilə əlaqəsi kəsilsə, artıq öz yaşayışını davam etdirib başqa bir insanın dünyaya gəlişinə zəmin yarada bilməz.
Bu iki müqəddiməyə əsasən, belə bir nəticə çıxarmaq olar ki, saysız-hesabsız keçmiş, indiki və gələcək fenomenlərin, varlıq toplumuna aid olan bu dünya və onun nizamının bir xaliqi və yaradanı var. (Dünya və ona hakim nizam) Allahın nəzarəti, hikmətli tədbiri və müdrikliyi ilə idarə olunur. Əgər Ondan başqa tanrı olsaydı, onlar arasında əlaqə və bağlılıq yaranmaz, dünyaya da vahid nizam hakim kəsilməzdi. Eləcə də, hər bir xaliq öz xaliqi tərəfindən yaranar və onun xaliqi başqa xaliqlərin köməyilə vücuda gələrdi. Nəticədə, müxtəlif və müstəqil nizamlar, varlıqlar yaranardı və onlar arasında heç bir bağlılıq olmazdı. Halbuki, dünyada mövcud olan nizamlar bir-birilə əlaqəli vahid nizamdandır və onların fenomenləri arasında da bağlılıq müşahidə olunur.

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!