1-Cİ MÜNAZİRƏ - III hissə

:

HARUN VƏ MUSA İBN CƏFƏRİN (Ə) RƏSULALLAHIN (S) ZÜRRİYƏTİ MÖVZUSUNDA OLAN MÜBAHİSƏSİ

Dəvətçi: «Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyhi Qummi (yəni şeyx Səduq) [1] səhih «Uyunu əxbarir-Rıza» və Əbu Mənsur Əhməd ibn Əli ibn Əbu Talibi Təbərsi «əl-İhticac» kitabında mübahisənin izahını ətraflı bir şəkildə göstərmiş və imam Museyi-Kazimin (ə) belə buyurduğunu nəql etmişdir:


«Bir gün Abbasi xəlifələrindən olan Harun ər-Rəşidin məclisinə getdim. O, mənə bəzi suallar verərək, cavab istədi. Suallardan biri də, (sizin də sualınız olan) bu idi: «Necə «biz Peyğəmbərin nəslindənik» deyərsiniz? Halbuki, Peyğəmbərin xələfi yoxdur; xələf ancaq oğlan övladı olar, qız övladından xələf olmaz. Siz isə, qızından olan övladlarısınız, Peyğəmbərin xələfi yoxdur».

İmam Musa Kazim (ə) ona cavab olaraq «Ənam» surəsinin bu ayələrini oxudu: «Onun (Nuh və ya İbrahimin) soyundan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu hidayətə çatdırdıq. Biz əməli salehləri bu cür mükafatlandırırıq. (Yenə onun soyundan) Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da (hidayətə yetişdirdik). Onların hamısı əməli salehlərdəndir» [2].

Daha sonra İmam (ə) Harunun diqqətini ayədəki dəlil olaraq göstərdiyi yerə cəlb edib, belə buyurdu: «Ey möminlərin əmiri! Həzrət İsanın atası kimdir?». Harun cavabında belə dedi: «İsanın atası yoxdur». Bu əsnada İmam (ə) belə buyurdu: «Bax, Allah-taala onu Məryəmin vasitəsiylə peyğəmbərlərin nəslinə ilhaq [3] etmişdir. Bizi də, anamız Fatimə tərəfindən Peyğəmbərin (s) nəslinə ilhaq etmişdir».

Fəxri Razi, «Təfsiri-Kəbir»in ΙV cildində, zikr olunan ayənin ardınca 5-ci məsələdə belə deyir: «Bu ayə, Həsən və Hüseynin Rəsulallahın (s) soyundan olmalarına dəlalət edir. Çünki Allah-taala bu ayədə həzrət İsanı, həzrət İbrahimin nəslindən saymışdır (həzrət İsanın isə atası yoxdur). Bu intisab [4] ana tərəfindəndir. Beləcə, Həsən və Hüseyn (ə) də ana tərəfindən həzrət Rəsulullahın (s) zürriyəti idilər. Həzrət Baqirul-ulum [5] Həccacın yanında eyni ayə ilə istidlal [6] etmişdir».

Daha sonra imam Musa Kazim (ə) Haruna, «Yenə də dəlil gətirimmi?» deyə buyurdu. Harun, «Bəli, gətir» dedikdə, o həzrət (ə) Ali-İmran surəsindəki «mübahilə ayəsi»n [7] qiraət etdi: «Artıq sənə yetişən bu elmdən sonra onun haqqında səninlə çəkişib-mübahisə edərlərsə, de ki: «Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. Allahın lənəti olsun yalan söyləyənlərə!».

İmam (ə) sonra belə buyurdu: «Heç bir kəs, Allahın əmri olan bu mübahilə zamanı, həzrət Peyğəmbərin xristianlar qarşısında Əli ibn Əbu Talib, Fatimə, Həsən və Hüseyndən (ə) başqa, müsəlmanlardan bir kəsin belə bu hadisəyə qatılmış olduğunu iddia etməmişdir. «Ənfüsəna»dan (nəfislərimiz) məqsəd, Əli ibn Əbu Talib, «nisaina»dan (qadınlarımız) məqsəd, Fatimətüz-Zəhra, «əbnaina»dan (oğullarımız) məqsəd isə, Allahın onlara «Rəsulullahın oğulları» deyə buyurduğu Həsən və Hüseyndir».

Harun İmam Museyi-Kazimdən (ə) bu aydın dəlili gördükdə, özündən aslı olmadan, «Əhsəntə ya Əbəl Həsən» [8] (yəni afərin, necə də gözəl söylədin ya Əbəl Həsən) dedi.

İmam Museyi-Kazimin (ə) Həsən və Hüseynin (ə) Rəsulullahın (s) oğulları olduğuna dair Harun üçün gətirdiyi dəlildən, bütün Fatimi seyidlərin Peyğəmbərin (s) övladları olduğu iddiası isbat edilmiş olur.

Ardı var...

ARDINI BURADAN OXUYUN



1.    Şeyx Səduq h. IV əsrdə yaşamış şiənin böyük alim və fəqihlərindəndir. Hədis elmində tədqiqatçı və rical elmində bəsirət sahibi idi. Qum və Xorasan alimləri arasında onun kimi elmli və hədis əzbərləyən kimsə yoxdur. Üç yüz kitab təlif etmişdir. Şiənin dörd qaynaq kitablarından olan «Mən la yəhzuruhul-fəqih» kitabı da onlardan biridir. Qəməri 381-ci ildə İranın paytaxtı Tehranın Rey məntəqəsində vəfat etmişdir. Məzarı Tehran və digər yerlərdən gələnlərin ziyarətgahıdır.
2.    «Ənam» surəsi, ayə 84, 85.
3.    «Qoşmaq»,«qatmaq», «birləşdirmək» deməkdir.
4.    «Mənsub olma» deməkdir.
5.    Beşinci imam həzrət Baqir (ə).
6.    İki mənası vardır: 1. bir dəlilə əsaslanaraq nəticə çıxarmaq; 2. ümumi mülahizələrdən xüsusi nəticə çıxarma üsulu, deduksiya.
7.    Qarşılıqlı lənətləşmək ‒ «Ali-İmran» surəsi, ayə 61.
8.    Əbul-Həsən- imam Museyi-Kazimin (ə) künyəsidir.
 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!