RAMAZAN-İLAHİ ZİYAFƏT AYI

:

Ramazan - Allahın xüsusi bəndələrinin ziyafət ayı

 Hikmətli Allah Öz kitabında buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!"1 Mübarək ramazan ayının başlanması müsəlmanlar üçün həqiqətən böyük bir bayramdır. Möminlər bu ayın gəlişi münasibəti ilə bir-birini təbrik etməli və bu aydan maksimum istifadəyə çağırmalıdırlar. Çünki bu ay ilahi ziyafət ayıdır. Bu ayda Səxavətli və Kərim Allahın süfrəsində yalnız möminlər və bu ziyafətə layiqli şəxslər əyləşirlər. Bu, Allahın bütün insanların və hətta bütün məxluqların bəhrələndiyi ümumi səxavət süfrəsindən fərqli bir şeydir. Bu, Allahın xüsusi bəndələrinin süfrəsi və ziyafətidir.

Orucun insanın mənəvi təkamülünün əsas şərtlərindən biri olması
Əvvəla buyurur: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi"2. Biz bilirik ki, namaz və zəkat yalnız İslam ümmətinə məxsus deyil. Əziz İslam Peyğəmbərindən (s) qabaqkı peyğəmbərlər də namaz və zəkatı öz hökmlərinin başında qeyd etmişlər: "O... mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu".3 Həzrət İsa peyğəmbər (ə) öz dinləyicilərinə buyurur ki, Allah mənə namaz və zəkatı tövsiyə etmişdir. Quranın digər ayələrindən də bu başa düşülür. Oxuduğum birinci ayədə buyurur ki, namaz və zəkat kimi oruc da yalnız İslam ümmətinə məxsus olmayan hökmlərdəndir. Keçmiş ümmət və peyğəmbərlərə də oruc tutmaq əmr olunmuşdu.

Bu onu göstərir ki, hər bir dövrdə insanların mənəvi həyatı üçün namazın lazım olduğu və bu namaz insanla Allah arasında mənəvi əlaqə yaratdığı kimi, həmçinin zəkatın lazım olduğu və bu zəkat malın təmizlənməsi olduğu kimi, oruc da vacib və zəruridir və bu, insan təkamülünün, onun mənəvi yüksəlişinin əsas şərtlərindən biri sayılır. Əks təqdirdə, müxtəlif dinlərin dəyişməsinə rəğmən, bu xətt zaman boyu dəyişməz qalmazdı.
Əlbəttə, oruc müxtəlif dinlərdə və müxtəlif dövrlərdə fərqli formalarda olmuşdur. Lakin ac qalmaq, qarını qidasız saxlamaq, ağızı, dili və dodağı müəyyən saatlarda fiziki ləzzətlərə bağlamaq müxtəlif dinlərin orucunda da mövcud olan bir xüsusiyyətdir. Deməli, oruc insanın mənəvi yüksəlişində, ruhi təkamülündə, hidayət və tərbiyəsində əsas şərtdir.

Təqvanın təsir və faydaları, təqvasızlığın zərərləri
Buyurur ki, "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız". Yəni bu oruc təqvaya doğru pilləkan, qəlbinizdə və ruhunuzda təqva yaratmağa vasitədir. Təqva odur ki, insan özünün bütün rəftar və əməllərində ehtiyatlı olsun, gördüyü işin Allahın razılığına və əmrinə uyğun olmasına diqqət yetirsin. Belə daimi ehtiyatlılıq və çəkinmə halətinin adı təqvadır.
Təqvanın qarşı tərəfi qafillik, diqqətsizlik və ayıqlıq olmadan hərəkət etməkdir. Allah möminin diqqətsiz olmasını sevmir. Həyatın bütün işlərində möminin açıq gözü və ayıq qəlbi olmalıdır. Bu açıq göz və ayıq-sayıqlıq həyatın bütün işlərində möminə fayda yetirir, onu diqqətli edir, gördüyü işin Allahın istəyinin və dinin ziddinə olmasına imkan vermir. İnsanda bu ehtiyat yarandıqda, onun sözü, əməli, sükutu, qalxması, oturması - hər bir hərəkəti Allah-Taalanın təyin etdiyi xəttə uyğun olduqda, deməli, sözügedən diqqət və sayıqlıq haləti, yəni təqva yaranmışdır. Bu halət insanda həmişə olmalıdır. Orucun faydası budur.

Ramazan ayını və Quran baharını qənimət bilmək
Ramazan ayını qənimət bilin. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə keçirin. Dua mövsümü bu mübarək aydır. İnsan dua vasitəsi ilə həmişə Allahla əlaqə qurmalı olsa da, diqqət yetirmək lazımdır ki, Quranın "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm"4 ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında gəlmişdir. Və bu, bütün insanları, bütün bəndələri duaya və Allah zikrinə sövq və dəvət etmək üçündür.
Dua sizin qəlbinizdə Allahla yaratdığınız əlaqədir. Dua - istəmək və Allahı çağırmaqdır. İstəmək isə ümiddən sonrakı mərhələdir. Ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan heç nə istəmir. Deməli, dua ümiddir, qəbul olunmasına ümidlə yanaşıdır. Bu ümid ürəkləri işıqlandırır və duanın sayəsində cəmiyyət həvəsli və fəal olur.

Kitabın adı: İlahi ziyafət
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1.Bəqərə/183.
2.Yenə orada.
3.Məryəm/31
4.Bəqərə/186

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!