QURANIN QƏDİM VƏ YA HADİS OLMASI - 1

:

QURANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏNƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI
Quranın Allah tərəfindən həzrət Mühəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək və bəşəriyyətin hidayəti üçün nazil olması, heç bir müsəlmanda şəkk-şübhə doğurmur. Allahın danışması və bunun Onun sübutiyyə sifətlərindən olması da kimsədə şübhə doğurmur. 

Qurani-Kərimdə bu haqda deyilir:
“Allah Musa ilə sözlə [arada heç bir vasitə olmadan] danışdı.” (4/164)
Bəli, Yunan fəlsəfəsi müsəlmanlar arasında yayılmayanadək, hər iki məsələ (yəni həm Quranın haqq olaraq Allah tərəfindən nazil olduğu və həm də Allahın danışması) hər bir müsəlman tərəfindən qəbul olunur və heç bir ixtilafa səbəb olmurdu. Yunan fəlsəfəsi islam dünyasına nüfuz etdikdən sonra müsəlmanlar arasında müxtəlif məzhəb və firqələr yaranmağa başladı. Belə ki, biri digərini küfr və dindən çıxmaqda ittiham edir və bir çox hallarda yaranmış ixtilaflar daha da ciddiləşir, qarşıdurma hətta böyüklü-kiçikli müharibələrlə nəticələnirdi. Ən acınacaqlısı bu idi ki, öldürən də, ölən də Allahın birliyinə, həzrət Mühəmmədin (s) peyğəmbərliyinə, axirət gününə iman gətirmiş müsəlmanlar idi. Onlar amansızcasına bir-birinin qanını tökür, namusuna toxunur, elini-obasını qarət edir və nəyin bahasına olursa-olsun öz əqidələrini yaymağa çalışırdılar.
Məgər onların haqq olaraq Peyğəmbər hesab etdikləri həzrət Mühəmməd (s) və ondan sonra müsəlmanlara rəhbərlik edən şəxslər yuxarıda qeyd olunanlara iman gətirənləri müsəlman ümmətindən hesab etmirdilərmi? Bu əqidəli şəxslərin canı, malı, namusu amanda deyildimi?! Elə bir tarixçi və ya mühəddis (hədis nəql edən şəxs) varmı ki, öz kitabında Peyğəmbərin (s) və onun canişinlərinin müsəlmanlarla gələcəkdə ixtilafa səbəb olacaq Quranın qədim və yeniliyini (və bu kimi məsələlər haqda) bir söz dediklərini qeyd etmiş olsun? Məgər onlar Quranın qədim və ya yeni olduğunu qəbul edib-etməyənlər arasında fərq qoyur, qəbul etmədikləri təqdirdə həqiqətən onları dindən çıxmış hesab edirdilər? Bu ixtilaflara səbəb olan şəxslər qiyamət günü Allah dərgahında sorğu-sual olunarkən bütün bunların qarşısında cavab verəcəklər?
Bəli, Quranın qədim və hadis olması haqda aparılan müzakirələr müsəlmanlar iki böyük firqəyə – “Əşəri” və “Qeyri-Əşəri”yə bölündükdən sonra meydana gəldi.
Əşərilər Quranın qədim olduğunu hesab edir, kəlamı iki hissəyə “ləfzi və nəfsi” [mənəvi] bölür və bunu Allahın zati sifət və xüsusiyyətlərindən hesab edirdilər. Quran da ilahi kəlam olduğu üçün onun zati sifəti kimi qədim olmalıdır.
Əşərilərdən fərqli olaraq “Mötəzilə” və “Ədliyyə” isə belə bir əqidəyə əsaslanırdı ki, Quran hadis və yeni, kəlam isə ləfzidir. Allahın danışmasını isə Onun zati sifətlərindən deyil, feli sifətlərindən hesab edirdilər.

ALLAHIN ZATİ VƏ FELİ SİFƏTLƏRİ
“Zati sifətlər”: O sifətlərə deyilir ki, Allahın müqəddəs zatı daim onlarla vəsf edilmiş olsun. Bu sifətlər Allahın müqəddəs zatından bir an olsun belə, əksilməmiş və onların əksinə olaraq vəsf olunmamışdır. Allahın elmini, qüdrətini, hər zaman mövcud olmasını buna misal çəkmək olar. Çünki Allah daim mütləq elmə, qüdrətə malik olmuş, hal-hazırda malikdir və gələcəkdə də qadir olacaqdır. Allahın bu sifətlərə malik olması və ya bütün bunların əksinə olaraq, yəni Allahı cəhl, acizlik və bu kimi sifət və xüsusiyyətlərlə vəsf etmək isə mahal və qeyri-mümkündür.
“Feli sifətlər”: O sifətlərə deyilir ki, Allah-taala bəzən bu sifətlərə malik, bəzən də tam əksinə malik olmuşdur. Yaratmaq və ruzi verməyi buna misal çəkmək olar. Deyə bilərik ki, Allah-taala filan varlığı yaratmış, filan varlığı isə yox, kiməsə övlad nəsib etmiş, kiməsə də var-dövlət.
Buradan belə məlum olur ki, danışmaq da Allahın zatı yox, feli sifətlərindən olmuşdur. Çünki Allah-taala Musa peyğəmbərlə danışmış, Fironla isə yox və ya Allah Musa peyğəmbərlə Tur dağında danışmış, Nil çayında isə yox.

NƏFSİ [MƏNƏVİ] KƏLAM NƏDİR?
Əşərilər bu fikirdədirlər ki, adi ləfzi kəlamdan fərqli olaraq “nəfsi kəlam” adlanan başqa bir kəlam da vardır. Sonra onların arasında belə bir fikir ayrılığı yaranmışdır ki, görəsən “nəfsi kəlam” deyildikdə həmin “ləfzi kəlam” nəzərdə tutulur, ya qeyrisi və onların arasında bağlılıq varmı? İkinci nəzəriyyənin tərəfdarları deyirlər: “Ləfzi kəlam” “nəfsi kəlama” dəlalət etdiyi kimi deyil, bizim ixtiyari hərəkətlərimizdən elmə, həyata olan dəlalətdir. Buna da ləfzi birbaşa mənaya etdiyi dəlalət deyil, əqli dəlalət deyilir.
Quranı “nəfsi kəlam”, Allahın danışmasını  Onun zati sifətlərindən hesab edən Əşairə  (icbari) olaraq  Allahın zati sifətlərinin özü kimi qədim olduğunu qəbul etdikləri üçün Quranın qədim olduğunu hesab edirlər. Onların fikrincə Quranın qədim olması yalnız orada istifadə olunan kəlmə və ifadələrə aiddir. Lakin Fazil Quşçi hətta Quranın üst qabığını da qədim hesab edir. (“Şәrhi-tәcrid”, səh.354)
Digər firqələrə aid olan müsəlmanlar Quranı “ləfzi kəlam”, Allahın danışmasını isə “Feli sifət” hesab edirlər. Bu səbəbdən də Quranın hadis və yeniliyinə əsaslanaraq deyirlər: Quran Allahın ləfzi kəlamıdır. Aləmdə mövcud olan varlıqlar Allahın əlamətləri olduğu kimi, Qurandakı kəlmə və cümlələr də Onun nişanələrindən hesab olunur. Bu səbəbdən də Qurandakı hər bir cümlə ayə adlanır.
Bu barədə söhbəti nə qədər genişləndirsək də, elə bir faydalı mətləb əldə edə bilməyəcəyik. Çünki nə üsulidinə (dinin əsasları), nə də füruidinə (dinin şaxələri), nə Allah tanımağa, nə də dini təlimlərə aiddir. Lakin necə olursa-olsun söhbətimizi davam edirik. Bəlkə də müsəlmanların əksəriyyətini təşkil edən Əşairə məzhəbinin davamçılarına bəlli olsun ki, onların dinin mühüm məsələlərindən hesab etdikləri belə bir təfəkkür-tərzi heç bir əqli əsası olmayan, şəriət və məzhəb ilə heç bir əlaqəsi olmayan xəyal və cəfəngiyatdan savayı bir şey deyildir.

NƏFSİ KƏLAMDA APARILAN ARAŞDIRMALAR
Məlum olduğu kimi, hər kəlmə əlifba (heca) hərflərindən yaranır və yaranmış kəlmə yeni məna və məfhumdan başqa bir şey deyildir. Allahın belə bir yeni məfhumla əzəli və zati olaraq vəsf olunması isə qeyri-mümkündür. Lakin ixtilafa səbəb olan və haqqında söhbət açdığımız kəlam [adi] ləfzdən ibarət olmayan mənəvi vücuddan ibarətdir. Belə ki, onun tərkib hissəsi ani olaraq aləmdə vücuda gəlir.
Əşairə belə bir kəlamın mövcud olduğunu sübuta yetirir və onu “nəfsi kəlam” adlandırır. Onların fikrincə belə bir kəlam Allahın zati sifətlərindəndir və başqaları da belə bir kəlamla vəsf olunmuşlar. Lakin digər firqələrin də varlıqları Əşairənin əksinə olaraq belə bir kəlamın mövcud olduğunu rədd edir və kəlamın yalnız “ləfzi kəlamdan” ibarət olduğuna əsaslanırlar. Onların irəli sürdükləri nəzəriyyədə deyilir: Hər bir iş failindən asılı olduğu kimi, kəlamın da yaranması onu ifadə edən şəxsdən asılıdır. Kəlam isə tədrici ifadələrdən və danışıqdan yaranır.
Bizim fikrimizcə bu barədə irəli sürülən ən doğru və düzgün nəzəriyyə ikinci – yəni “ləfzi kəlamdan” savayı “nəfsi kəlam” adında başqa bir kəlam yoxdur – nəzəriyyəsidir.

DƏLİL
Gündəlik danışıqlarımızda istifadə etdiyimiz cümlələr iki hissədən ibarətdir:
1. Xəbər cümləsi;
2. İnşa cümləsi.
Xəbər cümləsi: Əgər xəbər cümlələrini ətraflı araşdırsaq görəcəyik ki, hər bir xəbər cümləsi doqquz hissədən ibarətdir.
1. Kəlmələr, kəlmə və cümlələrin tərkib hissəsi;
2. Hər birinin məna və dəlalət etdiyi mətləb;
3. Cümlənin ümumi tərkibi;
4. Cümlənin ümumi tərkibinin dəlalət etdiyi mətləb;
5. İfadəçinin cümlədən əldə etdiyi zehni təsəvvür;
6. İfadəçinin cümlənin məna məfhumundan əldə etdiyi zehni təsəvvür;
7. Məfhumun həqiqətlə mütabiq olub-olmaması;
8. İfadəçinin belə bir mütabiqətdən əldə etdiyi məlumat və ya şəkk və tərəddüdlə yanaşması;
9. İfadəçinin danışmağa və ya nəyi isə ifadə etməyə istək və iradəsi.
Xəbər cümləsinin yaranmasına lazım olan şərait bunlardan ibarətdir və Əşairənin özlərinin etiraf etdiklərinə görə onların heç biri “nəfsi kəlam” deyildir. Bu səbəbdən də xəbər cümləsində “nəfsi kəlam” üçün heç bir misdaq və məfhum görmək mümkün deyildir.
Xəbər cümləsinin məna və məfhumu da “nəfsi kəlam” ola bilməz. Çünki alimlərin bir çoxunun fikrincə xəbər cümləsinin məna və məfhumu “xəbər verilən şeyin baş verib-verməməsindən” ibarətdir. Bizim fikrimizcə isə xəbər cümləsinin məna və məfhumu xəbər verilən şeyin baş verib-verməməsindən deyil, baş verəcək və ya verməyəcək şey haqda xəbər verilməsini istəməsindən ibarətdir.
Çünki bir qədər əvvəl qeyd etdik ki, xəbər cümləsinin istifadə olunduğu yer baxımından özünəməxsus əlamətlərdən biri də bundan ibarətdir ki, şəxs bir şeyin baş verib-verməməsi haqda xəbər verməyi istəmiş olsun. Bu səbəbdən də xəbər cümləsi də digər cümlələr kimi, nəyəsə dəlalət etmək və əlamət məqsədi ilə qurulur. Bunu da qeyd etdik ki, şəxs xüsusi ifadələrdən (kəlmələrdən) istifadə etməklə nəzərdə tutduğu hər hansı bir mətləbi dinləyiciyə çatıdırır və beləliklə öz fikrini çatdırmış olur.

NƏTİCƏ
Xəbər cümləsinin məna və məfhumu bir qədər əvvəl qeyd olunanlardan fərqli deyildir. Biz onu “nəfsi kəlam” da adlandıra bilmərik. Çünki “nəfsi kəlam” tərəfdarları bunu kəlamın bir hissəsini təşkil edən,  lakin xəbər cümləsinin mövzusunun həyata keçib-keçməməsindən fərqli olan nəfsani [mənəvi] və zati həqiqət hesab edirlər.
Bir sözlə, “nəfsi kəlamı” xəbər cümləsinin məna və məfhumu ilə heç cür tətbiq edə bilmərik.
İnşa cümləsi: Xəbər cümləsi kimi, inşa cümləsi də “nəfsi kəlamın” misdaqına çevrilə bilməz. Çünki məna və məfhumdan başqa xəbər və inşa cümlələri arasında heç bir fərq yoxdur. Belə ki, xəbər cümlələri bəzən baş verən cərəyanlarla mütabiq olur, bəzən də yox. İnşa cümləsi isə belə bir xüsusiyyətlərə malik deyildir. Çünki inşa cümləsi baş verən cərəyanlarla mütabiq olub-olmadıqca xarici həqiqət mövcud olmur. 
Demək, yeddi və səkkizinci hissələr istisna olmaqla inşa və xəbər cümlələrinin tərkib hissləri tamamilə eynidir. Soruşa bilərsiniz ki, inşa cümlələrinin məna və məfhumu nədən ibarətdir? Və ya onların məna və məfhumu “nəfsi kəlamın” misdaqına çevrilə bilməzmi?
Cavabında deyirik: Alimlərin bir çoxlarının fikrincə inşa cümləsindən mənanın dinləyicə çatdırmaq üçün istifadə olunur. Demək, özünə gəldikdə müstəqil vücud, məna və məfhum etibarı ilə isə məcazi hal daşıyır. Məhz belə bir bağlılığın nəticəsində gözəllik və çirkin kimi ifadələr kəlmənin özünə də təsir qoyur. Bu səbəbdən də deyilir ki, məna kəlmənin vasitəsilə vücuda gəlir. Lakin belə bir mövcudluq həqiqi deyil, ləfzi və zahiridir. Çünki həqiqi vücud kəlməyə aid deyildir. Lakin diqqət yetirmək lazımdır ki, mənanın kəlmədən bu yolla yaranması inşa cümlələrinə aid deyildir. Bunu xəbər cümlələrində və ayrı-ayrı ifadələrdə də görmək olar.
Lakin kəlmə mövcud olmadan mənanın mövcud olması yalnız iki halda ola bilər. Və bu iki haldan heç birində kəlmə mənanın yaranmasında heç bir təsir qoymur. 
1. Həqiqi vücud:
Bu kimi varlıqlar aləmdə varlığın həqiqi mahiyyətini təşkil edən cövhər və ərəz halında zahir olur. Belə bir varlığın meydana gəlməsi onun təbii amillərinin formalaşmasından asılıdır. Təbii ki, belə bir məna daşıyan kəlmələr onun təbii amillərindən hesab olunmur və onun formalaşmasında əsla dəxalət etmir. 
2. Etibari vücud:
Bu da varlığın bir növünü təşkil edir. Lakin xaricdə deyil, təsəvvür və fərz aləmində mövcud olur. Belə bir varlığın vücuda gəlməsi fərziyyəçinin etdiyi fərziyyədən asılıdır.
Bir sözlə, nə həqiqi, nə də etibari vücud ona dəlalət edən kəlmə üçün əsas şərt deyildir. Lakin qanunverici [Peyğəmbər (s)] və nəzər sahibləri bağlanılan əhd-peymanlarda inşa cümləsində etibari vücudun olmasını əsas şərtlərdən biri hesab edir. Lakin belə bir şərt və bağlılıq bundan irəli gəlir ki, kəlmə özünün həqiqi mənasında işlənmiş və onun vücuduna dəlalət etmiş olsun.
Çünki mənanın zahiri və ləfzi vücudu tək inşa cümləsinə deyil, istər xəbər, istərsə də inşa cümlələlərinin mənalarına da şamil olur.
Bu barədə irəli sürülmüş ən doğru və ən düzgün nəzəriyyə bundan ibarətdir ki, inşa cümlələrinin quruluşu hər hansı bir nəfsani mətləbin çatdırılması üçündür. Və bu da həmin  fərz olunan mətləbdir. Əmr və qadağa, əhd-peymanlar və bəzən də sifət və xüsusi hallar, ümid və arzu xarakterli cümlələr kimi dəlalət edir.
Demək, cümlə quruluşlarının hər biri nəfsani işlərin nişan və əlamətlərini təşkil edir. Bu da xəbər cümlələrindəki “bir şeyin baş verib-verməməsini bəyan etmək” və inşa cümlələrindəki “işin etibarı fərz və ya özünəməxsus sifət və hallardan ibarətdir” deməkdir.

Kitаbın аdı: Əl-bəyan

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!