ETİKAF VƏ ONUN QAYDASI
ETİKAFIN MƏNASI
Lüğətdə etikaf sözünün mənası bir yerdə dayanmaq və dində olan mənası isə ibadət qəsdilə aşağıda deyiləcək şəraitdə məsciddə dayanmaqdır. Etikaf saxlayan şəxsə mötəkif deyilir.
İnsan etikafda olarkən həm otura, həm ayaq üstə, həm də yata bilər.
ETİKAFIN QİSMLƏRİ
Etikaf iki qismdir: müstəhəb və vacib etikaf. Əslində etikaf özü-özlüyündə müstəhəb əməldir, lakin bəzi səbəblərə əsasən vacib olması mümkündür.
Misal olaraq qeyd edək ki, nəzr, əhd və and içmə yolu ilə vacib olan etikaf. Yəni insan Allah ilə əhd bağlayır ki, əgər filan işdə müvəffəq olsam, yaxud filan xəstəlikdən şəfa tapsam bir neçə gün məsciddə etikafda qalaram. Belə olan təqdirdə etikaf o şəxsə vacib olacaq.
ETİKAFIN VAXTI
İl ərzində hər vaxt insan ən azı üç gün niyyət edib məsciddə qalaraq oruc tutarsa etikafı düzgündür, lakin etikafın ən yaxşı zamanı mübarək Ramazan ayı və məxsusən bu mübarək ayın son on günündə olan üç gündür.
MÖTƏKİFİN (ETİKAF EDƏN ŞƏXSİN) ŞƏRTLƏRİ
1. Ağıllı olmalıdır (dəli insan mötəkif ola bilməz)
2. Mömin olmalıdır (mömin olmayan üçün etikaf səhih deyil)
3. Qürbət qəsdi ilə olmalıdır (riya yaxud kimsənin görməsi üçün olarsa etikaf batildir)
4. Etikaf günlərində oruc tutmaq
5. İcazəsi vacib olan şəxsin icazə alması (məsələn xanımın öz həyat yoldaşından, övladın öz valideynindən icazə alması və s.)
ETİKAFIN ŞƏRTLƏRİ
1. Üç gündən az olmamalıdır
2. Məsciddə olmalıdır
3. Məsciddə davamlı olaraq qalmaq və oradan çıxmamaq (yalnız zərurət halları istisnadır)
ETİKAFIN NİYYƏTİ
Etikafın da niyyəti başqa ibadətlər kimi qürbət qəsdi (Allaha yaxınlaşmaq niyyəti) ilə olmalıdır. Bundan başqa niyyətlə olarsa etikaf batildir. Etikaf edən hətta niyyət etsə ki, Allaha yaxınlaşmaq qəsdi ilə sabah etikaf olaram elə bu niyyətlə də etikafı başlayarsa etikafı səhihdir.
ETİKAFIN ORUCU
1. İnsan etikaf günlərində gərək üç gün oruc tutsun. Buna görə də kimsə oruc tutmaq şəraiti yoxdursa, məsələn səfərdə olarsa, xəstə olarsa və s. və yaxud kimsə bilərəkdən oruc tutmazsa etikafı düzgün olmaz.
2. Orucun etikafa məxsus olması lazım deyil və hər oruc olarsa səhihdir məsələn etikaf günlərində boynunda olan hər hansı bir orucu (qəza, nəzir və s.) tutarsa düzgündür.
ETİKAFIN MÜDDƏTİ
Etikaf ən azı üç gün olmalıdır və ondan az olarsa düzgün deyildir, lakin üç gündən çox olar. Üç günün başlanma müddətinə gəlincə birinci günün sübh azanından başlanaraq üçüncü günün məğribinə qədər davam edir. Buna görə də əgər mötəkif birinci gün fəcr çıxdıqdan sonra məscidə çatarsa hətta bir neçə dəqiqə gecikərək məscidə çatarsa həmin gün etikafdan sayılmayacaq və həmçinin əgər üçüncü günün də məğribindən qabaq etikafı kəsərək məscidi tərk edərsə haram əməl görməklə yanaşı etikafı da batil olacaq. Deyilən bu üç gün, gecə və gündüzlə birlikdə olmalıdır, kimsə gündüzü qalıb, gecəni məscidi tərk edərsə yenə etikaf batil olacaq.
ETİKAF HANSI MƏKANLARDA OLA BİLƏR?
Etikaf yalnız məsciddə olmalıdır buna görə də kimsə evində, yaxud Hüseyniyyədə, yaxud hansısa məsum İmamın (ə) hərəmində olarsa səhih olmaz. Məscidlərə gəlincə hər məsciddə etikaf saxlamaq olmaz və yalnız aşağıdakı məscidlərdə etikaf saxlamaq düzgündür.
1.Məscidul Həram
2.Məscidun Nəbi (Peyğəmbər (s) məscidi)
3.Küfənin cami məscidi
4.Həmçinin rəca (ümid) qəsdi ilə (yəni yaxşı əməlin yerinə yetirilməsi və savab ümidi ilə) hər məntəqənin cami məscidində etikaf keçirmək olar.
CAMİ MƏSCİDİ NƏDİR?
Adətən cəmiyyəti digər məscidlərdən çox olan məscidə cami məscid deyilir. Yaxud elə məscidə deyilir ki, əhalinin çox toplaşması üçün nəzərdə tutulub və kiçik bir dəstə, yaxud əhalisi az olan məhəllə üçün nəzərdə tutulmayan bir məscid olsun.
MÖTƏKİF HANSI HALDA MƏSCİDİ TƏRK EDƏ BİLƏR?
Aşağıdakı hallarda mötəkif məscidi tərk edə bilər:
1. Məhkəmədə şəhadət vermək üçün
2. Müsəlman cənazəsinin dəfni üçün. Bu o haldadır ki, meyid bir növ mötəkifə bağlı olsun, məsələn elə olsun ki, ürfi baxımdan mötəkif o dəfn mərasimində iştirak etməsi zəruri sayılsın.
BƏZİ HALLARDA MƏSCİDİ TƏRK ETMƏK VACİBDİR
1. Cənabət qüslu almaq üçün
2. Borcu olan şəxs borcunu tələb edərsə. Əgər məsciddə onu qaytara bilərsə vacibdir məsciddə qaytarsın.
3. Məsciddən çıxmağa məcbur olan başqa vacib işlər üçün (zəruri ehtiyaclar).
3. Məsciddən çıxmaq vacib olan təqdirdə mötəkif çıxmazsa günah iş görməsinə baxmayaraq etikafı batil olmaz. Yalnız cənabət halında məsciddə qalması istisnadır bu halda etikafı batildir.
4. Kimsə unutqanlıq üzündən məscidi tərk edərsə etikafı batil olmaz.
MÖTƏKİFƏ HARAM OLAN ŞEYLƏR
1. Ətir və xoş qoxulu bitkilərdən istifadə etmək.
2. Alış-veriş
3. Dünyəvi və dini işlərdə mübahisə etmək. Bu o haldadır ki, kiməsə qələbə gəlmək fikrində olsun, yəni özünü göstərmək üçün müqabil tərəfi məğlub etmək niyyətində olsun.
4. Müxalif cinsə şəhvətlə yaxınlaşmaq.
5. İstimna (insanın özündən məni xaric etməsi)
6. Mötəkif gündüzlər oruc tutmalı və orucu batil edən bütün işlərdən çəkinməlidir. Orucu batil edən işlər etikafı da batil edir.
7. Orucu batil edən digər haram işlərdən gecələr də edərsə etikaf batil olacaq.
Mənbə: Əhkame Etikaf
Müəllif: Məhəmmədhüseyn Fəllahzadə
Mütərcim: R.Mahmudzadə