12-Cİ MÜNAZİRƏ - I hissə

:

MÜXALİFLƏRİN MÜAVİYƏ İLƏ YEZİDİN XİLAFƏTLƏRİNİ MÜDAFİƏ ETMƏLƏRİ VƏ ONLARIN CAVABI (25 rəcəb, bazar axşamı 1345-ci il)
Söhbətin davamı: Əgər biz zahirdə Rəsulullahın (s) məsum Əhli-beytinin qəbirlərinin önündə dururuqsa, bu heç də ölülərin qəbirlərilə danışırıq demək deyildir.

Əksinə, yaşayanların və canlıların önündə durub, onlarla danışırıq. Biz ölüyə tapınmırıq. Biz Allaha tapınırıq, Allah onların cisim və ruhlarını yaşatmaqdadır.
Görəsən, Əmirəl-möminin həzrət Əli (ə), Seyyidüş-şühəda həzrət Hüseyn (ə), Bədr və Ühüd, Hüseyn və Kərbəlada şəhid olanlar, din yolunda, haqq yolunda can vermədilərmi? Qüreyş, Bəni-Üməyyə, Yezid və yezidilərin (dinin həqiqətlərini inkar edib, dini əsərləri yox etmək istəyirdilər) zülmlərinə qarşı qiyam edib, canlarını müqəddəs İslam dini və «La ilahə İllallah» kəlməsi üçün fəda etmədilərmi?!
Necə ki, Rəsulallahın (s) səhabəsinin cihadları, Bədr, Ühüd və Hüneyn şəhidlərinin fədakarlıqları küfr və şirkin kökünü qazımış və tövhid kəlməsini ucaltmışlarsa, eyni şəkildə, imam Hüseyn (ə) da İslamın güclənməsi üçün qiyam etmişdir. Əgər imam Hüseynin (ə) qiyamı olmasaydı, Yezid İslamın kökünü qazıb, fasiq inanc və batini küfrünü İslam cəmiyyətinə yerləşdirmək qərarında idi.

MÜXALİFLƏRİN MÜAVİYƏ İLƏ YEZİDİN XİLAFƏTLƏRİNİ MÜDAFİƏ ETMƏLƏRİ VƏ ONLARIN CAVABI
Şeyx: «Sizin kimi şəxsin, müsəlmanların xəlifəsi Yezid ibn Müaviyəni kafir və fasiq elan etməsi, həqiqətən təəccüblüdür. Siz, Əmirəl-möminin və möminlərin dayısı Müaviyə ibn Əbi Süfyanın Yezidi xilafət məqamına qoyduğunu və Müaviyəni isə, ΙΙ xəlifə Ömər və ΙΙΙ xəlifə olan məzlum Osmanın (r.z) Şama müsəlmanların əmiri olaraq təyin etdiyini bilmirsiniz? Xilafətə layiq olduğu üçün də, xalq onları qəbul etmişdi. Siz müsəlmanların xəlifəsinə küfr, mürtəd nisbətiylə, onların xilafətini qəbul edən bütün müsəlmanlari və onları xilafət məqamına gətirən öncəki xəlifələri də təhqir etdiniz.
Yezid xilafəti dövründə, sadəcə bir xəta və tərki-ovla (Yaxşı bir işi tərk etmək) etdi. Onun xilafəti dövründə Rəsulullahın (s) reyhanəsini qətl etdilər. Bu iş isə əfv edilə bilər, çünki bilmədən səhvən baş verən bir əməldir. Bax, o, buna görə də, tövbə etdi. Bağışlayan Allah da, onun günahından keçdi. Çünki imam Qəzali və Dimyəri bu mövzunu kitablarında geniş şəkildə qeyd etmiş və xəlifə Yezidin təmizlik və paklığını isbat etmişlər».
Dəvətçi: «Təəssüb dərəcənizin, təcavüzkar və alçaq Yezidi müdafiə edəcək qədər çox olduğuna heç inanmazdım.
Buyurduğunuz bu anlamdakı «Onun (Yezidin) atası onu xilafət məqamına gətirdikləri üçün müsəlmanların onu kor-koranə qəbul edib, sözünə təslim olmaları lazım gəlir» – sözünüzə gəlincə, bu sözünüz də, əql sahiblərinə görə, xüsusilə elm, hikmət və (sözdə) hürriyyət dövrü olan bu zamanda qəbul edilə biləcək bir şey yoxdur.
Bax buna görə biz, bu cür çətinliklərə düçar olmamaq üçün xəlifənin məsum olması və Allah tərəfindən təyin edilməsinin vacibliyinə inanırıq.
«İmam Qəzali, Dimyəri və başqa bu kimilər Yezidin etdiklərini müdafiə etmişlər» – sözünüzə gəlincə də, onların da, sizin kimi, təəssübləri ağıllarına və elmlərinə qalib gəlmişdir. Təəssübü ağlına qalib gəlməyən heç bir kəs, Yezid kimi çirkin bir insanın müdafiəsinə qalxmaz. Çünki Yezidin müdafiə ediləcək heç bir əməli yoxdur.
«Yezid sadəcə bir xəta və səhv etdi, o da imam Hüseynin şəhid edilməsidir» – sözünüzə gəlincə də, əvvəlcə bunu bilin ki, heç bir günahı olmadan böyüklü-kiçikli 72 nəfərlə bərabər Rəsulullahın (s) bədəninin bir parçası olan imam Hüseynin (ə) şəhid edilməsi, onların namuslarının kafir əsirləri kimi əsir alınması sadəcə bir xəta deyil, əksinə böyük günahlardandır. Sonra Yezidin çirkin əməlləri və kafirliliyinin səbəbi, sadəcə imam Hüseyni (ə) şəhid etdiyi üçün deyildir. Onun küfr və mürtədliyini sübut edən bir çox dəlillər vardır».
Nəvvab: «Əgər Yezidin küfr və mürtədliyini isbatlayan daha aydın dəlillər varsa, onları söyləməyinizi rica edirəm.

YEZİDİN KÜFR VƏ MÜRTƏDLİYİNƏ DAİR DƏLİLLƏR
Dəvətçi: «Yezidin küfr və mürtədliyinə dair bir çox dəlil vardır. Məsələn, o həm sözlərində, həm də şeirlərində içindəki küfrünü büruzə vermişdir. Xüsusilə şəraba aid şeirləri açıq dəlillərdir.

Məsələn, bir şeirində belə deyir:
Üzüm şərabı hər sübh mənim əlimdə doğur,
Hər axşam isə, mənim ağzımda batır.
Əgər şərab Mühəmmədin dinində haramdırsa,
O halda, onu İsa Məsihin dininə görə iç.

Başqa bir şeirində belə deyir:
Dünya sadəcə, bu dünyadır ki, var,
Bu aləmdən başqa bir aləm yoxdur.
Əgər həqiqətən belədirsə, bəs niyə mən,
Bu aləmin ləzzətlərindən əl çəkməliyəm?!

Bu şeirlərin hamısı onun divanında mövcuddur. Əbul-Fərəc ibn Cuzi «Ər-rəddu ələl-Mütəəsibil-ənid» adlı kitabında dediklərim qeyd olunmuşdur. Onun kafir, dinsiz və mülhid olduğuna dair dəlillərdən bir digəri, Sibt ibn Cuzinin «Təzkirə»də və babası Əbul-Fərəcin geniş şəkildə nəql etdiyi şeirlərdir. O şeirlərindən birinin əvvəlində (sevgilisinə xitab edərək) belə deyir:

Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə,
Çünki sakit və yavaş danışmağı sevmirəm mən.
Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir.
O, qəlbləri saz və sözdən uzaqlaşdırır.

Çünki «Dikul-cin» adı ilə tanınan və şiənin böyük fəqih, alim, fazil və ədiblərindən olan İbrahim ibn İshaq, Abbasi xəlifələrindən Harun ər-Rəşidin yanında Yezidin bütün şeirlərini oxuduqda, Harun Yezidə lənət edərək, belə dedi: «Bu zındıq və dinsiz, Yaradanı və qiyaməti tamamilə inkar etmişdir».
Yezidin küfrünə dəlalət edən dəlillərdən digəri də, həzrət Peyğəmbərin övladını şəhid etdikdən sonra şənliklər təşkil etməsi və Abdullah ibn Zəbariyə aid olan küfr şeirlərini oxumasıdır. Sibt ibn Cuzi, Əbu Reyhan Biruni və başqa bu kimi alimlər bu şeirləri qeyd etmişlər. Yezid bu şeirlərdə, müşrik və kafir olan və böyük Bədr döyüşündə Allah və Rəsulunun əmri ilə öldürülən atalarının dirilməsini arzu edir. Şeirin 2-ci və 5-ci beytlərini Yezid özünə həsr etmişdir. O, bu şeiri, müsəlman, yəhudi və xristianların yanında oxunmuşdur. O şeir budur:

Kaş ki, Bədr döyüşündə ölən qəbiləmin başçıları,
Xəzrəc qəbiləsinin (Ühüd döyüşündə) məğlubiyətini görəydilər.
Görsəydilər, sevinərək deyərdilər: «Əlinə sağlıq, ey Yezid».
Bədrdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək, bərabərləşdik.
Bəni-Haşim, səltənətlə oyun oynadılar.
Nə göydən bir xəbər gəlmiş və nə də vəhy nazil olmuş.
Bəni-Əhməd övladlarından intiqam alamasam, Mən Xəndəf (Xəndəf – Yezidin babalarından birinin adıdır) ailəsindən deyiləm.
Biz qanımızın əvəzini, Əlinin igid və qəhraman oğlunu öldürməklə aldıq.

Əbul-Fərəc, Şeyx Abdullah ibn Məhəmməd ibn Əmir Şibravi «Əl-İthaf bi-Hubbil-Əşrəf»də, Xətib Xarəzmi «Məqtəlul-Hüseyn» adlı kitabının ΙΙ cildində və s. alimləriniz yazırlar ki, məlun Yezid, imam Hüseynin (ə) mübarək dodağına və dişlərinə əlindəki çubuq ilə vuraraq, bu dediyim şeirləri söyləmişdi.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!