25-Cİ MÜNAZİRƏ - II hissə

:

İNSAFLA HÖKM VERMƏK LAZIMDIR
Allah xatirinə ağalar, insaflı olun; görəsən, icmanın mənası budur? Rəsulullahın (s) əshabını zorla, qorxutmaqla, ölümlə hədələyərək və evi yandırmaqla beyət etməyə aparıb adını icma qoymaları doğrudurmu?!

Allaha and olsun ki, əgər hadisəyə ədalətlə, diqqətlə baxsanız, onların əməllərinin siyasi oyun olduğunu təsdiq edərsiniz. Amma şiə camaatı Rəsulullahın (s) əmri istiqamətində hərəkət edərək, o həzrətin Əhli-beytinin (ə) ətrafında toplanmışdır; Peyğəmbəri-əkrəm «Quran və Əhli-beytimə sarılın» buyurduğuna görə onlardan ayrılmamış, başqalarına deyil, təkcə onlara itaət etmişlər!
7. Əhməd ibn Əbdüləziz Cövhəri «Səqifə» kitabında Əbul-Əsvədə istinadən belə demişdir: «Əshab və mühacirlərdən bir qrup Əbu Bəkrin beyəti xüsusunda onlarla məsləhətləşmədiklərinə görə əsəbiləşib, beyət etmədilər. Əli və Zübeyr də əsəbiləşərək beyət etməyib Fatimənin evinə getdilər. Bu vaxt Ömər, Üseyd ibn Xüzeyr, Sələmə ibn Səlamə (hər ikisi də Bəni-Əbduləşhəl qəbiləsindəndir) və bir qrup camaatla birlikdə Fatimənin evinə hücum etdi. Fatimə hər nə qədər ağladı, sızladı və rica etdisə də, fayda vermədi. Əli ilə Zübeyrin qılınclarını aldılar. Qılınclarını divara vurub qırdılar və zorla onları Məscidi-Nəbiyə beyət etməyə apardılar!»
8. Cövhəri Sələmə ibn Əbdürrəhmandan rəvayət etmişdir: «Əbu Bəkr minbərdə oturduqda, Əli, Zübeyr və haşimilərdən bir qrup şəxsin Fatimənin evində toplandığını eşitdi. Bundan sonra Öməri onların gətirməsi üçün göndərdi. O, Fatimənin evinin qapısına gəlib: «Çölə çıxın, əks təqdirdə Allaha and olsun ki, evi sizinlə birlikdə yandıracağam» – dedi».
9. İbn Əbil Hədidin «Nəhcül-bəlağənin şərhi» kitabının 1-ci cildinin 19-cu səhifəsində yazdığına görə Cövhəri, Şəbiyə istinad edərək, belə nəql etmişdir: «Əbu Bəkr, haşimilərin Əlinin evində toplandıqlarını öyrəndikdə Ömərdən: «Xalid haradadır?» – deyə soruşdu. Ömər də: «Buradadır» – dedi. Əbu Bəkr dedi: «Elə isə gedin, Əli və Zübeyri beyət etmələri üçün çölə çıxarın».
Ömər və Xalid Fatimənin evinə getdilər. Ömər içəri girdi, Xalid də qapıda gözlədi. Ömər Zübeyrdən «Bu qılınc nədir?» – deyə soruşdu. Zübeyr də cavabında: «Bunu Əliyə beyət etmək üçün hazırlamışam» – dedi. Ömər Zübeyrin qılıncını dartıb əlindən alaraq, daşa vurub sındırdı. Sonra Zübeyrin yaxasından tutub çəkərək, bayıra çıxartdı və Xalidə təslim edib təkrar evə döndü.
Evdə Miqdad və Bəni-Haşimdən bir çox adam var idi. Həzrət Əliyə: «Qalx, gedək Əbu Bəkrə beyət et!» – dedi. Həzrət Əli getməkdən imtina etdi. Buna görə də həzrət Əlinin əlindən tutub onu bayıra çəkdi. O həzrəti də Xalidə təslim etdi. Çöldə Xalidlə birlikdə bir çox əsgər də var idi. Əbu Bəkr onları Ömərə yardım etmələri üçün göndərmişdi.
Nəhayət, Ömər və Xalid həzrət Əlini darta-darta zorla apardılar; camaat da torlaşıb bu hadisəni seyr edirdi. Həzrət Fatimə Ömərin hərəkətlərini gördükdə, yanına təsəlliyə gələn qadınlarla bərabər çölə çıxdı. Fəryad edib, yüksək səslə ağlamağa başladı. Əbu Bəkrin yanına yetişdikdə, ona sərt bir tərzdə belə buyurdu: «Rəsulullahdan sonra onun Əhli-beytinin evinə basqın etdiniz! Allaha and olsun ki, Allaha qovuşanadək Ömərlə danışmayacağam». (Həzrət Fatimə (s.ə.), həyatda olduğu müddətdə onlarla danışmayaraq, öz andı və əhdinə vəfalı qaldı.)
Bu səbəbdən Buxari və Müslim «Səhih»lərində belə yazmışlar: «Fatimə Əbu Bəkrə qəzəbləndi və vəfat edənə qədər də onunla danışmadı». (Bu sözlər “Səhihi-Buxari” kitabının 5 və 7-ci cildlərində nəql edilmişdir.)
10. Uzun illər Hənəfi məzhəbinin Hələbdə qazisi olan (ö/t: Hicri 815-ci il) Əbu Vəlid Muhibbiddin Məhəmməd ibn Məhəmməd ibn Şəhnə Hənəfi «Rovzətul-mənazir fi əxbaril-əvaili vəl-əvaxir» adlı kitabında Səqifə hədisəsində od vurub yandırmaq məsələsini belə açıqlıyır: «Ömər həzrət Əlinin evini və içində olanları yandırmaq üçün gəlmişdi. Həzrət Fatiməylə qarşılaşdıqda dedi: «Ümmətin daxil olduğu şeyə (beyətə) siz də daxil olun...» (Yəni beyət edənlər kimi, siz də beyət edin.)
11. Təbəri «Tarix» kitabının 2-ci cildinin 443-cü səhifəsində Ziyad ibn Küleybdən belə nəql edir: «Təlhə, Zübeyr və mühacirlərdən bir qrup həzrət Əlinin evində idilər. Ömər ibn Xəttab gələrək belə dedi: «Beyət üçün bayıra çıxın; əks təqdirdə, hamınızı yandıraçağam».
12. İbn Şəhnə İbn Kəsirin «Kamil» kitabının haşiyəsində (cild 11, səh.112) Səqifə hədisini belə yazmışdır: «Bəni-Haşim və əshabdan bəziləri məsələn: Zübeyr, Ütbə ibn Əbu Ləhəb, Xalid ibn Səid ibn As, Miqdad ibn Əsvəd Kəndi, Salman Farsi, Əbuzər Qəffari, Əmmar ibn Yasir, Bərra ibn Azib, Übeyy ibn Kəb Əbu Bəkrə beyət etməkdən imtina edib, Əliyə (ə) meyilləri olduğu üçün onun evində toplanmışdılar. Evdə olanları yandırmaq məqsədi ilə gəlib qapıda həzrət Fatimi ilə qarşılaşan Ömər ibn Xəttab dedi: «Xalqın daxil olduğu şeyə (beyətə) siz də daxil olun».
Bu sözlərin şahidi hər iki tərəfin qəbul etdiyi çox dəyərli alim, fazil və tarixçi Əbül-Həsən Əli ibn Hüseyn Məsudidir. O, «Mürucuz-zəhəb» kitabının 2-ci cildinin 100-cü səhifəsində Məkkədə özünü xəlifə elan edən Abdullah ibn Zübeyrin  hadisələrini belə yazmışdır:  «Bəni-Haşim həzrət Əlinin oğlu Məhəmməd ibn Hənəfiyə ilə Şöbu-Əbi Talibdə toplandıqları zaman, Abdullahın ordusu onları mühasirəyə alıb yandırmaq üçün çoxlu odun gətirdi. Sonra odunlara od vurub alovlandırdılar. Amma bununla birlikdə yenə də bəni-Haşim təslim olmadı. Nəhayət, Muxtarın ordusu gələrək, onları xilas etdi».
Bunları nəql edərkən belə deyir: «Nofəli öz kitabında belə nəql etmişdir: «Abdullahın qardaşı Ürvə ibn Zübeyr, Şübu-Əbi Talibin mühasirəsi hadisəsi haqqında bir məclisdə söz açdıqda, camaat oranı yandırdıqlarını və Abdullahın haşimilərə etdiklərini qınayarkən belə üzr gətirdi: «Qardaşım Abdullah günahkar deyil. Onun od vurmaqda məqsədi, ancaq Bəni-Haşimi qorxutmaq üçün idi. Bu səbəbdən keçmişdə də Bəni-Haşim (Əbu Bəkrə) beyət etməkdən çəkindikdə, təslim olub beyət etmələri üçün evlərinin ətrafına odun toplayıb onları yandırmaqla qorxutmuşdular. Qardaşım Abdullah da onların etdiklərindən başqa bir şey etməmişdir!»
Bunlar sizin böyük alimlərinizin yazıb nəql etdikləri sözlərdən sadəcə bir neçə misal idi. Bu hadisə insaflı və tərəfsiz alimlərin yanında çox açıq və qətidir.
Hafiz: «Bu rəvayətlər göstərir ki, odu sadəcə Əbu Bəkrin xilafətinə müxalifət edənlərin toplantısını dağıtmaq və onları qorxutmaq üçün gətirmişdilər. Amma şiələr: «Həzrət Fatimənin (ə) evinin qapısını yandırdılar. Onu qapı ilə divar arasında qoyaraq Möhsin adındakı altıaylıq körpəsini bətnindən saldılar» – deyə bir qrup sözlər uydurmuşlar!»

HƏZRƏT FATİMƏNİN (Ə) UŞAĞININ DÜŞMƏSİNƏ DAİR RƏVAYƏTLƏR
Dəvətçi: «Bir az əvvəl ərz etdim ki, vaxtımız qısa olduğuna görə, nəql olan xəbərləri yığcam şəkildə çatdırmağa çalışdım. Bu mövzuda rəvayət çoxdur. Sadəcə bunu bildirmək istədim ki, müvəhhid və axirətə inanan təqvalı şiələr yalan söyləməzlər və heç kimə qarşı şəxsi-qərəz və düşmənçilikləri də yoxdur! Hər iki tərəfin qəbul etdiyi məşhur tarixçi və dəyərli alim Əbul Həsən ibn Əli ibn Hüseyn Məsudinin (Ölüm tarixi: hicri 347-ci il.) «Murucuz-zəhəb» adlı əsərinə müraciət etməniz çox yaxşı olardı.
Məsudi o günün hadisələrini geniş şəkildə nəql edərək belə deyir: «... həzrət Əlinin evinə hücum edib onun qapısını yandırdılar və evdən olanları zorla çölə çıxartdılar. Xanımlar xanımı Fatiməni isə qapı ilə divar arasında sıxdılar; bu əsnada Möhsin adlı uşağı düşdü».
Bilin ki, bu deyilənlər şiələrin uydurması deyil, əksinə tarixə düşən hadisələrdir. Tarixdə baş verən hadisələr tamamilə aradan getmir; əgər bəziləri o hadisələri yazmaqdan çəkinsə də, digər insaflı insanlar onları yazıb qorumuşlar.
Siqt hadisəsi tarixdə günəşdən daha aydındır. Ancaq bəzi alimlər xəlifələrini sevdiklərinə görə həqiqətləri gizlədib, susmağı məqsədə uyğun bildilər. Lakin bəzi tarixçilər hadisələri qələmə alaraq, bizim iddiamıza bir dəlil oldular.
Səlahəddin Xəlil ibn Əbik Sifdi «Vafi bil-vəfəyat» adlı əsərində «Əlif hərfli adlar siyahısında İbrahim ibn Səyyar ibn Hani Bəsrinin (Nəzzam Mötəzili adı ilə məşhurdur) söz və inanclarını nəql edərkən onun belə dediyini yazır: «Ömər beyət günü Fatimənin qarnına bir zərbə vurdu. Bu zərbə nəticəsində Fatimənin Möhsin adlanan uşağı düşdü».
Bu halda möhtərəm ağalar, əbəs yerə keçmişlərinizə uyub, şiələrə iftira yaxmayın! Hər şeydən xəbərsiz, avam xalqın yanında «bu sözləri şiələr özlərindən çıxarmışlar, bizim xəlifələr Əli və Fatiməni incitməmişlər, əksinə onlar xəlifələrin xilafətinə razı idilər» – deyərək bizi günahlandırmayın, məsələni yanlış çatdırmayın».
Fatimənin (s.ə) evini yandırmaq cəhdi, beyət etdirmək üçün Əli (ə) və haşimilərə təzyiq edilməsi, onlara qarşı zorakılıq əmələri və s. zülmlər öz insaflı alimlərinizin mötəbər kitablarında qeyd edilmişdir. Əgər etirazınız varsa, Bəlazəri, Təbəri, İbn Xizabə, İbn Əbdürəbbih, Cövhəri, Məsudi, Nəzzam, İbn Əbil Hədid, İbn Quteybə, İbn Şəhnə və Hafiz İbrahim kimi böyük alimlərinizə etiraz edin! «Nəyə görə kitablarınızda yazmısınız?» – deyə onları sorğu-sual edin. Söylədiklərimizin hamısı sabit mənbələr əsasındadır; həvayi-nəfsə və cahilcəsinə təəssübə görə deyildir!».
Hafiz: «Bu cür sözləri nəql etməyin nə faydası vardır? Nifaq, münaqişə, kin, təfriqə və ikitirəlikdən başqa heç bir faydası yoxdur!»

HAQQI MÜDAFİƏ ETMƏK LAZIMDIR
Dəvətçi: «Əvvəla, etirazınız varsa, etirazınızı bu cür sözləri yazıb nəql edən alimlərinizə edin. Qətiyyən haqq daimi olaraq pərdə arxasında qalmaz, tarix aradan getməz: «Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O, istəsəydi, hamınızı doğru yola yönəldərdi». (“Ənam” surəsi, ayə 149.)
Hər qövm və millətin içində həqiqətləri yazan qərəzsiz, təəssübsüz və əməlisaleh insanlar tapılır. Bunlar sizin insaflı alimləriniz kimi həqiqətləri öz kitablarında yazaraq, onu pərdə arxasından göz önünə çıxartdılar.
İkincisi, «Bunları nə üçün söyləyib yazırsınız?» iradınıza gəlincə, bilin ki, bu soz və yazılar sizin vicdansız, ağılsız, iftiraçı və təfriqə salan yazar və alimlərinizin hücumları qarşısında özünümüdafiədir!
Bu cür alim və yazarlar hər şeydən xəbərsiz müsəlmanların arasına təfriqə salmaq üçün məsələni din qardaşlarımıza yanlış çatdırırlar. Müvəhhid mömin şiələri «kafir», «müşrik»  olaraq tanıtdırırlar. «Bu cür tarixi hadisə və həqiqətləri şiələr uydurmuşdur» – deyərək, saf insanların beyinlərini doldururlar.
Biz də öz haqqımızı müdafiə etmək məcburiyyətindəyik; dünyanın dörd bir tərəfində yaşayan ziyalı müsəlman qardaşlarımıza «Biz Əhli-beyt şiələri, yəni Əli və Ali-Əli övladının dostları «La ilahə illallah Muhəmmədən Rəsulullah» deyir və Əmirəl-möminin Əli (ə) haqqında həzrət Peyğəmbərin (s) buyurduğundan başqa bir şey söyləmirik» demək istəyirik.
Keçən gecələrdə əqli və nəqli dəlillərlə sübut etdik ki, biz həzrət Əlini Allahın saleh bəndəsi, Rəsulullahın sünnəsi ilə gedən həqiqi xəlifəsi, vəsisi və qardaşı bilirik və Allah rızası üçün olmayan hər əməlin əleyhinəyik.
Buyururdunuz ki, nə üçün söyləyirsiniz, həqiqətləri söyləməyin nə faydası vardır? Siz söyləməyin, biz də söyləməyək; siz yazmayın, biz də yazmayaq. Vacib olan haqq və həqiqətləri müdafiə etməyimiz zəruridir. Biz söyləmirik, amma bizi söyləməyə məcbur edirsiniz. Bax, bu gecə «bunlar şiənin avamının etiqadıdır, həqiqəti yoxdur» deməsəydiniz, mən də məclisdə iştirak edən qardaşlara «bu deyilən sözlər şiənin avam qisminin sözləri deyildir; əksinə əhli-sünnənin insaflı alimlərinin etiqadıdır» deməyə məcbur olmazdım. Elə bu səbəbdən onlardan bəzi misalları hüzurunuza ərz etdim. Pak müvəhhid olan biz şiələr, kitab, sünnə, əql və icmaya söykənən səhih inanclardan başqa bir şeyə inanmaz və haqqın xaricində hər hansı  bir söz söyləmərik».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!