25-Cİ MÜNAZİRƏ - I hissə

:

XİLAFƏTƏ ƏN LAYİQ ŞƏXS ƏLİ (ə) İDİ. 29 rəcəb, cümə axşamı, 1345-ci il.
Hafiz: «Söhbətlərinizdə iki qəribə söz istifadə etdiniz. Birincisi, «qəbirqazan Əbu Ubeydə» deyirsiniz. Bu möhtərəm şəxsin qəbirqazan olduğu sizə haradan məlumdur?

İkincisi, dediniz ki, «Əli, haşimilər və əshabdan bəzisi beyət etmədi; hətta müxalifət belə etdilər». Halbuki bütün mühəddis və tarixçilər onların hamısının beyət etdiklərini yazmışlar».
Dəvətçi: «Belə anlaşılır ki, kitablarınızı dərindən, diqqətlə araşdırmamısınız.
Əvvəla, Əbu Ubeydəyə «qəbirqazan» biz deməmişik; bunu kitablarınız da qeyd etmişlər. İbn Kəsir Şami «Əl-Bidayətu vən-Nihayə» kitabının 5-ci cildinin 266-cı səhifəsində «Rəsulullahın (s) dəfni» babında belə yazmışdır: «Əbu Ubeydə Cərrah qəbirləri məkkəlilər kimi qazırdı. İbn Abbas, Rəsulullaha (s) qəbir qazmaları üçün bir nəfərə göstəriş verdi, başqa birisini də Mədinənin qəbirqazanı olan Əbu Təlhənin arxasınca göndərdi».
İkincisi, «Əli, Bəni-Haşim və əshabın hamısı beyət etdilər» sözünüzə gəlincə, bəli, siz təkcə «beyət etdilər» kəlməsini oxuyub keçirsiniz; amma o beyətin həqiqəti haqqında, «nə zaman və necə beyət etdilər?» – deyə düşünmürsünüz. Bütün böyük mühəddis və tarixçiləriniz yazmışlar ki, Əli (ə) və Bəni-Haşim zahirdə beyət etmişdilər, amma altı aydan, o da zorla, ölümlə təhdiddən və bir sıra məhrumiyyət və məcburiyyətdən sonra».
Hafiz: «Sizin kimi şərif bir insanın avam şiənin inandığı və söylədiyi sözü ağzına alıb deməsi, həqiqətən, qəribədir. Şiənin cahilləri: «həzrət Əlini zor və təhdidlə beyət üçün apardılar» – deyirlər. Halbuki, o cənab, Əbu Bəkrin xilafətinin ilk günlərində onun xilafətinə istək və rəğbətlə təslim olmuşdu».

HƏZRƏT ƏLİ (Ə) VƏ BƏNİ-HAŞİMİN BEYƏTİ ALTI AYDAN SONRA TƏHDİDLƏ BAŞ VERDİ
Dəvətçi: «Əli (ə) və haşimilərin elə ilk gündən beyət etdiyini söylədiniz. Hesab edirəm, bu iddianız məlumatsızlıqdan qaynaqlanır. Çunki tarixçilərinizin ümumi həzrət Əlinin Peyğəmbəri-əkrəmin (s) əziz qızı Fatimeyi-Zəhranın (s.ə) vəfatından sonra beyət etdiyini yazırlar. Bu səbəbdən Buxari «Səhih»in 3-cü cildinin 37-ci səhifəsində – «Xeybər döyüşü» babında və Müslim ibn Həccac «Səhih»in 5-ci cildinin 154-cü səhifəsində – «Qovlun-Nəbi la nuvərrisu» babında belə nəql edir: «Həzrət Əli Fatimənin vəfatından sonra beyət etdi».
Abdullah ibn Müslim ibn Quteybə Dinvəri (ö/t: 276-cı il) «Əl-İmamətu vəs-siyasət» kitabının 14-cü səhifəsinin sonunda belə deyir: «Həzrət Fatimə vəfat etməyənə qədər həzrət Əli beyət etmədi».
Ancaq sizin İbn Quteybə kimi bəzi alimləriniz həzrət Fatimənin (s.ə) Rəsulullahın (s) vəfatından 75 gün sonra vəfat etdiyi fikrindədir. Amma tarixçilərinizin ümumi həzrət Fatimənin vəfatının Rəsulullahın vəfatından 6 ay sonra olduğunu bildirirlər. Son nəticə olaraq məlum olur k, həzrət Əli və haşimilər 6 ay sonra beyət etmişlər. Bu səbəbdən Məsudi «Murucuz-zəhəb» kitabının 1-ci cildinin 414-cü səhifəsində belə demişdir: «Fatimə həyatda olduğu müddətdə haşimilərdən heç kim beyət etmədi»..
Xülasə, böyük alimləriniz öz mötəbər kitablarında həzrət Əlinin əvvəlcədən beyət etmədiyini, əksinə uzun bir müddət keçdikdən sonra bəzi səbəblərə görə məcburən beyət etdiyini nəql etmişlər.
Kufəli Əhməd ibn Əsəm Şafei «Futuh»da, Əbu Nasir Həmidi «Cəmun beynəs-səhihəyn»də Nafedən, o da Zuhridən həzrət Əlinin (ə) 6 ay ərzində beyət etmədiyini nəql etmişdir.
«Şiənin avam xalqının inandığı və söylədiyi sözləri deyirsiniz» iddianıza gəlincə; bu ifadəmə görə üzr istəyirəm, siz heç məsələni anlaya bilməmisiniz! Bunlar avamın inancı deyil, alimin və mühəqqiqin inancıdır. Bu məsələlər kitablarınızda olduğu halda bizi niyə ittiham edirsiniz?! Allaha and olsun ki, hər qövmün alimləri avam xalqı aldatdığına görə məsuliyyət daşıyır. Sizin bu cür danışmağınızdan, onlar elə zənn edirlər ki, guya bu sözləri biz uydurmuşuq; halbuki, bu sözləri böyük alimləriniz söyləmişlər».
Hafiz: «Alimlərimiz nə vaxt, harada; «Əlini zorla, sürüyərək beyət etməyə məscidə apardılar, evinin qapısını yandırdılar» demişlər? Bu cür sözlər, şiələrin dilində məşhurdur, məclislərində təəssüflə nəql edirlər; «Fatiməni incitdilər, uşağını saldılar» – deyərək, hissləri təhrik edirlər».
Dəvətçi: «Möhtərəm ağalar, ya həqiqətən mütaliəniz çox azdır, ya da bilərək və sələfinizə bağlanıb, zavallı və məzlum şiələri öz avam millətinizin yanında ittiham edib, bu cümlələrlə sələfinizi təmizə çıxarmağa çalışırsınız. Bax, buna görə «Bu sözləri şiələr uydurmuşdur» – deyir və yazırsınız. Halbuki, vəziyyət belə deyildir. Daha əvvəl də ərz etdim ki, bu tarixi hadisələri təkcə şiələr nəql etməmişlər; sizin böyük və insaflı alimləriniz də yazmışlar. Amma bəziləri təəssüblərinə görə nəql etməkdən çəkinmişlər. Əgər istəyirsinizsə, günahsız olduğumuzu və tarixin söylədiklərindən başqa bir şey söyləmədiyimizi isbat etmək üçün məclisin vaxtı imkan verdiyi qədərilə etibarlı alimlərinizdən gələn bir neçə rəvayəti nəql edim».
Hafiz: «Buyurun, dinləməyə hazırıq».

HƏZRƏT ƏLİNİ (Ə) QILINC GÜCÜNƏ MƏSCİDƏ APARDIQLARINA DAİR ON İKİ DƏLİL
Dəvətçi: «Sizin məhşur və etibarlı mühəddis və tarixçilərinizin əksəriyyəti öz mötəbər kitablarında bu barədə qeyd etmişlər:
1. Əbu Cəfər Bəlazəri (Əhməd ibn Yəhya ibn Cabir Bağdadi, «Tarix» kitabında belə nəql etmişdir: «Əbu Bəkr həzrət Əlini beyət üçün çağırdı, amma o, qəbul etmədi. Öməri göndərdi, o da evi yandırmaq üçün od gətirdi. Həzrət Fatimə (s.ə) qapıda onu gördükdə buyurdu: «Ey Xəttabın oğlu! Evimi yandırmaq üçün gəlmisən?!» Ömər; «Bəli! Bu iş, (xilafət) atanın gətirdiyindən (risalətdən) daha əhəmiyyətlidir» – deyə cavab verdi.
2. İzzəddin ibn Əbil Hədid Mötəzili və Məhəmməd ibn Cərir Təbəri belə nəql etmişdir: «Ömər, Üseyd ibn Xüzeyr, Sələmə ibn Əsləm və bir qrup insanla Əlinin qapısına gəldi. Ömər: «Çölə çıxın! Çıxmayacağınız təqdirdə evinizi yandıracağam» – deyə qışqırdı».
3. İbn Xuzabə «Qurər» adlı kitabında Zeyd ibn Əsləmin belə dediyini rəvayət edir: «Mən, odun toplayıb Ömərlə Fatimənin qapısına gedənlərdən biriyəm. Əli və əshabı beyət etməkdən çəkinmişdilər. Ömər Fatiməyə dedi: «Bu evdə kim varsa bayıra çıxsın! Əks təqdirdə, evi və evdə olanları yandıracağam». Evdə Əli, oğlu Həsən və Hüseyn, Fatimə (ə), Bəni-Haşim və əshab da var idi.
Fatimə dedi: «Evi və uşaqları yandırmaq istəyirsən?». Ömər: «Bəli, Allaha and olsun ki, bayıra çıxıb Peyğəmbərin xəlifəsinə beyət etmələri üçün bu işi edəcəyəm».
4. İbn Əbdurəbbih «İqdul-fərid» kitabının 3-cü cildinin 63-cü səhifəsində belə yazır: «Əli və Abbas Fatimənin evində oturmuşdular. Əbu Bəkr Ömərə dedi: «Get, onları beyət etmək üçün buraya gətir. Gəlməsələr, onlarla döyüş!»
Ömər əlinə od götürüb, evi yandırmağa getdi. Fatimə qapıya gələrək belə dedi: «Ey Xəttabın oğlu! Evimizi yandırmaq üçün gəlmisən?!». Ömər: «Bəli!...» – dedi.
5. İbn Əbil Hədid Mötəzili «Nəhcül-bəlağənin şərhi»nin 1-ci cildinin 134-cü səhifəsində «Səqifeyi-Cövhəri» kitabından nəql edərək, Bəni-Saidənin “Səqifə” hadisəsini geniş şəkildə nəql etmişdir: «Haşimilər Əlinin evində toplaşmışdılar. Zübeyr də onlarla bərabər idi; çünki özünü haşimilərdən bilirdi. (Həzrət Əli (ə) buyurmuşdur: “Zübeyr həmişə bizimlə idi. Ancaq uşaqları böyüdükdən sonra onu bizdən ayırdılar”.)
Ömər bir qrup əsgərlə Fatimənin (ə) evinə getdi. Üseyd və Sələmə də onunla birlikdə idilər.  Ömər belə dedi:  «Çölə cıxın! Beyət edin!». Lakin onlar beyət etməkdən çəkindilər. Zübeyr qılıncını çəkərək bayıra çıxdı. Ömər: «Bu köpəyi tutun!» – dedi. Sələmə ibn Əsləm qılıncı alıb divara vurdu. Bu vaxt Əlini çəkərək, qollarından tutub Əbu Bəkrin yanına apardılar. Haşimilər də o həzrətlə birlikdə gəlib, nə baş verəcəyini izləyirdilər. Əli (ə): «Mən Allahın quluyam, Rəsulullahın qardaşıyam» – deyirdi. Amma heç kim əhəmiyyət vermədi.
Nəhayət, onu Əbu Bəkrin yanına gətirdilər. Əbu Bəkr: «Beyət et!» – dedikdə, həzrət Əli cavabında belə buyurdu: «Mən bu məqama daha layiqəm, sizə beyət etmirəm; sizin mənə beyət etməyiniz lazımdır. «Rəsulullaha (s) daha yaxınıq» – deyərək xilafəti ənsarın əlindən qopartdınız. Eyni dəlillə mən də sizə müraciət edirəm. Bu halda insaflı olun; necə ki, ənsar sizə qarşı insaflı davrandı. Allahdan qorxun, haqqımızı etiraf edin. Əgər belə etməsəniz, bilin ki, mənə zülm etmiş olarsınız».
Bu əsnada Ömər: «Beyət etməsən səni buraxmayacayıq» – dedi. Həzrət Əli də cavabında belə buyurdu: «Bir-birinizlə yaxşı anlaşmısınız! Bu gün onun üçün çalışırsan ki, sabah o, bu məqamı sənə ötürsün. Allaha and olsun ki, sənin sözünü qəbul edərək ona beyət etməyəcəyəm».
Sonra üzünü xalqa çevirərək belə buyurdu: «Ey mühacirlər! Allahdan qorxun! Allahın Mühəmməd ailəsinə verdiyi hakimiyyəti onlardan almayın; onları öz haqq və məqamlarından uzaqlaşdırmayın. Aranızda Allahın kitabını və Rəsulullahın sünnəsini bizdən daha yaxşı bilən və dini tam mənası ilə qavrayan bir kəs yoxdur. Allaha and olsun ki, bunların hamısı bizdədir. Elə isə, nəfsinizə uyaraq, haqdan uzaqlaşmayın».
Həzrət Əli beyət etmədən evinə qayıtdı. Həzrət Fatimə həyatda olduğu müddət ərzində evində oturub, beyət etmədi. Amma onun vəfatından sonra beyət etmək məcburiyyətində qaldı».
6. Uzun illər Deynəvərdə rəsmən qazılıq etmiş və hicri 276-cı ildə vəfat edən Əbu Məhəmməd ibn Müslim ibn Quteybə ibn Əmr Bahili Deynəvəri «Tarixi-xulafayi-Raşidin və dövləti-Əməvi» (“Əl-İmamətu vəs-siyasət” adıyla məşhurdur.) kitabının 1-ci cildinin 13-cü səhifəsində Səqifə hədisəsini geniş açıqlayaraq, mövzuya bu təbirlə başlayır: «Əbu Bəkr əshabdan bir qrupun beyət etmədiyini və Əlinin (ə) evində toplaşdıqlarını öyrəndikdə, Ömərdən onların beyət etmələri üçün evdən çölə çıxartmasını istədi. Amma onlar çölə çıxmaqdan imtina etdilər.
Ömər onların bu hərəkətini gördükdə odun toplatdırıb belə dedi: «Ömərin canı əlində olan Allaha and olsun ki, ya bayıra çıxacaqsınız, ya da evi içindəkilərlə birlikdə yandıracağam». Camaat: «Ey Əba Həfs (Ömərin künyəsi)! Rəsulullahın qızı Fatimə də bu evdədir!» – deyə etiraz etdilər. Ömər: «O, olsa da belə! Evi yandıracağam!» – dedi. Bu vaxt evdəkilər bayıra çıxıb, beyət etdilər. Amma həzrət Əli beyət etməkdən çəkinərək dedi: «Mən Quranı toplayıb qurtarmayınca çölə çıxmayacağam! Bayırlıq libasımı geyməyəcəyimə dair and içmişəm». Ömər yenə də qəbul etmədi. Ancaq həzrət Fatimənin ağlaması, xalqın da qınaması ilə Ömər Əbu Bəkrin yanına dönüb, həzrət Əlidən beyət alması üçün onu təhrik etdi. Əbu Bəkr bir neçə dəfə Qunfuzu Əlinin qapısına göndərdi. Amma hər dəfə «yox!» cavabı aldı.
Sonda Ömər bir qrup əsgərlə birlikdə həzrət Fatimənin evinə gəlib, qapını döydü. Həzrət Fatimə onların səsini eşitcək, uca səslə belə fəryad etdi: «Atacan! Ya Rəsuləllah! Səndən sonra Ömər ibn Xəttab və Əbu Bəkr ibn Əbu Quhafədən nələr çəkdik!»
Camaat Fatimənin (s.ə) fəryadını eşidcək geri döndü. Amma Ömər bir neçə əsgərlə qaldı və onlar zorla həzrət Əlini Əbu Bəkrin yanına apardılar. «Tez ol, Əbu Bəkrə beyət et!» –  dedilər. həzrət Əli: «Beyət etməsəm nə edəcəksiniz?» buyurduqda, dedilər: «Bu halda Allaha and olsun ki, boynunu vurarıq». Həzrət Əli buyurdu: «Allahın qulu və Rəsulullahın qardaşını öldürəcəksiniz?!». Ömər dedi: «Sən Rəsulullahın (s) qardaşı deyilsən!»
Əbu Bəkr onun bu sözləri qarşısında sakit durub heç bir şey söyləmədi. Ömər Əbu Bəkrə tərəf dönərək dedi: «Bütün bu işləri sənin əmrinlə etmirikmi?» Əbu Bəkr də: «Fatimə həyatda olduğu müddətdə onu məcbur edə bilmərik» – dedi.
Həzrət Əli Rəsulullahın qəbrinin üstünə gələrək, gözüyaşlı halda Harunun qardaşı Musaya dediklərini həzrət Peyğəmbərə ərz etdi. Allah-taala Quranda Harunun Musaya belə dediyini nəql etmişdir: «Ey anam oğlu, bu camaat məni zəiflətdi, az qala məni öldürəcəkdi.» (“Əraf” surəsi, ayə 150.)
Deynəvəri hadisəni geniş şəkildə rəvayət etdikdən sonra belə deyir: «Həzrət Əli beyət etməyərək, evinə qayıtdı. Sonra Əbu Bəkr və Ömər həzrət Fatimənin razılığını əldə etmək üçün onun evinə gəldilər. Fatimə onlara belə buyurdu: «Allah şahid olsun ki, sizin ikiniz də məni incitdiniz. Atama qovuşana qədər hər namazda sizə bəd dua edəcəyəm; sizdən atama şikayət edəcəyəm».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!