20-Cİ MÜNAZİRƏ - III hissə

:

ƏBU BƏKR VƏ ÖMƏRİN XEYBƏR DÖYÜŞÜNDƏ MƏĞLUBİYYƏTƏ UĞRAMALARI
Dəvətçi: «Bir çox döyüş meydanlarında məğlubiyyətə uğramışlar; onların hamısından daha önəmlisi Xeybər döyüşüdür ki, onlar bu döyüşdə məğlubiyyətə uğrayaraq geri qayıtdılar. Həzrət Əlinin gözləri ağrıdığına görə, Rəsulullah birinci gün İslam bayrağını Əbu Bəkrə verdi.

Əbu Bəkr İslam ordusunun sərkərdəsi kimi yəhudilərə qarşı bir az döyüşdükdən sonra məğlub olaraq geri döndü. İkinci gün Peyğəmbər bayrağı Ömərə verdi. Ömər heç düşmənlə qarşılaşmadan, qorxusundan geri dönüb qaçdı».
Hafiz: «Bu bəyanlar şiələrin uydurma sözləridir! Onlar çox cəsur və qəhrəman insanlardır».
Dəvətçi: «Daha əvvəl də bildirdiyim kimi, şiələr Əhli-beytin sadiq davamçılaridirlar; əsla yalan söyləməmiş və söyləməzlər də! Çünki yalan söyləməyi böyük günahlardan bilirlər; hədis uydurmağa da, əsla ehtiyacları yoxdur!
Rəsulullahın zamanında baş verən Xeybər döyüşü İslam tarixinin ən əhəmiyyətli döyüşlərindən biri olduğu üçün hər iki məzhəbin alim və tarixçiləri bunu nəql etmişlər. Zehnimdə olduğu qədər hüzurunuza ərz edərəm:
Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya»nın 1-ci cildinin 62-ci səhifəsində, Məhəmməd ibn Təlhə Şafei İbn Hişamın «Sirə» kitabından nəql edərək, «Mətalibus-süul»un 40-cı səhifəsində, Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayəut-talib»in 14-cü babında və bir çox böyük alim və tarixçiləriniz kitablarında yazmışlar; məclisin vaxtı onların hamısının sözlərini nəql etməyə imkan vermir. Amma bu mənbələrdən sizin üçün daha etibarlı və mötəbər qəbul etdiyiniz bu iki böyük aliminizin sözləridir:
Məhəmməd ibn İsmayıl Buxari «Səhih»in II cildinin 100-cü və (1320 Misir nəşri), Müslim ibn Həccac da «Səhih» kitabının 2-ci cildinin 324-cu səhifəsində (1320 Misir nəşri) aydın bir şəkildə belə yazır: «Xəlifə Ömər iki dəfə döyüş meydanından geri dönüb qaçdı».
Qəbul edin ki, bizim təhqir məqsədimiz yoxdur. Biz, sadəcə tarixdəki həqiqətləri izah edərək döyüş meydanlarındakı mübarizələrdə kafirlərə qarşı sərt olan və onları məğlub edən şəxsin kim olduğunu vurğulamağa çalışdıq! Bilin ki, xəlifə Ömərin «Kafirlərə qarşı sərt» ayəsinin əhatəsinə daxil ola biləcək hər hansı bir qəhrəmanlıq və fədakarlığı yoxdur! Hətta onlar, qəhrəmanlıq bir yana, düşmənin qarşısında durmayıb hərbi mövqeyi boş qoyaraq, döyüş meydanından belə kənara çəkilirdilər!
Əgər diqqət edib insafla düşünsəniz, bu böyük sifət (kafirlərə qarşı sərt olma) sahibinin həzrət Əli olduğunu təsdiq edərsiniz. Çünki həzrət Əli, bütün döyüş meydanlarında kafirlərə qarşı sərt olub onları məğlubiyyətə uğradan yeganə şəxsdir! Bu səbəbdən Qurani-kərim «Maidə» surəsinin 54-cü ayəsində bu mənanı təsdiq edərək belə buyurmuşdur: «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bilsin ki,] Allah  (onun yerinə) tezliklə elə qövm gətirər ki, Allah onları və onlar da Allahı dost tutarlar. [Onlar] möminlərə qarşı həlim və kafirlərə qarşı isə sərt olar. Allah yolunda cihad edər və heç bir məzəmmət edənin tənəsindən  qorxmazlar.  Bu, Allahın  fəzl-kərəmidir ki, onu istədiyinə verər. Allahın rəhməti (geniş) və (hər şeyi) biləndir».
Hafiz: «Çox qəribədir. Gözəl bəyanınız sayəsində bütün möminlər barədə olan bu ayəni Əli haqqında qərar vermək istəyirsiniz».
Dəvətçi: «Dəfələrlə şahid oldunuz ki, söylədiyim heç bir şey dəlilsiz olmayıb. Nə qədər tənqid etdinizsə, cavabınızı aldınız! Buna baxmayaraq, yenə də etiraz edirsiniz. Zəhmət olmasa, sözünüzü sual şəklində «sözünüzün dəlili nədir?» - deyə buyurun, mən də cavab verim. İndi sözünüzün cavabını ərz edirəm.
Əgər ayə bütün möminlər haqqında nazil olub onların hamısına şamil olsaydı, əsla döyüş meydanlarından qaçmazdılar!».
Hafiz: «Görəsən, bu qədər döyüşüb böyük fəthlər əldə edən Rəsulullahın əshabını və möminləri təhqirlə «fərari» adlandırmağınız insafdandırmı?».
Dəvətçi: «Birincisi; mən onlar haqqında təhqirlə danışmadım. Sadəcə olaraq, xüsusiyyətlərini açıqladım.
İkincisi; mən onlara «fərari» demədim; bunu deyən mən deyiləm, tarixdir! Deyəsən, ağalar səhabə və möminlərin, hətta əshabdan olanların belə Ühüd və Hüneyn döyüşündən qaçdıqlarını və Rəsulullahı kafirlər qarşısında tənha qoyduqlarını unutdular! Təbəri və digər tarixçiləriniz bu hadisəni öz kitablarında yazmışdır.
Peyğəmbəri-əkrəmi (s) düşmənlərin qarşısında tənha qoyub cihaddan və döyüş meydanlarından qaçanlar necə Allahın və Rəsulunun sevimlisi ola bilərlər?!
Üçüncüsü; ayənin həzrət Əli haqqında nazil olduğunu sadəcə mən söyləmirəm. Böyük alimlərinizdən məsələn; Əbu İshaq imam Əhməd Sələbi – hədis imamı olduğunu siz də təsdiq edirsiniz - Kəşful-bəyan» təfsirində belə yazır: «Bu ayə, Əli ibn Əbu Talib haqqında nazil olmuşdur. Çünki ayədə zikr olunan sifətlər həzrət Əlidən başqa heç kəsdə yoxdur».
Heç bir tarixçi Peyğəmbərin zamanında baş verən 36 döyüşdə həzrət Əlinin döyüş meydanından qaçdığını və ya geri çəkildiyini yazmamışdır! Hətta bütün müsəlmanların qaçdığı Ühüd döyüşündə ki, acınacaqlı bir məğlubiyyət zamanı - beş min atlı və piyada düşmən qoşununun müsəlmanlara qarşı həmləsində - həzrət Həmzənin (ə) (Seyyidüş-şühəda) şəhadətindən sonra qələbə və zəfər əldə edildikdə Rəsulullah ilə bərabər döyüşən təkcə Əmirəl-möminin həzrət Əli olmuşdur!
Təxminən 90 yerdən yara almasına, çoxlu qan itirdiyinə görə neçə dəfə halsızlıqdan yerə yıxılmasına baxmayaraq, yenə də qalxıb Rəsulullahı (s) qorumuş və döyüşü müsəlmanların xeyirinə tamamlamışdır!».
Hafiz: «Görəsən, böyük səhabələrin döyüşdən qaçdığını söyləməyiniz utandırıcı deyilmi? Halbuki, başda iki haqq xəlifə - Əbu Bəkr və Ömər olmaqla bütün səhabə pərvanə kimi Rəsulullahın ətrafında dövr edib, onu qoruyurdular».
Dəvətçi: «Ağalar, deyəsən, tarix oxumamısınız, buna görə də belə bəyan edirsiniz. Ühüd, Hüneyn və Xeybər döyüşündə (bir neçə nəfərdən başqa) əshabın hamısının qaçdığını tarixçilərin hamısı yazmışlar. Xeybər döyüşündəki vəziyyəti anlatdım. Hüneyn döyüşündə də qaçdıqları qətidir. Bu səbəbdən Həmidi «Cəmun beynəs-Səhihəyn»də, Hələbi də «Sireyi -Hələbiyyə» kitabının 3-cü cildinin 123-cü səhifəsində belə deyir: «Dörd nəfərdən başqa bütün səhabələr qaçdılar. Əli və Abbas Rəsulullahın önündə, Əbu Abdullah ibn Məsud solunda yer almışdı. Əbu Süfyan ibn Haris də Peyğəmbərin mərkəbinin cilovundan tutmuşdu».
Böyük alim və tarixçilərinizdən məsələn; İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»ndə, Nurəddin Maliki də «Fusulul-mühşmə» kitabının 43-cü səhifəsində və digərləri belə nəql etmişlər: «O gün qeybdən belə bir səs eşidildi: «Əli kimi igid bir gənc, Zülfüqar kimi də qılınc yoxdur».
Bütün döyüşlərdə həzrət Əli Allah tərəfindən himayə edilmiş; mələklər də ona yardım etməyə hazır vəziyyətdə gözləmişlər. Bu səbəbdən Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib» kitabının 27-ci babında sənədiylə Abdullah ibn Məsuddan Rəsulullahın belə buyurduğunu nəql etmişdir: «Əli hansı döyüşə göndərildisə, Cəbraili (ə) sağında, Mikaili (ə) solunda və bir buludu da onu kölgələndirdiyini görürdüm; nəhayət, Allah-taala ona zəfəri nəsib etdi».

HƏZRƏT ƏLİ (Ə) ALLAH VƏ RƏSULUNUN (S) SEVDİYİ BİR ŞƏXSDİR

Dördüncüsü; Allah-taala zikr olunan ayədə belə buyurur: «Allah onları, onlar da Allahı sevirlər».
Bu məhbubiyyət sifəti həzrət Əlinin xüsusiyyətlərindəndir. Bunun bir çox dəlili vardır. Məsələn; Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib» kitabının 7-ci babında öz sənədi ilə Abdullah ibn Abbasdan belə nəql edir: «Bir gün mən və atam Abbas Rəsulullahın (s) hüzurunda oturmuşduq; bu vaxt Əli gəlib salam verdi. Rəsulullah salamın cavabını verdikdən sonra gülərüzlə yerindən qalxaraq, Əlini bağrına basıb, gözlərinin arasından öpdü və yanında oturtdu. Atam: «Ya Rəsulullah! Onu çox sevirsənmi?» - deyə soruşduqda, o Həzrət belə buyurdu: «Ey hörmətli əmi! Vallahi, Allah onu mənim sevdiyimdən daha çox sevir».

XEYBƏR FƏTHİNDƏ «RAYƏT HƏDİSİ»

Həzrət Əlinin (ə) Allahın sevimlisi və döyüş meydanlarının yenilməz qəhrəmanı olduğuna və əsla döyüşdən qaçmadığına dəlalət edən dəlillərdən biri də, səhih kitablarınızda nəql edilən və inadkar nasibilərdən başqa əhli-sünnət vəl-cəmaat alimlərinin heç birinin inkar etmədiyi «Rayət (Bayraq) hədisidir».
Nəvvab: «Qibləsahib! Rayət hədisi nədir? Zəhmət olmazsa, sənəd silsiləsi ilə bəyan edin».
Dəvətçi: «Bu hədisi hər iki məzhəbin böyük alim və tarixçiləri ittifaqla nəql etmişlər:
1. Məhəmməd ibn İsmail Buxari «Səhihi-Buxari», c. 2 («Cihad və Seyr» kitabı), bab: «Duaun-Nəbi» və c. 3 («Məğazi» kitabı), bab: «Xeybər Ğəzvəsi»; 2. Müslim ibn Həccac: «Səhihi-Müslim», c. 2, səh. 324; 3. İmam Əbu Əbdürrəıman Nəsai: «Xəsaisul-Ələvi»; 4. Tirmizi «Sünəni-Tirmizi»; 5. İbn həcər Əsqəlani «İsabə». c. 2. səh. 508; 6. Mühəddisi-Şam «Tarix»; 7. Əhməd ibn Hənbəl «Müsnəd»; 8. İbn Macə Qəzvini «Sünən»; 9. Şeyx Süleyman Bəlxi Hənəfi: «Yənabiul-Məvəddə», bab: 6; 10. Səbt ibn Cövzi: «Təzkirə»; 11. Məhəmməd ibn Yusif Gənci Şafei: «Kifayəut-talib». bab: 14; 12. Məhəmməd ibn Təlhə Şafei: «Mətalibus-süul»: 13. Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya»; 14. Əbül-Qasim Təbərani «Ovsət», Əbulqasim Hüseyn ibn Məhəmməd (Rağibi İsfəhani) «Muhaziratul-üdəba», c. 2, səh. 212 və s...
Xülasə, böyük alim, muhəddis və tarixçiləriniz bu hədisi özlərinin mötəbər kitablarında nəql etmişlər. Hətta Hakim belə deyir: «Bu hədis, təvatür həddindədir». Təbərani də belə deyir: «Həzrət Əlinin Xeybəri fəth etməsi təvatürlə sabitdir».
Hədis belədir: “İslam ordusu Xeybər qalasını mühasirə etdiyi zaman Əbu Bəkr və Ömərin sərkərdəliyi altında olan ordu 3 dəfə məğlubiyyətə uğradı. Əshab dalbadal məğlubiyyətdən sonra fərsiz yəhudilər qarşısında aciz qaldı. Ardıcıl surətdə məğlubiyyətə uğradıqlarına görə sıxıntı çəkməyə başladılar. Rəsulullah müsəlmanların əhval-ruhiyyəsinin yenidən yüksəlməsi üçün zəfər müjdəsi verərək belə buyurdu: «Allaha and olsun ki, sabah bayrağı elə bir kəsin əlinə verəcəyəm ki, o «Kərrarun ğeyru-fərrar»dır. (yəni düşmənə amansız hücum edib, qorxub qaçmayan bir şəxsdir) Allah onun əli ilə Xeybəri fəth edəcək. O, Allah və Rəsulunu sevir. Allah və Rəsulu da onu sevir».
Bütün səhabələr o gecə, bu fəzilət və şərəfin kimə nəsib olacağına çox maraq göstərdikləri üçün rahat yata bilmədilər. Səhəri gün hamı döyüş libaslarını geyib, Rəsulullahın hüzuruna gəldi. Peyğəmbər onlara baxaraq belə    buyurdu:
«Qardaşım və əmim oğlu Əli ibn Əbu Talib haradadır? Onun hər müşkülünü həll edən Əli hardadır? Onun qəlbinin açarı Əli haradadır?».
Əshab: «Ya Rəsulullah! Əlinin gözləri ağrıyır; belə ki, hərəkət edə bilmir» dedilər. Peyğəmbər Salmana «Onu mənim yanıma gətir» - deyə buyurdu.
Salman həzrət Əlini gözləri bağlı bir şəkildə əlindən tutaraq Rəsulullahın hüzuruna gətirdi. O salam verdi. Peyğəmbər İmamın salamının cavabını verdikdən sonra «Ya Əbəl-Həsən! Halın necədir?» - deyə soruşdu. Həzrət Əli də «Əlhəmdu lillah yaxşıyam, sadəcə başım və gözlərim ağrıyır, gözlərimi aça bilmirəm» dedi. Peyğəmbər buyurdu: «Yaxın gəl». Həzrət Əli də yaxınlaşdı. Rəsuli-əkrəm mübarək ağzının suyundan həzrət Əlinin gözlərinə sürtərək ona dua etdi. Bu dua nəticəsində Əlinin gözləri yaxşılaşdı, hətta ağrıdan heç əsər belə qalmadı. Sonra İslam bayrağını Əliyə verdi və zəfər qazanması üçün yəhudilərin qalası Xeybərə doğru hərəkət etməsini əmr etdi. Həzrət Əli düşmənə doğru hərəkət edib onların Mərhəb, Haris, Hişam və Əlqəmə kimi böyük sərkərdələrini öldürdü və çox əhəmiyyətli olan Xeybət qalasını fəth etdi.”
İbn Səbbağ Maliki «Fususul-mühimmə» kitabının 21-ci səhifəsində bu rəvayəti «Sihahi-Sittə»dən nəql etmişdir. Məhəmməd ibn Yusif Gənci Şafei kitabın 14-cü  babında bu rəvayəti zikr etdikdən sonra belə deyir: «Rəsulullahın məxsus şairi olan Həssan ibn Sabit bu şeiri o əsnada həzrət Əlini mədh edərək oxudu:

Əlinin gözləri ağrıyırdı, dərdinə əlac axtarırdı.
Əlac edəcək  tapmadı bir kəs,
Rəsulullah  buyurdu bu an Ona
«Allahın yardımı əmim oğluma yetişəcəkdir, inşallah
Bu gün İslam bayrağını elə bir süvariyə verəcəyəm ki,
Döyüşdə dilavər və cəsurdur.
O, Allahı və Allah  da Onu sevir.
Allah  sağlam qalaları Onunla fəth edəcək.
Bu səbəbdən Əlini bu xüsusiyyətlərə möhtac qıldı,
Onu özünə vəsi və qardaş seçdi.

İbn Səbbağ «Səhihi-Müslim» kitabından Ömər ibn Xəttabın belə dediyini nəql etmişdir: «Ələmdarlığı (bayraq tutmağı) xoşlamırdım, amma o gün məndə olmasını çox istəyirdim. Belə bir iftixarın mənə nəsib olması üçün məni seçsin deyə, özümü Rəsulullaha göstərirdim. Amma yenə də Əlini çağırdı və bu böyük iftixar ona nəsib oldu».
Sibt ibn Cuzi «Təzkirə»nin 15-ci  səhifəsində və imam Əbu Əbdürrəhman Əhməd ibn Əli Nəsai «Xəsaisul-Ələvi» kitabında Əlinin Xeybərdəki ələmdarlığı mövzusunda 12 rəvayət və hədis nəql etdikdən sonra Ömərin yuxarıda qeyd etdiyim sözünü və onun ələmdarlığa olan arzusunu 18-ci hədisdə nəql etmişdir.
Cəlaləddin Süyuti «Tarixül-xuləfa», İbn Həcər Məkki «Savaiq» və İbn Şiruyə «Firdovsul-əxbar» kitabında Ömər ibn Xəttabın belə dediyini nəql edir: «Əliyə üç şey verildi ki, bunlardan birinin mənə verilməsini qırmızı tüklü dəvələrin mənim olmasından daha çox sevirdim: 1. Fatimə ilə evlənməsi; 2. Bütün hallarda məscidə daxil ola bilməsi ki, bu ondan başqa heç bir kəsə caiz deyildi; 3. Xeybər fəthində bayrağın ona verilməsi».
İndi, mənim təhqir və xəyanət qəsdim olmadığı, deyəsən, aydınlaşdı. Mən, sadəcə tarixdə nəql olan həqiqətləri və öz alimlərinizin ifadə etdikləri açıq dəlilləri zikr etdim. Tarixdə qeyd olunan həqiqətlərdən və alimlərinizin açıqladıqları bu qədər sözlərdən aydın olur ki, döyüş meydanında kafirlərə qarşı şiddətli və elmi bəhslərdə güclü olan həzrət Əlidir. Bu dediklərimdən əlavə, zikr olunmuş ayənin həzrət Əlinin vəsfi haqqınla nazil olduğunu sizin böyük alimləriniz də qəbul etmişlər. İndi zehnimdə olanı misal olaraq ərz edirəm: Məhəmməd ibn Yusif Gənci Şafei (ö: 658) «Kifayətut-talib» kitabının 13-cü babında Rəsulullahın buyurduğu «Kim Adəm, Nuh və İbrahim peyğəmbərlərin üzünə baxmaq istəyirsə, Əliyə baxsın» hədisini nəql etdikdən sonra deyir: «Əli elə bir şəxsdir ki, Allah-taala Quranda onu bu ayə ilə vəsf etmişdir: «Onunla bərabər olanlar, kafirlərə qarşı şiddətli, öz aralarında isə mərhəmətlidirlər».
Məhəmməd ibn Şafei «Mətalibus-süul» kitabında Rəsulullahın belə buyurduğunu nəql edir: «İslam Əlinin qılıncı və Xədicənin sərmayəsi ilə gücləndi».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!