İLAHİ SİFƏTLƏRİN MƏNASI

:

Sual: Allah-Taalanın məhdud varlıq olmadığını nəzərə almaqla, Onun məhdud olmayan sifətlərini necə dərk edə bilərik?

İLAHİ SİFƏTLƏRİN DƏRKİ
Əsas sual bundan ibarətdir: İnsan əqli Allahın zatının hansı sifətlərə malik olduğunu başa düşməyə qadirdirmi? Onun zatına layiq olan və layiq olmayan sifətlər hansılardır? Görəsən, insan əqli ilahi sifətləri dərk etməyə qadirdirmi? Bu haqda fikirləşən insan müəyyən nəticəyə nail ola bilərmi?
Müsəlman sxolastlar bu sualları müxtəlif şəkildə cavablandırmışlar. Biz burada yalnız Əllamə Təbatəbainin ən tutarlı və mükəmməl cavabını qeyd etməklə kifayətlənirik:
İnsan əqli Allahın sifətlərini dərk etməyə qadir olduğundan, onlar haqqında araşdırma da apara bilər. Allahın “elm”, “qüdrət” və “həyat” kimi zati; “rəhmət”, “məğfirət” (bağışlamaq), “ruzi”, “nemət” və “hidayət” kimi feli sifətlərini isbat etməyimizin, eləcə də, varlıqların Ona möhtac olduğunu qavramağımızın səbəbi odur ki, həmin kamal sifətlərin nümunələrini özümüzdə də görürük. Məxluqatda kamal sifətlərinin olması onların əsas mənbəyi olan Allahın həmin kamala malik olmasını göstərir. Eyni zamanda, Allahın zatı və sifətlərinin incəliklərinə bələd olduğumuzu iddia etmirik. Əksinə, etiraf edirik ki, əqlimizlə isbat və vəsf etdiklərimiz Onun malik olduqlarından fərqlənir. Məsələn, özümüz məhdud olduğumuzdan, Allaha aid isbat və vəsf etdiyimiz elm də məhdud olur. Halbuki O, məhdud şeylərdən pak və üstündür. Bu məfhumlar məhdud olduğundan Allahın sonsuz vücudunu əks etdirə bilmir. Əlbəttə, bu, əqlin həmin mövzuda hökmünün mötəbər olmamasına səbəb deyil. Məsələn, insanın Allah-Taala ilə tanışlığı əlini dəniz suyuna yaxınlaşdırıb ondan götürmək istəməsinə bənzəyir. Belə ki, o şəxsin su içməkdə məqsədi yalnız susuzluğunu aradan qaldırmaqdır. O, dənizdən iki ovucun tutacağı miqdardan artıq su götürə bilmədiyi üçün bundan yuxarı hədd haqqında əsla fikirləşmir.1

ALLAHIN “SƏLBİ” SİFƏTLƏRİ
Biz əqlimiz və düşüncəmiz miqdarında Allahın sifətlərini başa düşürük. Lakin Allaha aid edilən məfhumların həqiqi və düşüncəmizdən üstün mənalarını qəbul etmək üçün səlbi sifətlərə müraciət edir, ilahi sifətlərlə bağlı düşüncə nöqsanlarını aradan qaldırırıq. Eyni zamanda, “Allah alim, qadir və diridir!” – deyib əlavə edirik ki, O, vəsfə sığmır və bizim vəsflərimizdən olduqca üstündür. Bu bizi həqiqətə daha da yaxınlaşdırır.2
Biz inanırıq ki, bu məfhumlar əqlimizin dərk etdiyi mənaların fövqündədir. Bəzilərinin iddia etdikləri kimi, bütün bu ilahi sifətlərin və adların ayrılıqda “məcaz”, “təmsil” və “istiarə” olduğunu qəbul etmirik. Məsələn, “Həsən bildi” ilə “Allah bildi” ifadələri arasında heç bir fərq qoymayıb onların eyni məna daşıdığını düşünürük. Bu məna alimin müəyyən bir şey bilməsindən ibarətdir. Bunu da bilirik ki, Həsənin elm və biliyi yalnız zehn vasitəsilədir. Lakin bunu Allaha nisbətdə təsəvvür etmək qeyri-mümkündür; çünki Allahı zehnlə vəsf etmək olmaz. Əlbəttə, bu xüsusiyyət elmin əyani nümunələrindəndir və məfhumun dəyişilməsinə səbəb olmur. Burada məfhum birdir və əyani nümunələrin xüsusiyyətləri məfhuma təsirsizdir. Deməli, Allahın sifətlərinin bəyanında ümumi qayda onların məfhumlarını səlbi sifətlər vasitəsilə nöqsanlardan uzaq bilməkdir.3
Nəticə: Biz Allahın sifətləri dedikdə, insanın sifətlərindən başa düşdüyümüz mənaları nəzərdə tuturuq. Əql insanın malik olduğu sifətləri dərk etdiyi kimi, Allah-Taalanın sifətlərini də dərk edir. Lakin insanla Allah arasında dərəcə fərqinə görə, Allahın sifətlərinə şübhə yaranır. Bu şübhə səlbi sifətlərin köməyilə aradan qaldırılır. Buna əsasən, sübuti və səlbi sifətlər vasitəsilə məfhumda heç bir dəyişiklik etmədən onu həqiqi xarici nümunələrə tətbiq edərək deyirik: “Allah mövcuddur, lakin Onun varlığı məxluqların varlığından fərqlənir. Allahın elmi var. Lakin Onun elmi insanların elmindən fərqlənir. Onun qüdrəti var. Lakin məxluqların qüdrəti kimi deyil. O diridir. Lakin bu dirilik məxluqların diriliyindən fərqlənir...4

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Məcmueyi-rəsail”, Əllamə Təbatəbayi, səh. 227.
2. “Əl-Mizan”, 8-ci cild, səh.57 və 6-cı cild, səh. 100-102; “Məcmueyi-rəsail”, səh. 224-226.
3. Bax: “Rəsaili-tövhidi”, Əllamə Təbatəbayi, tərcümə və təhqiq: Əli Şirvani, səh. 54-55.
4. “Üsule fəlsəfə və rəveşe realizm”, 5-ci cild, səh. 105-110.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!