23-CÜ MÜNAZİRƏ - I hissə

:

PEYĞƏMBƏR (S) VƏ ƏLİNİN (Ə) NƏFS BAXIMDAN EYNİLİYİ – (29 rəcəb, cümə axşamı, 1345-ci il).
Gecənin ilk saatlarında ağalar gəlib çıxdılar. Çay içib, bir müddət səmimi söhbətdən sonra məclis ağalar tərəfindən açıq elan edildi.

Seyid Əbdülhəy: (əhli-sünnət vəl-camaatın imamı): «Qibləsahib! Bir neçə gün əvvəl bəzi açıqlamalar etdiniz, sərvərimiz Hafiz bəy də sizdən dəlil istədi. Ya aralığa söz qatıb, mövzudan kənara çıxdınız, ya da elmi təbir və muğalitələrlə mətləbdən uzaqlaşdınız».
Dəvətçi: «Buyurun, mövzu nə idi və hansı sualınız cavabsız qaldı? Zəhmət olmasa, xatırlada bilərsinizmi?»
Seyid Əbdülhəy: «Bir neçə gün əvvəl Əlinin (ə) Rəsulullah (s) ilə nəfs eyniliyini və bu səbəblə də Əlinin bütün peyğəmbərlərdən üstün olduğunu buyurmadınızmı?!»
Dəvətçi: «Doğrudur, əqidəm belədir və bu sözü indi də söyləyirəm!»
Seyid Əbdülhəy: «Elə isə, iradımızı nə üçün cavabsız qoydunuz?»
Dəvətçi: «Səhvə yol verdiniz! Sizə təəccüb edirəm! Bütün gecələri qulaqlarınızla dəlillərimizi dinlədiyiniz halda, mənim mövzudan qaçaraq muğalitə etdiyimi söyləyirsiniz?! Nə mövzudan qaçmaq, nə də muğalitə etməkdən söz belə gedə bilməz! Bir mövzu başqa bir mövzunun açılmasına səbəb oldu və beləliklə də, söhbət uzandı və siz də bunu ayrı yerə yozdunuz! Qətiyyən mövzunun xaricinə çıxmadım və vaxtı, söhbətlə əlaqəsi olmayan sözlərə də sərf etmədim! Suallar verdiniz, mən də məcburən cavablandırdım. İndi, buyurun, soruşmaq istədiklərinizi soruşun. Allahın yardımı ilə cavab verməyə hazıram».
Seyid: «İki insan arasında nəfs baxımdan eyniliyin olması, onların tək vücud halına gəlmələri necə mümkün ola bilər? Bunu bilmək bizə çox maraqlıdır».

MƏCAZİ EYNİLİKLƏ HƏQİQİ EYNİLİK ARASINDAKI FƏRQ
Dəvətçi: «İki insan arasında həqiqi eynilik ola bilməz. Bu, qeyri-mümkündür; batil olduğu aşkardır. Həqiqi eyniliyin imkansız olması məsələsi öz mövzusu daxilində dəlillərlə isbat olunmuşdur. Belə bir şeyin mümkün olmaması açıq-aydındır. Elə isə, aydın olur ki, iddia edilən şey həqiqi eynilik deyildir; məcazidir, mübaliğədir. Çünki bir-birini çox sevən və ya bir çox baxımdan bir-birlərinə bənzəyən iki insan, xüsusən də bir vücud olduqlarını hiss edərək eynilik iddiası edərlər.
Ərəb və ərəb olmayan ədəbiyyatçı və şairlərin söz və şeirlərində bu cür mübaliğələr olduqca çoxdur. Hətta Haqq vəlisinin sözlərində də bu cür mübaliğələr açıq-aydın görülür. Məsələn: Əmirəl-möminin həzrət Əliyə (ə) nisbət verilən bu şeirdə belə deyilir:

Kişilərin himmətləri müxtəlif işlərdə çoxdur.
Amma mənim himmətim dünyada vəfalı bir dostdur.
Bu dost, iki bədənə girmiş bir ruh kimidir.
Cisimləri iki cisim, amma ruhları birdir.

Ədəbiyyat ustadlarının əsərlərinə baxsanız bu növ mübaliğə və məcazi sözləri görərsiniz. Bu səbəbdən şirin dilli ədəbiyyatçı şair belə demişdir:

Aşiq olan kimsəyəm; aşiq olunan da mənəm.
Biz bir bədənə girmiş iki ruhuq.
Məni gördüyün zaman, onu görərsən.
Onu gördükdə də məni görərsən.

PEYĞƏMBƏR (S) VƏ ƏLİNİN (Ə) NƏFS BAXIMDAN EYNİLİYİ
Bundan artıq vaxt almaq istəmirəm. Əmirəl-möminin Əliylə (ə) Peyğəmbəri-əkrəmin (s) nəfs baxımdan eyniliyi olduğunu dedim. Diqqət və duşüncələriniz həqiqi eyniliyə yönəlməsin. Çünki heç kim həqiqi eyniliyi iddia etməmişdir. Əgər kimsə belə bir eyniliyə inanırsa, bilsin ki, belə bir inanc, heç şubhəsiz, batil və etibarsızdır.
Bu səbəbdən də bu eynilik, həqiqi deyil, məcazidir. Ondan qəsd olunan da, cisim deyil, ruh və kamal eyniliyidir. Şübhəsiz, Əmirəl-möminin Əli (ə) - nəss və dəlillər istisna olmaqla, bütün fəzilət, kamal və sifətlərdə Rəsuli-əkrəm (s) ilə eyni məqama sahibdir».
Hafiz: «Elə isə, bu qayda-qanuna görə, Mühəmməd (s) və Əlinin (ə) birlikdə peyğəmbər (s) olmaları lazım gəlir! Sözlərinizdən aydın olduğu kimi, Əli (ə) peyğəmbərlikdə ortaq imiş; vəhy də, eyniliyə görə, məcburən hər ikisinə nazil olmuşdur!».
Dəvətçi: «Həqiqətən, muğalitə etdiniz; məsələ bəyan etdiyiniz kimi deyil. Biz və şiələrdən heç kim belə bir inanca sahib deyil. Məclisin vaxtını münaqişə ilə alaçağınızı və danışılan mövzuların təkrar olunmasına səbəb olacağınızı gözləmirdim. Daha əvvəl nəss və dəlilin istisna etdiklərindən başqa bütün kamallarda o iki həzrətin ortaq olduqlarını ərz etmişdim. Nəss və dəlilin də istisna etdiyi nübüvvəti-xassə və onun şərtləridir ki, vəhyin nazil olması və hökmlər o şərtlərdəndir.
Əvvəlki axşamlarda edilən açıqlamaları unutdunuzmu? Əgər unutmusunuzsa, nəşr olunan qəzet və jurnallara müraciət edin! Görəcəksiniz ki, biz keçən gecələrdə “Mənzilət” hədisini araşdıraraq həzrət Əlinin (ə) nübüvvət məqamına sahib olduğunu, lakin Xatəmül-ənbiyanın (s) din və şəriətinin əmri altında olduğunu isbat etmişdik. Bax, bu səbəbdən də vəhy həzrət Əliyə enməmiş və onun nübüvvət məqamı, Harunun (ə) Musanın (ə) dövründəki nübüvvət məqamından da çox olmamışdır».
Hafiz: «Bütün fəzilət və kamallarda ortaqlığa inandığınız üçün bu inanc nübüvvət və nübüvvətin şərtlərində də ortaqlığı zəruri bilir».
Dəvətçi: «Zahirdə belə düşünülməsi mümkün ola bilər. Amma bir az diqqət etsəniz, məsələnin bəyan etdiyinizdən tamamilə fərqli olduğunu təsdiq edəcəksiniz. Xatırlayırsınızsa, əvvəlki axşamlarda nübüvvət üçün mərtəbə və dərəcələrin mövcudluğunu Quran ayələri ilə vurğulamış və nübüvvətə sahib olanlardan bəzilərinin digərlərinə nəzərən üstün olduğunu isbat etmişdik. Allah-taala da Quranda buyurur: «Peyğəmbərlərdən bəzisini bəzisindən üstün etdik».
Peyğəmbərlərin bütün dərəcə və mərtəbələrindən ən üstün dərəcə Mühəmmədin (s) xas nübüvvətinin mərtəbəsidir. Bax, bu səbəbdən də Allah-taala «Əhzab» surəsinin 40-cı ayəsində buyurur: «Mühəmməd, sizdən heç birinin atası deyildir: yalnız Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur».
Bax, o kamal xatəmiyyətə səbəb olan xas nübüvvətdir. Elə isə bu xas kamalda heç kim ortaq ola bilməz; amma digər kamal və fəzilətlərdə eynilik hökmündədirlər. Bu mənanın isbat olması üçün dəlil və bürhanlar kifayət qədər çoxdur».
Seyid: «İddianızı isbat etmək üçün Qurani-kərimdən dəlil gətirə bilərsinizmi?»

MÜBAHİLƏ AYƏSİNİ ŞAHİD GƏTİRMƏK
Dəvətçi: «Əlbəttə, ilk dəlilimizin Qurandan olduğu məlumdur; O, bizim ən möhkəm səmavi sənədimizdir. Ən böyük dəlil “Mübahilə” ayəsidir: «Sənə gələn bu qədər elmdən sonra yenə də bu xüsusda səninlə çəkişmək istəsələr de ki, gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi (özümüzü) və nəfsinizi (özünüzü) çağıraq. Sonra qarşılıqlı lənətləşək və Allahın lənətini yalan söyləyənlərin üstünə qılaq» (“Ali-İmran” surəsi, ayə 61).
Mötəbər alim və müfəssirləriniz, məsələn; imam Fəxri Razi «Təfsiri-kəbir»də, imam Əbu İshaq Sələbi «Kəşful-bəyan»da, Cəlaləddin Süyuti «Durrul-Mənsur»da, Qazi Beyzavi «Ənvarut-tənzil»də, Carullah Zəməxşəri «Kəşşaf»da, Müslim ibn Həccac «Səhih»də, Əbülhəsən Fəqih ibn Məğazili Şafei Vasiti «Mənaqib»də, Hafiz Əbu Nəim İsfahani «Hilyətül-övliya»da, Nurəddin Maliki «Fusulul-mühimmə»də, Şeyxul-İslam Həmuyini «Fəraid»də, Əbulmüəyyid Xarəzmi «Mənaqib»də, Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»də, Sibt ibn Cuzi «Təzkirə»də, İbn Həcər Məkki «Səvaiqul-muhriqə»də və digərləri az bir fərqlə bu ayənin nazil olduğu günü Mubahilə günü yazırlar və o gün zilhiccə ayının 24-ü və ya 25-i imiş.

HƏZRƏT PEYĞƏMBƏRİN (S) NƏCRAN NƏSRANİLƏRİ İLƏ MÜBAHİLƏSİ
Rəsuli-əkrəm (s) Nəcran nəsranilərini (xristianlar) İslama dəvət etdikdən sonra onların böyük alimlərindən olan Seyid, Aqib, Casəliq, Əlqəmə və 70 nəfərə yaxın digər insan arxasıncada 300 nəfərə yaxın ardıcılları bir yerə cəm olub Mədinəyə gəldilər. Rəsulullahla etdikləri bir neçə elmi münazirələrdə sabit və möhkəm dəlillərlə cavablandırılaraq, məğlubiyyətə uğradılar. Çünki Peyğəmbərin (s) dəlilləri elə onların əlində olan etibarlı kitablarından idi. O kitablarla öz həqqaniyyətini, həzrət İsanın (ə) o həzrətin (s) əlamət və nişanələri haqqındakı söylədikləri sözləri və zühur edəcəyindən xəbər verdiyini xatırlatdı. Xristianlar həzrət İsanın verdiyi xəbərlərə görə, belə bir zühuru gözləyirdilər; ki, O (Mühəmməd peyğəmbər), dəvəyə minərək (Məkkədə olan) Faran dağlarından zahir olacaq. Eyr və Ühüd (Mədinədə) arasında hicrət edəcəkdir. Rəsulullahın dəlilləri elə guclü idi ki, təslim olmaqdan başqa çarələri yox idi.
Lakin məqam və mövqe sevgisi onların təslim olmasına mane oldu. İslamı qəbul etmədiklərinə görə, Rəsulullahın əmri ilə doğrunun yalançıdan ayırd edilməsi üçün onlara mübahilə etmə (qarşılıqlı nifrin etmə) təklifini irəli sürdü. Nəsranilər də bu fikri qəbul etdilər və «bu iş sabaha qalmalı oldu» söylədilər.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!