RAMAZAN FÜRSƏTLƏR AYIDIR

:

Bismillahir rəhəmanir rəhim, əlhəmdulilləhi rabbil aləmin və səlləllahu alə seyyidinə Muhəmmədin və alihit Tahirin. Salam hər vaxtınız xeyir olsun hörmətli müsəlman bacı və qardaşlarımız. İlahi ziyafət, ibadət, bağışlanmaq və fürsətlər ayı olan mübarək Ramazan ayındayıq. Bu böyük və əzəmətli ay münasibəti ilə özümə və sizlərə bir neçə tövsiyələri etmək istəyirəm.

Allah-taala Qurani-kərimin “Bəqərə” surəsi 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi, ola bilsin ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
Yaradılışın ən üstün məxluqu olan insanın, digər canlılar kimi həyat proqramına ehtiyacı var. Amma digər yaradılışlardan fərqli olaraq, insanın həyat proqramı tam olmasa da belə, ona həvalə edilib. Başqa sözlə desək, insan muxtar bir varlıq olduğu üçün, həyat proqramını tərtib etməkdə azad buraxılıb. Əlbəttə, bu proqramı insan təkbaşına tərtib etməyəcəkdi. Bəşərin tək-tək fərdlərinin eyni potensiala, baxışa, elmə, gücə və s. malik olmadığını nəzərə alsaq, tərtib etdikləri proqram da fərqli, rəngarəng, hətta ziddiyyətli olacaqdı. Bu halda, ən gözəl qanunverici təbii ki, onun yaradanı, yəni Allah-taala ola bilər. Allah da bu məsələni diqqətdən yayındırmayaraq bəşər tarixi boyu peyğəmbərlər vasitəsilə dinlər, qanunlar, bir sözlə həyat proqramı göndərərək, insanın həm maddi, həm də mənəvi səadətinin təmini üçün münbit şərait yaratmışdır. Sözsüz ki, İslam dini bu həyat proqramının ən mükəmməlidir. Məhz İslam qanunları insanın dünya və axirət səadətini təmin etmək gücünə malikdir. Bu reallığa çatmaq üçün təbii ki, İslam qanunlarını əsas tutmalı, bacardıqca bütün göstərişlərini yerli-yerində həyata keçirməliyik. Oruc tutmaq da, həmin göstərişlər kateqoriyasına daxildir. Oruc tutmaq, həm də İslamın ikinci dərəcəli prinsiplərindəndir və namazdan sonra ikinci önəmli bir əməl kimi daim müsəlmanların diqqət mərkəzində olmuşdur. Allah-taala insanlara fürsətlər yaratmışdır ki, axirətini təmin edib səadətə yetişsin.

Ramazan ayı fürsətlər ayıdır
Fürsət tapma: İnsanın həyatı boyu ən ümdə ehtiyaclarından biri hədəfinə çatmaq üçün fürsət tapmasıdır. Həyat axarı boyunca, adətən, fürsətlər sürətli və ötəri olur. Həzrət Əli (ə) bunu gözəl bir bənzətmə ilə bəyan edir: “Fürsətlər buludlar kimi sürətlə keçir”.
Ramazan ayı, “Qədr” gecələri, məsumların mövlud və şəhadətləri, Ərəfə günü, gənclik dönəmi, sağlamlıq müddəti kimi müxtəlif zamanlarda; müqəddəs məkanları ziyarət, müəllim, dost, həyat yoldaşı, həmkar və bu qəbildən olan fərqli münasibətlərdə qərarlaşan fürsətlərdən yararlanmaq böyük nailiyyətə, onları əldən çıxarmaq isə məğlubiyyətə gətirib çıxarır.
Fürsət tanıma: Zaman, məkan və münasibətdən asılı olmayaraq hər bir fürsətdən ali və cüzi dərəcədə istifadə etmək olar. Bəziləri fürsətlərin ali dərəcəsini unudaraq, ondan cüzi istifadəyə qane olur. Məsələn, böyük insanlardan böyük hədiyyə almaq mümkün olduğu təqdirdə, kiçik hədiyyə ummaqla kifayətlənir.
Fürsət yaratma: Ümidsizlik cəmiyyətin əsas problemlərindəndir. Ümidsizlik əksər hallarda məhdudiyyət, məhrumiyyət və bəlalardan qaynaqlanır. Əslində cismi, ailə daxili, iqtisadi, siyasi bu və ya digər məhdudiyyətlər müstəsna fürsətlərin yaranmasına ən gözəl zəmin ola bilərlər. Hər bir problem və məhdudiyyət daxilində iki nemət; ilahi hikmət və şəxsi istedadların kəşfi gizlidir.
Nəticə etibarı ilə Ramazan ayı ən münasib, ən dəyərli, ən qurucu, ən şirin fürsətlərdəndir. İslam Peyğəmbəri (s) bu xüsusda buyurur: “İnsanlar Ramazan ayında hansı xeyirlərin (fürsətlərin) olduğunu bilsəydilər, Allahdan bütün ilin Ramazan olmasını diləyərdilər”.

İndi də, mübarək Ramazan ayında qərarlaşan əvəzsiz fürsətlərin bir neçəsinə işarə edirik:
Ramazan çalışqanlığı artırma fürsətidir; Keçmişin nizamlanması və gələcək tədarükü yolunda Ramazan ayı qədər heç bir fürsət təsirli deyildir.
Ramazan proqramlaşma və nizam-intizam fürsətidir; Nizam-intizam proqramlaşma və sistematikliyin səmərəsidir. Ramazan ayında ibadi proqramlar dindarları nizam-intizamlı etməklə yanaşı, etiqadlı və etiqadsız şəxslərə də təsirsiz ötüşmür.
Ramazan maariflənmə fürsətidir; Dini maarifin o cümlədən ayə, hədis, tarix və Məsum (ə)-ın sünnəsi, ədəb, əxlaq və etiqadların təhlili, tədqiqatı və şərhi digər aylardan fərqli olaraq bu ayda daha bərəkətli və mətlubdur. Belə məqamda dini münazirələrin, mübahisələrin, sual-cavabların, şübhələrin yaranmasına gözəl zəmin yaranır. Hər bir məsələ Əhli-beyt (ə)-ın sünnəsi, elmi, etiqadı vasitəsilə öz həllini tapdığı təqdirdə, insanlarda dini etiqadlar güclənir, bəndəliyə meyillilik artır.
Ramazan Qurani-kərimə diqqət fürsətidir; Qurani-kərim İslam Peyğəmbəri Məhəmməd (s)-ın yadigarı, səmavi kitab, Allahın kəlamı, insanlıq salnaməsi, aşkar və gizli dərdlərin şəfası, bəşər həyatının yaşayış formulu kimi digər aylardan fərqli olaraq Ramazan ayında daha diqqət mərkəzində olur. Ayələr haqda təfəkkür, onlara əməl, özünə və başqalarına tövsiyə olunmalı və dəyərlərinin qorunması istiqamətində səy göstərilməlidir.
Ramazan dua və münacat fürsətidir; Dua yaradanla aşiqanə əlaqə mexanizmi kimi bu ayda daha arzuolunandır. Ramazan ayı bəhanəsi ilə Quran duaları və Məsum (ə)-dan nəql olunan digər müxtəlif duaların məzmunu ilə tanış olur, bəhrələnirik. Bu mübarək ayda oxunan dualar və münacatlar bəşərin düşdüyü hazırkı böhranı həll etmə yolunda ən gözəl vasitədir.
Ramazan, təqva və dəyər qazanma fürsətidir; Ramazan ayının tələbləri sırasına ictimai asayişə riayət, günahlardan qorunmaq, xoşagəlməz adətlərdən, pis rəftarlardan çəkinmə, habelə Ramazan ayının ehtiramını gözləmə məsələləri də daxildir. Ramazan Allahın adlarından sayılır ki, bu da ilahi təqvaya işarədir. İnsan təqvalı olduqca Allahın hüzuruna daha da yaxınlaşır. Əgər otuz gün ərzində bu tapşırığı yerinə yetirsə nəticədə özündə təqva müşahidə edəcəkdir.
Ramazan, Allahla dostluq fürsətidir; Bəşərin bugünkü ən qlobal və ən böyük problemi öz yaradanından ayrı düşməsidir. Ramazan ayında imsaka durmaq, gecəni oyaq qalmaq, aclıq, susuzluq, münacat, dua, iftar anları və digər məqamlar Allahla yaranan fasiləni yaxınlaşdırmaq üçün gözəl fürsətlərdir. Uca və mehriban Allah bəndələrini şeytan cəngindən qurtarmaq üçün sanki pusquda durub hər bir bəhanə ilə xam xəyalla Allahdan qaçanları mehr və məhəbbət dolu ağuşuna geri qaytarmaq istəyir.
Ramazan humanistlik fürsətidir; Bu aydakı aclıq və susuzluq yoxsul və biçarələrin halını, habelə Qiyamət gününün aclıq və susuzluğunu insana xatırladır. Aclığın və məhrumiyyətin aradan qaldırılması üçün atılan addımlar aclıq dərdi yaşananda daha effektiv olur. Duaların birində belə deyilir: “İlahi! Bütün acları doydur!” Duanın incəliyi humanistlik hissini gücləndirməsindədir. İnsan xudbin olduğu təqdirdə qürur, təkəbbür, həsəd və paxıllıq kimi mənfi xüsusiyyətlərə mübtəla olacaq, əks halda isə ehsan, fədakarlıq, güzəşt, təvazökarlıq, xeyirxahlıq, bəxş etmə, humanistlik və s. kimi əxlaqi dəyərlərə sahib olacaqdır.
Ramazan, kin-küdurətdən uzaqlaşma fürsətidir; İlahi ziyafətdən istifadə etmək bir çox maneələri aradan qaldırır ki, onların ən başlıcası Allahın bəndələrinə ədavət və həsəd bəsləməkdir. Bu ayda insanların bir süfrə arxasında əyləşməsi, kütləvi şəkildə edilən dualar, qılınan namazlar, diqqətlərin ilahi rəhmət və feyzə yönəlməsi kin-küdurət və s. kimi mənfi xüsusiyyətlərin minimum həddə düşməsinə gətirib çıxarır.
Ramazan, ruhi xəstəliklərin müalicəsi fürsətidir; İnsanın həqiqətini bədən və ruh təşkil edir. Qidalanma, sağlamlıq, xəstəlik kimi məsələlər hər ikisi üçün keçərlidir. Digər aylarda daha çox bədənə qulluq edilirsə, iştahasızlıq, zəhərlənmə kimi hallarda həkimə müraciət olunursa, bu ayda da ruhun duaya, namaza, mənəvi məsələlərə iştahını artırmaq üçün ən gözəl fürsətdir.

Allah-taaladan mübarək Ramazan ayında bizlərə nəsib etdiyi əvəzsiz fürsətlərdən layiqincə istifadə edənlərdən və bağışlanan bəndələrindən qərar verməsni arzu edirik. Vəslalamu əleykum və rahmətullahi və bərəkatuh.

Kitabın adı: "Ramazan fürsətlər ayı"
Müəllif: Seyyid Azər Əhmədoğlu
Hazırladı: Elçin Səfaquliyev

 

 

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!