20-Cİ MÜNAZİRƏ - II hissə

:

ƏLİNİN (Ə) PEYĞƏMBƏRİN (S) YATAĞINDA YATMASININ ƏBU BƏKRİN YOL YOLDAŞLIĞINDAN FƏZİLƏTLİ OLMASI BARƏDƏ ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN ETİRAFLARI
Əgər İbn Əbil Hədidin «Nəhcül-bəlağənin şərhi» kitabının 3-cü cildinin 269-281-ci  səhifələrinə baxsanız, mötəzililərin böyük alim və şeyxlərindən olan imam Əbu Cəfər İskafinin Əbu Osman Cahizin (nasibidir) şübhələrinə verdiyi rədd cavabını görərsiniz.

O insaflı alim həzrət Əlinin Əbu Bəkrdən üstünlüyünü açıq dəlillərlə isbat etmiş və Əlinin hicrət gecəsi Rəsulullahın (s) yatağında yatmasının, Əbu Bəkrin bir neçə günlük yol yoldaşlığından daha üstün olduğunu vurğulamışdır.
İskafi sözünün davamında belə deyir: «İslam alimləri demişlər: «İshaq və İbrahimin qurbanlıq mövzusunda təslim olmalarından başqa heç bir kəs həzrət Əlinin o gecəki fəzilətinə yetişə bilməz» (Amma müfəssir, mühəddis və tarixçilərin çoxunun qəbul etdiyi məsələ İshaqın (ə) deyil, İsmayılın (ə) qurban edilməsidir.).
Sözügedən kitabın 271-ci səhifəsində Əbu Cəfər İskafinin nasibi Əbu Osman Cahizə verdiyi cavabındakı bu sözləri nəql edilir: «Həzrət Əlinin hicrət gecəsi Rəsulullahın yatağında yatmasının Əbu Bəkrin mağarada həzrət Peyğəmbərlə birlikdə olmasından daha üstün olduğunu insaflı şəxslərə açıq-aydın şəkildə bəyan etdik».
İndi, bir az əvvəl zikr etdiyim sözləri daha da möhkəmləndirmək üçün əlavə etmək istəyirəm: hicrət gecəsi həzrət Əlinin Rəsulullahın yatağında yatmasının, Əbu Bəkrin mağarada Rəsulullah ilə birlikdə olmasından daha üstün olmasının iki səbəbi vardır:
Birincisi; həzrət Əli Rəsulullaha (s) alışmış və hər vaxt onunla bərabər olmuşdur. Bu müddət ərzindəki yoldaşlıq və bərabərlikdən sonra ayrılıq çox çətin olur. Hələ, buna bir də Rəsulullahın canının təhlükəyə düşməsindən ehtiyat etmək əlavə olunarsa, daha da çətin olur. Əbu Bəkr isə Peyğəmbərlə çox ünsiyyətdə olmadığına görə yalnız onunla yol yoldaşı oldu, heç bir ayrılıq həsrəti yaşamadı. Bax, Əlinin savabı buna görə Əbu Bəkrin savabından daha çoxdur. Çünki savab, çəkilən zəhmətə görədir!
İkincisi; Əbu Bəkr ardıcıl olaraq Məkkədən ayrılıb ticari səfərlərə gedirdi. Uzun bir müddət idi ki, Məkkədən çıxmamışdı; bu səbəbdən çox sıxılırdı. O, Rəsulullahla bərabər şəhərdən kənara çıxdıqda onun üçün bir çətinlik olmadı. Çünki o, səfərdə olmağa alışmışdı. Bu vəziyyətdə onun üçün qılınclarla üz-üzə qalan, həsrət çəkən birinin fəziləti ilə müqayisə olunacaq hər hansı bir savab yoxdur! Çünki savab, çəkilən zəhmətin əvəzində verilir.
İbn Səb Məğribi «Şifaus-sudur» kitabında həzrət Əlinin şücaəti haqqında belə deyir: «Ərəb alimləri ittifaq etmişlər ki, həzrət Əlinin o gecə Peyğəmbərin yatağında yatması O həzrətlə səfər yoldaşı olmaqdan daha üstündür. Çünki həzrət Əli özünü Rəsulullaha fəda etdi, həyatını ona bağışladı, şücaətini yaxınları arasında isbat etdi.»
Bu mövzu o qədər aydındır ki, heç kim bunu inkar etməmişdir: inkar edən ya dəlidir və ya dəlilikdən daha pis olan təəssüb xəstəliyinə tutulmuşdur! Söz burada bir az uzandığı üçün üzr istəyirəm, indi əsl mövzumuza keçək.
Buyurduğunuz «Kafirlərə qarşı sərt olan»dan məqsəd ikinci xəlifə Ömər ibn Xəttabdır» sözünüzə gəlincə; bu sadəcə iddia ilə olmaz! Görək, bu sifət şamil etdiyiniz şəxsə uyğun gəlir, yoxsa yox? Əgər uyğun gələrsə, onu cani-qəlbdən qəbul edərik.

ELMİ VƏ DİNİ BƏHSLƏRDƏ ÖMƏRİN SƏRTLİYİ YOXDUR

Aydındır ki, sərtlik iki istiqamətdə ola bilər: Ya elmi və dini bəhslərdə (əcnəbi alimlər qarşısında) bəyanı sərt, güclü və dəlilli, ya da döyüş və cihad meydanlarında sərtlik, rəşadət və şücaət nümayiş etdirilir.
Dini və elmi bəhslərdə xəlifə Ömər haqqında tarixdə, qətiyyən, hər hansı bir sərtlik və rəşadət görülməmişdir. Hər iki məzhəbin hədis və tarixi, hətta əcnəbilərin yazdığı kitablarda belə bu iki istiqamətdə xəlifə Ömər haqqında hər hansı bir sərtlik və qətilik görülməmişdir. Əgər möhtərəm ağalar xəlifə Ömərin həyatı haqqında olan tarixi əsərlərdə onu əcnəbilərlə hər hansı bir elmi və dini bəhslərdə görmüşlərsə, buyursunlar; biz də məmnuniyyətlə dinləyərik, elmimiz də artar.

ÖMƏRİN HƏZRƏT ƏLİNİN (Ə) ELM VƏ ƏMƏL BAXIMINDAN ÜSTÜNLÜYÜNÜ ETİRAF ETMƏSİ

Böyük alimlərinizin yazdığı mötəbər kitablarda xəlifələrin xilafətləri dövründə onların elmi və dini problemlərini həzrət Əlinin (ə) həll etdiyini nəql etmişlər. Əməvilər və bəkrilərin çox sayda hədis uydurmalarına baxmayaraq, bu həqiqəti gizlədə bilməmişlər. Yəhudi, xristian və digər müxalif qrupların dini xadimləri Əbu Bəkr, Ömər və Osmanın xilafət dövründə onların yanına gəlir, çətin suallar soruşduqda və ya məktub yazaraq cavab istədikdə, xəlifələr həzrət Əliyə sığınırdılar və ”Bu sualların cavabını Əli ibn Əbu Talibdən başqası verə bilməz” deyirdilər. Bax, buna görə həzrət Əli onların məclislərində iştirak edir, cavablarını təmin edəcək bir şəkildə verir, onlar da musəlman olurdular. Xəlifələrin tarixində bu məsələlər qeyd olunmuşdur.
Bu mövzunun isbatı üçün xəlifələrin çətin suallar qarşısında aciz qalmaları və «Əgər Əli olmasaydı həlak olardıq» - deyə etiraf etmələri kifayətdir. Böyük alimləriniz mötəbər kitablarında Əbu Bəkrin belə dediyin nəql etmişlər: «Məni xəlifəlikdən salın, məni bir kənara qoyun; Əli içinizdə olduğu müddətdə mən ən xeyirliniz deyiləm».
Xəlifə Ömər (müxtəlif yer və hadisələrdə 70 dəfədən çox) «Əli olmasaydı, Ömər həlak olardı» - deyə etiraf etmişdir.
Həlak ola biləcəyi məsələlərin mövzularını da ümumilikdə nəql etmişlər. Amma mən məclisin vaxtını çox almamaq üçün bu mövzuya toxunmaq istəmirəm; çünki bəhs ediləcək daha əhəmiyyətli mövzular qala bilər».
Nəvvab: «Qibləsahib! Bu mövzudan daha vacib mövzu varmı? Görəsən, bizim kitablarda bu cür sözlər nəql edilmişdirmi? Nəql edilmişdirsə, yadınızda olanları bəsirətimizin artması üçün buyurun; məmnun olarıq».
Dəvətçi: «Ərz etdiyim kimi, əhli-sünnət vəl-cəmaatın böyük alimləri (az bir qrup inadkar və təəssübkeşlərdən başqa) bu mövzuda eyni fikrə gəlmişlər. Xəlifələrin bu cür sözlərini müxtəlif yerlərdə, müxtəlif deyim və ibarələrlə nəql etmişlər. Mövzunun aydınlığa qovuşub, höccəti tamamlanması üçün hafizəmdə olan sənəd və kitabların bəzisini bildirəcəyəm.

ÖMƏRİN «ƏLİ OLMASAYDI, ÖMƏR HƏLAK OLARDI» SÖZÜNÜN SƏNƏDLƏRİ

1. Mütəəssib Qazi Fəzlullah ibn Ruzbəhan «İbtalul-batil»; 2. İbn Həcər Əsqalani  «Təhzibut-təhzib», səh. 337, (Çap: Heydərabad Dekn); 3. İbn Həcər «İsabə», c. 2, səh. 509; 4. İbn Qutəybə Dinəvəri (ö: 276): «Təvilu müxtəlifil-hədis», səh. 201-202; 5. İbn Həcər Məkki (ö: 973): «Səvaiqul-muhriqə», səh. 78; 6. Hacı Əhməd Əfəndi «Hidayətul-murtab», səh. 146-152; 7. İbn Əsir Cəzri (ö: 630) «Usdul-ğabə», c. 4, səh. 22; 8. Cəlaləddin Süyuti: «Tarixul-xuləfa», səh. 66: 9. İbn Əbdülbirr Qurtəbi (ö: 463): «İstiab». c. 2. səh. 474; 10. Seyid Mömin Şəblənci «Nurul-əbsar», səh. 73: 11. İbn Macə Qəzvini «Sünən» və sizin digər bir çox böyük alimləriniz müxtəlif deyim və ibarələrlə xəlifə Ömərin belə dediyini nəql etmişlər: «Əgər Əli olmasaydı, Ömər həlak olardı!»

HƏZRƏT ƏLİNİN (Ə) XƏLİFƏLƏRİ XİLAS ETMƏSİ VƏ ONLARIN BU HAQDA ETİRAFLARI

Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib fi mənaqibi Əli ibn Əbi Talib» kitabının 57-ci fəslində bir qrup hədislər nəql etdikdən sonra Huzeyfə ibn Yəmanın hədisini (Digər alimləriniz də nəql etmişdir) sənədləri ilə qeyd etmişdir: «Bir gün Ömər Huzeyfə ilə qarşılaşdıqda «Necə sübh elədin?» - deyə soruşdu. Huzeyfə belə cavab verdi: «Elə bir halda sübhü açdım ki, haqqı sevmirəm, fitnəni sevirəm; görmədiyim şeyə şəhadət verirəm; məxluq olmayanı qoruyuram, dəstamazsız salavat göndərirəm; mənim üçün yerdə olan Allah üçün göydə yoxdur».
Ömər bu sözləri eşidcək çox əsəbləşib, onu cəzalandırmaq istədi. Bu vaxt həzrət Əli gəldi. Öməri əsəbi gördükdə, səbəbini soruşdu. Ömər hadisəni danışdıqdan sonra İmam belə buyurdu: «Önəmli deyil, hamısını doğru söyləmişdir. Onun sevmədiyi haqdan məqsəd ölümdür; fitnəni sevməsində məqsəd mal və övladdır; görmədiyi şeyə şəhadət verməsindən məqsəd Allahın varlığı, Qiyamət günü öldükdən sonra dirilmək, Cənnət-Cəhənnəm və Siratdır; məxluq olmayanı qorumasından məqsəd Qurani-kərimdir, o, məxluq deyildir; dəstamazsız salavat göndərirəm deməsindən məqsəd Rəsulullaha salavat göndərməsidir ki, bu da caizdir (icazə verilir); mənim üçün yerdə var, amma göydə Allah üçün yoxdur deməsindən məqsəd isə öz xanımıdır ki, onun yer üzündə bir xanımı var; amma Allah-taala xanım və övladdan uzaq və pakdır».
Ömər həzrət Əlinin bu açıqlamasını eşidçək dedi: «Əli ibn Əbu Talib gəlməsəydi, haradasa Xəttab oğlu həlak olacaqdı».
Yusif Gənci Şafei sonra belə deyir: «Ömərin bu sözü hədisçilərin yanında qətidir və bir çoxları bunu nəql etmişdir».
«Mənaqib» kitabının müəllifi deyir: «Xəlifə Ömər dəfələrlə belə demişdir: «Ya Əbəl-Həsən! Sənin yaşamadığın bir cəmiyyətdə mən yaşaya bilmərəm»; «Qadınlar Əli ibn Əbu Talib kimi insanı dünyaya gətirməkdə acizdirlər».
Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul» və Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə» kitabının 14-cü babında Tirmizidən, o da İbn Abbasdan uzun bir hədis nəql etmişdir. Hədisin sonunda belə deyir: «...Əshab Kitabın (Quranın) əhkamını həzrət Əlidən öyrənib, ondan fitva alırdı. Bu səbəbdən Ömər ibn Xəttab bir çox yerdə belə demişdir: «Əli olmasaydı, Ömər həlak olardı». Rəsulullah (s) belə buyurmuşdur: «Ümmətimin ən alimi Əli ibn Əbi Talibdir».
Bu qısa bəyanla deyilənləri nəzərə alıb diqqət etsəniz, münazirə və dini bəhslərdə Ömərin hər hansı bir sərtliyi və qətiyyəti olmadığını təsdiq edərsiniz. Hətta, özü bu məsələlərdə acizliyini və Əlinin (ə) onun xilaskarı olduğunu etiraf etmişdir. Mövzu o qədər aydındır ki, ən mütəəssib alimlərinizdən olan İbn Həcər Məkki belə «Səvaiqul-muhriqə» kitabının 3-cü fəslində İbn Səddən Ömərin belə dediyini nəql etmişdir: «Əlinin olmadığı yerdə çox çətin və qarışıq işlərdən Allaha sığınıram».

DÖYÜŞ MEYDANLARINDA XƏLİFƏ ÖMƏRDƏN HƏR HANSI BİR ŞÜCAƏT VƏ QƏHRƏMANLIQ GÖRÜLMƏMİŞDİR

Heç bir tarixçi tərəfindən döyüş meydanlarında xəlifə Ömərin şücaət və qəhrəmanlığına dair bir şey yazılmamışdır. Hətta əksinə, tarixin və hər iki məzhəb tarixçilərinin yazdıqlarına görə, Ömər böyük bir ordu və ya kafirlərdən güclü bir döyüşçü ilə qarşılaşdığı zaman döyüş meydanını tərk edərək qaçmış və onun bu əməli nəticəsində bir qrup digər müsəlmanlar da qaçaraq, İslam ordusunu məğlubiyyətə uğratmışlar».
Hafiz: «Həddinizi aşaraq müsəlmanların iftixarı olan xəlifə Öməri insafsızcasına təhqir edirsiniz. Onun xilafəti dövründə bir çox fəthlər müsəlmanlara nəsib olmuş, İslam ordusu onun vücudu səbəbi ilə bütün döyüşlərdə zəfər əldə etmişdir. Bütün bunların müqabilində o böyük insanı qorxaq, döyüş meydanından qaçan və müsəlmanların məğlubiyyətinə səbəb olan bir kəs sayırsınız?! Görəsən, sizin kimi şərif bir şəxsin xəlifə Ömər kimi müsəlmanların iftixar qaynağı olan böyük bir insanı bu qədər təhqir etməsi və bizim də dinləyib susmağımız doğrudurmu?».
Dəvətçi: «Çox böyük bir səhv etdiniz. Neçə gecədir birlikdəyik. Lakin məni layiqincə tanımadığınıza təəccüblənirəm! Mənim nəfsimə tabe olaraq və ya cahilanə sevgi və nifrət üzündən dəlilsiz olaraq, hansı sinifdən olursa-olsun, hər hansı bir şəxsi, xüsusilə də tarixdə qabaqcıl olan şəxsləri tərifləyəcəyimi və ya pisləyəcəyimi sanırsınız?!
İllər boyu müsəlmanların bədbəxtliyinə səbəb olan şey sui-zəndir. Bu əməl, Quran-kərimin buyurduğuna ziddir; müsəlmanlar bu əməli tərk etməlidirlər. Allah-taala «Hücurat» surəsinin 12-ci ayəsində buyurur: «Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki gümanların bəzisi günahdır....
Bu sözlər bir şiənin dilindən çıxdığı üçün onları pis bir şəkildə qiymətləndirirsiniz. Halbuki, vəziyyət bildiyiniz kimi deyildir. Öz alim və tarixçilərinizin söylədiyindən artıq bir şey demədim. Bu aydındır ki, nə mən, nə də siz keçmişdə yaşamamışıq. Amma hər ağlın hökmü ilə insanların yaxşı və pis əməllərini tarix səhifələri üzərində qərar vermək olmaz!

YENƏ DƏ HƏQİQƏTİN BƏYANI

«Öməri təhqir etdiniz» sözünüzə gəlincə, burada ifrata getdiniz və ya bu sözlə müxaliflərin hisslərini təhrik etməyə çalışdınız. Halbuki, bizim xəlifəyə aid olan sözümüzdə təhqiredici bir şey yoxdur; sadəcə tarixdə yazılmış həqiqi olan bir hadisəni bəyan etdim və sizin alim və böyüklərinizin yazdıqlarından artıq bir şey söyləmədim, söyləmərəm də. Amma sui-zənn və anlaşılmazlığın ortadan qalxması üçün pərdəni kənara çəkib, mövzunu daha geniş və daha aydın bir şəkildə bəyan etməyim lazım gəlir.
«Böyük fəthlər Ömərin xilafəti dövründə müsəlmanlara nəsib olmuş, İslamın əhəmiyyətli fəthləri onun əliylə gerçəkləşmişdir» sözünüzə gəlincə bildirim ki, Ömərin idarəçiliyi dövründə İslamın böyük fəthlərə nail olduğunu heç kim inkar etməmişdir. Amma bununla birlikdə unudulmamalıdır ki, sizin böyük alimləriniz, məsələn; Qazi Əbu Bəkr Xətib «Tarixi-Bağdad», imam Əhməd ibn Hənbəl «Müsnəd» və İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» kitabında və s. şəxslər öz əsərlərində xəlifə Ömərin ölkənin bütün işlərində, xüsusilə ordu səfərbər etməkdə imam Əliyə müraciət edib, o Həzrətin buyurduqlarına uyğun hərəkət etdiyini iqrar və etiraf etmişlər.
Bundan əlavə, İslamın fəthləri hər dövrdə fərq edirdi. Birinci qisim, bilavasitə həzrət Rəsulullahın öz zamanında gerçəkləşən böyük fəthlərdir. Bunlar həzrət Əlinin vücudunun bərəkətiylə olunmuşdur. Çünki demişlər:

Ordu təkbaşına bir zabit olmadan işə yaramaz;
Bir döyüşçü zabit, yüz min kişidən daha yaxşıdır.

Mükəmməl döyüşçü, İslam və müsəlmanların örnəyi, vücudu İslam ordusunun fəth və zəfərlər əldə etməsinə səbəb olan şəxs həzrət Əli ibn Əbu Talibdir. Çünki əgər o, hər hansı bir döyüşə qatılmasaydı, zəfər əldə edilməzdi. Bunun dəlili Xeybər fəthidir. Bu döyüşdə o Həzrətin gözü ağradığına görə döyüş meydanına getməmişdi. Müsəlmanlar nə qədər hücum etdilərsə də, Xeybər qalasını fəth edə bilməyib, məğlub oldular. Amma həzrət Əli Rəsulullahın duası ilə yaxşılaşıb, düşmənə amansızcasına hücum edərək, Xeybər qalasını fəth etdi.
Ühüd döyüşündə də bütün müsəlmanlar qaçdı. Rəsulullahın yanında təkcə həzrət Əli qaldı. Bu anda qeybdən bu cümlə eşidildi: «Əli kimi igid, Zülfüqar kimi də qılınc yoxdur!».
Rəsulullahın vəfatından sonrakı ikinci qisim fəthlərə gəlincə, bu fəthlər İslamın şanlı qəhrəmanları, təcrübəli başçıları və onların fədakarlıq və xas döyüş planları ilə düşmənin qarşısına çıxmaları sayəsində baş vermişdir.
Mövzumuz, Ömərin xilafəti dövründə olan fəthlər haqqında deyildir. Mövzu, xəlifə Ömər ibn Xəttabın şəxsi keyfiyyətləri, şücaət və qəhrəmanlığı haqqında idi. Ərz etdiyim kimi, tarixdə onun haqqında belə bir şey görülməmişdir!».
Hafiz: «Ömərin döyüş meydanlarından qaçdığını və onun bu fərariliyi səbəbindən müsəlmanların məğlub olduğunu buyurmağınız, xəlifə Öməri təhqir etmək deyil?».
Dəvətçi: «Şəxsiyyətlər haqqındakı tarixi həqiqətləri nəql etmək təhqirdirsə, bu təhqiri əvvəl sizin böyük alimləriniz və tarixçiləriniz etmişlər. Mən, sadəcə onların nəql etdikləri şeyləri ərz etdim. Əgər bir müşkül və narahatçılığınız varsa, bunu həmin hadisələri qeyd edən öz böyüklərinizə yönəldin!».
Hafiz: «Bizim alimlərimiz harada və hansı kitabda xəlifə Ömərin döyüş meydanlarından qaçdığını və müsəlmanların məğlubiyyətinə səbəb olduğunu nəql etmişlər?».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!