PEYĞƏMBƏRİN MÜTLƏQ İSMƏTİ VƏ “KƏHF” SURƏSİNİN 110-CU AYƏSİ

:

Sual: Qurani-Kərimin;

مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

(Peyğəmbər sizə nə verirsə, götürün və nəyi qadağan edirsə, ondan çəkinin.)1 və həmçinin

وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

(O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona ilham olunan vəhydir.)2 – ayələrinə əsasən, Peyğəmbəri-Əkrəmin (s) (istər hökmlərdə, istərsə də mövzularda) mütləq ismətinə inanırıq. Sual budur ki, görəsən, أَنَا بَشَرٌ مِّثْلُكُمْ (Mən də sizin kimi bir bəşərəm.)3 – ayəsi bu ayələrin möhtəvasını xüsusiləşdirirmi? Əgər xüsusiləşdirirsə, həmin ayələr o Həzrətin yalnız hökmlərdəki ismətinəmi aid olacaq?
Teoloji kitablarda nübüvvət və peyğəmbərlik mövzusu ilə bağlı geniş yer tutan məsələlərdən biri də peyğəmbərlərin ismət məqamıdır. Təfsir kitablarında da bu haqda söz açılmışdır. Peyğəmbərlərin isməti haqda müxtəlif firqə alimləri arasında fikirayrılığı vardır. Burada, yalnız imamiyyə (şiə) firqəsinin baxışı spesifik xüsusiyyətə malikdir. Şeyx Müfid yazır:

ليس فى الفرق الاسلامية من يوجب لهم العصمة مطلقا... الا الشّيعة الامامية

“İslam firqələri arasında peyğəmbərlərin mütləq ismət məqamına malik olmasını yalnız imamiyyə şiələri qəbul edirlər.”4
Buna əsasən, suala münasib cavab vermək üçün ilk öncə mütləq ismətin sübutu istiqamətində söz açacaq və sonra “Mən sizin kimi bir bəşərəm!” – ayəsini izah edəcəyik.
Cavab: Öncə ismət anlamı haqda qısa məlumat verməyi lazım görürük:
İsmətin lüğəvi mənası: “Məqayisül-lüğət” kitabında “ismət” (kökü–ə, s, m.) sözünün mənası haqda yazılır: “İnsanı qoruyan məqama “ismət” deyilir.”5
İsmətin terminoloji mənası: Bəzi alimlər ismətin “lütf” mənasında olduğunu bildirmişlər. Şeyx Müfid yazır: “İsmət müsəlman sxolastiklərinin qeydlərində Allahın mərhəməti və öz ixtiyarı ilə günah və çirkin işlərdən üz çevirənlərə aid edilir.”6
Bəzi alimlər isə isməti nəfsani səciyyə kimi təbir etmişlər. Ayətullah Cavadi Amuli yazır: “İsmət həmişə məsum və günahsız insanın vücudunda görünən güclü nəfsani səciyyədir və heç vaxt qəzəb və ehtiras kimi qüvvələr ona qalib qalib gələ bilmir.”7

İSMƏTLƏ ƏDALƏTİN FƏRQİ
İsmət “nəfsani səciyyə” kimi təbir olunduğundan, sual oluna bilər ki, ismətlə ədalətin fərqi nədir? Axı, ədalət də “nəfsani səciyyə” kimi təbir olunmuşdur?
Bu iki kateqoriyanın fərqini qısa şəkildə belə açıqlamaq olar: varlıq mərtəbəsində ədalət, ismət məqamından zəifdir; səhv, unutqanlıq və qəflət ədalət məqamı ilə ziddiyyət təşkil etmədiyi halda, ismət məqamına ziddir. Həm də ədalət elmi yox, əməli səciyyələrdən sayılır.

İSMƏT MƏQAMININ BƏŞƏR ÖVLADI İLƏ UYĞUNLUĞU
Yaranmışlar içərisində insan spesifik xüsusiyyətlərə malikdir. Hikmətli Xaliq onun vücudunda bir-birinə zidd qüvvələr qoymuş və onları bir-birinə elə qarışdırmışdır ki, onun təkamül sirri də elə bundadır.
İnsan daxili qüvvələri arasında tarazlıq yaratmaqla təkamül yolunu hamarlaşdırmağa qadirdir. O, ibadət və übudiyyət sayəsində ismət məqamına nail ola bilər. Nəfsin istəklərinə əsir olan insana bu həqiqətin dərki çətin olsa da, bu uca zirvəyə çatmaq qeyri-mümkün deyil və ismət məqamı ilə bəşər övladı arasında heç bir ziddiyyət yoxdur. Hər bir insan öz varlıq ölçüsü qədər nisbi ismətə malikdir. Lakin mütləq ismət peyğəmbərlərə məxsusdur. Bunu əqli və nəqli dəlillər də sübut edir. Əgər Quranın bəzi ayələrində İslam Peyğəmbərinin (s) ümumi ismət məqamı isbat olunursa, “Mən də sizin kimi bir bəşərəm!”8 – kəlamı ilə heç də ziddiyyət təşkil etmir. Çünki bəşərin məsum olmamasına bir dəlil-sübut yoxdur. Odur ki, isməti sübut edən ayələrin sözügedən ayə ilə ümumilik və xüsusilik rabitəsi olmadığından, bu ayəyə istinad etməklə ismətin əhatəsini kiçiltmək düzgün deyildir.
Sonra qeyd edəcəyik ki, əqli və nəqli dəlillərə əsasən, peyğəmbərlər məsum və günahsızdırlar. Həmçinin onlar mütləq bəşər olmalıdır. Çünki peyğəmbərlərin göndərildiyi mühit bəşər mühitidir. Qurani-Kərim bununla bağlı müşriklərin məntiqini rədd etmişdir. Belə ki, onlar belə demişdilər:

وَقَالُوا مَالِ هَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا

“Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır?! Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?”9

“Ənam” surəsində onların dilincə belə deyilir:

وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ

“Onlar “nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?” dedilər.”10

“Əl-mizan” kitabında bu ayənin təfsirində müşriklərin istəyi ilə bağlı iki ehtimal qeyd edilir:

1. Məqsəd odur ki, mələklər nazil olub, peyğəmbərlərin vəd etdikləri əzabları gətirsinlər.

2. Mələklər peyğəmbərlik vəzifəsini öz öhdələrinə götürüb, peyğəmbər kimi onları Allaha və haqq yola dəvət etsinlər, yaxud da peyğəmbəri haqqa dəvətində təsdiq etsinlər.11

Qurani-Kərimin onların cavabında belə buyurur:

وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً...

“Əgər Biz onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) yenə də onu onu bir insan qiyafəsində göndərərdik...”12 Yəni onun zahirini də, batinini də insan edərdik.13 Hər iki surətdə bunun fərqi yoxdur; peyğəmbər və rəsul adı ilə göndərilən varlıq mütləq bəşər cinsindən olmalıdır.
Əllamə Təbatəbai bununla bağlı belə qənaətə gəlmişdir: “Bəşər cinsindən olan peyğəmbərin insanlara verdiyi faydalar mələk cinsindən olan peyğəmbərdə olmayacaqdı.”14 Buna görə də Qurani-Kərimdə ismət məqamı kimi lazımi şərtlərə malik olan peyğəmbərin bəşər cinsindən göndərilməsi adi görünür. Bunu nəzərə alaraq, biz burada öncə ismətin qisimlərini, sonra isə dəlil-sübutlarını araşdıracağıq.

Ardı var...

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Həşr” surəsi, ayə 7.
2. “Nəcm” surəsi, ayə 3-4.
3. “Kəhf” surəsi, ayə 110.
4. “Əvailul-məqalat”, Məhəmməd ibn Nöman (Şeyx Mufid), 4-cü cild, səh.165, Beyrut, “Darul-Mufid” nəşriyyatı, 2-ci çap, 1414-cü h.q. ili.
5. “Məqayisul-lüğət”, Əhməd ibn Faris ibn Zəkəriyya, 4-cü cild, səh.133, Qum, “İsmailyan” nəşriyyatı.
6. “Əvailul-məqalat”, Məhəmməd ibn Nöman (Şeyx Mufid), 4-cü cild, səh.164, Beyrut, “Darul-Mufid” nəşriyyatı, 2-ci çap, 1414-cü h.q. ili.
7. “Təfsiri mozuiye-Qurani-Kərim”, “Qurani-Kərimdə vəhy və nübüvvət” bölümü, 3-cü cild, səh.197, Qum, “İsra” nəşriyyat mərkəzi, 1-ci çap, 1381-ci h.ş. ili.
8. “Kəhf” surəsi, ayə 110.
9. “Furqan” surəsi, ayə 7.
10. “Ənam” surəsi, ayə 8.
11. “Əl-mizan fi təfsiril-Quran”, 7-ci cild, səh.20-22, Qum, “İsmailyan” nəşriyyatı.
12. “Ənam” surəsi, ayə 9.
13. “Təfsiri-nümunə”, 5-ci cild, səh.160-162.
14. “Əl-mizan fi təfsiril-Quran”, 7-ci cild, səh.23, Qum, “İsmailyan” nəşriyyatı.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!