18-Cİ MÜNAZİRƏ - II hissə

:

ŞAHİD VƏ NÜMUNƏLƏR
«Yusif» surəsinin 39-cu ayəsində də görüldüyü kimi həzrət Yusif (ə) zindanda olduğu müddətdə iki yoldaşı vardı. Ayədə belə buyrulur: «Ey mənim iki zindan yoldaşlarım! Ayrı-ayrı dağınıq Tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan tək bir Allah?!».

Müfəssirlər bu ayə haqqında belə deyirlər: Yusifi zindana gətirdikdə, şahın aşbazı və xidmətçisi olan iki kafiri də onunla birlikdə zindana saldılar. Bu üç nəfər beş il müddətində bir yerdə qaldılar. Ayədə görüldüyü kimi həzrət Yusif (ə) onlara «yoldaşlarım» deyə xitab edir. Görəsən, Peyğəmbərin o iki kafirə yoldaş deyə xitab etməsi onların fəzilət və şərəflərini isbatlamaqdadır, yoxsa onlar iman gətirmişdilər? Halbuki müfəssir və tarixçilərin hamısı, onların beş il yoldaşlıq etdikdən sonra kafir olaraq həzrət Yusifin yanından ayrıldıqlarını söyləyirlər.
“Kəhf” surəsinin 37-ci ayəsində də Allah-taala belə buyurur: «Onunla danışmaqda olan yoldaşı ona dedi: «Səni əvvəlcə torpaqdan, sonra bir damla nütfədən [spermadan] yaradan və daha sonra adam şəklinə salan Allaha küfr edirsənmi?!».
Sizin böyük alimlərinizdən olan Fəxri Razinin də «Təfsiri-Kəbir»də nəql etdiyi kimi, müfəssirlərin ümumi bu ayə haqqında belə deyirlər: Biri mömin, digəri də kafir olan iki qardaş var idi. Möminin adı «Yəhuda», kafirin isə «Bəradus» idi. Aralarında olan söhbət uzun olduğu üçün nəql etmirəm. Ancaq görürsünüz ki, Allah-taala, biri mömin, digəri də kafir olmasına baxmayaraq, onları «qardaş» adlandıraraq xüsusiyyətləndirir. Görəsən, möminin kafirlə qardaş olması, kafirə hər hansı bir fayda verdimi? Cavab mümkünsüzdür. Demək ki, biri ilə yoldaş olmaq tək başına fəzilət və üstünlük üçün yetərli deyildir. Bu mövzu üçün bir çox dəlil var, amma vaxtımız bundan çoxunu deməyə imkan vermir.
Rəsulullahın (s) Əbu Bəkrə «Allah bizimlə bərabərdir» – deyə buyurması Allahın daima onunla bərabər olduğu və bunun da onun üstünlüyü və xilafətinin isbatı üçün dəlil təşkil etdiyi iddianıza gəlincə; ən yaxşısı bu mövzudakı inancınızı yenidən gözdən keçirin. Çünki belə dediyinizdə sizə etiraz edərək belə deyərlər: «Allah yalnız mömin və övliyalarla bərabərdir? Mömin olmayan biri ilə bərabər deyilmi?». Görəsən, bir yer var ki, Allah orada olmasın? Bir kəs varmı ki, Allah onunla bərabər olmasın? Bir məclisdə həm mömin həm də kafir olarsa, Allahın yalnız möminlə bərabər olduğunu amma kafirlə olmadığını ağıl qəbul edərmi? Bu səbəbdən Allah-taala Quranın «Mücadilə» surəsinin 7-ci ayəsində belə buyurur: «Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini bilmirsən? Aralarında pıçıldaşan (gizlin söhbət edən) üç kimsə yoxdur ki, Allah dördüncüləri olmasın. Beş kimsə yoxdur ki, altıncısı da mütləq O olmasın. Bundan istər az, istər çox olsunlar. Harda olsalar olsunlar [Allah] onlarladır. Sonra qiyamət günü onlara etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi dəqiq biləndir».
Bu və buna bənzər ayələrə, əqli və nəqli dəlillərə görə, istər mömin olsun istər kafir, istər dost, istər düşmən, istərsə də münafiq olsun Allah hər kəslə bərabərdir. İki nəfər bir arada olsa və biri digərinə «Allah bizimlə bərabərdir» – deyərsə, bu qarşı tərəfin fəzilətli olduğunu isbat etməz.
Bu səbəbdən əgər iki yaxşı adam, ya da iki pis adam, ya da biri yaxşı digəri pis olan iki nəfər bir yerdə olsalar, yenə də Allah onlarla bərabərdir».
Şeyx: «Allah bizimlədir» – sözündən məqsəd, yəni biz Allahın sevimli qullarıyıq. Çünki Allaha yönəldik, Allah üçün və Allahın dinini qorumaqdan ötürü hərəkət etdik. Bu səbəbdən Allahın lütfü bizi əhatə etməkdədir».

HƏQİQƏTİN GÖZLƏR ÖNÜNDƏ AÇILMASI
Dəvətçi: «Bunun mənası dediyiniz şəkildə olsa belə, yenə sizə etiraz edərək deyəcəklər ki, belə bir şey heç bir kəsin əbədi səadətinə dəlil olmaz. Çünki Allah qulların əməllərinə baxar. Bir zaman əməlləri yaxşı olar, Allahın rəhmət və lütfü onlara şamil olar. Sonra pis əməlləri nəticə və imtahan qarşısında cavab verə bilmədikləri üçün Allah onlara qəzəb edib onları rəhmətindən məhrum etmiş və onlar da məlun olmuşlar.
Bu səbəbdən İblis illər boyu Allaha xalis niyyətlə ibadət etdi. Amma Allahın əmrinə üsyan etdiyi, həvayi-həvəsinə tabe olduğu an Allahın rəhmətindən məhrum edilərək qiyamətə qədər lənətlənmiş oldu. Allah-taala ona belə buyurdu: «Buyurdu: «Oradan [Cənnətdən] çıx! Sən [dərgahımdan] qovulmusan. Sən qiyamət gününə kimi lənətlənmişsən» («Hicr» surəsi, ayə 34-35).
Bilirsiniz, misal dedikdə irad tutulmaz. Bunları mövzunun yaxşı bir şəkildə anlaşıla bilməsi üçün söyləyirəm.
İnsanlar da eynidir; onların da arasında elələri vardır ki, əvvəldə Allahın dostlarıydılar. Amma imtahan vaxtı yetişdikdə, Allahın düşməni halına gəldilər. Burada misal olaraq iki nəfərin macərasına toxunacaqam. Qurani-kərimin insanların ibrət alması və ümmətdən olan qafillərinin oyanması üçün onlara işarə etmişdir.

BƏLAM İBN BAURA
Onlardan biri Bəlam ibn Bauradır. Bəlam həzrət Musanın (ə) zamanında Allaha o qədər çox yaxın idi ki, Allah ona ismi-əzəmini öyrətmişdi. Bir dəfə dua etməklə həzrət Musanı (ə) «Tiyh» vadisində çaşqın hala gətirmişdir. Amma imtahan vaxtı gəldikdə, məqam sevgisi onu Allaha üsyana və şeytana itaət etməyə vadar etmişdir. Beləcə Cəhənnəmi də satın almışdır. Müfəssir və tarixçilərin hamısı onun vəziyyətini yazmışlar. Fəxri Razi də öz təfsirinin ΙV cildinin 463-cü səhifəsində İbn Abbas, İbn Məsud və Mücahiddən nəqlən onun hekayəsini nəql edirlər. Allah-taala «Əraf» surəsinin 175-ci ayəsində belə buyurur: «Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də oxu! Bu şəxs nəhayət özünü ayələrdən ayırdı. Şeytan onu özünə tabe etdi və beləcə o, azğınlardan oldu».

ABİD BƏRSİSA
Başqa biri isə Abid Bərsisadır. Bu da əvvələdə Allaha elə yaxın idi ki, duaları qəbul olurdu. Amma imtahan edildikdə sonu xeyirli olmadı. Şeytanın hiyləsinə aldanaraq bir qızla zina etdi. Bu səbəbdən də bütün zəhmətləri boşa çıxdı. Sonra dar ağacına asılaraq kafir olaraq dünyadan getdi. Bunun üçün Allah-taala Qurani-kərimdə belə buyurur: «Şeytanın [aldatmasına] bənzəyir ki, insana dedi: «Kafir ol!». Kafir olduqda isə ona dedi: «Mən səndən uzağam, mən aləmlərin rəbbi olan Allahdan qorxuram». Beləliklə, hər ikisinin aqibəti od içində əbədi qalmaq oldu. Zülmkarların cəzası isə budur» («Həşr» surəsi, ayə 16-17).
Demək ki, bir insandan bir zaman yaxşı bir əməl görülürsə, bu onun aqibətinin xeyirli olacağını isbatlamaz. Onun üçün də belə dua etməmiz buyurulmuşdur: «Allahım, işlərimin sonunu xeyirli et»!
«Ayrıca, «Məani-bəyan» elmində belə bir qayda vardır: Bir cümlədə bir şey məxsus vurğulanarsa, bunun səbəbi dinləyicinin (xitab olunanın) şəkk-şübhədə olduğu üçündür. Ayənin ismi cümlə və təşdidli “in” ilə başlaması, qarşı tərəfin əqidəsinin azğınlığını, təzəlzül və təvəhhümə qapıldığını, şübhədə olduğunu göstərir».
Şeyx: «İnsaflı olun bir az. Sizin kimi bir şəxsin bu mövzuda İblis, Bəlam Baura və Bərsisanı misal gətirməsi doğru deyil».
Dəvətçi: «İrad tutmayın, bir az əvvəl təşbih və misalda, inadkarlıq göstərib münaqişə edilməz dediyimi eşitmədinizmi?! Elmi və məzhəbi münazirələrdə təşbih və misalar mövzunun yaxşı anlaşıla bilməsi üçün gətirilir. Allah şahiddir ki, misal və şahid gətirərkən heç bir zaman hörmətsizlik niyyətim olmayıbdır. Sadəcə öz nəzər və əqidəmi isbat etmək üçün yadımda olanları söylədim».
Şeyx: «Ayənin özündə Əbu Bəkrin fəzilətini isbat edən əlamət vardır. Çünki ayədə belə buyurur: «Fəənzələ səkinətəhu əleyh» (Allah, sükunətini ona endirdi.) “Səkinətəhu” kəlməsindəki zəmir («ona» kəlməsindən məqsəd) Əbu Bəkrdir. Bu da aşkar şəkildə Əbu Bəkrin başqalarından daha fəzilətli və üstün olduğunu ortaya qoymaqda və sizin kimilərin də yanlış düşüncəsini ortadan qaldırmaqdadır».
Dəvətçi: «Yanılırsınız, «Səkinətəhu» kəlməsindəki zəmir, Rəsulullaha işarə edir. Səkinə (sükunət), Rəsulullaha enmişdir, Əbu Bəkrə deyil. Çünki cümlənin arxasında belə buyurur: «Və əyyədəhu bicunudin ləm tərəvha» (Onu, sizin görmədiyiniz ordularla dəstəklədi). Haqqın ordusuyla dəstəklənmək, Rəsulullahın haqqıdır, Əbu Bəkrin deyil».
Şeyx: «Rəsulullahın (s) bu ordularla dəstəklənməsi qəti və bəlli bir şeydir. Amma Əbu Bəkr (r.z), Rəsulullahla bərabər olduğu üçün o da imkansız deyildir».
Dəvətçi: «Əgər ikisi də ilahi rəhmətə nail olsa idilər, o zaman ayənin bütün cümlələrindəki zəmirlər təsniyə (ikilik) olaraq gəlməsi lazım gəlirdi. Halbuki əvvəlki və sonrakı bütün zəmirlər müfrəd (tək halda) olaraq gətirilmişdir ki, Rəsulullahın (s) yüksək məqamı və Allahdan gələn rəhmət və inayətlərin onun şəxsiyyətinə aid olduğu isbat və bəlli olsun. Əgər Rəsulullahın bələdçisi olaraq bir başqalarına da rəhmət və sakinlik enmiş olsaydı, onun adı qeyd edilərdi. Bu və bənzəri ayələr, səkinə və rəhmətin yalnız Rəsulullaha (s) aid olduğunu ortaya çıxarır».
Şeyx: «Rəsulullahın (s) səkinə (sükunət) və rəhmətə ehtiyacı yoxdu. Çünki səkinə Onda hər zaman mövcuddu. Buna görə səkinə, yalnız Əbu Bəkrə enmişdir.
Dəvətçi: «Nə üçün eyni şeyləri təkrar edərək məclisin vaxtını alırsınız. Hansı dəlilə görə Xatəmül-ənbiyanın səkinəyə (sükunətə) ehtiyacı olmadığını söyləyirsiniz? İstər Peyğəmbər olsun istər olmasın, hər kəsin Allahın rəhmətinə ehtiyacı vardır. Hüneyn döyüşündə «Tövbə» surəsinin 26-cı ayəsində Allah-talanın belə buyurduğunu unutdunuzmu?!: «Sonra Allah öz peyğəmbərinə və möminlərə öz arxayınlıq amilini (sükunət) nazil etdi ».
«Fəth» surəsinin 26-cı ayəsində də yenə, səkinənin Rəsulullaha və möminlərə endiyi vurğulanmışdır. Bu ayələrdə Rəsuli-əkrəmdən (s) sonra möminlərə də toxunmuşdur. Əgər “mağara” ayəsində, Əbu Bəkr möminlərdən sayılmış olsaydı, sükunət və səkinəyə şamil olaraq zəmirlərin təsniyə (ikili) olaraq qeyd edilməsi ya da onun isminin ayrıca hallanması lazım gəlirdi. Bu məsələ o qədər aydındır ki, sizin insaflı alimləriniz də ayədəki zəmirin Əbu Bəkrə aid olmadığını söyləmişlər.
Siz ağaların, Şeyx Əbu Cəfər Məhəmməd ibn Abdullah İskafinin (Mötəzilənin böyük alimlərindəndir) «Nəqzul-Osmaniyyə» adlı kitabını oxuması çox yaxşı olar. Bu insaflı alimin, Əbu Osman Cahizin tutarsız sözlərinin cavabında haqqı necə aşkar etdiyinə bir baxın. İbn Əbil-Hədid də «Şərhi Nəhcül-bəlağə»nin ΙΙΙ cildinin 253-cü səhifəsindən 281-ci səhifəsinə qədər, onun verdiyi cavablardan bəzilərini nəql edir.
Bütün bunlara əlavə olaraq, ayədə bir cümlə var ki, sizin söylədiyinizin tam əksini isbat edir. O cümlə belədir: Rəsulullah (s), Əbu Bəkrə qəmgin olma diyərək onun hüzünlənib qəmlənməsinə mane olur. Bu cümlə Əbu Bəkrin o anda hüzünlü olduğunu göstərir. Görəsən, Əbu Bəkrin hüzünlü olması, yaxşı bir əməl idi yoxsa pis bir əməl? Əgər yaxşı bir əməl idisə, sizin də bildiyiniz kimi Rəsulullah (s) heç bir zaman birinin yaxşı bir əməlinə mane olmazdı. Amma əgər pis bir əməl idisə, belə ki, bu əməlin sahibi fəzilətli birisi deyildir. Fəzilətli olmayan birisi də Allahın rəhmətinə şamil olamayacağı kimi ona sükunət də nazil olmaz. Şərəf və fəzilət yalnız övliyalara, möminlərə və Allahın dostlarına aiddir. Övliyaların bir qrup əlamətləri vardır. Onlar o əlamətlərlə tanınırlar. Qurani-kərimdə buyrulduğu kimi, övliyalar heç bir hadisə qarşısında aciz olub qorxmaz və hüznə qapılmazlar. Əksinə, səbr edərlər. «Yunis» surəsinin 62-ci ayəsində Allah-taala belə buyurur: «Bilin ki, Allahın dostları üçün heç qorxu yoxdur və onlar kədərlənməzlər».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!