PEYĞƏMBƏRLƏRİN GÜNAHSIZ OLMASININ SÜBUTLARI

:

Biz burada peyğəmbərlərin ismət və günahsızlığını sübut edən əqli və nəqli dəlilləri qısa şəkildə araşdıracağıq:

ƏQLİ DƏLİL
Şeyx Tusi “Təcridül-etiqad” kitabında peyğəmbərlərin isməti ilə əlaqədar belə dəlil gətirmişdir:

و يجب علي النّبي العصمة، ليحصل الوثوق فيحصل الغرض...

“Peyğəmbərin məsum olması vacibdir. Çünki bununla yəqinlik hasil olur və nəticədə (onların göndərilməsindəki) məqsəd gerçəkləşir...”1
Əllamə Hilli, Şeyx Tusinin bu ibarəsinin aydınlaşması üçün belə qeyd edir: “Peyğəmbərləri qəbul edənlər onların yalan danışdığını və günah etdiyini caiz bilsələr, əmrləri, qadağaları və işlərində də yalan danışdıqlarını və günah etdiklərini caiz biləcək və nəticədə göstərişlərinə etina etməyəcəklər.” Uyğun məsələni qısa və dəqiq bəyan edən bu dəlilə diqqət yetirdikdə, əqli baxımdan peyğəmbərlərin məsum olduğu qəti və zəruri görünür. Əks-təqdirdə, camaat onların kəlamlarının doğruluğuna etimad etməyəcək.

NƏQLİ DƏLİL
Qurani-Kərimin müxtəlif ayələrində peyğəmbərlərin ismət məqamı, xəta və günahdan uzaq olduqları aydın şəkildə görünür. Biz burada onların bir neçəsini qeyd etməklə kifayətlənirik:
“Nəcm” surəsinin 3-4-cü ayələrində buyurulur:

وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

“O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona ilham olunan vəhydir.”
Bu ayələrə görə, Peyğəmbərin (s) bütün buyruqları ilahi vəhyə əsaslanır. Vəhy isə iki qisimdən ibarətdir: Qurani-Kərim və Peyğəmbərin (s) hədisləri (sünnə). Qurani-Kərimin həm ifadə və ibarələri, həm də onların məna və məfhumu Allah tərəfindəndir. Peyğəmbərin (s) hədislərinin məna və məfhumu Allah tərəfindən olsa da, ifadə və ibarələri özünündür. Hər iki halda Peyğəmbər (s) özündən bir söz demir, nə deyirsə, vəhyə əsaslanır. Odur ki, o Həzrət bu məqamda tamamilə məsum, xəta və yanlışlıqlardan uzaqdır.
Bəzi ayələrdə də peyğəmbərlərin ilahi tapşırıqların icrasında, vəhyin qəbulu, mühafizəsi və təbliğində yanlışlıqlardan məsum olduğu vurğulanmışdır:
“Nisa” surəsinin 65-ci ayəsində buyurulur:

فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا

“(Ya Peyğəmbər!) Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim (münsif) etməyincə, sonra isə sənin verdiyin hökmlərinə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.”
Həmin surənin 113-cü ayəsində buyurulur:

وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّآئِفَةٌ مُّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلاُّ أَنفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا

“Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən, onlardan bir qrupu səni (hökm yürütməkdə) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah kitab və hikməti sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür.”
Ayətullah Cavadi Amuli uyğun ayələrin təfsirində yazır: “Bu ayələrdən belə qənaətə gəlirik ki, xalqın arasında mühakimə işləri səmavi kitablara, o cümlədən, Allah-Təalanın Peyğəmbəri-Əkrəmə (s) nazil etdiyi Qurana və təlim verdiyi elmə əsaslanır və burada ədalətli mühakimə üçün şərait və hadisələrin ölçü və hökmlərini tam təfərrüatı ilə bilmək şərtdir. Necə ki, “Nisa” surəsinin 113-cü ayəsi buna dəlalət edir.2
Əllamə Təbatəbai “Əl-mizan” kitabında qeyd edilən iki ayənin təfsirində yazır: “İsmət məqamının gerçəkləşməsi ona malik olan şəxsi xəta və günahdan saxlayan bir növ elmdir. Başqa sözlə, ismət məqamı zəlalət və azğınlığa mane olan elmdən ibarətdir. Necə ki, Qurani-Kərimdə buyurulur:

...وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ...

“...Allah kitab və hikməti sənə nazil etdi...”3
Bu ayədə qeyd olunan kitab və hikmətdə məqsəd vəhydir və o, Allahın Peyğəmbərə (s) öyrətdiyi elmdir.
Allah-Təalanın həmin ayənin davamında buyurduğu وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ (Bilmədiklərini sənə öyrətdi.) - kəlamındakı öyrətməkdə (elmdə) isə kitab və hikmətdən ibarət vəhy, başqa sözlə, elm nəzərdə tutulmur. Çünki bu ayə Peyğəmbəri-Əkrəmin (ə) münaqişələrdə yürütdüyü qəzavət və mühakimələrə aiddir. Odur ki, ayənin hər iki hissəsində məqsəd iki növ elmdir: biri vəhy vasitəsilə öyrədilən elm, digəri isə qəlbə ilham olunan elm.4
Demək, bu ayədə İslam Peyğəmbərinin (s) iki növ elmə sahib olduğu göstərilir. Bu ayənin nazil olması səbəbində belə nəql olunur: “Bir-biri ilə dalaşan iki nəfər Peyğəmbəri-Əkrəmə (s) şikayət etdi və hər ikisi qarşı tərəfi ittihamlandıraraq günahkar olduğunu iddia etdi. Bu zaman yuxarıdakı ayə nazil olub, haqqı batildən ayırd etdi. Bu və digər ayələrə diqqət yetirdikdə, uyğun məsələ tamamilə aydınlaşır; peyğəmbərlər, xüsusilə, “ulul-əzəm” peyğəmbərlər və onların ən üstünü olan İslam Peyğəmbəri (s) günahsız və məsumdur. Qurani-Kərimdə İslam Peyğəmbərinə (s) itaət, Allaha itaət kimi göstərilir və buyurulur:

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

“Hər kəs Peyğəmbərə itaət etsə, şübhəsiz, Allaha itaət etmişdir.”5
Fəxri-Razi bu ayənin təfsirində yazır:

من اقوى الدلائل على انه معصوم فى جميع الاوامر والنّواهى... و ايضاً وجب يكون معصوماً فى جميع افعال؛

“Bu ayə Peyğəmbərin (s) bütün əmr və qadağalarında məsum olduğuna ən tutarlı dəlildir... və həmçinin o Həzrətin bütün işlərində məsum olması da vacibdir.”6
Burada qeyd edilən (əqli və nəqli) dəlillərə əsaslanaraq belə qənaətə gəlirik ki, peyğəmbərlər, xüsusilə, onların ən fəzilətlisi olan sonuncu peyğəmbər Həzrət Muhəmməd (s) mütləq ismət məqamına malikdir. Dəlilin mütləq olduğunu nəzərə aldıqda, inanırıq ki, ismət məqamı geniş mənası ilə peyğəmbərlərin bütün həyat yönlərini əhatə etmişdir. Necə ki, Cəmil Həmud Həzrət İsa Məsihin (ə) dili ilə deyilən ...وَجَعَلَنِي نَبِيًّا وَجَعَلَنِي مُبَارَكًا... “...O, məni peyğəmbər etdi və mübarək qərar verdi...”7 - ayəsinin təfsirində belə yazır:

فلو فرضنا إنّه غير معصوم فى تشخيص الموضوعات... يستلزم هذا عدم كونه مباركاً؛

“Əgər Peyğəmbərin (s) mövzuların təyini və onlarla bağlı nəzərində məsum olmadığını (xətaya uğradığını) fərz etsək, bu, onun mübarək olmadığı ilə nəticələnəcəkdir.”8

“MƏN DƏ SİZİN KİMİ BİR BƏŞƏRƏM!” – AYƏSİNİN MƏZMUNU
Qəti əqli və nəqli dəlillərlə peyğəmbərlərin mütləq ismət məqamını sübut etdikdən sonra, “Mən də sizin kimi bir bəşərəm!” – ayəsinin məzmununu araşdırırıq ki, bu ayənin mütləq şəkildə peyğəmbərlərin, xüsusilə, İslam Peyğəmbərinin (s) ismət məqamını sübut edən ayələrini xüsusiləşdirməsi, habelə onun düzgün olduğu təqdirdə, o Həzrətin yalnız ilahi hökmlərdə məsum olduğu ilə bağlı irəli sürülən sualın cavabı aydınlaşsın.
Deməliyik ki, mütləq ismət məqamı ilə bağlı əqli dəlillərdən, ayə və rəvayətlərdən İslam Peyğəmbərinin (s) mütləq şəkildə – istər vəhyin qəbulu, mühafizəsi və təbliğində, istər günahlardan qorunmaqda, istərsə də şəriətin icrası və tətbiqi, fərdi və ictimai işlərdə məsum olduğu başa düşülür. Yuxarıdakı ayə (“Kəhf” surəsinin 110-cu ayəsi) ilə digər ayələr arasında ümumilik və xüsusilik əlaqəsi olmadığından peyğəmbərlərin bəzi hallarda məsum olduğu, bəzi hallarda isə məsum olmadığını demək yanlışdır. Əllamə Təbatəbai “Əl-mizan” kitabında “Kəhf” surəsinin 110-cu ayəsinin təfsirində yazır: “Bu ayədə “inhisar”ı bildirən “innəma” (yalnız, ancaq) sözü işlənmişdir. Bu da Peyğəmbəri-Əkrəmin (s) digər insanlar kimi bəşər olduğunu göstərir və camaatın o Həzrətə qarşı bir sıra gümanlarını aradan qaldırır. Burada camaat elə güman edirdi ki, peyğəmbərlik iddiası edənlər allahlıq və qeybi qüdrət iddiası da edə bilərlər. Odur ki, Peyğəmbəri-Əkrəmdən (s) Allahdan başqasının qadir olmadığı istəklər istəyirdilər. O Həzrət isə həmin ayəni tilavət edərək onların Allahın iznilə baş verdiyini, özünün isə yalnız peyğəmbər olduğunu və vəhy aldığını bildirir.9
Bunu da qeyd edək ki, bu ayə “Fussilət” surəsinin 5-ci ayəsində qeyd olunan müşriklərin sözlərinə cavab olaraq nazil olmuşdur. Onlar Peyğəmbəri-Əkrəmə (s):وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِّمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِن بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ...  (Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır...” – dedikdə, sözügedən ayədə onlara belə cavab verildi: “Mən də sizin kimi bir bəşərəm.” Yəni sizin aranızda yaşayır, sizin kimi yemək yeyir və danışıram. Belə isə, mənim sözlərimi necə başa düşmürsünüz?
Demək, sözügedən ayə digər ayələri məhdudlaşdırmır, əksinə müşriklərin əsassız bəhanələrini və yersiz gümanlarını aradan qaldırıb, Peyğəmbəri-Əkrəmi (s) Allahın elçisi və vəhyinin daşıyıcısı olan bir bəşər kimi tanıtdırır.

NƏTİCƏ
Peyğəmbərlər günahsız və məsumdurlar. Xüsusilə, “ulul-əzm” peyğəmbərlərdən və onların ən şərəflisi, fəzilətlisi olan İslam Peyğəmbəri (s) mütləq ismət məqamına malikdir. Bunu həm əqli, həm də nəqli dəlillər sübuta yetirir və onların mütləq şəkildə bəyan olunması ismətin geniş məna daşıdığını göstərir. Demək, “Mən də sizin kimi bir bəşərəm!” – ayəsi uyğun məsələ ilə bağlı digər ayələrin əhatəsini kiçiltmir. Şeyx Səduq (ə) bu haqda yazır: “Bizim etiqadımıza görə, peyğəmbərlər hər cəhətdən kamil, elmli və biliklidirlər. Onlar əvvəldən axıra kimi, qüsur, unutqanlıq və nadanlığa yol verməmişlər.”10
 
Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Kəşfül-mürad”, səh.155-156, Qum, “İmam Sadiq” müəssisəsi, 1-ci çap, 1375-ci h.ş. ili.
2. “Təfsiri mozuiye-Qurani-Kərim”, “Qurani-Kərimdə vəhy və nübüvvət” bölümü, Ayətullah Cavadi Amuli, 3-cü cild, səh.218-219, Qum, “İsra” nəşriyyat mərkəzi, 1-ci çap, 1381-ci h.ş. ili.
3. “Nisa” surəsi, ayə 113.
4. “Əl-mizan fi təfsiril-Quran”, 5-ci cild, səh.77-80, Qum, “İsmailyan” nəşriyyatı, 2-ci çap, 1360-cı h.ş ili.
5. “Nisa” surəsi, ayə 80.
6. “Kəbir” təfsiri, Fəxri-Razi, 9-cu cild, səh.193, Beyrut, “Daru ehyait-turasil-ərəbi” nəşriyyatı.
7. “Məryəm” surəsi, ayə 30-31.
8. “Şubhətu ilqail-məsumi nəfsuhu fit-təhlükə”, Məhəmmədcəmil Həmud, 1-ci cild, səh.320.
9. “Əl-mizan fi təfsiril-Quran”, 13-cü cild, səh.405.
10. “Əl-müsənnəfat”, Şeyx Mufid, səh.96.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!